Oharranın regiona səfərinin baş tutmamasının əsas səbəblərindən biri onun marşrutu düz seçməməsidir

RAFAEL HÜSEYNOV: “HAÇAN O DÜZGÜN MÖVQE TUTACAQ, HAÇAN DÜZGÜN MARŞRUT SEÇƏCƏK, O ZAMAN GƏLƏCƏK VƏ BİZ ONUNLA BİR YERDƏ ARAŞDIRMA APARACAĞIQ”

 

 

İstər Ermənistan ərazisində azərbaycanlıların tarixən yaşadıqları yerlərdəki sərvətlərin dağıdılması, istər Dağlıq Qarabağdakı bizim arxeoloji, tarixi abidələrimizin, mədəni irsimizin məhv edilməsi, istərsə Dağlıq Qarabağdan kənarda işğal altındakı yeddi rayonumuzda olan mədəni-təbii resursların ermənilər tərəfindən yox edilməsi, bu, elə bir problemdir ki, yalnız Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü ilə çox gərgin məşğul olduğumuz bu illərin içərisində yox, gələcək illərdə daim diqqət mərkəzində olmalıdır. Çünki bu sərvətlər yüzillərlə yaradılmış sərvətlərdir, ermənilərin əsas məqsədi ondan ibarətdir ibarət idi ki, bu ərazilərdə həmin sərvətlərin izlərini itirsinlər, Azərbaycanın oradakı tarixi imzasını yox etsinlər. Ona görə biz bu istiqamətdəki mübarizələrimizi daim davam etdirməliyik”. Bu fikirləri mətbuata açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, parlamentin Mədəniyyət komitəsinin sədr müavini, professor Rafael Hüseynov dilə gətirib. R.Hüseynovun bildirdiyinə görə, onlar bu məsələni mütəmadi olaraq Avropa Şurasının Mədəniyyət, Elm, Təhsil Komitəsində qaldırırlar. Eyni zamanda, həmin komitədə Mədəni irs Alt Komitəsi mövcuddur ki, onlar bu məsələni orada ən müxtəlif mövzular müzakirə edilərkən daim gündəmə gətirirlər. Bununla yanaşı, ermənilər öz növbəsində özünümüdafiə vasitəsi kimi daimxaçqarlar məsələsiniortaya atırlar: Ermənilər Culfada guya onların hansısa məzarlarının dağıdılması ilə bağlı ara-sıra sənədlər hazırlayır, çıxışlar edirlər. Əgər ermənilər belə hesab edirlərsə ki, doğrudan da, hansısa məzarın dağıdılması, hansısa bir daş abidənin məhv edilməsi pis hadisədir, deməli, o zaman onlar təsdiq etmiş olurlar ki, ermənilər özləri çox böyük cinayətlər törədiblər. Çünki Azərbaycan Ermənistan ərazisində bir yox, beş yox, yüzlərlə Azərbaycan qəbrini, Azərbaycan qəbiristanlığını, Azərbaycan abidəsini məhv ediblər. Əgər bu məhv etmək, dağıtmaq, yox etmək pis şeydirsə, niyə onlar özləri edirlər? Digər tərəfdən onların guya Naxçıvanda, Culfada hansısa erməni xaçqarlarının məhv edilməsi sözləri boş təbliğatdan, hay-küydən başqa bir şey deyil”. R.Hüseynovun dediyinə görə, orada ermənilərin qəbristanlığı, hansısa abidələri olub: “Düzdür, Azərbaycanın müxtəlif yerlərində erməni qəbirləri, məzarları var, bu gün mövcuddur. Hətta, Bakının özündə var. İndi onlar niyə həmin qəbirlərin məsələsini qaldırmır, amma Naxçıvanla bağlı guya qədim qəbirlərin olması məsələsini qaldırırlar? Çünki onların hədəfində olan əsas məsələlərdən biri gələcəkdə Naxçıvana qarşı da ərazi iddiasının irəli sürmək, işğal siyasətini həyata keçirməkdir. Ona görə onlar indidən təməllər yaradırlar ki, elə biz burada qədimdən yaşamışıq, qədimdən bu torpaqlar bizim olub sair. Əksinə, orada qədim alban qəbirləri olub, orada xaç, yazılı daşlar olub. Vaxtilə ermənilər hətta, onları buradan oğurlayıb aparıblar. İndi onları Eçmiadzində saxlayırlar. Hətta, 80-ci illərin ortalarında, məlum hadisələrdən çox-çox əvvəl nəşr olunmuş kitablarda Eçmiadzində olan, saxlanılan Azərbaycandan aparılmış həmin daşların fotoları da əks olunub. Odur ki, ermənilərin bu iddiaları heç bir əsas, nəticə verməyəcək”.

