Polşa nağılı

 

Hekayə

 

İkinci yer

 

Polşadan söhbət düşəndə ilk və tək ağlıma gələn Tadeuş Dolençi-Mostoviçin povesti əsasında 1982-ci ildə ekranlaşdırılmış Polşa filmi olurdu. Mən o filmə ilk dəfə baxanda elə də çox yaşım yox idi, amma hələ onda həyat yoldaşının tərk etməsi xəbərini alanda filmin qəhrəmanı cərrah Rafal Vilçurun sifətindəki o cizgilər, baxışları uşaq hafizəmdə qalmışdı. Sonra da dəfələrlə o filmə baxmışdım, bir insanı itirməklə özünü hər şeyini itirmiş hesab edən insanın siması mənim xəyallarımı heç tərk etmirdi, həmişə məni qorxudurdu. Professor bu itkiyə, əslində xəyanətə tablaşmaq üçün onu tərk edən insanı xatırladan hər şeydən qaçıb, uzaqlaşır. Əlbəttə, filmdə bir qəza nəticəsində həkim keçmişini unudur, amma mən həmişə düşünmüşəm ki, o qəza baş verməsə də, o, özü uzaqlaşacaq, qaçacaqdı oralardan, o xatirələrdən... onu tanımayan adamların arasında itmək istəyəcəkdi, unudulmaq, ərimək, yox olmaq istəyəcəkdi... o ev, küçələr, iş yeri, doğmalar, yoldaşlar – hər şey, hər kəs onu xatırladırdı axı...

 

lll

 

Biri var idi, biri yox idi...Uzun illərdi bir-birimiz üçün var idik. Və birdən... o məni tərk etdi! Və bundan sonra özümü xatırlayıram... Uşaqlıqdan bəri xəyalımda gəzdirdiyim o tərk edilmiş film qəhrəmanının boşluğa baxan baxışları ilə baxırdım, amma nə gördüyümün fərqinə varmırdım... Onun sifəti sanki daşdan yonulmuşdu... Elə həmin gün “elə durma da, qorxuram” deyə mənə səslənən tanışımın sözü ilə güzgüyə baxdım. Sifətim ağ gipsdən yonulmuş qədim yunan heykəltaraşlıq nümunəsini xatırladırdı... Keçmiş xatirələrindən qaçıb qurtulmaq istəyən professor içkidə təsəlli tapdı... İbadətdə durmaqdan ayaqlarım şişdi... O, baş götürüb getdi, uzaq-uzaq tanımadığı yerlərə... mən də artıq qala bilmirdim doğma yerlərdə... üz tutdum uzaqlara-qürbətə. Orda o qədər sakit, rahat olurdum. Qürbət yerlərdə qərib insanların arasında, sanki əriyib yox olurdum... Qayıdırdım, çünki qayıtmağa məcbur idim, amma çox çəkmir, yenə qayıdırdım... gəlirdim, qayıdırdım... mən artıq qala bilmirdim doğma yerlərdə...

Şərqi, Qərbi qarış-qarış gəzdim... Bir-birinə bənzəməyən şəhərlər, insanlar, fərqli adətlər, fərqli geyimlər... Petrada qədim şəhərin izləri, gecələr də yatmayan, ədviyyat ətri başı gicəlləndirən Xan əl-Xəlili bazarı, şəhərlər mirvarisi İskəndəriyyə, Günəş kralının Versal möcüzəsi, küçələrində meh əvəzinə hər tin-bucaqdan musiqi əsən Vena, sakit axan Dunay sahilində uyuyan Budapeşt... Fransa, Almaniya, İtaliya, İspaniya, daha haralar, haralar mənə qarış-qarış doğma olmuşdu.

Axırıncı dəfə yenə Avropada idim, Praqada. 10 gün idi ki, uzaqlaşmışdım, qırılmışdım keçmişimdən, 10 gün idi ki, yaşayırdım. Amma  biri gün qayıtmalıydım. Kaş zamanı durdura bilsəm! Keçmiş xatirələrimi özündə saxlayan doğma yerlərə, dostlara, tanışlara qayıtmaq istəmirdim. Əlimdə dərman kimi qalan bu bir neçə günün bitməsinə isə hələ var idi... Yenə çox sevdiyim Vltava sahilinə çıxdım, dünyanın hər yerindən axışıb gəlmiş turistlərin içində qərq oldum. Hər saatı qiymətli sayırdım. Doya bilmirdim yaşamaqdan, axı burda yaşayırdım. Axşamüstü idi. Ağlıma bir fikir gəldi – gecə qatarına bilet aldım, səhər tezdən Varşavada olacaqdım, heç olmamışdım hələ. Bir günüm var idi hələ, uzun bir günüm yaşamağa!

