“Özümü heç vaxt rahat hiss etmirəm: heç bir halda və heç bir yerdə!”

 

Müsahibimiz yazar-publisist Aysel Əlizadədir

 

– Sizə necə müraciət olunmasını istərdiniz?

– Sizə necə rahatdır. Bircə mənə “gənc yazar” deməyin. 90 yaşımız olur, hələ də “ gənc yazar” nə bilim, “gənc publisist”ik . “ Gənc yazar” adlı sənət olmur axı. Mən qocalmaqdan qorxmuram. Əksinə, elə hey gənc olmaqdan qorxuram. Adam ya yazar olur, ya da yazır. Uzaq başı, haqqında danışanda demək olar ki, “ gənc olmasına baxmayaraq...” və sairə (gülür). Dostum demiş, mən qədim adamam. Bir də bilmirəm, suala dəxli var ya yox, adamların bir-birinə “sən” deməsindən zəhləm gedir. “Sən” böyük ərkdir. Heyif ki, iki cümlədən sonra çox adam bu ərkə keçməyin vaxtı çatdığını sanır. Xoşum gəlmir, “bu sizdən-bizdən” deyənlərə şübhəylə yanaşıram. Azad Mirzəcanzadənin bir prinsipi vardı. O, ən yaxın dostları ilə sizlə danışardı. Əgər sənə keçdisə demək, adam onun çox yaxınındadır.

– Özünüzü yazıçı kimi rahat hiss edirsiniz, yoxsa jurnalist kimi?

– Özümü heç vaxt rahat hiss etmirəm: heç bir halda və heç bir yerdə! Yaradıcılıqla məşğul olanda bir az rahat oluram. Bu yaxşı bir yazı yazanda və ya maraqlı bir veriliş hazırlayanda ola bilər. Fərqi yoxdur. Yaradıcı ruh əslində yükdür. İşim bitəndən sonra, əgər ürəyimcə alınıbsa, boşalıram. Rahatlayıram da demək olar. Bu da uzun sürmür. Sonra yenə... Yazardan çox oxucu kimi rahat oluram. Əslində yazar olmaq elə həmişə narahat olmaq deməkdir.

– Ədəbiyyat sizin üçün nədir?

– Ədəbiyyat çox şeydir. Ədəbiyyat universitetdir, əyləncədir, düşüncədir, fəlsəfədir, özünü ifadə vasitəsidir. Ədəbiyyat dostdur, sevgilidir!

– Əvvəl müğənni kimi özünüzü sınamışdınız. Gözəl səsiniz var. Bəs niyə davam etmədiniz?

– Bu yaradıcı ruh ki deyirəm, işdən daha çox yorur adamı. Heç durmaq, sakitləşmək bilmir. O dönəmdə çox dinamik iş fəaliyyətim vardı. Bir tərəfdən tv fəaliyyətim, proqram hazırla, ssenari yaz, çəkilişlər elə, montaja get, canlı yayım, digər tərəfdən musiqi. Mahnıların sözlərini yazırdım, bəstəkarla birgə işləyirdik, sonra aranjımançının zəhləsini tökürdük. Sonra səsyazma studiyasındakı işlər. Sonra klip çəkilişləri. Bu bir adamın işi deyil. Yaradıcılıq üçün gərək şəraitin olsun. Dəstək, komanda, gəlir, professional ortam və sairə.

– Sizcə, Azərbaycanda şou-biznes varmı?

