SƏS

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

(Esse-kollaj) Muğam işığında təksəsli, çoxsəsli düşüncələr

 

GECƏ-GÜNDÜZ

 

Səslər də mənşəyinə, xislətinə görə ikiyə ayrılır: gecə səsləri və gündüz səsləri. Başqa sözlə ay səsi və günəş səsi. Yaxşı yadımdadır. Hz. Məhəmməd haqqında bir kitab oxuyurdum. Yazar səhra əsrarını və cahiliyyə dövrünün bir səhra günəşini təsvir edirdi. Olduqca atəşli, odlu təsvir qızmar yay gündüzündən sonrakı səhraya çökmüş qaranlıq sərinliyi, min bir gecə möcüzəsindən sızıb gələn eşqi, ərəb qızının içindən sanki sıxıb çıxarılan yanğı dolu səsi, ehtiras hopmuş gənclərin qum üzərindəki çılğın ritual rəqslərini... təsvir edirdi və bu təsvirin son cümləsi belə idi: gecə ərəblərindir. Sonra bir türk yazarının romanını oxudum. O da tərəkəmələrin köç gecəsini təsvir edirdi. Özünü bir gecədə ay işığında tanımış on dörd yaşlı tərəkəmə gözəlinin işvəsi, at belindəki gəncin eşq hayqırışı, sazın məhəbbət fışqıran səsi yenə bu sözlərlə bitirdi: gecə türklərindir. Əcəba gecə kimindir? Sonra mən dünyanı gəzib dolaşdım. Dünyanın dürlü-dürlü yerlərini gördüm, bu yerlərin səslərini dinlədim. Okeanın, meşənin, dağın, soyuğun, istinin, qaranın, bəyazın... səslərini dinlədim. Kitablar oxudum. İnsanlar tanıdım. Və anladım ki, səsin milləti, dini yoxdur. Səsin eşqi var, Allahı var. Bir millətdən, bir coğrafiyadan başlayan səs ilahi ucalıqda birləşir, vəhdətləşir. Nə olursa olsun, gecə səsləri gecənin xislətini, gündüz səsləri gündüzün təbiətini ifadə edir. ...Mənim səsim gecə səsidir.

 

MƏN KİMİN ÜÇÜN OXUYURAM

 

Opera mənlik deyil. Opera səsi səhnəni dolduran, görünənliyi görünməzlikdən üstün tutanlarındır. Bu da bir üstünlük və fitri qabiliyyətdir. Mən gözəl opera ustadlarımıza qibtə edirəm. Hüseyn Sarabskinin, Qulu Əsgərovun, Arif Babayevin səhnə dolu, salon dolu səsi neçə-neçə Məcnuna həyat vermişdir. Qərb və Şərq operasının azmanları dünyaya neçə-neçə Romeo, Onegin, Hamlet... gətirmişdir. Mən hind, pakistanlı müğənni görmüşəm ki, tək öz səsiylə min səsli opera ifadə edir, mən manasçı dinləmişəm ki, o səsinin qüdrəti ilə minillik dastan, savaş, həyat yaradıb. Ancaq mənim səsim pıçıltıdır. Bəlkə də duadır, bəlkə də əsl səsə qədərki cəhddir, bəlkə də səsdən sonrakı ehtizazdır. Bilmirəm. Bilməməyin əsrarı içindəyəm. Bilənlərə salam olsun. lll Mən kimin üçün oxuyuram. Əlbəttə ki, xalq üçün. Nə qədər ümumi, canqurtaran və sözün müəyyən anlamında yuvarlaq, içiboş bir cavab. Bu cavabın üstündən keçdik. Mən kimi oxuyuram? Bu sual mənim üçün daha maraqlıdır. Burası şübhəsizdir ki, mən dərd əhlini oxuyuram. “Dindirməyin dərdliyəm” deyən xalq (əslində bir qəriban sənətkar) ayrılıq acısı çəkən ney kimidir. O dərd olmasa səsi belə çıxmaz, susqun qalar. Dünən küçədə yeriyirəm. Səkinin bir küncündəki bığlı-saqqallı bir qoca yatıb. Ya dilənçidir, ya qəriban. Soyuq dekabr sazağında elə şirin-şirin yatıb ki, dünyadan xəbəri-ətəri yoxdur. O indi nə yuxu görür, ilahi. Anası başını sığallayan uşaqdımı, əlində kitab vərəqləyən ümid dolu məktəblidirmi, ilk dəfə dodaqlarında öpüşün mübhəm dadını bilən aşiqdirmi... Allah bilir. Mənim bildiyim odur ki, o, yuxusunda elə xoşbəxtdir ki, onu bu xoşbəxtlikdən yalnız oyanmaq ayıra bilər. Kimsəsiz qocanın yuxudan durmağını, bu həyata baxmağını, bu acıların içinə yenidən düşməyini heç istəmirəm. Və Allahdan elə bir güc istəyirəm ki, bu qəriban qocanın xoşbəxt, isti, bəyaz yuxusunu və 3 il qara bədbəxt güzəranını oxuyum. Mən dost yolunda ömürlük məhbus olan, həbsxana divarlarını tüstüyə boyamış ümidsiz adamın bir zərrə işıq adlı taleyini oxumaq istəyirəm. Mən bir gecədə çəkdiyi zillətdən, qorxudan saçları ağappaq ağaran müəllimimin vahiməsini oxumaq istəyirəm. Mən içindəki işığı üfrülüb keçirilən eşq əhlinin dəli harayını oxumaq istəyirəm. Mən bu dünyaya sığmayan insanın parça-parça edilmiş ürəyinin fəryadı olmaq istəyirəm. Mən bir gün görməmiş atamı, gözləri yaşlı anamı, sevgimi, bölünmüş yaralı vətənimdən damlayan qanı oxumaq istəyirəm. Allah bu gücü mənə vermişmi, verməmişmi bilmirəm. Amma ürəyimin dibində bitən bir boynubükük bənövşə çox illər bundan əvvəl mənə müjdə verib və məni saxlayan, yaşadan da bu müjdədir. “Dərdlilərin dərdinin səsi sənsən”.

