Xalq yazıçısı Anar haqqında iki cildlik biblioqrafik nəşr işıq üzü görüb

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın həyat və yaradıcılığını əks etdirən iki cildlik biblioqrafik nəşr hazırlanıb. Birinci cilddə ədibin ömür və fəaliyyət yolunun ən maraqlı məqamlarından söhbət açılıb, çap olunmuş əsərləri, o cümlədən dövri mətbuatda dərc edilmiş bədii mətnləri, məqalələri, tərcümələri, ssenari müəllifi və rejissoru olduğu filmlər, pyestamaşalar, xarici dillərdə nəşr olunmuş kitabları ilə bağlı biblioqrafik qeydlər öz əksini tapıb. Nəşrə Anarın bəzi çıxışlarından, müsahibə və müraciətlərindən fraqmentlər də daxil edilib. Xeyriyyəçi, vətənpərvər adamı Əli Polad Vahabzadənin maddi yardımı ilə nəşr olunan kitaba yazdığı ön söz əvəzi yazıda Nizami adına Milli Azərbaycan Ədəbiyyatı İnstitutununİnformasiyabiblioqrafiya” şöbəsinin elmi işçisi Zakirə Əliyeva biblioqraf peşəsinin səbr, səliqə, hövsələ, ən başlıcası isə dəqiqlik, axtarış trayektoriyası qurmaq məharəti tələb etdiyini önə çəkib: “Bu peşədə pintiliyə yer olmamalıdır. Həmin vəzifələrin öhdəsindən gələn biblboqrafın əqli fəaliyyəti, düşüncə tərzi peşəkar şahmatçı, riyaziyyatçı və dedektivin fəaliyyətindən heçgeri qalmır. Bütün bu deyilənlərlə yanaşı, Anar yaradıcılığı ətrafında tədqiqat aparan biblioqraf daha səbirli və diqqətli olmalıdır. Çünki Anar ədəbiyyat, mədəniyyət və incəsənətin elə bir sahəsi yoxdur ki, sözün yaxşı mənasında, ora baş vurmamış olsun. Onun yaradıcılığının janr rəngarəngliyi, məna və üslub genişliyi, əsərlərinin müxtəlif dillərə tərcüməsi, haqqında yazılan materialların çoxluğu, eyni zamanda internet aləminə, ekran dünyasına sirayət etməsi, respublikamızda uçot-biblioqrafiyasının o qədər də yüksək səviyyədə olmadığı bir şəraitdə, biblioqrafı on illərin mətbuat okeanı ilə üzləşdirməli olur”.

Bu nəşrdə Anarın həyatı, ədəbi yaradıcılığı, ictimai fəaliyyətinə dair əsas tarixlər, yazıçının ədəbiyyat, mədəniyyət və ictimai proses haqqında fikirləri, elm və mədəniyyət xadimlərinin ədib haqqında düşüncələri oxuculara iki dildə – Azərbaycan və rus dillərində təqdim olunub.

Kitabın “Ömür yolu” bölməsi maraqlı faktlar və hadisələrlə zəngindir. Burda yazıçının nəsil şəcərəsi, valideynləri haqqında məlumat verildikdən sonra oxucu kitabın mühüm hissəsini təşkil edən “İllərin axarı” adlı tərcümeyi-hal xarakterli materiallarla tanış olur.

Anar – Yaradıcılıq biblioqrafiyası” bölməsində yazıçının müxtəlif dillərdə olan kitabları əlifba ardıcıllığı ilə, tərcümə, tərtibatçı və redaktoru olduğu kitablar, ekran, efir, internet kimi informasiya meredianlarında yol alanlar haqında yazılmış müxtəlif yazılar, dərc olunmuş kitablar xronoloji ardıcıllıqla verilib.

Filologiya elmləri namizədi Əmin Əfəndiyevin “Anar yaradıcılığı biblioqrafın gözü ilə və yaxud ot tayasında iynə axtarışı” başlıqlı məqaləsinə də topluda yer verilib. Bu məqalədə müəllif ədibin çoxşaxəli, zəngin yaradıcılığına nəzər salıb və soraq kitabının tərtibi haqqında mülahizələrini bölüşüb.

