Milli dəyərlərin
maya dəyəri
“Həyatda saxlanma qanunu varmı,
Pak admı üstündür, dövlətmi, varmı?
Biri
azalanda o biri artsa,
Məcmuyu bunların sabit qalarmı?”
Əbu
Turxan
Bəşəriyyətin
gəliri-çıxarı
Bəşəriyyət öz tarixinin müəyyən
mərhələsində qazanıb, müəyyən mərhələsində
isə xərcləyib. Qədim Hind və Çin fəlsəfəsini yaradan,
yüksək mənəviyyat tərənnüm edəndə
insan nə qazanmışdısa, Sodom və Qomorrada mənəviyyatsızlığı,
əxlaqsızlığı ilə İnsan adını ləkələdikcə,
bu xəzinədən xərcləyirdi və xərclərin
mayaya keçməməsi üçün yanıb kül
olmalı idi. Antik fəlsəfənin hikmətlərini
“xərcləyən” insanlar isə Pompeydə odlu lavada
boğulmalı idi. İsa Məsih sevgi
dolu bir dinə vəsilə oldu, amma insanlar nəinki onu təhrif
elədilər, üstəlik qılınclarını itiləmək
üçün ondan istifadə edib Xaç yürüşlərinə
başladılar. Məhəmməd peyğəmbər
(s.) həm maddi, həm mənəvi həyat üçün
mükəmməl bir bələdçi ola
biləcək din gətirdi, ilk fürsətdə onun (s.)
övladlarına qılınc qaldırdılar.
Maraqlıdır
ki, indi uzaq əsrlərin məsafəsindən baxanda,
görürsən ki, bəşəriyyətin
qazandıqları təqribən xərclədiyi qədər
olub, bir az da artıq qalıb ki, yenə
“qazanca” başlasın. Yəni bəşəriyyət
əlində ancaq maya saxlaya bilib. Xərci
borcunu ödəməyəndə, bəşəriyyət
“kasıb düşəndə” isə Allah peyğəmbərlər
vasitəsilə yerə “böyük kapitallar” – din, kitab
göndərib. Məqsəd insanın yenə
insanlıq çərçivəsinə qayıdıb, insan
adını doğrultması olub. Bəzən
adları sadəcə müqəddəs kitablarda çəkilən
peyğəmbərlərin həqiqi şəxsiyyət
olub-olmaqıqları mübahisə yaradır. Lakin
tarixin qanunauyğunluğunu izləyəndə, bəşəriyyətin
inkişaf yoluna baxanda belə peyğəmbərlərin
varlığının bir zərurət olduğuna
inanırsan: bəşəriyyətin mayası
olmalıdır ki, mövcudluğunu davam etdirmək
üçün yola başlaya bilsin.
Peyğəmbərlərlə yanaşı, bəşəriyyətə
qazanc gətirən ikinci qüvvə müdriklər, sənətkarlar,
filosoflardır. Onlar bir növ peyğəmbərlərin
gətirdikləri dəyərləri – kapitalı müxtəlif
sahələrə yatırmaqla, bu kapitalı daha da
artırırlar. Axı, bəşər
övladı xərcləməyə, israf etməyə
meyllidir. Bu meylin təməli bəlkə
də Adəmlə Həvva cənnəti bir meyvəyə
satanda qoyulub. Beləcə, Avqustinin,
Bonaventuranın qazandığını müqəddəs
inkvizisiya xərclədi; İbn Sinanın, Sührəvərdinin
qazandığını xəlifələrin saraylarındakı
azğın həyat göyə sovurdu. Əslində,
Meyster Ekxartın, Nikolay Kuzanlının bəşəriyyətin
xəzinəsinə verdikləri elə də cüzi deyildi
ki, bir Varfolomey gecəsi ilə bitə, yaxud Qəzalinin,
Mövlananın car çəkdikləri həqiqət elə
cılız deyildi ki, qətllərin Əlamut
qalasındakı sifarişlərinə xərclənib qurtara.
Hər dəfə sanki ilahi bir balans bəşəriyyətin
gəlir-çıxarını tənzimləyir.