 

SƏS İÇİNDƏ SƏS

 

Cəhənnəmə gedən yolun tikanları ayağıma, əlimə batır. Ayaqlarım, əllərim qan içində gedirəm. Hara getdiyimi, niyə getdiyimi bilmədən gedirəm, hey gedirəm. Bilirəm ki, hamının söndüyü yerdə mən yanmalıyam, hamının yandığı yerdə mən sönməliyəm. Mən səsəm. Fəqət xor səsi deyiləm. Mən heç duet səsi də deyiləm. Mən tək hədəfi olan təkcəyəm, bircəyəm. Səslər içində səs olmaq səssizlik içində olmaqdan çox çətindir. Ona görə yox ki, səslər içindən seçilmək, fərqlənmək çox çətindir. Ona görə də yox ki, yarışmaq səsin qüdsiyyətini udur, yox edir. Səs içində səs olmaq ona görə çətindir ki, səslər də insanlar kimidir, bir-birinə aşiq olurlar, vurulurlar, bir-birinin içində əriyirlər. Və bu ərimə, qaynaşma, yoxolma, varolma sürəci o qədər ağır, mürəkkəb prosesdir ki, başına nə gələcəyini bilməyən uşaq kimi gedən səsi axan ulduzlara bənzətmək olar. Ulduz axıb gedir və minlərlə ulduzdan, ulduz-atadan, ulduz-anadan, ulduz-bacıdan, ulduz-qardaşdan, ulduz-sevgilidən, ulduz-övladdan əbədiyyən ayrılır. Ayrılanın öldüyü, qalanların sağ-salimliyi əsla bəlli deyil. Axan ulduzun hansı göyə getdiyini kim bilir ki?.. Qalanların hansı göydə qaldığını bilən birinin olduğuna inanmıram. Söhbət astronomiyadan getmir, heç astrologiyadan da getmir. Suallar yalnız cavab vermək üçün deyil, suallar yeni-yeni suallar doğurmaq üçündür. Səs səsə heyran olduqca uçub gedir. Səs səsdən iyrəndikcə uzaqlaşıb çəkilir. Səs səslə savaşdıqca küyə çevrilir. Xülasə, səslər içində səs olmaq çətindir, çox çətin. Özünə dalan, özünü qazan, özündə boğulan səslər mənim heyran olduğum və heyrət etdiyim səslərdir. Heyranolma təslim olmaqdır. Başqasının iradəsinə tabe olmağa gedən ilk addımdır. Heyran olmaq, heyrətlənmək cazibəyə düşmək, cazibə haləsi içində olmaqdır. O səs əbədidir ki, o Allaha heyrandır. O səs ilahi sədadır ki, Allaha heyrət içindədir. Allah bizi bu səslərə qovuşdursun. Allah bizi özünə qovuşdursun.

