Dünyanın yaşı –
yaşımız...
Gərək ki, 1980-ci il idi, otuz bir il bundan irəli. Füzuli rayonunun
Böyük Bəhmənli kəndindən qara
saçlarına təzə-təzə dən düşən
25 yaşlı bir gənc o zamanın “Sovet kəndi” adlanan qəzetinin
redaksiyasında, mədəniyyət şöbəsində əyləşib,
o zamanın dili ilə desək məktublar üzərində
işləyirdi. O, mən idim. İsti hava idi.
Bayaqdan açıq olan qapının
ağzında gur qara saçlarına dən düşməyən,
18-20 yaşlarında bir gənc göründü və hədsiz
bir utancaqlıqla otağa girdi. Bu, indi
saçında dərman üçün bircə dənə
qara tük olmayan Umud Mirzəyev idi – Umud Rəhimoğlu.
Tanışlığımızdan bəlli oldu
ki, o da Füzuli rayonundandı Aşağı Abdurrəhmanlı
kəndindən. Dedi ki, şeir yazır. Üzərində
işlədiyim məktubları qırağa qoyub Umudun
şeirlərini oxudum. Ona nə dedim, nə demədim,
şeirlərin bir oxucu kimi məndə oyatdığı təəssürat
necə idi, yadımda qalmayıb. Yadımda qalan odur ki, bu
qapıdan girən doxsan doqquz faiz müəllifdən fərqli
olaraq o şeirlərinin qəzetdə dərc olunmasından yana bir kəlmə də işlətmədi. Bu təmənnasızlıq mənim xoşuma gəldi.
Deyəsən elə belə də demişdi: “İstədim
bu cızma-qaralar haqqında fikrini bilim, qardaş”. O qardaş,
bu qardaş, otuz bir ildir ki, biz qardaşıq. Və
mən fəxr eləyirəm ki, Umud Rəhimoğlu adında
qardaşım var. Umud müəllimlə fəxr eləyən
təkcə mənəmmi? Onun ömür
yolunun yarıdan da çox hissəsi gözlərimin
qarşısından ötüb. Əslində bizim, yəni
dostların gözündən yayınan irəliki illər elə
hamımızınkı kimidi; filan ildə doğulub, filan kənd
orta məktəbini bitirib, ordu sıralarında xidmət eləyib,
fəhlə işləyib...
Əlbəttə,
Umudun addımlarının bərkiməsində tərbiyə
aldığı halal ailə mühiti, yenə də o
zamanın dili ilə desək, nümunəvi şagirdlik
dövrü təsirsiz deyil. Onun dünyaya
göz açdığı evin bünövrəsi də,
divarı da, çardağı da zəhmətdir. Zəhmətkeşlik Rəhim dayının içi
Umud qarışıq bütün övladlarına ata
qanı, ana südüylə keçib. Heç
kəsin şübhəsi olmasın ki, ağılı, mərifəti,
ləyaqəti, vicdanı, nəhayət xeyirxahlıq və mərhəməti
də zəhmət formalaşdırır. Mən Umud Rəhimoğlunun mənsub olduğu nəsli
bunun ən bariz nümunələrindən biri hesab eləyirəm.
– Sonra... Sonra təpədən
dırnağa şairlər yurdu olan bir məmləkətdə
bədii sözün sehrinə düşən Umud
çoxlarının arzuladığı, amma əli yetmədiyi
bir şans qazandı. O, Azərbaycan
Yazıçılar İttifaqının tövsiyəsi və
qatıldığı müsabiqənin nəticələrinə
görə 1982-87-ci illərdə Moskvada, M. Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunda təhsil aldı.
– Ustad şairlər,
yazıçılar, ədəbiyyatşünaslar, jurnalistlər
çevrəsində, yaradıcı mühitdə, kitablar
arasında, yazı masası arxasında keçən beş il Umudun peşəkar bir qələm
sahibi və yetkin ziyalı kimi yetişməyində şəriksiz
rol oynadı. Umudun uğurlarında
aldığı təhsil indi də hərəkətverici
qüvvə, intellektual mənbədir.
– Sonra... Sonra o təyinatla
sevilən ustad şairimiz Nəriman Həsənzadənin
redaktorluğu ilə çıxan “Ədəbiyyat və
İncəsənət” qəzetinə göndərildi, orada
elm, publisistika və məktublar şöbəsinə rəhbərlik
etdi.
Nəhayət... Nəhayət 1992-ci ildə müstəqil dövlətin
Qeyri-hökumət təşkilatlarının
qaranquşlarından olan Beynəlxalq Avrasiya Mətbuat Fondunu
yaratdı. O vaxta qədər bu dünyaya gəlməyinin
və nə üçün yaşadığının məğzini
kövrək, isti, zərif bəzən kədərli misralarda
deyən Umud Rəhimoğlu vətəndaş mövqeyini
ortaya qoydu. Məncə, insan varlığının ən ali dəyəri, bəlkə sözdən də
irəli olan dəyəri vətəndaşlıqdır. Umud Rəhimoğlu vətəndaş olmağı
bacardı. Şair ürəyi ilə,
duyğusallığını hifz edərək...
