Mübariz Əhmədoğlu: “Onun səlahiyyətləri çoxaldıqca İran-Azərbaycan münasibətlərində problemlər də artır”  

 

“Olaylar” agentliyinin suallarını politoloq Mübariz Əhmədoğlu cavablandırır

 

– Mübariz müəllim, son günlər İranın Azərbaycana qarşı təzyiq-təxribatı kampaniyasında azalma müşahidə edilir. Sizcə, bu, nə ilə bağlıdır?

– İranın din xadimlərinin Azərbaycan Respublikasına başladığı hicab təzyiq-təxribat kampaniyasında son günlər azalması müsbət haldır. İranda efir vaxtının bir qismi digər məsələlərə həsr olunur, təhqirlər demək olar ki, yoxdur.

Amma bütün bunlar hələ ki, İranın Azərbaycana qarşı təzyiqlərdən əl çəkəcəyinə ümid verməyə əsas yaratmır. Çünki təzyiq-təxribat kampaniyasında yeni elementlər də göründü: İranın rəsmi təbliğat maşını Azərbaycanda baş verənlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi günahkar hesab etməyə başlayıb. Yaxınlarda ermənilər də Ramiz Mehdiyevdən narazı idilər. Görünür, ermənilərin düşmən bildiyi Azərbaycan Prezidentinin Administrasiyasının rəhbərini iranlılar da düşmən bilməyə məhkumdurlar.

“Mücahidini-xalq” təşkilatının nümayəndələrinin Bakıda görünməsi İranın təbliğat maşınını narahat edir. Bir neçə məqamı diqqətdə saxlamaq lazımdır:

Əvvəla, “mücahidin-xalq” yalnız İranda terrorçu təşkilat kimi tanınır. Bir-iki dövlətin mübahisəli mövqeyini nəzərə almasaq, dünyada heç bir dövlət bu təşkilatı terrorçu qismində qəbul etmir.

 kincisi, beynəlxalq təşkilatlar və ya beynəlxalq insan hüquq müdafiə təşkilatları bu tipli şəxslərin yerləşdirilməsi ilə məşğul olurlar. Bu zaman əsas meyar milli və dini parametrlərdir. Dövlətin razılıq verməsi yox, dövlətin etiraz etməməsi əsas götürülür.

Üçüncüsü, Azərbaycan dövləti gətirdiyi “qonaqları” çörək pulu və ya və s. almaq üçün BMT-nin qabağına göndərməz.

– Sizcə “İslam Mədəniyyət Mərkəzi” İranla Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirməkdən daha çox bu münasibətlərə zərbə vurub?

– Azərbaycan Respublikasında “İslam Mədəniyyət Mərkəzi” adlı təşkilat fəaliyyət göstərir, rəhbəri isə Ocaq Necatdır. İranlılar onu Azərbaycanda vilayəti-fəqih təmsilçisi kimi qəbul edirlər. Başqa sözlə, o, Azərbaycanda İran tərəfindən təyin olunmuş dini rəhbər statusunda qəbul edilir. İrandan Azərbaycana gələn bütün nazirlərin onunla görüşüb, ondan təlimat almaq öhdəlikləri var. Məsələn, yaxınlarda Azərbaycanda olmuş İranın neft naziri M.Kazimi ondan təlimat aldı. Az keçmiş M.Kaziminin müavini Ermənistanda səfərdə olub, erməniləri İranda benzinin qiymətinin artmasından narahat olmamağa səsləyib. İranda benzinin qiyməti bahalaşsa da, Ermənistana benzin əvvəlki qiymətlə veriləcək. Bir az sonra Ermənistanın energetika naziri M.Movsesyanı Tehranda qəbul edən neft naziri M.Kazimi Təbrizdən Yerevana çəkiləcək neft məhsulları kəməri layihəsini təsdiqlədi və İrandan Ermənistana nəql olunacaq neft məhsullarının miqdar və qiyməti barədə sonra açıqlama veriləcəyini bildirdi.

