ORALARDA KİMLƏR VAR: AZƏR ABDULLA –3
Yazar dostum Azər Abdulla mənim
suallarıma cavab verəndən sonra müsahibənin bir az
çox alındığını təkrar-təkrar mənə
dedi və təkrar-təkrar arzuladı ki,Allahı sevərsən
Rəşad bəydən də ( baş redaktordan) xahiş elə
mümkünsə onu necə var eləcə çap etsin, sənə
də toxunmuşam, o yerlərə də dəymə.Əlavə
elədi: mən bilən birinci dəfədi ki,belə uzun bir
hekayət alınıb. Mən də sevimli Rəşad Məcidin
əfvinə sığınıb Azər dostumuzun və
gözəl yazarımızın cavablarına müdaxilə
etmədən (heç adətim də deyil) oxuculara təqdim
edirəm.
–Tamam, sənin ədalətli
olmağını çoxdan bilirik... –İroniya lazım
deyil... –Yox canım, gerçək sözümdü, ancaq
sualıma cavab vermədin. –Soruşursan Vətənə
bağlılığın nə qədərdi. Ürəyimə
yatmayan sorğuna bəyənməyəcəyin cavabı verəcəm.
Vətənə bağlılığım sənnən
çoxdu. –Hansı ölçüyə, hansı məntiqə
görə bu qərara gəlmisən? –89-90-ci illərdə
elədiyimiz söhbətə qayıtmağa məcburam. Vətənin
o qanlı-qadalı illərində, bircə dəfə də
meydan hərəkatında iştirak eləmədin. Bunu sənə
irad tutanda o vaxtlar da, son zamanlar da mənə sataşıb
deyirdin. Mən sıra nəfəri deyiləm meydana gəlim,
kiminsə əmriylə oturum durum. Millətimizin o vaxtkı
birliyinə, həmrəyliyinə göz yumur, təkcə
oturub-durma hadisəsini qabardırsan. Mən də deyirdim Aydın
Məmmədov, Sabir Rüstəmxanlı, Vaqif Səmədoğlu,
Ələkbər Salahzadə... nə bilim kimlər bəyəm
sıra nəfərləridi. Vətənin taleyi müəmmalı
olan o dövrdə çaxnaşmadan uzaq olmaq
üçün ailəni də götürüb Türkiyəyə
getdin... Mən Türkiyəyə gemədim.Çox qərib
bir təsadüf məni o yerlərə götürdü.Mən
göndərildiyim o günlərdə 1993-cü ildə
artıq Vətəndə bir sakitilik vardı.Bunu bir çox
sorğularımda demişəm.Təkrara ehtiyac yox.Amma
kişi kimi de, sənin şansın olsaydı getməzdin?
–Uzun illər həsrətini çəkdiyimiz İstanbulda
yaşamaq hər bir türkün arzusu ola bilər. Bundan
başqa doğma övladlarının Türkiyədə təhsil
alması məsələsi ələ düşməz
fürsətdi. Bu məqamda səni qınamaq nadanlıq
olardı. Ancaq səni çoxlarına nisbətən daha dərindən
tanıyan adam kimi bu fikirdəyəm ki, getməyinin başlıca
səbəbi Vətəni bürüyən xaos və sənin
canındakı vahimə-qorxuyla bağlıydı. Bunu qabaqlar
boynyna almırdın, sonralar nəşr olunmuş “Dövlət
çevrilişi” kitabında və o kitabınla bağlı
qəzetlərə verdiyin müsahibələrdə
qorxaqlığını kişi kimi boynuna aldın.Yeri gəlmişkən,
o kitabın haqqında... İndi dəb düşüb, orta səviyyəli
yazarlar özlərinə ermənilərəxas gələcək
üçün saxta, uydurma tarix düzəldirlər. Sənin
“Dövlət çevrilişi” kitabında da uydurma məqamlar
çoxdu. (???????????? Suallar mənimdi T.A.) Cavanlar o kitabı tərifləyib
göyə qaldırdılar. Yetmişini haqlayanacan
özünü qoruyub saxlamış Tofiq Abdinin sınıb əyildiyini,
ustalıqla yarındığını və gəncliyi
aldatdığını görəndə bilirsən nə qədər
sinirləndim... Bəlkə, artıq bu dünyada olmayan Vidadi
Məmmədovun, Şahmar Hüseynovun, Natiq Səfərovun,
Tanqonun... qınağına, ironiyalı gülüşlərinə
rast gəlməyəcəyini düşünərək
cürətlənib o məzmunda kitab yazdın.
