Maliyyə Nazirliyində kollegiya iclası keçirilib
TOPLANTIDA MALİYYƏ
ORQANLARINDA KORRUPSİYA HALLARI İLƏ MÜBARİZƏ
MÜZAKİRƏ OLUNUB
Maliyyə Nazirliyində 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Kollegiya iclasını giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2010-cu il icmal büdcəsinin gəlirləri 19,3 mlrd. manat və ya 125,2 faiz, icmal büdcənin xərcləri isə 13,5 mlrd. manat və ya 94,7 faiz icra olub. Dövlət büdcəsinin mədaxili 11,4 mlrd. manat və ya 99,1 faiz, xərcləri isə 11,8 mlrd. manat və ya 95,9 faiz təşkil edib. 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, müdafiə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması, dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 11,6 faizədək çox vəsait yönəldilib. Hesabat dövründə dövlət büdcəsinin cari xərclərinin 3,7 mlrd. manatı və ya 31,5 faizi sosialyönümlü xərclərin maliyyə təminatına sərf edilib ki, bu da 2009-cu illə müqayisədə 120,0 milyon manat və ya 3,3 faiz çoxdur. İclasda korrupsiyaya qarşı mübarizə üzrə Maliyyə Nazirliyi sistemində həyata keçirilən tədbirlər, korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün qarşıda duran vəzifələr müzakirə edilib. Ş.Şərifov maliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı bir sıra qurumlara, o cümlədən Dövlət Maliyyə Nəzarəti, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət, Dövlət Sığorta Nəzarəti Xidmətlərinə, Dövlət Xəzinədarlığı Agentliyinə və Nazirliyin Vergi siyasəti və gəlirlər, Uçot siyasəti şöbələrinə konkret tapşırıqlar verib. Nazir bildirib ki, Maliyyə Nazirliyi sistemində korrupsiyaya qarşı mübarizə sahəsində səmərəliliyin artırılması məqsədilə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı vətəndaşlardan daxil olan müraciətlərə baxılmasında operativlik artırılmalı, bu müraciətlər üzrə xidməti araşdırmaların aparılması işi daha da təkmilləşdirilməlidir. Nazirliyin müvafiq qurumları tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı qanunvericiliyin tələblərinə riayət edilərək, əsassız yoxlamalar aparılmamalı, inzibati vəzifə tutan dövlət qulluqçuları tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə qanunvericiliklə qadağan olunmuş hallara yol verilməməlidir: “Bütün yoxlamalar dövlət başçısının fərmanına uyğun olaraq əvvəlcədən tətbiq olunmuş plan əsasında aparılmalıdır. Yoxlamalar zamanı müvafiq icra orqanlarının nümayəndələrinin də iştirakı təmin olunmalıdır. Eyni zamanda, nazirliyin ayrı-ayrı qurumlarına müxtəlif fəaliyyət növləri üzrə lisenziyalar almaq üçün sahibkarlar tərəfindən edilən müraciətlərə vaxtında cavab verilməli, sahibkarların qanuvericilikdə nəzərdə tutulmuş hüquqları təmin olunmalıdır”. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın icrası üzrə Nazirliyin 2011-ci il üçün təsdiq edilmiş Tədbirlər Planın icrası nəzarətdə saxlanılmalı, vətəndaşların qəbulu işi təkmilləşdirilməli, işçilərin peşəkarlığı artırılmalı, Nazirliyin qaynar xəttinin əhatə dairəsi genişləndirilməli və ictimaiyyətin qaynar xətt barədə məlumatlandırılması işi həyata keçirilməli, “İnfomasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa əsasən açıqlanmalı olan məlumatlar Nazirliyin internet səhifəsində yerləşdirilməli və daim yeniləşdirilməlidir. Nazir bildirib ki, 2011-ci ildə qarşıda duran mühüm vəzifələrdən biri də “Büdcə sistemi haqqında” Qanununa müvafiq olaraq 2012-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkilidir. Bununla bağlı qanunvericiliyə uyğun olaraq bir sıra normativ aktlar qəbul edilib. Nazirlik aparatının aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə, Naxçıvan MR-nın Maliyyə Nazirliyinə, yerli maliyyə orqanları tərəfindən 2012-ci il dövlət və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin tərtibi işlərini sürətləndirməsi, Nazirliyin əmrlərində, göndəriləcək təlimat məktubunda nəzərdə tutulan tapşırıqların vaxtında və kefiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. Çıxışlarda bəzi rayon, şəhər maliyyə orqanları tərəfindən dövlət büdcənin yerli gəlir və xərclərinin tərtibi və icrası prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının aparılmasında hesabat və məlumatların vaxtında və keyfiyyətlə Nazirliyə təqdim olunmasında bir sıra nöqsanlara yol verildiyi qeyd olunub.
Ülkər
NƏBİYEVA
525-ci qəzet.-
2011.- 3 fevral.- S.6.