Amsterdamda bəstəkar Firəngiz Əlizadənin yeni əsərinin premyerası
olub
Hollandiyanın paytaxtı Amsterdam şəhərində “Flamenco Biennale” III Beynəlxalq Flamenko Musiqisi Festivalı keçirilib. Yanvarın 21-dən 30-dək davam edən festival çərçivəsində Hollandiyanın məşhur konsert salonlarında dünyanın müxtəlif ölkələrindən gələn tanınmış musiqiçilərin ifasında qədim Əndəlüs musiqisi olan flamenkolar ifa olunub. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin musiqi tarixində ilk dəfə olaraq flamenko ilə muğamın sintezindən bəhrələnən “Muğflamenko” əsəninin premyerası Amsterdamda inşa olunmuş 1200 nəfərlik “Muzikcentrum” Konsert Salonunda baş tutub. İttifaqın mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlunun APA-ya verdiyi məlumata görə, festivalın təşkilat komitəsinin təklifi ilə bəstələnən əsər tanınmış xanəndə əməkdar artist Zabit Nəbizadə, tarzən Ələsgər Məmmədov, eləcə də tanınmış dirijor Ed Spanyardın idarə etdiyi Hollandiyanın məşhur “Nieuw Ensemble” kamera orkestri, həmçinin məşhur flamenko ifaçısı Karlos Moreno Deniya Arturo Ramon tərəfindən harmonik ifası tamaşaçıların sürəkli alqış sədaları ilə müşayiət olunub. Dahi qəzəlxanımız Əliağa Vahidin “Ey gül, sənə qəlbimdə məhəbbət yenə vardır...” qəzəli həm Azərbaycan, həm də ispan dilində oxunub. Qəzəl həmçinin tamaşaçılar üçün holland dilinə də tərcümə edilib. Konsertdən sonra festivalın bədii rəhbəri Ernestino Fon De Noort Firəngiz Əlizadənin “Mugflamenko”nu “Flamenco Biennale”nin bəzəyi kimi qiymətləndirib. Festival çərçivəsində 27 konsert, onlarla seminar, mühazirələr, master-klasslar keçirilib ki, bu tədbirlərdə də 10 minlərlə tamaşaçı iştirak edib.
525-ci qəzet.-
2011.- 3 fevral.- S.7.