Ömrümüzə nə qalıb ki. Gərək biraz da
dözəydin, Tofiq. Sabir Əhmədli, Azad Mirzəcanzadə,
Ələkbər Salahzadə, Əli Həsənli, Elman
Mustafa, Məmməd İsmayıl, Ramiz Rövşən, Vaqif
Bayatlı... dözdüyü kimi. Yadındamı, bu
yaxınlarda nəşriyyatdan çıxıb gedəndə
söhbətimizin bir yerində dedin, mənə heç vaxt
prezident təqaüdü verməzlər, mən soruşanda
niyə, qayıtdın ki, mən xalqıma xidmət eləməmişəm.
Gülməkdən uğunub getdim. Mən, sənin qədər
çox yazan kimdi, yazmaqdan barmaqların qabar olub deyəndə
– Mən axı yuxarılara təriflər yazmamışam-
söylədin. O həqiqətinə gərə səni
bağrıma basmaq istədim. Sonrasa o kitabın işıq
üzü gördü. Gileylənib deyirsən, pulsuzluqdan nə
toylara gedə bilirəm, nə də nəvəmin doğum
günündə bir hədiyyə ala bilirəm... Tofiq, Vəzir
Surxayoğlu adlı milli qəhrəmanımız var. Onunla Tərtərdə,
döyüş bölgəsində tanış olmuşdum.
Yeri gəlmişkən, beş dəfə müharibə
bölgələrində olmuşam, yazılar yazmışam.
Vəziri tanımadığına görə səni
qınamıram. O vaxt sən İstanbulda yaşayırdın,
birdə ki, giydirmə xalq artistləri, məğlub ölkənin
qondarma generalları kimi saxta qəhrəmanlarımızın
da sayı hesabı yoxdur. Rəhmətlik Vəzir Ağdərə
döyüşlərində igidcəsinə vuruşmuş,
ağır yaralanmışdı, bir babat özünə gəlcək
yenə vuruşmaq istəyirdi. Nəcməddin Sadıxov onu
vuruşmağa buraxmaq istəmir, deyirdi sən qədərincə
savaşmısan. Milli qəhrəman adı verilməsi
üçün sənədləri hazırlanırdı,
ancaq Vəzir Surxayoğlu yeddi yaşlı oğlunu evdə
qoyub yenə savaşmağa getdi və şəhid oldu.
Ölümündən sonra qəhrəman adına layiq
görüldü. Bir var istəsən də, istəməsən
də əmrə əsasən vuruşmalı olursan, bir də
var Vəzir kimi, Mübariz İbrahimov kimi könüllü
vuruşa gedəsən. Bunlarla müqayisədə bizlər Vətən
üçün nə etmişik, yazılar
yazmışıq, Orxan Vəli demişkən nitq söyləmişik...
Tofiq, elə bilmə sənin prezident təqaüdü
almağını istəmirəm. O təqaüdə sən
layiqsən, ancaq istəməzdim onu sənə minnətlə
verib gözüqıpıq eləsinlər...Qayıdıram sənin
sualına, axı yenə də sən sualı düzgün
qoymursan. Soruşursan Vətəndən sənin bir
umacağın varmı. Ay Tofiq, Vətənimiz qədər zəngin,
səxavətli, gözəl hansı məmləkət ola bilər.
Vətən, xalq neyləsin ki, bu var-dövlətin içində
müəllimi, həkimi, yazarı, aydını, təqaüdçüsü
zəlil, dilənçi, həm də bir qorxu içində
yaşayır. Vətənə
bağlılığımı soruşursan... Bir CİPim,
benzin pulum, lap çoxlu pulum da olsaydı, yenə də
parça-parça qoparılıb bir qırığı
qalmış Vətənimizin rayonlarını, kəndlərini
qarış-qarış gəzərdim... Vətən neyləsin
ki, onu idarə edənlər, Allah onların insafını
artırsın, ehtiyac içində əzilən
xalqının qara qəlbini işıqlandırmaq,
bozarmış tutqun sifətini ağartmaq əvəzinə,
qamarlayıb taladığı var-dövlətinin cüzi bir
hissəsi ilə gözdən pərdə asmaq
üçün ancaq binaların üzünü
ağardır. –Əzizim Azər, keçən ilin yay
aylarında, tam doğum günümə yaxın tarixlərdə
mən çox təhlükəli bir xəstəliklə
çarpışanda sənin mənə bir ata nəvazişini
hiss etdim. Xüsusiylə yataqdan qalxa bilmədiyim günlərdə
sən bizə gəldin və mənim əlimi əllərinə
aldın ( bu məqamda bir ata nəvazişi vardı, mən
belə duyurdum, yaşıd olsaq da). Mən o anı, o məqamı
heç zaman unudan deyiləm. O anı təsvir etmək də
çox zordur. O mübhəm və çətin anlarda sən
yenə də öz istiliyini göstərdin, baxmayaraq ki, həmişə
didişirik. Nəydi səni mənim evimə sürükləyib
gətirən? Mənim üçün
yaşadığın can ağrıları? Dözülməz
dəqiqələrin yaşantısına necə
dözdün? Bəlkə mən bir az şişirdirəm.