– Biznes sahəsində monopoliya, qoyulan çoxlu tələblər, lazım olan xeyli sənədlər, “şapka”lar, nə bilim, nələr varsa, bu, azad biznesə və ya biznesdə azadlığa ciddi əngəldir. Biznesin özündə ciddi, köklü problem-əngəl varsa, şou-biznes necə ola bilər?! Biz deyirik ki, ölkəmiz kiçikdir, ona görə də burda hansısa işi peşəkar səviyyəyə çatdırmaq mümkünsüzdür. Belə deyil. Ölkədə peşəkarlıq səviyyəsi miqyasa – sərhədlərə uyğun olmur. Ölkədə peşəkarlıq səviyyəsi miqyası, sərhədləri genişləndirmək üçündür. Əksinə, kiçik ölkədə böyük işlər görmək daha asan olmalıdır. Şou-biznesə peşəkarlar buraxılsa, onlar özləri bu işi yoluna qoyarlar. Bütün sahələrə aiddir bu. Qanun qüvvəyə minməlidir. Təkcə müəllif hüquqlarını qorumaqla bu işləri yoluna qoymaq olar. Ancaq kimin üstünə gedəcəksən, müəllifin haqqını ödəməmək üçün min hoqqa çıxaracaq. O qədər tanış, zəng, tapşırıq gələcək ki, vaz keçəcəksən. Bizim ölkədə kimisə qanunla dilləndirəndə olay düşmənçiliyə gedib çıxır. Nədənsə qanun vergi yığmağa gələndə dəmirdəndir.

– Maraqlı və populyar telelayihələriniz olub. Necə oldu ki, televiziyadan ayrıldınız?

– Yoruldum, bezdim. Mənim kimi adamlar indiki tv-də işləyə bilməzlər. Kimlə işləyək axı?! Mən ancaq peşəkarlarla işləyə bilərəm. Başqaları ilə alınmadı...

– Bu gün cəmiyyətin düşünən insanları televiziyaları tənqid edir. Elə siz də bu mövzuda maraqlı yazılar yazırsız. Nədir sizi bugünkü telekanallardan narazı salan? Nələri dəyişmək istərdiniz?

– Nələri?? Hər şeyi kökündən dəyişərdim. Bizim çox istedadlı, professional tv-çilərimiz var. Onları yığıb gətirərdim. TV-ni zavod rejimindən çıxarıb yaradıcı ortam yaradardım. Az və keyfiyyətli verilişlərdən başlayardım. Hər şeyi dəyişərdim. Hər şeyi. Səsi, dekorları, kameraların qoyuluşunu. Güclü redaktor, rejissor komandası yığardım. Ən istedadlı adamları yığardım tv-yə. Rafiq Hüseynliyə minnətçi düşərdim.

– Aparıcının özünü efirdə müstəntiq kimi aparmasına bir tamaşaçı kimi necə baxırsınız?

– Hər kəs öz işini görsə, yaxşı olar. Müstəntiq müstəntiq, aparıcı aparıcı olsa, işlər qaydasına düşər...

– Evlilik proqramlarına münasibətiniz necədir?

– Normal. Hətta yaxşı. Səviyyəli tərtibatı, aparıcıları olsa, nədən olmasın? Səviyyəli. Özəlliklə də bizim kimi kompleksli, çəkingən bir ortam üçün yararı var. Bizim insan ilişgi qura bilmir. Bu verilişlər insanlara həyat arxadaşı axtarmaqda ayıb bir şey olmadığını öyrədir. İnsan yarını hər yerdə və hər vasitəylə axtarmalıdır. Pis olan odur ki, xalq orda da uşağına əri, arvadı özü bəyənir, özü seçir. Efirə analar, xalalar, bacılar, xalaqızılar qoşulur. ORT-nin “Davay pojenimsya” layihəsi var. Çox maraqla baxıram ona. Larisa Quzeyeva aparır. Yanında da 2 professional. Roza və Vasilisa. 3 əjdaha oturub başda. Ancaq onları dinləsən, həyatı öyrədərlər. Larisanın da, maşallah, evlilikdə xeyli səriştəsi var. İnsan ayağına bir ayaqqabını günlərcə axtarır. Yarını niyə axtarmasın, başım çıxmır.

– Bu fikirlə razısınızmı ki, “cəmiyyət necədirsə televiziya da o cürdür”?

