Azərbaycana məhəbbətlə...
Bizim
ədəbiyyatşünaslıqda Azərbaycan-Pribaltika
ədəbi əlaqələrindən kifayət qədər
söz açılıb, bu sahədə praktiki işlər
də görülüb. Hörmətli professor Pənah
Xəlilovun bir vaxtlar ali məktəblər üçün
nəşr etdiyi “SSRİ xalqları ədəbiyyatı”
ikicildlik dərsliyində Latviya, Litva və Estoniya
ədəbiyyatı haqqında geniş təsəvvür
yaradan elmi oçerklərlə tələbə ikən
tanış olmuşuq. Filologiya elmləri
doktoru Vaqif Arzumanlının da bu sahədə
xidmətləri çoxdur.Lakin elə güman edilməsin,
Azərbaycan-Pribaltika ədəbi əlaqələrinin
bütün aspektləri tədqiq edilib, əlbəttə,
hələ toxunulmamış ya da ötəri tədqiq
olunmuş mövzular çoxdur.
Bu
yaxınlarda görkəmli Litva yazıçısı Vintsas
Krevenin “Azəristan ölkəsi” kitabı çapdan
çıxıb. Litva
yazıçısının beş hekayəsi toplanan bu
kitaba Litva azərbaycanlıları cəsmiyyətinin sədri
Mahir Həmzəyev geniş, deyərdim, bir tədqiqat
səviyyəsində ön söz yazıb. Kitabdakı əsərlərin
tərcüməçisi də odur. Ön sözdən
və tərcümələrdən hiss olundu ki, Mahir
Həmzəyev Litva ilə, onun ədəbiyyatıyla, dili
və mədəniyyətiylə çox sıx bağlı
olan bir ziyalıdır. Elə bu gərəkli
təşəbbüsdən görünür ki, uzun illər
bizə dost olan bir ölkədə yaşayan Mahir Litva
azərbaycanlıları cəmiyyətinin sədri kimi necə
faydalı işlər görüb.. Hələlik bu kitabda toplanan
hekayələr barədə söhbəti bir az sonraya
saxlayıb belə bir sual verək: biz – Azərbaycan
ədəbiyyatşünasları və oxucuları
çoxəsrlik Litva ədəbiyyatı haqqında nə
bilirik, hansı təsəvvürə malikik? Təbii ki,
huşyar oxucularımız Litva ədəbiyyatı
dedikdə, ilk növbədə, XX əsrin böyük
şairlərindən biri-Eduardas Mejelaytisi xatırlayacaqlar.
Mənim fikrimcə, Azərbaycan ədəbiyyatında
Rəsul Rza hansı yeri tutursa, Litva ədəbiyyatında da
E.Mejelaytis o yeri tutur. Hətta bu şairlərin
yaradıcılığı arasında oxşarlar, paralellər
diqqəti cəlb edir.Hər iki şair keçən əsrin
60-cı illərində poeziyada yeni bir
təmayülün-modernizmin əsasını qoymuşlar.
Onlar “İnsan” silsiləli şeirlərilə XX əsr
poeziyasında fəlsəfi lirikanın daha da vüsət
qazanqmasında böyük rol oynamışlar.
Lakin Litva
ədəbiyyatını təkcə bizim az-çox
tanıdığımız E.Mecelaytisin əsərləri
ilə məhdudlaşdırmaq olmaz. Bu ədəbiyyatın
Kristionas Donelaytis (1714-1780), Antanas Strazdas (1763-1833), Antanas
Baranauskas (1835-1902), Simanas Staneviçia (1799-1848), Vintsas Kudirka
(1859-1899), Yuliya Jemayte (1845-1921), İonas Bilyunas (1879-1907),
Yulyus Yanonis (1896-1917) , Vitautas Montvila (1902-1941), Solemeya Neris
(1904-1945), Pyatras Tsvirka (1909-1947) və b. görkəmli
nümayəndələri vardır. (Bu barədə Pənah
müəllimin dəpsliyində geniş məlumatlarla
qarşılaşa bilərsiniz). XX əsr Litva
ədəbiyyatının görkəmli
nümayəndələri sırasında Vintsas
Kreve-Mitskəviçyusun da (1882-1954) öz yeri var.
