Səmalardan gələn
İnsan
Mən səni tanımırdım, səsini eşitmişdim. Baxmayaraq ki, 1966-cı ildən Dövlət Teleradio Verilişləri Komitəsində işləyirdim, səninlə şəxsən tanış deyildik. Bir dəfə Tofiq Abdinin gecəqondusunda dostlarımızla yığışmışdıq və Tofiq səni də dəvət etmişdi. Onun dostu idin. Tanışlığımız da o gün oldu. O axşam gördüm ki, səsin kimi özün də qeyri-adi imişsən. Bir az çəkingən, bir az ötkəm, bir az da duzlu, hazırcavab...
Qədir, orada “Yarım, səndən küsmüşəm” adında elə bir təsnif-mahnı oxudun ki... Sən o təsnifi yana-yana oxuyanda mən çay içirdim. Mənə elə gəlir ki, bu cür ifalar həyatda yalnız bir dəfə ola bilər. Təsnifdəki o yanğını, həsrətin ağrı-acısını tək bircə dəfə yaşamaq olar. Ancaq sən neçə dəfə oxudunsa, eynilə o cür yandın. Tək o təsnif deyil, sonradan bütün ifaların, bütün yaradıcılığın da bir yanğıya köklənmişdi. Çünki səsindəki o yanğı sənin ürəyində, içində idi. O ağrı, o həsrət səninlə doğulmuşdu. Bunu ancaq səsinlə soyuda bilirdin. Hərdən də mənə elə gəlirdi ki, hər belə ifadan sonra sən ölüb bir də dirilirdin. İnan Allaha, üstündən 41 il keçməsinə baxmayaraq, indi də hər çay içəndə o təsnif, o ifa yadıma düşür.
O gecə səsin kimi özün də səmalardan gəlmişdin elə bil. Sənin öz dünyan var idi və bu dünyanın içini, mənə elə gəlir ki, heç kim görə bilmirdi. Elə bil çağdaşlarınla fərqli planetlərdə yaşayırdın. Bunu sonralar biz görüşdükcə, səni yaxından tanıdıqca hiss etdim. Ətrafında olan, ünsiyyətə girdiyin insanlara sərt və bir az da qəzəbli cavabların səsin qədər şirin və azacıq da incik idi. Bircə Ulu Öndərimizdən həmişə yerdən-göyə qədər razılıqla, səmimi minnətdarlıqla danışırdın; çünki o gözləmədiyin şeyləri də sənə vermişdi. Kövrələ-kövrələ bunları mənə Qəbələ yolundakı çayxanada söhbət elədin.
İlk baxışda soyuqqanlı, tünd xasiyyətli, bəlkə bir az da üsyankar təsiri bağışlayırdın. Əslində isə çox kövrək, həlim və həssas idin. Səni əsəbi edən, səni dəyişdirən içindəki həsrət yükü, hicran acısı idi. Doğulduğun yerlərin məhrəm gözəllikləri, doğma ocağın tüstüsü, ana laylası qədər uzaqlarda qalmış otun, çiçəyin ətri səni səndən almışdı. Torpaq, yurd sevgisi, müqəddəs duyğuların tüğyanı səni ayrı bir dünyanın adamına çevirmişdi. Sən öz müqəddəs sevginlə, ölçüyəgəlməz kədərinlə hər şeyin fövqündəydin. Çoxdan, lap çoxdan göylərin insanı idin...
...Qədir, ölüm xəbərini alanda elə bildim, özüm öldüm. Nə deyim, özümə təskinedici bir söz də tapa bilmədim.
...“Elə yar-yar deyirlər, heç məni demirlər”...Deyəcəklər, mənim didərgin qardaşım. O səs damarlarında azərbaycanlı qanı axan heç bir kəsin qulaqlarından getməz. Nə qədər bu ulu xalq var, sənin ilahi səsin də yaşayacaq.
Rahat uyu, qardaş...
Məzarın nurla dolsun...
Qara TAĞIZADƏ,
xalq artisti
525-ci qəzet.-
2011.- 29 dekabr.- S.7.