Avropa Şurasının Mədəniyyət, Elm, Təhsil Komitəsinin təmsilçisi Edvard Oharranın neçə illərdən bəri Azərbaycana, bütövlükdə regiona gözlənilən səfərinə məruzə hazırlamasına gəlincə, R.Hüseynov bildirib ki, bu yöndə çoxdandır müzakirələr gedir: “Sözügedən şəxs Böyük Britaniyadan olan, mədəniyyət məsələlərində çox səriştəli bir avroparlamentaridir. Yəni, Avropa Şurasında mədəni irs məsələləri ilə bağlı baş məruzəçi hesab edilir o, yalnız Azərbaycanla bağlı məsələlər barədə deyil, digər ölkələrdə olan mədəni irs problemləri ilə əlaqədar məsələlər qaldırır. Qeyd edim ki, bir neçə dəfə bu məsələ müzakirə olunub onun Azərbaycana, bütövlükdə regiona gəlməsi dartışılıb. Hətta, onunla əlaqədar mən özüm ayrıca sənəd hazırlamışdım, bir xüsusi missiya olsun ki, Ermənistana gəlsin, gəlsinlər, oradakı Azərbaycan, gürcü, erməni abidələrini araşdıraq, araşdırsınlar, Gürcüstana getsinlər, gedək, oradakı Azərbaycan, erməni, gürcü abidələrini araşdıraq, araşdırsınlar sonra Azərbaycana gəlsinlər, gələk, buradakı abidələri araşdırsınlar, araşdıraq. Yoxsa, biz məqsədli şəkildə, konkret olaraq ermənilərin iradəsi ilə Naxçıvana gəlmək məqsədilə səfər təyin edilməsinin əleyhinəyik. Biz Oharranın Naxçıvana gəlməsinin əleyhinə deyilik. Gəlsin, gəlsinlər, araşdırsınlar. Amma Avropa Şurası nümayəndəsi, nümayəndələri kimi gəlirlərsə, əvvəlcə gərək daha çox ziyan dəymiş yerlərə baxsınlar. Dağlıq Qarabağa getsinlər, Ermənistan ərazisinə getsinlər, orada məhv edilmiş yüzlərlə Azərbaycan abidəsinin arayaq, arasınlar. Yerevana 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində məscidlər şəhəri deyirdilər. İndi hanı həmin məscidlər? Onlardan biri qalmayıb. Onları araşdıraq, araşdırsınlar. Ondan sonra, yəni, Ermənistandakı abidələri araşdırandan, Dağlıq Qarabağdakı irsi öyrənəndən, Dağlıq Qarabağdan kənarda işğal altındakı əraziləri təhlil edəndən sonra bəli, Naxçıvana da gedək, getsinlər, Azərbaycanın istənilən başqa yerlərinə . Bu, məsələnin bir tərəfidir”. R.Hüseynovun qeyd etdiyinə görə, məsələnin digər tərəfi isə odur ki, Azərbaycana gəlişin marşrutları var, Azərbaycana gəlişin marşrutları Azərbaycandandır: “Yoxsa Ermənistana gəlib, digər bir ölkəyə gəlib oradan Azərbaycana, Dağlıq Qarabağa gəlmək olmaz. Ola bilsin, digər bir ölkədən Azərbaycana gəlmək olar, amma Ermənistandan gəlmək qəti şəkildə olmaz. Çünki, burada artıq məsələnin siyasi tərəfi, siyasi rəngi var. Dağlıq Qarabağa, Azərbaycan torpağına, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bir əraziyə Ermənistandan gəlmək qəbuledilməzdir. Yəni, Oharranın Azərbaycana, bütövlükdə regiona səfərinin baş tutmamasının əsas səbəblərindən biri onun marşrutu düz seçməməsidir. Onun məsələnin qoyuluşunda, məsələnin təhlilinə başlamaqda Azərbaycana zidd siyasi nöqteyi-nəzərindən yanlış olan mövqe tutmasıdır. Haçan o düzgün mövqe tutacaq, haçan düzgün marşrut seçəcək, o zaman gələcək biz onunla bir yerdə araşdırma aparacağıq”.

 

Kamil HƏMZƏOĞLU

525-ci qəzet.- 2011.- 3 fevral.-  S.5.