Hüznün gətirdiyi xoşbəxtlik

 

Mən gənc şair Elxan Yurdoğlunu on ildən çoxdur ki, tanıyram. Bu on ildə onun hər dəfə məni təəccübləndirəcəyi bir sürprizinə, demək olar ki, alışmışam. Amma onun budəfəki sürprizinə – “Türkiyənin tanınmış elm adamı, yazıçı, elmlər doktoru, professor Hayrettin İvginlə danışmışam, “Melankolik şiirler” kitabını öz dilimizə çevirirəm” – sözlərinə, doğrusu, inanmamışdım. Zarafat etdiyini düşünürdüm. Amma bu hadisədən bir az keçdikdən sonra bir gün Elxan Yurdoğlunun şeirlərdən ibarət bir qovluğu mənə uzadaraq bunları redaktə edərsən, deməsindən sonra zarafat etmədiyini anladım.    

Şeirləri redaktə edib qaytardıqdan bir müddət sonra Hayrettin İvginin Türkiyədə bizim ana dilində – yəni Azərbaycan dilində “Hüznlü şeirlər” kitabının çap olunduğu xəbərini eşitdim. Özü də həmkarımın çevirməsi olan bu kitabın Naxçıvanda AMEA-nın Naxçıvan Bölməsində təqdimatı olacağı xəbəri məni daha çox sevindirdi.

Hayrettin İvgin 1948-ci ildə Türkiyənin Samsun vilayətindəki Vəzirkörpü qəsəbəsində anadan olub. O, 1966-cı ildə Qazi Pedaqoji İnstitutunun Ədəbiyyat ixtisasını bitirib. Türk dili və Ədəbiyyatı ixtisası üzrə ali təhsilini Anadolu Universitetində alıb. Müəllim, məktəb müdiri, Təhsil Nazirliyində Məktubla Öyrətim Mərkəzində şöbə müdiri, Mərkəzin müdir müavini, müdiri, Mədəniyyət Nazirliyində Milli Folklor Araşdırma Mərkəzinin sədr müavini və sədri vəzifələrində çalışan Hayrettin İvgin 1993-cü ildə təqaüdə çıxıb.

49 kitabın, 2 mindən çox məqalənin (300 dən çoxu elmi) müəllifi olan Hayrettin İvgin ədəbiyyat, söz adamıdır. O, həyatı boyu apardığı elmi araştıramlarda, redaktorluq etdiyi müxtəlif ədəbi-bədii juranllada sözün, sənətin həqiqi keşikçisinə çevrilməyi bacarıb. Onun dəyərini qədrini, qiymətini bilənlərdən olub. Məhz buna görə də yüzdən çox mükafata layiq görülən H.İvginə Birləşmiş Millətlər Humanitar Mükafatlar Şurasının 14.04.2009-cu il tarixli qərarıyla, “Dünya ədəbiyyatına böyük xidmətləri” nəzərə alınaraq, Rusiya Ədəbiyyat Akademiyasının “Aydınlanma fədakarı – A.S.Puşkin Qızıl Medalı” ödülü verilib.

Azərbaycandakı elm adamları Hayrettin İvgini yaxından tanıyırlar. Belə ki, “VEKTOR” Beynəlxalq Elm Mərkəzi tərəfindən 2003-cü ildə ona fəxri doktor, 2006-cı ildə fəxri professor adı verilib. O, eyni zamanda Bakı-Asiya Universitetinin də fəxri doktorudur.

Məhz Elxan kimi gənc şairin, türklər demişkən, “bu böyüklükdə adamla” saf, səmimi münasibət qura bilməsi və bu münasibətlərdən Türkiyədə Azərbaycan dilində yeni bir kitabın nəşr olunması bir oxucu kimi məni də çox sevindirdi. Onu da deyim ki, bir kitabı istənilən dilə çevirmək üçün əslində müəllif qədər özün də əziyyət çəkməli olursan. Hələ bu şeir olduqda daha çətin olur. Bundan başqa sənin çevirmənə verilən qiymət də var. Amma Elxan Yurdoğlunun çevirməsi haqqında ən gözəl fikir məhz akademik İsa Həbibbəyliyə məxsusdur: “Çevirmə orijinaldan daha üstündür”.

H.İvginin “Hüznlü şeirlər” kitabı Elxan Yurdoğlunun “Xatirələrlə dolu şeirlərin hüznündə düşüncələr” ön sözü ilə başlayır. Qəmli, kədərli, hüzün dolu şeirlər bir-birinin ardınca düzülür. Amma hər şeir bir fərqlilik içərisində öz xoşbəxtliyinin yolunu axtarır. Kitabda şeirlərən adları belə sanki bir tale yaşayır...