Kapitalların
talanı
Bəşəriyyətin xəzinəsi həmişə
ümumi olub, bir bölgə xərcə düşəndə
başqa bölgə onun yardımına gəlib, borc verib dardan
qurtarıb. Qədim
dövrdə Pifaqor Qədim Misirdən, Babilistandan, yaxud
Demokrit Qədim Misirdən, Babilistandan, Azərbaycandan, Ərəbistandan,
Hindistandan, Həbəşistandan gətirdiyi
“kapitalla” Qədim Yunan fəlsəfəsinə yatırım
elədilər. Sonra islam mütəfəkkirləri
həm antik dövrdən qalma mirasla, həm də öz
qazandıqları ilə artıq tükənməkdə olan
Avropanın imdadına yetdilər. İbn Heysəmin
qazandığı Rocer Bekonu, İbn Xəldun – Viko və
Marksı, İbn Sina – Rene Dekartı, Cabir ibn Həyyan – Otto
Hahnı, Mərakeşin IX əsrdən fəaliyyət
göstərən Kərayin Universiteti XI əsrdən
başlayaraq Avropa universitetlərini və daha neçələri
kimləri isə “ayağa qaldırdı”. Və Yeni Dövrdə
... xəyanət baş verdi: Qərb Şərqlə
arasına sərhəd çəkdi və “banklar”, indiyə
qədər qazanılanlar qaldı o tayda.
Bu
tayın – Şərqin əlində isə yeni gəlirlər
az olduğundan – bircə mayası qaldı
və ...başladı mayadan yeməyə. Düzdür, Molla
Sədra, Cəmaləddin Əfqani və başqaları sayəsində
arabir qazanclar olurdu, ancaq onlar da torpaq uğrunda müharibələrə,
müstəmləkə rejimlərinin bac-xəracına,
“sırınan” yad mədəniyyətlərin
kompensasiyasına xərclənir, tərsa qızının
ayaqları altına sərilən namazlıqların tozuna
qarışıb itib-batırdı. Olan da
unudulurdu. Şərqin müvazinəti pozulmuşdu və
o, gəliri ilə çıxarının hesabını
itirmişdi, onsuz da qazancı ancaq
dolanışığına çatırdı!
Qərbin isə gəlhagəli idi. Universitetlər
açılır, elm, texnika sürətlə inkişaf edir,
millətlər inqilab edib öz dövlətlərini
qururdular. Artıq ümumi xəzinə
millətlər arasında bölünmüşdü və hər
millətin artıq öz sənətkarları, filosofları
düşünüb-daşınır, öz
“qazancını” əldə edirdilər.
Xəzinə
o qədər dolu idi ki, Qərb də gəlir-çıxar
hesabını itirmişdi... Başlar bəşəriyyətin
xəzinəsini zənginləşdirməyə deyil, onu xərcləməyə
qarışmışdı: silahlar düzəldilirdi, yeni
müstəmləkələr “kəşf olunurdu”, mənəviyyat
eyş-işrətə satılırdı. Bunun
nəticəsi idi ki, Amerika qitəsində hinduların qətliamı
ilə nəyin xərcləndiyi heç bilinmədi, Uzaq
Şərq, yaxud Afrika ölkələrində müstəmləkə
halına salınan millətlərin alçaldılması və
məhv edilməsinin xəzinənin neçə faizini
puç elədiyi də heç kimi düşündürmədi.
Düzdür, ara bir Paskal, Volter, hətta Nitsşe də haray
çəkirdi ki, bəşəriyyət kasıblayır,
süqut edir, amma bu, heç kimi narahat etmirdi. Xərclər
o qədər böyük idi ki, qazanc bəs eləmirdi.
Nəhayət, XX əsrdə iki dünya müharibəsinin
baş verməsi və Yaponiyaya atılan iki atom
bombasının partlayış səsləri Qərbi silkələdi:
xəzinə boşalmışdı, amma insanlar hələ də
xərcləyirdi. Fromm yazırdı: “Sartrın ekzistensializmi,
Haydeggerinki kimi, yeni başlanğıc deyil, sondur. Hər ikisi
iki dünya müharibəsinin fəlakətindən, Hitler və
Stalin rejimlərindən sonra Qərb insanının
düçar olduğu ümidsizlikdən
danışırlar... Sartr və tərəfdarları
iddia edəndə ki, bütün insanlar üçün əhəmiyyətli
olan obyektiv dəyərlər yoxdur, onlar teist dinlərin və
humanist ənənələrin əsas nailiyyətlərini
itirirlər”. Bu nəticəyə gələn
yalnız Fromm deyildi. Ondan öncə
Berdyayev dəhşət içində haray çəkirdi
ki, “Dünyada nə baş verirsə, bizə nə təsir
göstərirsə, onun mənbəyi daxildə, mənəviyyatdadır.
... Dünya Allahdan imtinadan keçir... Dünyanın
Allahdan imtinası onun yüküdür,
ağırlığıdır”.