 

ÇAHARGAH

 

Hər sənətçinin, o cümlədən, müğənninin səsinin içindən yeni səs çıxması, ikinci səsin, ikinci nəfəsin açılması qayət təbiidir. Muğam dəhşətli dərəcədə ağır zəhmət, özveri (samootdaça) istəyən sənət-ifa çeşididir. Məsələn, “Çahargah” oxuyursan və yavaş-yavaş gəlib VIII hissənin – “Mənsuriyyə” nin ətəyinə yetişirsən və başlayırsan yavaş-yavaş qalxmağa, havalanırsan və bir də görürsən ki, önündə dağ kimi “Üzzal” durub. Gözün qaralır və yorğunluğun xofa qarışdığı qəribə bir haləti yaşayırsan. Tar-kamança səni ürəkləndirir və birdən dibə vurduğunu hiss edib ayağının toxunduğu yerdə, bəlkə də tarın və ya kamançanın qulağına pıçıldadığı muğamda ilahi bir qüdrətin əlindən tutub səni qaldırdığını duyursan. Sanki ölüb yenidən dirilirsən. Artıq tarın deyil kamançanın daha yüksək səs diapazonu belə səsinə yetişə bilmir. Sən onları ardınca çəkib “Üzzal” zirvəsinə qaldırırsan. Artıq ayaqların yerindən üzülür, uçduğunu, qanad açdığını hiss edirsən. Tamaşaçını, dinləyicini büsbütün unudursan və zirvədən sonrakı daha ucadan işıqdan başqa heç kəsi heç kəsi görmürsən, eşitmirsən. Bunun Allahın sənətçiyə verdiyi xoşbəxtlikdən başqa bir adı yoxdur. İkinci səs, ikinci həyat, ikinci can deməkdir. İnanıram ki, şeir də, nəsr də belədir. Rəssamlıq, heykəltəraşlıq... sənətləri də ikinci nəfəsin yaşandığı gün kimi aydındır. Bu bir qismətdir. Allah qismətini sənətdən və sənətkardan əskik etməsin...

 

DAVUD

 

XVI yüzilliyin böyük türk şairi Füzulinin müasiri Baki yazırdı:

 

Avazeyi bu aleme Davud kimi sal,

Baki kalan bu Kubbede

bir hoş seda imiş...

 

Şair avazı Davud kimi bu dünyaya yaymağı tövsiyə edir müğənniyə. Çünki bütün səma cisimlərinin, günəşin, ayın, ulduzların, səyyahların çılçıraq kimi asıldığı zümrüd rəngli bu qübbədə – əslində qübbələr qübbəsində zümrüd rəngli dünya, kainat tavanında bir xoş səda – ilahi səs qalacaqdır. Füzuli bu dünyada bir adın qaldığını (“Bihəmdülillah bir ad imiş dünyada”...) deyərkən, Baki yalnız ilahi səsin qalacağını söyləyir. Adın da, sözün də səs olduğunu unutmayaq. Biz unutsaq da Allah unutmaz. Başqa bir məşhur şeirində Füzuli səs üstündə yazır:

 

Nalədəndir ney kimi

avazeyi-eşqim bülənd,

Nalə tərkin qılmazam mən,

ney tək kəsilməm bənd-bənd.

 

Füzulinin səs dünyası başqa bir aləmdir. Bu barədə bir az sonra.

 

LA İLAHƏ İLLƏLLAH...