“Çağdaşları Anar haqqında” adlı ikinci cilddə müasirlərinin ədib haqqında fikirləri və məktublardan fraqmentlər var. Giriş bölümündə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Anarla bağlı xatirələrini əks etdirən “Tale müasirim” başlıqlı ithaf məqaləsi yer alıb: “Anar altmışıncılar nəslinin ən parlaq və maraqlı nümayəndələrindəndir. Sovet dövründə Anarın yaradıcılığı ümumittifaq ədəbi tənqidinin də, keçmiş SSRİ-nin nəhəng oxucu kütləsinin də diqqətini çəkirdi. O zaman biz daha çox Moskvada görüşürdük – yazıçıların toplantılarında. Yadımdadır, Anar necə böyük ağrıyla mənə Azərbaycanın ən böyük problemindən – Qarabağ faciəsindən danışırdı”.

Sonrakı səhifələrdə Ümummilli lider Heydər Əliyevin 1998-ci il mart ayının 13-də yazıçının 60 illiyi münasibətilə ona göndərdiyi təbrik məktubu verilib. Məktubda deyilir: “Siz 60-cı illərdə ədəbiyyatımıza yeni ab-hava gətirmiş yazıçılar nəslinin görkəmli nümayəndələrindən birisiniz. Müasirlərimizin zəngin mənəvi aləmini qayğı və problemlərini yüksək bədii səviyyədə əks etdirən əsərləriniz daim ədəbiyyat həvəskarlarının diqqət mərkəzində olmuşdur. Bəşəriliklə milliliyin üzvi vəhdətini təşkil edən çoxcəhətli yaradıcılığınız cəmiyyətimizdə milli şüurun aşılanmasına və xalqımızın bir çox ölkələrdə tanınmasına xidmət etmişdir”.

Topluda bir çox ictimai xadimlərin, mədəniyyət və ədəbiyyat nümayəndələrinin yetmiş illik yubileyi münasibətilə xalq yazıçısına ünvanladıqları məktublar da öz yerini alıb. Anar haqqında çəkilən telefilmdə fikirlərini söyləmiş Çingiz Aytmatovun, Oljas Süleymenovun çıxışlarından, Xalq yazıçısının yubiley gecəsində ukraynalı şair İvan Draçın, rus şairəsi Rimma Kazakovanın, səfir Polad Bülbüloğlunun, Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Əliyevin, “Drujba narodov” jurnalının baş redaktoru Aleksandr Ebanoidzenin, Rusiya Elmlər Akademiyasının akademiki, “Voprosı istorii” jurnalının baş redaktoru Əhməd İsgəndərovun, yazıçı Çingiz Hüseynovun, Avrasiya Yazarlar Birliyinin Başqanı Yaqub Dəliöməroğlunun, Türkiyənin keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybəkin, Anar haqqında kitab yazmış müəllifi Ayşa Atayın və başqa fikir adamlarının çıxışlarından fraqmentlər də kitabda dərc edilib.

Kim nə yazmış, nə demiş” başlıqlı bölmədə çağdaş ədəbiyyatda öz sözü olan qələm sahiblərinin, alim və tənqidçilərin, sənət adamlarının, siyasi xadimlərin, Anarın şəxsiyyəti, yaradıcılığı haqqındakı fikirləri oxuculara təqdim olunub. Bundan başqa topluda Türkiyə, Şimali Kipr türk Respublikası, Rusiya, MDB ölkələri, Almaniya, Avstriya, İsveçrə, Fransa, İsveç, Macarıstan, Rumıniya, Slovakiya, ABŞ, İran mətbuatında Anaronun əsərləri haqqında qələmə alınan məqalələr verilib. Şairlərimizdən Qabilin, Məmməd Arazın, Cabir Novruzun, Fikrət Qocanın,  Vaqif Səmədoğlunun, Ramiz Rövşənin, Vidadi Babanlının, Tofiq Bayramın, Məmməd İsmayılın, Rəfiq Zəkanın, Vaqif Bayatlı Odərin, Yusif Həsənbəyin, Mənsur Vəkilovun yazıçıya ithaf etdikləri şeirlər də nəşrdə yer alıb.

“Ailə üzvlərinin gözüylə” başlıqlı bölmədə Anarın həyat yoldaşı, görkəmli alim Zemfira Səfərovanın “Məhəbbətin yaşı”, bacıları Fidan və Təranə Rzayevaların “Qardaş”, oğlu Tural RzayevinAtam Anar”, qızı Günel Anarqızının “Nöqtələr” başlıqlı yazıları və xalq yazıçısının ömür səhifələrini əks etdirən rəngarəng fotoalbom da öz əksini tapıb.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 31 dekabr.- S.20.