Xərclənənlərin mayadan olmasının təhlükəsini
anlayan Qərbin ilk instinktiv hərəkəti yenə Şərqə
üz tutmaq oldu.
Mayanı
yeyən qazanc
Uzun müddət unudulduğunu hesab edən Şərq
qüdrətli Qərbin ona üz tutmağından qürur
duydu, sevindi və ... nəyi varıydısa, qoydu ortaya. Var-dövlətini qardaş
malı kimi yenə onunla bölüşməyə
başladı. Təbii ki, məqsədi uzun əsrlər
boyu ehtiyacdan sonra qazanc əldə eləmək idi, amma ...
“qazanc qudurub mayanı yeməyə başladı”. Axı Şərq unutmuşdu ki, onun da olub-qalanı
ancaq mayasıdır. Nəticədə
ortaya qoyulan və xərclənən mənəvi dəyərlər
oldu.
Elmin, hikmətin, yüksək həqiqətlərin nə
milliyyəti var, nə dini, nə dili. Onlar bəşəriyyətindir.
Elə şeylər də var ki, millət ancaq
onun sayəsində bir millət kimi mövcuddur. Onlar
ümumbəşəri ola bilməz. Bunlar bəşəriyyətə qazanc gətirə
bilən şəxsin sabitliyini, orijinallığını təmin
edən dəyərlərdir. Bəli, bəşəriyyət
hazırda iki böhran yaşayır: iqtisadiyyatda və
düşüncələrdə. Düzdür,
Cübranın fikrinə görə, “xaos həmişə
xeyir gətirir, çünki sərxoş yuxu ayılma ilə,
hissiyyatsızlıq fəaliyyətlə əvəz olunanda
millətin gizli imkanları aşkarlanır... Hər
dəfə təbii təməlini qoruyub saxlamış milləti
xaos bürüyəndə, bu onun fərdlərində
yaradıcılıq gücünün, cəmiyyətində
isə hazırlığın əlamətinə
çevrilir”. Cübranın sözlərində
iki fikir üzərində xüsusi dayanaq. Əvvəla,
məhz xaosda bir ayılma, başqa sözlə desək, yeni
bir nizam formalaşdırmaq imkanı var. İkincisi, bu imkan məhz
öz kökünü, təbii təməllərini qoruyub
saxlaya bilmiş millətə verilə bilər, çünki
Əbu Turxanın da bildirdiyi kimi, millilik özündə
ümumbəşəriliyi ehtiva edir və bu ümumbəşəriliyə
çatmaq üçün millilikdən keçmək
lazımdır. Milli dəyərlər
özününküdür, onlar
bölüşülmür, xərclənmir, onlar etibarlı
kapitaldır.
Mənəvi dəyərlər millətlə bərabər
doğulmur. Tarix boyu millətin mən-liyini təsdiq edən, ən
dərin xaosda belə onun özəlliyini qoruyan, digər millətlər
arasında ona yer ayıran keyfiyyətlər zaman-zaman
üst-üstə gəlir və dəyərlər sistemini
yaradır. Bunlardan bəziləri alt qata
keçməklə daha dayanıqlı və sabit, tarixə
davamlı olur. Bəziləri isə müəyyən
təsir və təzyiqlər altında qırılır,
aşılanır, dəyişir, yeni keyfiyyət və anlam
qazanır. Mənəvi dəyərləri
daha çox və sabit olan millətlərin potensial
gücü çox olur və onun digər millətlər
arasında tutduğu yer böyük və dayanıqlı
olur. Bir zamanlar sadəcə adı olan bir
millət məhz özünəməxsus dəyərlərlə
güc qazana bilir. Və əksinə, məhz
dəyərlərini itirməklə hər hansı bir millət
son nəticədə adının da yox olması təhlükəsi
ilə üzləşə bilir.
Bu gün “kasıblamış” Qərbin
qarşısına Şərq öz dəyərlərini –
mayasını qoyub. Başqa şeyi zatən yoxdur. Bu dəyərlər
sistemindən Qərb çox şey yox, sadəcə
özünə lazım olanı, özünün xərcləyib
tükətdiklərini götürür: imanı və mənəviyyatı.
Təsadüfi deyil ki, məhz bu keyfiyyətlərə
malik filosoflar, mütəfəkkirlər, şəxsiyyətlər
bəşəriyyətin xəzinəsinə nə isə verə
bilirlər.