Praqada sövdələşdiyim turizm firmasının mənə verdiyi məlumat kitabçasında qeyd olunduğu kimi saat 8-də Mərkəzi Varşava vağzalında düşdüm. Səfər təlimatına uyğun olaraq Kral Qəsrinin yerləşdiyi Köhnə Şəhər deyilən yerə catmalı idim, orada məni turist qrupu gözləməli idi. Suvenir piştaxtalarından gözümü güclə ayırıb özümü taksiyə atdım. Üstəgəl, yollarda da bir az tıxac olduğundan yubandım... Köhnə Şəhərdə adam qarışqa kimi qaynaşırdı. Bələdçi qəsrin qarşısında əlində adı yazılmış lövhəcik qrup üzvlərini yığmalı idi və görünür yığmış, “görüş yerini” də çoxdan tərk etmişdi. Başqa qrup rəhbərlərindən soruşdum, onu tanıyırdılar və qrupu toplayaraq çoxdan burdan uzaqlaşdığını dedilər. Haqlı idilər, mən xeyli gecikmişdim. Başqa çarəm yox idi, hansısa bələdçiyə yenidən ödəniş edib onun qrupuna qoşulmaq, axşam yenə bura qayıdıb vağzala yollanmağa qərar verdim. Elə bu vaxt kimsə məni arxadan səslədi:

–Xanım... Gecikmisiz? – cavab üçün macal verməyib davam etdi, – Bütün xanımlar belədi, yəqin bura çatana kimi baxmadığınız pal-paltar, suvenir dükanı qalmayıb.

Həqiqətən, yoldakı tıxac bir o qədər gecikməyimə səbəb olmamışdı, suvenirlərə tamaşa etmişdim, amma onun səsindəki istehza məni özumdən çıxartdı və yalan danışdım:

– Yox, mən ümumiyyətlə “şoppinq-maniya”dan əziyyət çəkmirəm... Tıxac.

– Aaa... Üzr istəyirəm. Demək ki, siz bütün xanımlardan fərqlənirsiniz. Sizi yaxından tanımaq istərdim. Yəni mənim doğma şəhərimin problemi üzündən belə vəziyyətə düşmüsüzsə, icazə verin, sizə bələdçilik edim.

Onun alicənablığı qarşısında yalan danışdığım üçün utandım.

– Bacararam, çünki mən elə bələdçiyəm. Həftədə bir gün istirahət günümdür. Bu gün qrupum yoxdur, amma mən bu istirahət günümü təmənnasız, vurğulayıram təmənnasız, sizi kimi xanıma həsr edə bilərəm. Narahat olmayın, o yerləri ki, qrupla gəzməliydiniz hamısını sizə göstərəcəm. Amma... – deyib susdu və nəhayət ki, mənə də ağzımı açmağa imkan verdi:

– Nə amma?

– Mənim şəxsi avtomobilim yoxdu.

– Əlbəttə, ictimai nəqliyyatla mənə lap maraqlı olar. Yol haqqı üçün heç narahat olmayın.

– Yox, yox... motosikllə gəzməyə razısız?

Niyəsə elə hey gülürdü, bilmirəm, amma bu təbəssümün qarşısında üçtəkərli velosiped ilə də gəzmək olardı... “Əlbəttə” deyə cavab verdim.

– Əla! Mənim adım Rafaldır.

– Rafal?

– Hə, niyə təəccübləndiniz ki?

– Heç...

– Onda buyurun bu tərəfə, “atımı” bax orda saxlamışam, – deyib qabağa düşdü, – İcazənizlə “sən” deyə müraciət edim... Mənə de görüm, Polşa, Varşava haqqında nə bilirsən? Bilmədiklərini də mən danışaram.

– Onda siz çox şeyi danışmalı olacaqsınız, çünki mənim Polşa ilə bağlı tək anlayışım “Ara həkimi” filmidir. Rafal Vilçur adlı polyak professorun taleyi... – cümləmi bitirə bilmədim. Qəfil dayandı və bu gözlənilməzlikdən ona dəydim.