 Ocaq Necatın başçılıq etdiyi strukturda Azərbaycanın daxili ictimai-siyasi vəziyyəti ilə bağlı ən azı 5 il bundan qabaqdan siyasi təhlillər aparılmağa başlanıb. Bu təhlillərdə İranın Azərbaycanın daxilinə nüfuzetmə yolları və sahələri barədə müzakirələr aparılır, İranın dəstəkləyə biləcəyi siyasi liderlərin baxışları təhlil olunur. Nəticədə, Azərbaycan Respublikasının ictimai-siyasi mühitində, mətbuatında, İT sahəsində və s. İranın təsiri xeyli irəliləyib. Belə başa düşmək olar ki, İranın dəstəklədiyi İslam partiyası və onu ətrafında olanlar İran üçün sadəcə görüntü xatirənə yaradılıb.

 Ermənistan mətbuatına Azərbaycan Prezidenti və ailəsi haqqında təhqiredici materiallar da iranlılar tərəfindən hazırlanıb ötürülür. Hər halda Ocaq Necat bunu bilər. Yaxınlarda Ermənistanda hakimiyyətə yaxın ekspertlərdən biri Qarabağ mövzusunda danışan İranın din xadimlərini hansı şəkildə Bakıda sökülən məscid məsələsinə yönəltdiyini mətbuata açıqladı. Doğrudan da, ərdəbilli molla daha Qarabağdan danışmır. Ocaq Necat bunu çox rahat araşdıra bilər. Qarabağ məsələsindən bir kəlmə belə danışmayan bu adamın səlahiyyətləri və imkanları artdıqca, İran-Azərbaycan münasibətlərində problemlər artır. Ermənistana vilayəti-fəqih getmək istəyirsə, əvvəlcə azərbaycanlıları ora qaytarsın. Yoxsa, benzin verəndən sonra ermənilər heç zaman Ermənistanı tərk etməyəcək, azərbaycanlılar ora qayıda bilməyəcəklər. Hər halda Qafqaz Müsəlmanları İdarəsi arada müsəlmanları Ocaq Necatın ofisinin qarşısına göndərib Allahın və Quranın mövcudluğu barədə şüarlar səsləndirsin. Həmin müsəlmanlar and içsinlər ki, Allah var və onu aldatmaq mümkün deyildir. Hər şeyi görür, bilir.

– Bütün bu baş verənlərin fonunda İranın Dağlıq Qarabağ probleminin həllində vasitəçilik təklifi nə dərəcədə səmimidir? 

– İranın Azərbaycana qarşı təbliğat maşınının işindəki yeniliklərdən biri də, Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri ilə bağlıdır. İran mətbuatı bunu kinayəli şəkildə təqdim etməklə Azərbaycanda effekt yaradacağına ümid edir, lakin başa düşmür ki, Azərbaycan Prezidentinin Ermənistan prezidentilə görüşünün baş tutması üçün hər iki tərəf razılıq verməlidir. Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini təkcə Rusiya və ya ATƏT deyil, həm də BMT, Avropa İttifaqı və Avropa Şurası vasitəsilə aparılmasının tərəfdarıdır. Ermənistan isə yalnız ATƏT-in Minsk Qrupu və Rusiya prezidentinin vasitəsilə görüşlərin keçirilməsinin tərəfdarıdır.

Azərbaycan İranın vasitəçilik təklifini qəbul edib. Bir az da irəli gedərək, hətta Azərbaycan özü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik etməyi İrandan xahiş edib. Ermənistan tərəfi İranın vasitəçiliyini qəbul edərsə və ya İran öz vasitəçiliyini Ermənistana qəbul etdirə bilərsə, o zaman İranın Ali Dini Liderinin iqamətgahında prezidentlər və ya xarici işlər nazirləri görüşüb, Qarabağ məsələsini müzakirə edə bilərlər. Təki, İran İslam Respublikası Ermənistanı yola gətirə bilsin. Bəlkə 1992 ci il Şuşa işğalına əks-effekt yarada bildi.Amma bu İran üçün müşkül məslədir.

Ermənistan İranın vasitəçilik təklifini rədd etdi, amma İran Ermənistanın cəzalandırmadı, əksinə onu daha da həvəsləndirdi. Bir neçə il öncə Ermənistan İranı “İran-Ermənistan” qaz kəməri layihəsindən uzaqlaşdırdı. Bu layihə tamamilə İranın hesabına maliyyələşirdi;  Razdan İES-in beşinci bloku ilə əlaqəli layihədən Ermənistan İranı Rusiyanın təhriki ilə təhqirli şəkildə qovdu. Yenə də bir müddət sonra İran Ermənistana yeni iqtisadi variantlar təklif etdi.

