İrəvan
teatrının Türkiyə uğuru
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 15-25 noyabr 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümü tədbirlər planı çərçivəsində həyata keçirdiyi layihələr sırasının davamı olaraq Türkiyə Cümhuriyyətindən, geniş qastrol səfərindən qayıtmışdır. Teatrın kollektivi bu səfərdə iki tamaşa ilə yazıçı-dramaturq Aqşin Babayevin, ulu öndər Heydər Əliyevin 90-cı illər siyasi fəaliyyətinə həsr olunmuş “Xilaskar” və türk yazıçısı Zihni Papaqçının, dövlət müstəqilliyimizin bərpa olinmasının 20-ci ildönümünə həsr olunmuş “Soyqırımı abidəsinin dastanı” əsərləri ilə təmsil olunurdu. Hər iki tamaşa böyük uğurla oynanıldı. Tamaşaların salonda yaratdığı coşqudan sonra, ulu öndər Heydər Əliyevin bədii obrazının ifaçısı və teatrın direktoru İftixar Piriyevin, müstəqillik tariximiz, dövlətimizin qurucusunun fenomenal fəaliyyəti və ən vacib məsələ olan estafetin müdrikcəsinə layiqli ələ tapşırılması, bu düzgün seçimin nəticəsi olaraq xalqımızın qazandığı parlaq quruculuq və inkişaf prosesi tamaşaların məzmun və mahiyyəti ilə vəhdət təşkil edən bir mənzərə yaradırdı. Səfərin bu istiqamətdə davam etməsi salonda oturan tamaşaçılar, dərnək rəhbərləri və Azərbaycanın yerlərdəki konsulları tərəfindən yüksək dəyərləndirir, bu hadisənin, Türkiyə Cümhuriyyətində yaşayan soydaşlarımızın təşkilatlanmasına, orada diasporçuluğun inkişafına ciddi dəstək, tutarlı addım olması, böyük təsir göstərməsi vurğulandı. Səfər türk və azərbaycan mediya orqanları tərəfindən geniş işıqlandırıldı. Teatr kollektivinin yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar” əsəri ilə səhnədə yaratdığı mənzərə xüsusən seçilirdi. Ümummilli liderimizin bədii obrazının səhnə təcəssümü istər azərbaycanlı, istərsə də türk tamaşaçılarının Heydər Əliyevə olan böyük və tükənməz sevgisi ilə əhatələndi. Ulu öndərin “Hər bir insanın milli mənsubiyyəti, onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” deyə, xalqa xitabən söylədiyi bu məşhur kəlamın aktyor tərəfindən deyilərkən, tamaşaçıların ayağa qalxaraq, monoloqu sürəkli alqışlarla qarşılaması, daha sonra ulu öndərin tükənməz can yanğısı ilə söylədiyi Səməd Vurğunun “Azərbaycan” şeiri salondakılarda hər kəsin bir ağızdan, “Azərbaycan! Azərbaycan!” söyləməsi ilə nəticələndi. Bütün bunlar həqiqətən də İrəvan teatrının kolektivinin Türkiyə Cümhuriyyətində qazandığı sevinc duyğuları, qürurverici uğuru idi.
Teatrın kollektivi, Aqşin Babayevin “Xilaskar” əsəri ilə yanaşı oynadığı türk yazıçısı Zihni Papaqçının “Soyqırımı abidəsinin dastanı” əsəri ilə çıxışında da demək olar ki, salondakı tamaşaçıları heyrətləndirə bildi. Bir-birini dinamik izləyən səhnələrdəki hadisələr inkişaf etdikcə salon lərzəyə gəlirdi. Erməni vandallarının törətdikləri cinayətlər əks olunduqca tamaşaçıların hiddəti artır, hadisələr türklərin və azərbaycanlıların qəhrəmanlıq səhnələri ilə əvəzləndikcə isə böyük coşqu yaranırdı. Aktyorlar “Qalx ayağa. Azərbaycan!” deyərək salona müraciət etdikdən sonra salon yer-yerdən ayağa durur, o andan tamaşanın sonuna qədər ayaq üstə, aktyorların oxuduğu marşı, başları üzərində gəzdirdikləri Türk və Azərbaycan bayraqları olmaqla səhnədəki əsgəri gedişlərini alqışlarla müşayət edirdilər. Tamaşanın sonunda hər bir ifaçının əsgərə çevrildiyini gördükdən sonra tamaşaçılar səhnəyə qalxır, aktyorların yanında dayanaraq onlarla həmrəy olduqlarını bildirir, bağırlarına basaraq öpür, “Bir millət, iki dövlət!”, “Türk Azərbaycan qardaşlığına eşq olsun!” deyə qışqırırdılar.
Bu səfər İrəvan teatrı üçün altı mötəbər ödüllə təltif olunma şansını yaratdı. Teatr Manisa şəhərində üç tamaşa oynadı. O biri şəhərlərdən fərqli olaraq bu şəhərdə oynanılan tamaşaya satılan biletlərdən əldə olunan vəsait Van şəhərində binası çökmüş teatrın bərpası üçün İrəvan teatrının adından Van şəhər vadiliyinin hesabına köçürüldü.
Xaqani ƏLİYEV
525-ci qəzet.- 2011.- 29 dekabr.- S.7.