“Azəristan ölkəsi” kitabına yazdığı ön
sözdə M.Həmzəyev V.Krevenin həyat və yaradıcılığı
haqqında kifayət qədər məlumat verir. Ona
görə də bu haqda ətraflı söz
açmağı lazim bilmirik. Qısaca onu
söyləmək olar ki, V.Krevenin həyatı faciəli
və dramatik hadisələrlə doludur.O, zəngin biliyə
malik bir ziyalı idi, mükəmməl təhsil
görmüşdü. V.Krevenin həyatının 11 ili
Bakıda keçmişdir və oxuculara təqdim edilən
“Azəristan ölkəsi” kitabında olan
hekayələr həmin illərin
təəssüratlarını əks etdirir). O,
böyük ədibimiz Abdulla Şaiqin yaxın dostu
olmuşdur. Onlar Birinci Bakı realnı məktəbində
müəllimlik etmişlər. A.Şaiq ömrünün son
illərində qələmə aldığı
“Xatirələr” kitabında litvalı həmkarı
haqqında yazır: “V.Krevenin bizim gimnaziyaya gəldiyi ilk
gün yaxşı yadımdadır. Hamı ona maraqla
baxır, şagirdlər isə bir yerə toplaşıb onun
haqqında danışırdılar. Zaman keçdikcə biz
daha yaxın dost olduq. Onun bir xasiyyəti mənim çox
xoşuma gəlirdi. O, adamın milli qürurunu tapdalayanlara
qarşı, xüsusən o vaxt azərbaycanlılara olan pis
münasibətə, onları “tuzemnı” hesab
edənlərə qarşı çox amansız idi. O, bütün bunları alçaq hərəkət
kimi qəbul edir, belə münasibətlərlə
barışmır və bu hadisələri “qeyri-etik”
hərəkət kimi qiymətləndirirdi..Beşinci sinifdə
istedadlı şagirdim Ruhulla Axundov (sonralar məşhur
inqilabçı, görkəmli siyasi və mədəni
xadim, ədəbiyyatçı, publisist olmuşdur)
rus ədəbiyyatı üzrə gözəl inşalar
yazırdı. Mitskəviçyus həmişə Ruhulla
Axundovla maraqlanar və mənə onun böyük
ədəbi istedad olduğunu, ona xüsusi diqqət
yetirməyi xatırladardı. O biləndəki, mən
bədii yaradıcılıqla da məşğul oluram, bu,
bizim münasibətlərimizi daha da
yaxınlaşdırdı. Yeri gəlmişkən qeyd edim ki,
o, Şərq folkloru, etnoqrafiyası və məişəti
ilə çox maraqlanırdı, tez-tez şagirdlərindən
xalq əfsanələri, nağılları və
adət-ənənələri haqqında soruşardı”.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra
V.Kreve ailəsiylə birgə ölkəmizi tərk edir.
Öz vətəninə qayıtdıqdan sonra isə Litva
Respublikasının dövlət və hökumət
işlərində çalışır,
universitetlərdə öz ixtisası üzrə-slavyan və
dünya ədəbiyyatlarından mühazirələr
oxuyur.Litva faşistlər tərəfindən
işğal olunandan sonra isə təqiblərdən
yayınmaq üçün (onun həyat yoldaşı
yəhudi idi, təqiblər də buna görə idi) Qərbə
mühacirət edir. O, ABŞ-a köçür və
1954-cü ildə elə oradaca vəfat edir. Sonralar onun
nəşinin qalıqları Vətəninə gətirilir.
İndi keçək əsas mətləbə. V.Krevenin
Azərbaycan dilinə tərcümə olunmuş “Azəristan
ölkəsi” kitabına.
M.Həmzəyev
yazır ki, “Azəristan ölkəsi” hekayəsi Azərbaycan
tarixinə həsr olunan bir bədii əsər kimi maraq
doğurur. Onu da qeyd edir ki, bu
hekayətdə biz çox konkret və dəqiq tarixi faktlarla
üzləşmirik və tarix burada hətta qismən
rəvayət halını alır. Əsərdə
Azərbaycanın islamdan sonrakı tarixinin bir neçə
mərhələsi haqqında məlumat əldə edirik.