 “İran-Ermənistan” qaz kəməri və Razdan İES-in beşinci bloku ilə əlaqədar layihələrdən İranı qovan Ermənistanın İranın Dağlıq Qarabas məsələsi ilə bağlı vasitəçiliyindən imtina etməsi məntiqəuyğundur. Amma İranın ona belə münasibət göstərən Ermənistana yalvarması, yeni iqtisadi layihələr və variantlar təqdim etməsi, dəmiryolu və SES tikməsi, neft məhsulları kəməri çəkməsi və s. qeyri məntiqidir. Belə vəziyyəti dünyanın ən cılız dövləti də cavabsız qoymur, çünki bu diplomatik münasibətlərin məntiqinə və ruhuna ziddir. İranda isə, həm də dinə ziddir, çünki Qurani-Kərimin “Məidə” surəsinin 51-ci ayəsi birmənalı və qətiyyətli hökmdən ibarətdir. Ona görə də, İran təbliğat maşınının Rusiyanın iştirakı ilə keçirilən Azərbaycan-Ermənistan görüşlərini lağ obyektinə çevirməyə əsası yoxdur. Bacarırsa, öz ölkəsinin rəhbərliyinin yadına salsın ki, Ermənistan İranın hesabına yaşadığı halda ona dünyanın ən aciz dövləti qədər də hörmət qoymur. İki daşnak deputatın Livanda “Hizbullaha” dəstək verməsi də ola bilər ki, Fransanın oyunu olsun, çünki Yaxın Şərqdə vəziyyətin qarışmasında Fransanın xüsusi marağını ehtimal etmək mümkündür. Nə qədər qəribə olsa da, Fransanın marağı dini maraqdır.   

Qafqaz Müsəlmanları İdarəsi İranda İran İslam Respublikasının Azərbaycan Respublikası üzərində dini hökmranlığına ciddi əngəl kimi qəbul edilir. İran hələ Sovet dövründən Qafqaz Müsəlmanları İdarəsinə, onun rəhbərinə qarşı mübarizə aparıb. Bu gün də İran bir dəstə nadan Azərbaycan gəncini qızışdırıb Qafqaz Müsəlmanları İdarəsinin qarşısında piketə göndərir. Yaranmış vəziyyətin spesifikliyindən istifadə edərək Qafqaz Müsəlmanları İdarəsini sıradan çıxartmaq istəyir. Bu, İran üçün minimal qələbə ola bilər.

– Ola bilərmi ki, İran öz maraqlarının təmin olunması baxımından Dağlıq Qarabağ probleminin həllinə cəhd göstərir? 

– İran fəaliyyəti ilə özü üçün düşmən yaradan dövlətlərdəndir. Dünyada belə dövlətlərin sayı hədsiz azdır. Normal münasibətdə olduğu qonşusu isə yoxdur. İran üçün daha böyük təhlükə isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalmasıdır. İndi, zəifləmiş ABŞ və Qərb bu münaqişəni konservasiya edərək özləri üçün əlverişli vaxtadək saxlamaq istəyirlər. Gücləndikdən sonra Qarabağ münaqişəsini ya Rusiyanın Şimali Qafqazına ya da İran ərazisinə körpü kimi istifadə edəcəklər. Münaqişə İran ərazisinə keçəcəyi təqdirdə, RF də Qərbin tərəfində olacaqdır. İranın 20 ilə yaxındır ki, DQ münaqişəsi ilə qonşuluq etməsi bu dövlət üçün neqativ vəziyyət yaradır. Bu qonşunun evinin yanmasına etinasızlığa bənzəyir. DQ münaqişəsi ərazi bütövlüyü prinsipi üçün İranın qonşuluğundakı qayçıdır və ya yanğındır. İran bu gün yerindəcə o qayçını sındırmır və ya yanğını söndürmürsə, həmin qayçı sabah İranın da ərazi bütövlüyünü qayçılaya bilər və ya Azərbaycanın ərazi bütövlüyünü yandırmış yanğın İranında ərazi bütövlüyünü yandıra bilər. Qarabağ münaqişəsini həll etməyə İrana saatlarla vaxt lazımdır. Variantları da çoxdur.

 

 

 525-ci qəzet.- 2011.- 1 fevral.- S.5.