– Bu ağır sualdır. Televiziya cəmiyyətin proobrazıdır. Güzgüsüdür. Ancaq cansız güzgüsü deyil, Zeynal müəllim demiş, “danışan güzgüsü”dür. Cəmiyyətin səsi niyə gəlmir?! Niyə eşidilmir?! Hanı ağıllı başlar?! Cəmiyyət efirə çıxan kimi görürsən ki, insanlar işsiz-gücsüzdülər. Gənclər boşluqdan gic-gic işlərlə məşğuldur. Ancaq cəmiyyət efirə çox nadir hallarda, təsadüfən çıxır. Bu mənada televiziya güzgü rolunu, demək olar ki, oynamır. Ancaq televiziyanın nə iş gördüyünə fikir verəndə o çox şeyin güzgüsünə çevrilir.

– Azərbaycan yazıçısının və kitabının dünyada tanınması üçün nə çatışmır?

– Yaxşı əsər və onu dünyaya çıxarmaq amacı. Azərbaycan yazıçısına dəstək lazımdır. Çünki onun nə pulu var, nə bazarı, nə əlaqələri. Bizim çox istedadlı yazarlarımız var ki, Nobelə layiqdilər. Məsələn, Afaq Məsud Nobel almış Yelinekdən daha güclü yazardır. Bu qadının hər şeyi yazıçıdır. Duruşu, baxışı, yerişi, həyatı... Afaq Məsud yazıçı heykəlidir. Onun ancaq “Sel”ini, “Sərçələr”ini 15 nəfər Yelinek birləşsə, yaza bilməz. Afaq xanımı dünyada az-çox tanıyırlar da hətta. Əgər Azərbaycan kimi bapbalaca ölkənin qadın yazıçısı özünü az-çox dünyada tanıda bilirsə, görün indi ona bir az dəstək olsa, nələr edər.

– Bəs başqa mədəniyyət sahələri? Musiqiylə dünyaya çıxmağa cəhd göstəririk...

– Qəbələdə keçirilən klassik musiqi festivalı, muğam festivalı, teatr festivalı bunlar hamısı çox yaxşıdır. Dünya mədəniyyətinə qoşulmaqdır. Qəbələyə gələn dünya musiqiçiləri bizim musiqini eşidib məəttəl qalırdılar ki, necə ola bilər ki, bizim bundan xəbərimiz olmasın. Teatr festivalı da ölkə kulturasının xeyrinə idi. Teatrların təmiri də.

– Teatra sonuncu dəfə nə vaxt getmisiz?

– Bir neçə gün öncə. Gənc Tamaşaçılar Teatrına, “Aydın”a getmişəm. Bir neçə ay əvvəl də Rus Dram Teatrına, Çexovun tamaşasına getmişdim. Bir də Nazim Hikmətin “Qəribə adam” əsərini qoymuşdular Gənc Tamaşaçılar Teatrında, baxdım. Aktyorlar gəlmə idi. O qədər də bəyənmədim. “Opera və Balet”ə də gedirəm. Gedirəm teatra. Çox da zövq alıram.

– Fikir vermisinizsə, uzun illərdir teatrlarımızın repertuarı, demək olar ki, dəyişilməzdir, sizcə, bunun sirri nədir?

– Bu sirr deyil ki...Teatr da elə televiziya kimi... İşləmək, tər tökmək, axtarmaq, yeni pyeslər, əsərlər tapmaq üçün həm peşəkarlar olmalıdır, həm də stimul. Deyək ki, peşəkarlar var. Nəyin həvəsinə işləsinlər axı. O qədər istedadlı aktyor tanıyıram ki, yaşamaq üçün öz sənətinə aid olmayan işlərlə məşğuldur. Məcburdur. Əslində biz o şəraitdə nəsə təqdim etdikləri üçün teatr kollektivlərinə çox sağ ol deməliyik. Aktyorların durumu yaxşı deyil. Nə qədər kasıb yaşadıqları hər hərəkətlərindən bilinir. Amma sənət ehtirası elə böyük ki...