Amma ilk növbədə, gəlin, əsərin canrını
müəyyənləşdirək. Bizim fikrimizcə,bu,
nağıl üslubunda yazılmış
hekayədir.Nağıl təhkiyəsi əvvəldən
sonadək davam edir, oxucu burada nə əsərin
qəhrəmanı sayıla biləcək konkret bir obraz,
nə də davamlı bir süjet xətti ilə
rastlaşır. Adətən, hər hansı hekayədə
müəyyən əhvalat (harada başlanmağı və
harada qurtarmağı bilinən) nəql edir, bu əhvalatda
təsvir olunan obrazlar diqqəti cəlb edir. “Azəristan
ölkəsi” sadəcə olaraq müəllifin Azərbaycan
haqqında, onun keçmişi və hazırki (əsrin
əvvəlləri nəzərdə tutulur-V.Y.) durumu
barədə eşitdikləri bilgilərdir ki, bu bilgiləri
də nağıl üslubunda qələmə
almışdır.Əsərdə iki əsas xətt
diqqəti cəlb edir: birincisi; dini dəyərlərin
təbliğidir. Müəllifin islam dininə,
Allahımıza, peyğəmbərimizə rəğbəti
hər bir səhifədə hiss olunur. “Bir Allah
vardır və Məhəmməd də Onun həqiqi
peyğəmbəridir, qoy hər ikisinin mərhəmət
və şərəfi əsrlərdən-əsrlərə
yaşasın və onların adına hörmət
etməyən hər kəs isə məhv olsun. İndi burada,
adını doğrudan da Allaha ibadət edən
müsəlman qoyanlar da daxil olmaqla, yaramaz adamlar
yaşayırlar. Onlar vicdanlarını
unutmuş və abır-həyanın nə olduğunu
bilmirlər, nə də Onun müqəddəs adına
hörmət edirlər”. İstər “Azəristan”,
istərsə də digər hekayələrdə (“Qadın”,
“Çarpışan qüvvələr”) Allaha,
Məhəmməd peyğəmbərə inam böyükdür
və bu sətirləri oxuyarkən oxucuya elə gəlir ki,
o, Şərqi, İslam dinini çox gözəl bilir:
“Həqiqətdə bir Allah vardır və Məhəmməd
də onun həqiqi peyğəmbəridir. Allahdan başqa bir
Allah yoxdur və Məhəmməd də onun bircə
elçisidir”. Allahın buyurduğundan
kənara çıxmaq, ona və ibadət etməmək
insanlara baha başa gəlir, qarşıda yeni
müsibətlər, bəlalar gözlənir.
Əsərdəki ikinci xətt Xeyir və Şərin,
insanlıqla, humanizmlə bunun əksi olan qüvvələrin
mübarizəsidir. İnsanlar Allahın doğru seçdikləri yoldan üz döndərəndə,
başları kefə, əyləncəyə, haram
işlərə , vicdanlarını unudanda Allah onları
cəzalandırmaq üçün Şeytanı Azəristan
ölkəsinə göndərir. Şeytan insanlar arasında
gəzib-dolanır, gah tacir, gah da molla sifətində
onları dünya nemətlərinə aludə olmağa
şirnikləndirir. Beləliklə, zaman
keçdikcə, insanlar Allahı və onun əsil elçisi
Məhəmmədi yaddan çıxarır,
müqəddəs Qurani-Kərimin öyrətdiyi kimi
yaşamağı, şəriət qaydalarına riayət etməyi
unudurlar. Əsərdə bu proses tez-tez təkrar olunur:
Azəristan ölkəsinin sakinləri hər dəfə
Allahın buyurduğundan kənara çıxanda, dinc və
sakit həyat tərzini pozan əməllərə meyl
etdikdə daha qorxulu bəlalarla üzləşirlər. Budur,
yeni bir bəla: “Əzrayıl uzun müddət fikirləşir,
Azəristan ölkəsinin oğulları üçün
hansı bir bədbəxtliyi gətirsin deyə, çox
g.tür-qoy edir, Nəhayət, bir fəlakət
düşünüb tapır. Azəristan ölkəsinə
xalis şeytan oğlunu, yer üzünün əsil murdar
və alçaq varlığını, ürəyi qurdla və
kin-küdurətlə dolu, dırmıxa oxşayan
əliylə hər şeyi qamarlayıb özünə
yığan ermənini göndərir. Azəristan
ölkəsinə erməni öz arşını, öz
tərəzisi və qapanı, öz əyarı və
çəki daşlarıyla –bir sözlə, öz saxta
meyarlarıyla gəlir. Hər kəs üçün nə
ölçürsə, onu amansızcasına aldadır, kim
üçün nə çəkirsə, ona
dəhşətli ziyan vurmağa başlayır. Onlar
əkəndə yox,biçəndə yox, yeyəndə
isə tikənin böyüyünü istəyir, yalnız
yad əməyinin hesabına yaşayır, haram
çörəklə dolanırlar. Nə vaxt
ki, ermənilər qeyri-ermənilərlə
duz-çörək kəsir, kirvəlik edir,
başqalarına guya, mehriban gözlə, nəvazişlə
baxıb, ağızlarından xoş sözlər
çıxardırdılar, o vaxt onlar, artıq həmin
adamlara-nə isə bir pislik, yamanlıq etmək barədə
düşünürdülər.Lakin Azəristanın
bədbəxt oğulları erməni hiyləsini çox gec
başa düşdü”. Təsəvvür
edin, bu sözlərin müəllifi müsəlman olmayan bir
litvalıdır və təbii ki, bu litvalı on bir il
Bakıda yaşayıb və ermənilərin nə cür
millət olduğunu, erməniliyin mahiyyətini bir
çoxlarından fərqli olaraq tez anlayıb. Bu
əsər Litvada dəfələrlə çap olunub. (Azərbaycan dilində isə ilk dəfə,
2006-cı ildə “Ulduz” curnalında-yanvar sayında
işıq üzü görüb) .Əsərin tərcüməçisi
M.Həmzəyev kitaba yazdığı ön sözdə
belə bir faktı da vurğulayır ki, V.Kreve
erməni-azəri məsələsində həmişə
ardıcıl mövqedən çıxış
edib, məsələn, ona təklif edirlər ki, erməni
əlifbasının 1500 illik yubileyi münasibətilə bir
məqalə yazsın, erməniləri “orijinal
mədəniyyətə malik olan qədim xalq kimi” təqdim
eləsin, V.Kreve bu təklifdən imtina edir. Əsərdə
ermənilərlə yanaşı,rusların da
Azəristan ölkəsinə gəlməsi, xalqa olmazın
zülmlər etməsi də bir neçə abzasda
nəzərə çarpdırılır: Onda
Allah yenidən qəzəblənərək Azəristan
oğullarından küsdü və onları yer
üzündəki gavurların ən acıqlısı və
qudurğanı, ən qəddarı və amansızı,
bütün gavurların gavuru olan, yırtıcı və
qaniçən urus gavurunun əsarətinə verdi.