Mənəvi dəyərlərin ən dərin qatı
onun dinidir, inancıdır. İman –
gücdür, stimuldur və bu stimuldan yararlanmaq
üçün öz imanının
sarsılmazlığına inanmalısan və imanını
dərk etməlisən. Bir var iman insanı ayaq üstə
saxlayan, bir şəxsiyyət kimi yetişdirən və
stabilliyini qoruyan hərəkətverici qüvvə ola, bir də var iman insanın əl-qolunu
bağlayan, təslimiyyət aşılayan və idarə edən
qüvvəyə çevrilə. İman həm də insan
idrakının imkanlarının hüdudlarını təyin
edir- nəyə inanırsa dərk qabiliyyəti də o qədərdir!
İnsan inandığına bənzəməyə
çalışır, inandığını tanımaq üçün
ona gedən vasitələri, həqiqətləri
tanıyır, dərk edir. Qərbli
insanın iman obyekti dəyişdikcə – elm, insan əqli,
texnika – təbii ki, onun dünyası da kiçilirdi,
daralırdı, mexanikləşirdi,
cansızlaşırdı. Yeni Dövrdə
Avropa kilsə qarışıq imandan da imtina etdi və buna əsası
var idi. Hələ Volter etiraf edirdi ki, qərbli
insan “tək xeyirxah, tək həqiqi dindən istifadə edərək
nə qədər pisliklər törədib”. Ən Yeni Dövrdə isə insana inam da məhv
edilməyə başladı. Bu faktı mədəniyyətin
demək olar ki, bütün sahələrində görmək
mümkündür: filmlərdə, əsərlərdə qəhrəman
düşmənə çevrilir, oğul ataya, ana
övladına xəyanət edir, ən mülayim, nümunəvi
vətəndaş ən qatı qatil çıxır, lider
saxtalıqda ifşa olunur. Tamaşaçı,
oxucu məcburdur ki, ya qəhrəmanından imtina etsin, ya da
satqını özünün idealı kimi qəbul eləsin.
Nəticədə insana inam nəinki itir, hətta
təhlükəyə çevrilir.
İnsan onu ilahi aləmlə bağlayan bir ruha sahibdir və
qeyri-ixtiyari bir çıxış yolu axtarır,
çabalayır, əminliklə etibar edə biləcəyi
bir dayaq axtarır. Danılmaz bir faktdır ki, bütün
ehtiyaclarına, Qərblə nisbətdə ağır həyat
şəraitinə baxmayaraq, Şərq özünün
möhkəm ruhunu saxlayıb. Hətta 1904-cü ildə
İngiltərənin 4600 nəfərlik ordu və ağır
silahları ilə üzbəüz dayanan, demək olar ki, əliyalın
tibetlilərin döyüşünü, daha doğrusu,
sonuncuların qətliamını təsvir edən
tarixçilər heyrətlə yazırdılar ki, tibetlilər
yaralı, ölümcül olsalar da, ingilis əsgərlər
onların qalib ruhlarının qarşısında aciz
qalmışdılar, özlərini məğlub hiss edirdilər.
Qısacası, Qərb inanır ki, Şərq onun
üçün etibarlı dayaq və mənəvi kapital mənbəyi
ola bilər. Şərq dinlərinə
maraq, hətta onları qəbul edənlər artıb. Şərq fəlsəfəsi Qərbdə o dərəcədə
populyarlaşıb ki, ayrıca tədqiqat mərkəzləri,
hətta Akademiyalar açılıb, Şərq
filosoflarının əlyazmaları toplanır. Şərq ölkələri bunu məmnuniyyətlə
edirlər – əlahəzrət Qərb onların alimləri,
saralmış əlyazmaları ilə maraqlanır, buna
görə pul da verirlər.
Təbii ki, Şərq Qərbin ona əl uzatmasından qürur duyur, amma Qərbin artıq boş xəzinə qırağında oturduğunu, dənizdə batan adam kimi onu xilas etmək istəyəni batırmaq iqtidarında olduğunu, ən vacibi isə, özünün mayadan xərclədiyini ya görmür, ya da buna inanmır. Əbu Turxan yazır ki, “Günəş Şərqdə doğsa da, ideya işığı Qərbdə yanır”. Bəli, elmin məşəlini bir vaxtlar Şərq yandırsa da, indi Qərbin əlindədir. Lakin indi bu məşəlin yanacağı bitib və Qərb yanacaq adına Şərqdən əlinə nə keçirsə, istifadə edir. Eyni zamanda, Qərb Şərqin mütəfəkkirlərinin yalnız saralmış əlyazmalarını yox, gənc beyinlərini də alır – öz gələcəyi üçün kapital toplayır. Bəli, Qərb maddi sərvətini tökür ki, mənəvi qazancını artırsın, çünki mənəvi yoxsulluğun son olduğunu dərk edir. Şərq ölkələri isə mənəviyyatını maya dəyərinə maddi qazanca dəyişirlər.