 

Vəhylər və uca Quran göydən Hz.Məhəmmədə yazı kimi enmişdir. Kitabın səs mətnini peyğəmbərimiz ekstaz çağında özündən gedib göylərə ünsiyyəti açılanda səs kimi dinləmiş, əxz etmiş və nazil olan vəhyi ilk dəfə xanımı Xədicəyə söyləmiş və Xədicə ona söylənənlərə – nazil olmuş vəhyə inanmışdır. Yeniyetmə yaşlarında olan Hz. Əli də vəhyin qüdsiyyətinə və həqiqətinə inanmışdır. Hz.Məhəmmədin gətirdiyi ilahi kəlama ilk inanıb pənah gətirən ilk müsəlmanlar da onlardır. Hz.Adəmdən gələn İslam son peyğəmbərdə özünün son dövrünü – kamillik çağını yaşamışdır. ...İçindən, varlığından gələn bir qüvvə, bir təkan onu şəhərdən kənarlara, dağlara, dağların döşündə ins-cins yaşamayan mağaraya səsləyirdi. Yavaş-yavaş Məkkə bazarından, camaatdan, əsnafdan, kütlədən ayrılan Məhəmməd dönüb bazara, şəhərə, adamlara baxdıqca hər şeyin kiçildiyini, bir yumağa sığacaq qədər balacalaşdığını fiziki şəkildə hiss edirdi. Onu yer deyil, Göylər cəzb edirdi. Bu cəzb içində Sina dağındakı mağaraya yetişən Məhəmmədin içində indiyə qədər hiss etmədiyi həyəcan, qorxu, qeyri-müəyyənlik, sığmazlıq, zəiflik, incəlik... onun ürəyindən varlığına yayılır, canında hiss etdiyi qəribə qızışma onu bayqınlığa sürükləyir, bu dünyanın hüdudlarından, zamanından, məkanından qoparıb dərk edə bilmədiyi aləmə aparırdı. Bu aləmin dərinliklərindən gələn səs onu köpük kimi daşırır, bədəni uçum-uçum uçunurdu. Səs ona Allahın kəlamını nazil edir. La ilahə illəllah Əşhədə ənnə Muhammədən Rəsulullah: “Allahdan başqa Allah yoxdur və Məhəmməd onun rəsuludur”... Peyğəmbərin zərrə-zərrə itirdiyi dünya zaman, məkan zərrə-zərrə özünə qayıdır. Mağara da, Sina dağı da, Məkkə də, Məkkəlilər də öz yerini alır. Və peyğəmbər evinə gəlib eşitdiyini danışır...

 

AİLƏ

 

Atam da, anam da, xanımım, balalarım, qardaş-bacılarım, qohum-əqrəbalarım da güclü oğul, qardaş, qohum istəyirdilər. Onların görmək və qəbul etmək istədikləri fiziki, maddi, mənəvi güclü adam dayaq idi, ümid idi. Və mən çox sonralar anladım ki, ailənin məni güclü görmək ehtiyacı mənim gizlətdiyim zəifliklərimin və məndə ola biləcək bir sıra zərif duyğuların üstünə xətt çəkmişdi. Güclü adam obrazının mənə gətirdiyi zəifliklərin ehtiyacı da bir ayrı güc istəyir. İp incəldiyi yerdə qırılar – deyiblər. Mən qırılmamışam, Allaha çox şükür, ayaqdayam. Fəqət güclü olduğum, güclü göründüyüm məqamlar, günlər, illərin mənim qırılma, zəifləmə nöqtələrim olduğunu açıq-aydın bilirəm. Güclü siyasət, polis, hüquq, ticarət adamı olmaq mümkündür, fəqət hiss, duyğu, incə fikir adamı olmaq imkansızdır. Güclü səsin dəruni dünyanın dili olması mənə çox çətin görünür. Səs əgər büllur şüşə qab kimi qırılıb içinə tökülmürsə, için-için tüstülənib yanmırsa o, hansı Məcnunluğun, çılğınlığın, dəliliyin, qudurmuş dərdin-kədərin dili olacaq. Hərdən ilan kimi fışıldamaq, qurd kimi ulamaq, şir kimi hayqırmaq, bülbül kimi ötmək istəyirəmsə, bu mənim içimdəki tufanla, tüğyanla bağlıdır. Muğam oxuduqca hiss edirəm ki, sözlərin o duyğuları ifadə etməyə gücü çatmır. O zaman səsin bir başqa imkanı – musiqi dada çatır. Mətni musiqi tamamlayır, bütünləşdirir. Və söz mətnini SƏS birləşdirmiş olur. (Ardı gələn şənbə sayımızda)

 

 

KAMİL VƏLİ

 

25-ci qəzet.- 2011.- 5 fevral.- S.22.