Yeri gəlmişkən, o çətin günlərdə mənə
son dərəcə həssaslıq göstərən şair
dostumuz Əjdər Ola da sonsuz minnətdaram.Dəfələrlə
telefonla arayan Rəşad Məcidə minnətdaram,Bilgəhdə
müalicə olunanda yanıma gələn şair Babək
Arusluya və gözəl tədqiqatçı-yazar Şəmistan
Nəzərliyə minnətdaram.Rayondan məni dəfələrlə
arayan şair dostumuz Tofiq Hüseynə minnətdaram.Təbii
ki, xanım əfəndiliyi ilə seçilən İradə
xanım Tuncayın məlhəm dolu zəngləri heç
unudulmaz. Ayrıca olaraq Mərkəzi Klinikanın
psixoloq-nevropotoloqu, evimə qədər zəhmət çəkib
gələn və indinin özündə də hər zaman məsləhətlər
aldığım İradə xanım Ramazanovaya sonsuz minnətdaram.
Məhz bu gözəl həkim xanımını və
yuxarıda adlarını çəkdiyim insanların sayəsində
də bu gün bu söhbəti eləyirik. Əslində
gözləmədiyim bir ortamla baş-başa qaldım. –Tofiq,
o günlərin, o anların dözülməzliyini cəkdiyin
əzabı şişirdib eləmirsən,
xatırladığın o anlarda sənin son dərəcə
həssas, hissiyyatlı olduğunu bir daha gördüm. Ancaq o
anları gərək yada salmayaydın. Deyirsən səni
hansı hiss, hansı duyğu çəkib gətirdi bizə.
Sizə gəlməmişdən bir ay öncəki telefon
danışıqlarımızda sənin rahatsız, qorxulu
anlar yaşadığını duyurdum, ancaq sizdə olarkən
üzündə, gözündə, bütün görkəmində
gördüyüm o təlaşı, qorxunu, vahiməni,
keçirdiyin dözülməz böhranı ağlıma gətirmirdim.
Deyirdim İlahi, bu boyda qorxu Tofiqin balaca gözlərinə necə
sığışıb. Sən üfürülən,
getdikcə böyüyüb şişən şarın hər
an partlama həddindəydin. Deyirdim, bəlkə Tofiq məni
tanımır, bu an ayağa qalxıb qolundan yapışaraq
darta-darta dar ağacına, cəllad kötüyünə
aparan soyuqqanlı, qəddar cəllad sanır məni. Qəribə
də olsa, civə kimi yerində oynayan qanlı
baxışların o an Van Qoqu da xatırlatdı mənə.
Təpədən dırnağacan səni
bürümüş o QORXU, həm də canlı bir
varlıq kimi gəlirdi mənə. Elə bilirdim o canlı
varlıq sənin qolundan tutub doğmalarından və məndən
ayırıb biryolluq gedər-gəlməzə aparır. Sən
getmək istəməsən də qorxudan ona ehtiraz da edəmmirdin.
Oturduğum stuldan ehmalca qalxıb sənə
yaxınlaşanda, dediyim kimi baxışlarında bir dəlilik
hiss edirdim, adama yovuşmaz qaplana, vaşaqa bənzəyirdin,
elə bilirdim ya üstümə atılıb məni dişləyib
cırmaqlayacaqsan, ya da insana yovuşmaz çöl pişiyi
kimi götürülüb özünü pəncərədən
atacaqsan. Görkəmimə səni istədiyimdən qat-qat
artıq doğma, məhrəm ifadə verərək
gülümsünə-gülümsünə
yaxınlaşıb ehtiyatla yanında oturdum, əlini bir əlimə
alb o biri əlimlə yavaş-yavaş tumarlayıb
sığallayaraq, səndəki halın mənasız,
keçəri olduğunu inamla danışıb ağlına
yeritməyə başladım. Əlli ildən bəri
tanıdığım haylı-küylü,
çılğın Tofiq, dediyin kimi çox vaxt bir-birimizlə
dartışıb höcətləşsək, didişsək
də, dəqiqələr ötsə də əlini məndən
çəkmirdin, o anlar elə bilirdim sən mənim
üçün üç-dörd yaşlı körpə
qardaşım, doğmaca balamsan, üzümə baxmadan sakitcə
dayanıb, məni dinləməyindən canına, ruhuna bir
dinclik, rahatlıq axdığını duyaraq mən daha
inamla, sevgiylə belə demək mümkünsə,
prosiduramı davam edirdim... Allah o günləri bir daha göstərməsin...
Son
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 5 fevral.- S.23.