Tariximizi yaşadan Qobustan

 

Əgər ermənidə belə qədim, yaşı minilliklərlə ölçülən tarixi abidələr olsaydı gecə-gündüz dünyada təbliğat aparmaqla məşğul olardı. Biz isə belə zəngin tariximizi nədənsə dünyaya yetərli şəkildə tanıtmamışıq. Bu gün təbliğatın mahiyyəti, dili, texnologiyası təkmilləşir. Ona görə belə mədəniyyət abidələrinin daha yaxşı qorunub, dünyada tanıdılması üçün bu sahəyə böyük həcmdə sərmayələrin yatırılmasına ehtiyac var. Milli dəyərlərin öyrənilməsinə, yaşadılmasına qoyulan sərmayə ola bilər ki, rentabelli olmasın. Lakin bu yatırımlar millətin gələcəyinə hesablanır. Necə ki vaxtı ilə Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev digərləri bu missiyanı yerinə yetiriblər. Əgər Qobustan hər hansı səfalı yerdə, yaşıllıqlar qoynunda olsaydı, indi orada sərmayə qoymağa can atanların sayı çox olardı. Çünki Tağıyevdən, Nağıyevdən fərqli indiki sahibkarlar dəyərlərə deyil, maraqlara üstünlük verirlər. Millətin keçmişi ilə bağlı olan elə dəyərlər var ki, o heç bir maddiyyətlə ölçülmür. Qobustanla bağlı onu demək olar ki, bu ərazilərə geniş auditoriyanı, xüsusilə, xarici turistləri cəlb etmək üçün daha optimal variantlar tapmağa, cəlbedici layihələrin gerçəkləşməsinə, istirahət obyektlərinin tikintisinə, yaşıllıq zonalarının sürətlə salınmasına ehtiyac var. Digər tərəfdən, tariximizin bu mərhələsini dünyaya tanıtmaq üçün ilk öncə bizim Qobustanı öyrənməyimiz, bilməyimiz zəruridir. Hər zaman öyündüyümüz İçərişəhərə Qobustanla müqayisədə münasibət fərqlidir. Heç olmasa İçərişəhər paytaxdadır bu tarixi abidəyə ictimai nəzarət var. Bakıya gələn istənilən əcnəbi qonaq İçərişəhərlə tanış ola bilər. Ancaq paytaxtdan xeyli uzaqda, səhrada yerləşən Qobustanla belə tanışlıq imkanı zəifdir. Təbii ki, həm İçərişəhərə, həm Qobustana doğma münasibət milli dəyərlərmizə verilən qiymətdir.

 Son dövrlər Qobustan tarixi qoruq ərazisində görülən işləri, həmin yerlərə müasir standartlara uyğun yolların çəkilməsini, bəzi infrastuktur layihələrinin həyata keçirilməsini müsbət qiymətləndirmək olar. Xüsusilə, Ceyrankeçməz çayı üzərində tikilib istifadəyə verilən körpü qoruğa girişi xeyli yaxşılaşdıracaq. Digər tərəfdən həmin tarixi qoruğa ayrılan səmərəli vəsaitlər turizm üçündə yeni imkanlar yarada bilər.

Onu qeyd edək ki, Qobustan tarixi abidələrinin öyrənilməsi 1939-1940-ci illərdən başlayaraq, bu günə qədər davam edir. Bu sahədə çalışan bütün tədqiqatçıların əməyini yüksək dəyərləndirmək lazımdır. Yalnız onların sayəsində Qobustanla bağlı ətraflı məlumatlar əldə edərək bu mədəniyyət tariximizi tanıya bilmişik. Tədqiqatçıların verdiyi məlumatlara görə, Qobustan dağlarında Azərbaycan xalqının maddi mənəvi mədəniyyətini əks etdirən 6 mindən çox qədim rəsmlər tapılmışdır. Qədim yaşayış məntəqələri, mağaralar dayanacaqlar, 40 kurqan qazıntıları 100 mindən çox maddi mədəniyyət əşyaları aşkar olunmuşdur. Ən qədim rəsmlər mezazoy erasına aid olduğu bildirilir. Ancaq burada bizim eradan əvvəl yaşayışın olması istisna edilmir. Elə buna görə Qobustan qədim mədəniyyətin beşiklərindən biri sayılır. Qobustanın abidələr məcmusu nadir rəsmlər kolleksiyası ibtidai insanların yaşayış tərzini əks etdirən bir material kimi dünyada qəbul olunur. Xalq tamaşaları incəsənətin başqa növləri öz başlanğıcını məhz Qobustan abidələr kolleksiyasından götürür.

 Qobustandan başlayaraq şimala tərəf Xəzərin sahili boyunca Bakıya Abşeron yarımadasının ucqarlarına qədər bu tarixi memarlıq ənənələrinə təsadüf olunur. Alimlərimizin qənaətincə, Qobustanın qayaüstü təsvirləri bizim eradan əvvəl X-VIII əsrlərə aid edilir. Böyük bir tarixi əhatə etdiyinə görə Qobustan qayaüstü təsvirləri başqa qayaüstü kolleksiyalardan daha üstündür. Qədim rəsmlərdən başqa Qobustanda, Böyükdaş dağının ətəyində latınca yazılmış sözlər aşkar edilib. Bu yazının bizim eradan əvvəl I əsrə (84-96-cı illər) aid olması Bakının yaxınlığına qədər Roma qoşunlarının gəlməsi ehtimal edilir. Bundan başqa, Qobustanda XII-XIV əsrlərə aid olan ərəb əlifbası ilə həkk olunmuş yazılara da təsadüf olunur. Şübhəsiz Qobustan elə bir tarixi məkandır ki, orada hələ çox tədqiqatlar aparılacaq, ehtimallar irəli sürüləcək. Ola bilər kimlərsə bu yazı ilə razılaşmasın. Mən hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Ən yaxşısı odur ki, ora səfər edib həmin abidələrlə əyani tanış olmaqdır.

 

Əkrəm BƏYDƏMİRLİ

525-ci qəzet.- 2011.- 3 fevral.- S.2.