Bir az tərpəniş hiss olunur. Teatrlar işləyirlər. Binaları təmir olunandan elə bil maaşları da, tamaşaçıları da artıb. Ən çox da Pantomim Teatrına yer verilməsinə sevinirəm.

– Azərbaycanda ədəbi tənqid niyə inkişaf etmir?

– Ədəbiyyat relsə düşsə, siz dediyiniz ədəbi tənqid də olacaq. Bu gün ədəbiyyat necədirsə, tənqidi də o cürdür. Əslində nə yazılırsa, ona bir reaksiya olur mütləq. Guya tənqidçilər işləmək istəmirlər? Guya onlara xoşdur bu durum? Vəziyyət çox ağırdır. Hamı başını birtəhər girləyir. Bu vur-çatlasının içində olan adamlar çırpışıb-vuruşub nəsə ortaya qoyurlar. Hələ bu həşirdə vaxt, həvəs tapıb kimsə nəsə yazırsa, nəyisə tənqid edirsə, nəsə oxuyursa, inanın, bu çox böyük uğurdur. Bizim ədəbiyyat adamları ədəbiyyatı ölməyə qoymadılar. Azərbaycanda yeni ədəbiyyat yaranır. Vaxt gələcək, bu dövr kulturamızda ən önəmli yerlərdən birini tutacaq.

– Ən çox sevdiyiniz kitab və yazıçı hansıdır?

– “Martin İden”, Cek London.

– Ən çox sevdiyiniz, ruhunuzu oxşayan musiqi varmı?

– Şopen oxşayır ruhumu, bir də Sezen Aksu. Mənim üçün dünyanın ən istedadlı qadınıdır. Bizim musiqidə isə Flora xanımın səsinə də, şəxsiyyətinə də vurğunam. O boyda səs olar?!

– İntihar haqqında düşündüyünüz anlar olubmu?

– Yox. Həmişə həyatın tərəfində olmuşam.

– Sevgi sizin üçün nədir?

– Mənim Tanrım sevgidir.

– Yenidən həyatınızı sıfırdan başlamaq imkanınız olsaydı, nələri dəyişərdiniz?

–Çox şeyi dəyişməzdim. Bəzilərinə əl gəzdirərdim.

– Hər kəs xoşbəxtliyi bir cür təsəvvür edir. Sizin üçün xoşbəxtlik nədir və xoşbəxtsinizmi?

– Mənim üçün xoşbəxtlik qızımdır. Anamın sağlamlığıdır. İzelə qədər soruşsaydız, çox şey deyərdim. Hər xırda şeydən də xoşbəxt ola bilirəm. Yenə də Azad müəllimi misal gətirəcəm. O bizim hamımıza örnəkdir. Bir dəfə güzgünün qarşısına keçib, uşaq kimi sevinib: – “Mən necə xoşbəxtəm, anama bənzəyirəm” – deyib. Onsuz da içimizdəki böyük rahatsızlığı heç nə dəyişməyəcək. Ancaq ona toxunmadan bizi xoşbəxt edə biləcək şeyləri görməliyik. Məni musiqi, yaxşı bir film, istedadlı insanlar xoşbəxt edə bilər. Hətta bəzən özümə kiçik bir hədiyyə alıb xoşbəxt oluram. İndi xoşbəxtliyim İzeldir! Onda xoşbəxt olmaq üçün hər şey var. Uşaqlar özləri xoşbəxtdirlər deyə, yanlarındakı insanlara da bunu ötürürlər. Xoşbəxt və narahatıq. Ancaq böyük xoşbəxtliyi Qarabağı geri aldığımızda yaşayacam...

 

 

Yenilik.az

 

525-ci qəzet.- 2011.- 5 fevral.- S.27.