Milli dəyərləri sabitləşdirən daha bir amil o millətin ənənəsidir. Ənənə – torpaqda ağacın gövdəsini möhkəm saxlayan, onun yarpaqlaması, meyvə verməsi üçün onu qidalandıran köküdür. Bu gün Qərb dövlətləri kifayət qədər nizamlı bir cəmiyyətə, mükəmməl mexanizm kimi işləyən qanunlar sisteminə malikdirlər. Lakin qərbli insan çökür, insanlıq çökür və belə məlum olur ki, bu faktlar əsas deyil, sadəcə yardımçıdır. Bunu bir fransız, ya bir alman gözəl dərk edir və ...hələ ayaq üstə dura bilən şərqlinin köklərini öyrənmək istəyir. Şərqli böyük məmnuniyyətlə bu işdə ona köməklik edir və əlinə bel alıb öz kökünü qazmağa girişir, hörmətli qonağı məmnun eləmək üçün bu kökün nümunələrindən kəsib ona bağışlayır. O, öz işinə o qədər aludə olur, o qədər canfəşanlıq edir ki, ağacın kökləri ilə alaqları seçə bilmir. Beləcə, bir bel vuranda ailə ənənələri qırılır, o birində – abır-həya, bu birində – milli adətlər, daha bir bel milli ideyaları söküb atır, nəhayət, bu böyük ağac qurumaq həddinə gəlir. Sonra da əli-ayağı təmiz qərblinin yanında bu qara torpaqdan iyrənib özünün necə də geridə qalmış, çirkli bir mentalitetə sahib olması barədə odlu çıxışlar edir, məqalələr yazır və özü kimi “kök qazıyanlar” arasında qəhrəmana çevrilir. Qərbli o qurumuş ağacdan istifadə edəcək – yanacaq kimi, ancaq yeni ruh axtarışını yenə davam etdirəcək və əli belli bu qəbir qazan artıq lazımsız olacaq.
Xarici banklar və yerli investorlar
Maddi qazanc mənəvi qazancla möhkəmlənməyəndə, su olub axır, qum kimi ovucdan tökülür. Ərəb dövlətlərinin çoxusunun mənəviyyatının “bahara” ehtiyacı var idi, ona görə heç maddi dəyərlərini də qoruya bilmədilər: ölkələri viran qoyuldu, əhalisi qanına qəltan edildi, lideri saxta çıxdı, pulları ...Qərbə qaldı.
Milli dəyərləri formalaşdıran, mənəviyyatı sabitləşdirən milli ruhdur, milli ruhun qoruyucusu isə filosoflar, sənətkarlardır. Qərb artıq dərk edir ki, bir millətin filosofu, Kamil İnsanı yoxdursa, deməli, qazancı da yoxdur, deməli, xərclədiyi mayadandır, deməli, bir gün o xalq tükənəcək, batacaq! Qəribə paradoksdur! Qərb üzünü yenə Şərqə tutur, çünki onun ruhu var. Şərq də ürəklə ruhunu xərcləyir. Amma Qərbə ona xidmət edən, ona qazanc gətirən ruh lazımdır, milli yox. Təsadüfi deyil ki, bu gün Şərq ölkələrində Qərb filosofları, onların ideyaları (hətta onlar milli ruha düşmən olsalar belə) Şərqdə daha böyük hörmət və nüfuz sahibidirlər, nəinki öz milli filosofları. Üstəlik, bu yad ideyalar şəraitə görə dəyərləndirilmir, dəyərlər bu ideyalara görə deformasiya edilir.
Bəli, bu gün Şərq özünü “şəhid” eləyir Qərbin yolunda, amma Qərbə şəhid lazım deyil, o heç bunun mənasını da bilmir, dərk eləmir. O, özünü ona qurban edən, onun bir zamankı yerişini getməyə çalışan – imanından imtina edən, azadlıq deyib maddi istəkləri arasında boğulan insanlara tamaşa edir, arabir puldan-paradan verib qabağında oynadır, məmnuniyyətlə maya dəyərinə dəyərlər alır. Axı ona qazanc lazımdır, həm də mənəvi qazanc.
Könül
BÜNYADZADƏ
fəlsəfə
elmləri doktoru
525-ci qəzet.-
2011.- 30 dekabr.- S.2.