– Onda sən çox şey bilirsən ki... demək mən yox, sən danışacaqsan, – deyib gözlərimin içinə baxdı, – Bilirəm mən danışmalıyam, amma mən susanda sən danış. Özün başa düş, bütün günü bir kron almadan işləmək axı mənə çətindi... Zarafat edirəm. Tələs! – Bir anlıq susub davam etdi, – Pulla bağlı məsələdə zarafat edirəm, amma mənə yaxşı həmsöhbət olmalısan, bunu ciddi deyirəm. Tələs!

... Həmin gün mən Polşa haqqında bir nağıla yalnız qulaq asmadım, bu nağılı yaşadım. Rafal uşaqlıqda sevdiyim Qrim qardaşlarının, Hans Andersonun nağıllarındakı ağbəniz, qızılı telli şahzadə kimi yaşadığım bu nağılın qəhrəmanı oldu. O, şahzadəsini əlindən tutub iqamətgahı ilə tanış edən ev sahibi kimi, Polşa tarixini özündə yaşadan Kral Qəsrini daşbadaş, kolbakol danışdı. O qədər sevə-sevə, ürəkdən danışırdı ki. Seçdiyi sözlər, səsindəki ciddiyyət, bəyaz bənizi, gülən gözləri elə bil zamanın təkərini çevirmiş, əsrləri yarıb əlimdən tutub məni gəzdirirdi.

Varşavanın tarixi binalarla müasir tikililərin kontrastında, səkiləri al-əlvan dibçəklərlə bəzədilmiş küçələrini motosikldə üzü küləyə qarşı dolaşarkən isə qəhrəmanım, sanki zamanın səhifəsini çevirir, məni söhbətləri ilə əyləndirirdi. Nahar vaxtı idi. Həm yorulmuş, həm də acmışdım. Varşavanın mərkəzi küçələrindən birində xüdmanı bir kafedə əyləşdik. Rafal üzü günəşə tərəf oturmuşdu. Günəşin şüaları gözlərinin üstünə düşən şümal saçlarında bərq vururdu. Mənim fikrimi sormadan nahar sifariş verdi. Çox çəkmədi balaca masanın üstü Polşa mətbəxinin ləziz yeməkləri ilə doldu.

– Vəssalam! Daha bir kəlmə də danışmaq olmaz.

– Aaa... Mən heç ağzımı açmışam ki? birdən xatırladım, harda olurduqsa olaq, nədən danışırdıqsa danışaq, məni də dindirmiş, dinləmişdi və mən özüm də bilmədən ipi qaçan corab kimi süzülmüşdüm.

Məgər ki, mənim həqiqətən danışmağa, boşalmağa ehtiyacım var imiş və unutmaq üçün hər şeyi susub içimə yığmışkən boğulurmuşam... Nahardan sonra Varşavanın mərkəzində yerləşən Ticarət Mərkəzinə yollandıq, oranı mərtəbə-mərtəbə dolaşdıq. Rafal üçün geyim seçərkən, bu vaxta qədər övladı olmayan anaların uşaq paltarlarına həsrətlə baxdığı baxışla kişi paltarlarına baxdığımın indi fərqinə vardım. Nə qədər də həvəsliymişəm... Onun geyim tərzinə uyğun olmasa da, daha təəccüblüsü mənim zövqümcə olan köynəyi seçdik, elə ordaca əyninə geyindi. Sonra köynəyə uyğun yeni ayaqqabılar da aldıq. İkinci mərtəbədə yerləşən kafede əyləşib Varşavanın məşhur qaymaqlı dondurmasını yeyə-yeyə təzə köynəyinə dondurma ləkəsi də saldıq...o qədər güldüm... çoxdandı belə gülmürdüm...

Daha sonra Rafal “hə, Şərqin gözəli, nağılımız sona yaxınlaşır” deyincə ani olaraq sabah yenə geri, keçmişə qayıdacağımı düşündüm, amma nədənsə rahatlıq hiss etdim içimdə. Rafal isə gözlərimin içinə baxıb:

– Və təbii ki, nağıllar həmişə yaxşı, xoşbəxt sonluqla bitir – dedi.