Urusların sayı göydəki ulduzların, dəniz sahilindəki
qum dənələrinin sayı qədər idi. Onlar
çəyirtkə sürüsü kimi ölkənin
canına daraşdılar. Ayaqları dəyməmiş bir yer
qoymadılar”.
Əsər pessimist sonluqla başa çatır. Müəllif yazır: “O vaxtdan indiyədək Azəristanın oğulları iztirablar və ufultular içində ah-aman edə-edə köləlik edirlər, onları yağıların pəncəsindən xilas edə bilənsə yoxdur”. Qeyd edək ki, V.Krevenin Bakıda yaşadığı illərdə Azərbaycan rus imperiyasının əsarətində idi. Sonra qısa müddətdə olsa da, müstəqil Azərbaycan Demokratik Respublikası yarandı və V.Kreve bu respublikanın ürəkdən alqışladı, Litva dövlətinin Azərbaycan Respublikası ilə diplomatik əlaqələrinin qurulmasında böyük rol oynadı. O, Litvanın Azərbaycanda ilk konsulu təyin olunur. Sonra isə sovet imperiyası .V.Kreve bu quruluşu arzulamırdı və bu səbəbdən də, Bakını tərk etdi. Onun “Bolşeviklər” məqaləsi də antibolşevik ruhunda yazılmışdır. Məqalədə Azərbaycanda sovet hakimiyyəti qurulmasından öncəki hadisələr və inqilabın ilk illəri təsvir olunur.Açıqca hiss olunur ki, V.Krevenin bolşeviklərə heç bir rəğbəti yoxdur və o, XI Ordunun Bakıya hücumunu işğalçılıq hesab edir, Litvanı da belə bir təhlükəni gözləyəcəyindən narahatlıq keçirir. V.Krevenin kitaba daxil edilmiş “Qadın”, “Kralın ən yaxşı şərabını saxladığı qab” və “Çarpışan qüvvələr” yazıları da “Şərq hekayələri” silsiləsindəndir. “Azəristan ölkəsi” yazısına aid olan nağıl təhkiyəsi, dini və folklor materiallarına istinad bu hekayələrdə də aydın nəzərə çarpır. Hiss olunur ki, Litva yazıçısı Azərbaycan folklorunu da yaxşı mənimsəmişdir. Lakin o, folklora və dini rəvayətlərə müraciət edərkən oricinal yol seçmiş, təsvir etdiyi hadisələrə fəlsəfi rəng qatmağa çalışmışdır. “Qadın” hekayəsinin məğzi bundan ibarətdir ki, rəhmli və mərhəmətli Allah “əşrəfül-əşya”-İnsan yaradır, bu insanı yer üzündə məskunlaşdırır ki,orada hökmranlıq etsin, dünyanı gözəlləşdirsin. Allah özünün xəlq etdiyi bu varlığı heç nədən məhrum eləmir,ona uca dağlar, yamyaşıl ağaclar, mavi dənizlər bəxş edir. təbiət onun üzünə gülümsəyir, insan da Allaha ibadət edir.Şeytan isə İnsana paxıllıq edir, Allahın sevimlisinə çevrilmiş bu məxluqu yoldan çıxarmaq üçün ona xidmət üçün Qadın göndərir və İnsan..günaha batır. Bu isə Allaha xoş gəlmir və beləliklə. Yer üzündəki bütün müsibətlər, çarpışmalar, həyat mübarimzələri bundan sonra başlayır. “Çarpışan qüvvələr” hekayəsində də bizə məlum olan Hörmüz və Əhrimən qarşıdurması nəql olunur.
Vaqif
YUSİFLİ
525-ci
qəzet.- 201.- 2 fevral.- S.7.