...“Odam”da “Gecə” uşaq kimi doğulan dərd qol qanad açır. O da “Əvvəlkilər kimi” böyüyür, özü ilə başqaları arasındakı “Fərq”i görür. “O gözəl nəğmələr”i dinləyir, “Bir az ümid, bir az dost, bir az sevgi” axtarır. Amma “Yalan” hər şeyin üstündən xətt çəkir. Hətta “Olsa da dönüş” “Bədgüman”lıq “Geri qayıtmayacaq” deyir. Bu da aşiqi “Qara tutqu”lu, qara sevdalı edir. Bax beləcə “İslanmış küçələr”dən keçdikcə oxuyur: “Səni sevdiyimdən” “Unutmadım”, “Yalan yox səndə gözəlim”. Amma o bilir ki, “Xəyal ölkəsi” yalnız xəyallardadır. “Öl desəydin” ölərdim deyən şair, üzünü göylərə açır və yarına hayqırır: “Bilirəm gəlməyəcəksən”. Beləcə, “Ax bu insanlar” deyə-deyə aşiq “İntizar”la “Son nəğmələr”ini oxuyur və bir axşam sərxoş halda özünü məktəbdə parta arxasında görür:

 

Hey düşünürəm dərin-dərin,

Gözlərimin xəyallara daldığı

Hər axşam bu sinifdə.

 

Heç nəyin dəyişmədiyini görəndə isə həyatın dəyişməyən qanunlarını anlayır:

 

Dəyişməyən təkcə

                        bir şey var:

Var olduğumuz və

                        yaşadığımız.

 

Üzünü parta yodaşına tutub deyir:

 

Səndən o nəğməni istəyirəm,

O, bitməyən nəğməni.

O gecə yağış altında

İslanmış dodaqlarım, islanmış

qollarım arasında

Dərindən, lap dərindən

     söylədiyin o nəğməni.

 

Zaman keçir amma şairin qəlbi susmur elə parta arxasından oxuyur:

 

Bir zamanlar

Rəngbərəng çiçəklər açardı

                        könlümdə,

Mən onları oxşayan

                        bağbandım...

...Amma atlarını cilovlamış,

             uzaqlamış zaman.

 

Beləcə zaman öz yerini gecəyə verir və qaranlıqlar, səssizliklər içərisindən bir səs eşidirik:

 

Artıq gecədi

Bir alatoran qaranlıqlarda

Çapıb getmiş uşaqlığım.

Gözyaşlarımla

Ümidlərimi boğmuşam.

Özümü illərin arxasına

                        buraxmışam.

 

Beləcə partalar arxasında gözlərini yuman şagird gözlərini açdıqda yaşlı bir qocaya çevrildiyini heç özü də bilmir:

 

Kirpiklərimizin arasından

Yavaş-yavaş gün doğardı –

 

söyləyir.

Sonra da özü-özünü qarğayır:

 

Mən – uzaqlarda işıqları

                        sönmüş

Bir bəddua kimi çökən

                        gecələrdə

Xoşbəxtliyi alın yazılarında

   axtaran insanların uşağıyam!

 

O öz qismətinə düşənləri, həyatını anlamaq istəyir:

 

Və qismət deyilən bir təsadüfün

                        əsəri olan

Həyatımı anlamaq istəyirəm.

 

Ancaq zaman öz işini görmüşdür. Və beləcə həyatda yaşadıqlarımız da Hayrettin İvginin dediyi kimi xatirələrə çevrilmişdir:

 

İndi keçdi artıq

Zaman dediyimiz həqiqət

Və unudulmağa tərk edildi

Xatirələr...!

 

Bu şəkildə şair bizə anlatmağa çalışır hüznlə dolu bir həyatı. Və bu şəkildə həyat bir film kimi gözlərimiz qarşısından keçir – “Hüznlü şeirlər”də. Daha gözəl, daha romantik, daha kədərli və fərqli həyat. Bax, elə beləcə, bir ömrü də vərəqləyiriq. Yaşanmış, kitaba dönmüş acılı, şirinli xatırələrlə dolu bir ömrü vərəqlədiqcə yenidən yaşayırıq...

H.İvgin şeirlərində heca, vəzn, qafiyə önəmli deyil. Onun şeirlərində əsas güc lirikada. Şeirlərində yaşam fəlsəfəsi, xatirələr, psixoloji durum ön plandadır. Şairin hər şeirində demək olar ki, yeni sözə, yeni fikrə rast gəlirik. Bu da onun şeirinə yeni rəng, yeni çalar qatır.

Kitabın sonunda Hayrettin İvginin həyat və fəaliyyəti haqqında verilən geniş məlumat onu oxucuya daha yaxından tanıtmaq üçündür.

“Hüznlü şeirlər” kitabı Elxan demişkən oxuculara çox şey danışacaq. Hayrettin İvgindən də, onun yaşadıqlarından da, hətta onların özlərindən də.

Mən bir oxucu kimi “Hüznlü şeirlər” kitabını şair Elxan Yurdoğlunun məhz bu cür, uğurlu təqdim etməsinə görə alqışlayıram və gələcəkdə bu cür uğurlu çevirmələrin ölkəmizdə bol olmasını diləyirəm.

 

 

Elmar HÜSEYNOV

 

525-ci qəzet.- 2011.- 5 fevral.- S.21.