Sonra bu nağılın şahzadəsi məni atın yəhərində motosiklin vıyıltılı səsi ilə şəhərin zaman qaynayan bu hissəsindən tarixin başqa bir səhifəsinə apardı. Varşavanın ən gözəl parkı olan  Lazenkiyə. Buranı su üzərində yerləşən krallar sarayı adlandırmaq daha doğru olardı. Park meşənin dərinliyində salınmışdı və al-əlvan gül-çiçək, hər damlası ilə rəqs edən fəvvarələr, oranjereyalar, köşklər yaşıl meşənin içində gövhəri xatırladırdı. Gözlərim qarşısında açılan mənzərə məni çaşdırmışdı. Meşənin dərinliyində inşa edilmiş qəsrin qarşısında salınmış göl isə məni lap heyran etdi. Qayıqlarda üzən insanlar hərəsi bir film qəhrəmanının taleyini yaşayan obrazlar kimi açıldı gözümdə, gölə əksi düşən qəsrin suda titrəyən əksi isə usta bir operator kimi onların taleyini bu suların üzərinə köçürürdü. Biz də qayıqda oturduq, gəzinti boyu heç nə danışmadım, artıq boşaldığımı hiss edirdim. Danışmaq Rafalın işi olduğu halda, o da bir kəlmə olsun belə söyləmədi. Səssiz, sanki bu sükuta ikimizin də ehtiyacı var idi. İçimə hopan hüzur sanki üzümə sığal çəkirdi. Əsəbdən, fikirdən gərili sifətimin əzələləri də burda sakitliyə qovuşmuşdu. Uzun müddət sonra baxır və bu gözəlliyi görürdüm, qısqanmırdım, məni əsəbləşdirmirdi. Qayıqdan düşəndə  məni narahat edən keçmişimin qalan izlərini də beləcə sükut içində, bir kəlmə söyləmədən bu suların lent yaddaşına, Rafalın heç təbəssüm çəkilməyən mələk çöhrəsinə boşaltdığımı hiss etdim. Özümü burda suda balıq kimi hiss edirdimsə, indi yüngülləşib quş kimi uçurdum, meşəni sehirli nağıla bənzədən havada uçuşan qovaq pambıqları Rafalın saçlarına, kirpiklərinə oturduğu kimi mən də yüngülcə onun qəlbinin üstünə çökmüşdüm...

Heç eşitmədiyim quşların səsi altında, cığırlarla Rafal məni başqa bir sehirli qəsrin yanına gətirdi. Otluğun içində qayğısız oturub gözlərim önündə açılan mənzərəyə doya bilmirdim. Lələkləri yalnız tanrının yaratmağa qadir olduğu min bir rəngdə tovuz quşları...

Artıq axşam düşürdü. Rafal məni tələsdirirdi, amma mən burdan qopa, ayrıla bilmirdim, insan xoşbəxt olmaqdan doymaq bilərmi ki? Mən xoşbəxt idim. Rafal balaca uşaq kimi artıq əlimdən tutub çəkirdi və guya əsəbləşmişdi... o qədər gülməli görsənirdi ki...

– Tələs! Bu dəfə qatara geciksən, sabah təyyarəyə gecikəcəksən!

– Nə olsun? – gözlərimi batan günəşin şüaları altında al qırmızıya boyanmış qəsrdən çəkmədən cavab verdim.

– Nə olsun?! O olsun ki, əzizim, mən sadəcə bələdçiyəm və bugun sənin səhlənkarlığını ört-basdır edə bildim. Amma mən mehmanxana sahibi deyiləm ki, sən qatara, təyyarəyə gecikəndə qonaq saxlayım.

Balaca uşaq kimi dodaqlarımı büzdüm, hələ bəlkə küsdüm də... amma əlimi çəkmək, onun nazik barmaqlarını buraxmaq istəmirdim.

– Daha bir yeri göstərmək istiyirəm sənə... Tələs!

... Meşənin dərinliyində açılan daha bir mənzərə başqa bir aləm idi. Gəzdiyim bir çox ölkələrdə qədim tarixi irs kimi qorunan amfiteatrların özünəməxsus əzəməti, bir zamanlar o səhnələrə tamaşa edən insan kütləsinin ruhu, nəfəsi, sütunların pıçıldadığı tarix burada ya susurdu, ya mən eşitmirdim. Yalnız onu eşidirdim. Rafal sütunların ətrafında mələk kimi dolanır, sütunların arxasında itib görsənincə yanıb sönən işıq kimi gözlərimi qamaşdırırdı və o sehrli səsi ilə söylədiyi şeir özümdən asılı olmayaraq gözlərimi doldurdu. Səsinin tonu gah artır, gah azalır, bəzən səsi titrəyir, bəzən səsinin gurultusundan boğazındakı damarları ilə bərabər havada qanad kimi çalan əllərindəki damarlar da qabarıb göyərirdi.

 

Ot çalınana qədər çayın ətrafında                                                                                                                 

bu çəmən gur idi,

Gözəl günəşli iyun ayında.

Bütün ömrüm boyu onu axtarmışam

Budur tapdım və tanıdım:

Uşaqlıqda adını bildiyim otlar, çiçəklər bitirdi burda.

Yarıörtülü kirpiklərimin arasından işığı hiss edirdim,

Çəmənin ətri məni vurur, ağıl məni tərk edir

Və hiss edirdim ki, yox oluram, xoşbəxtlikdən ağlayıram.*

 

Şeiri bitirdi.

Günün sonunda vədələşdirilən vaxtdan bir az tez Kral Qəsrinin qarşısında dünyanın dörd bir yanından axışıb gələn müxtəlif irqli, dinli, dilli insanların arasına qarışdıq. Günəş qürub edərkən al qırmızılı-sarılı libasını tarixi özündə yaşadan bu qəsrin üstünə örpək kimi atıb çəkilirdi. Elə bil qəsr də yorulmuş, acılı-şirinli xatirələrinə qayıtmaq, bu örpəyin altında yadlardan uzaqlaşıb doğma divarları ilə uyumaq istəyirdi. Qəsrin ab-havası elə bil məni də vurmuşdu. Darıxdım... Doğma yerlərdə, doğmalarımla uyumaq istədim.

– Hə, xanım, bu da filmin sonu... Filmin sonunda professorun aqibəti necə olur? Hə, qayıdır... o keçmiş xatirələrinə, doğmalarına, keçmişinin şahidi olan yerlərə, dostlara, işinə qayıdır. Taleyini onun taleyi ilə müqayisə edirsən, elə isə sən də qayıt doğma yerlərə, doğmalarına! Get!

Elə bu an səhər məni qarşılamalı olan bələdçinin əlində adı yazılmış lövhə, turist qrupu ilə bizə tərəf gəldiyini gördüm. Sıçrayıb özümü ona tərəf atdım. Məsələni bələdçiyə anlatdım və geri çevrilib Rafalla onu da tanış etmək istədim, o isə dedi:

– Xanım qız, növbəti dəfələrdə harda olmağınızdan asılı olmayaraq gecikəndə, “itəndə”, hamısından yaxşı təkbaşına qalmaqdır, nəinki tanımadığınız birinə qoşulub gedirsiniz. Üstünüzdə pul var, sənəd var, hər şey cəhənnəmə, özünüzü təhlükə altına atmış olursunuz.

– Axı o da sizlərdən biri idi... Rafal...

– Xanım qız, biz bələdçilər hamımız burada bir-birimizlə əlaqəli işləyirik, bir-birimizi tanıyırıq. Bizim aramızda Rafal deyə biri yoxdu. Sizin bayaq yanından ayrılıb gəldiyiniz gənci mən gördüm, onu isə əsla tanımıram.

Bir də geri çevrilib adamların arasında onu axtardım. Yox idi. Xüsusi ayrılmış avtobus artıq turistləri yığırdı, amma mən onu tapmalı, bir də görməli idim. Özümü insan kütləsinin içinə atdım. Sanki dalğaları əlimlə dəf edirmişəm kimi insanları yarır, onu axtarırdım. Yox idi, getmişdi... Bəlkə hec olmamışdı...

 

lll

 

Qayıtdım! Bəli, Polşa da, o Polşa filmi də, tanımadığım mələyim – Rafal da öz missiyasını yerinə yetirdilər. Göydən üç alma düşdü...

* Çeslav Miloşun “Çəmən” şeirinin polyak dilindən rus dilinə tərcüməsi Vladimir Britanişskiyə məxsusdur. Rus dilindən Azərbaycan dilinə tərcümə müəllifə  məxsusdur.

 

 

Xumar Ələkbərova

 

525-ci qəzet.- 2011.- 31 dekabr.- S.29.