30 il bundan öncə
“Sovet kəndi” qəzetində mədəniyyət şöbəsinin
taybatay açıq qapısından utana-utana keçən
Umud Rəhimoğlu 20 il ara vermədən çoxlarının
döyməyə ürək eləmədiyi qapıları cəsarətlə
açdı. Bu qapılar beynəlxalq statuslu
qapılardır.
Bu il
fevralın 1-də xəbər-ətər eləmədən,
xarakterinə uyğun bir sakitliklə 50 yaşa yetişən
Umud Rəhimoğlu təvazökar yubileyinə əliboş gəlməyib.
Cenevrə Konfransının (MDB üzrə)
konfliktlərin idarə olunması və
qarşısının alınması işçi qrupunun,
habelə “Marşal” mərkəzinin Cənubi Qafqazda konfliktlərin
idarə olunması və aradan qaldırılması üzrə
tədqiqat qrupunun üzvü kimi gəlib. Azərbaycan
Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər
Birliyinin üzvü olan Umud Rəhimoğlu həm də Mətbuat
Şurası idarə heyyətinin, QHT Forumu idarə heyyətinin
üzvü, Azərbaycan Jurnalistlər Konfederasiyasının
vitse-prezidentidir.
Onun
mühüm ictimai vəzifələrindən biri də budur –
Mətbuata Dövlət Dəstəyi Fondunun İdarə Heyətinin
sədri.
Umud Rəhimoğlunun rəhbərlik
etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu dünyanın ən
nüfuzlu beynəlxalq təşkilatları ilə (BMT,
ABŞ Dövlət Departamenti, Avropa Komissiyası,
Amerikanın Tədqiqat Əməliyyat Mərkəzi, Beynəlxalq
Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlət
Federesiyası, Sərhədsiz Reportyorlar, Jurnalistləri
Müdafiə Komitəsi, Dünya Mətbuat
Azadlığı Komitəsi, Beynəlxalq Azad Fikir mübadiləsi
İnstitutu...) əməkdaşlıq edir.
Ola bilsin ki,
sadalananlar kiməsə sadəcə təşkilat adı kimi
görünsün. Lakin bu əməkdaşlığın
qurulması təşkilatçı insandan davamlı fəaliyyət,
dözüm, qətiyyət, intellekt tələb edir.
Mən bir dəfə
xırda bir yazıda onun Azərbaycan amalı ilə ortaya
qoyduğu aramsız cəfakeşliyə işarə edərək
söyləmişdim: “Onu tanıdığım 30 il ərzində
Umud Rəhimoğlu öz yazılarını, ədəbi fəaliyyətini
kəsinliklə pərdə arxasında saxlayır, vətəndaş
mövqeyini önə çəkərək öz xalqına
məhz ikinci yolla xidmət göstərmək istəyir. Xalqa xidmət müqəddəsdir, istəyir
sözlə, qələmlə olsun, istəyir işlə, əməllə.
Umud Rəhimoğlu
əməl adamıdır. Şairlərin
şeirdə vəsf elədiyi yaxşılıqları o əməli
ilə həyatda insanlara bağışlayır. O qurur,
yaradır, əl tutur, xalqın, dövlətin ali
maraqlarının müdafiəsində tərəddüdsüz,
sabit dayanır. Umud şair olaraq
yaxşılıqlar haqqında yazmaqdansa,
yaxşılıqları yaratmaq yolunu tutub, vətəndaşlığı
önə çəkib. Əlbəttə
haqq eləyib, çünki yeni mərhələdə
xalqımızın intellektual, istedadlı, qurub
yaratmağı bacaran xeyirxah insanlara təbii sərvətlər
qədər, bəlkə bundan da artıq ehtiyac var.”
Müəyyən
yaşa dolan, təcrübəli şəxsiyyət
haqqında təməl fikirlərin üst-üstə
düşməsi təbiidir. Umud haqqında
yuxarıda oxuduqlarınız yalnız bir şəxsə aid
deyil əslində. Mən ondan yazarkən fövqəladə
bir gözlənilməzliklə bu dünyadan gedən və bu
dünyada yaşayan yaxın, dost insanların simaları
gözün önündə sıralanır. Sabir Əhmədov,
Cabir Novruz, Aydın Səlimzadə, Vidadi Məmmədov,
Aydın Məmmədov, Vaqif İbrahim, daha neçə-neçə
itirdiklərimiz...
Umudla bu gün də
çörək və fikir bölüşənlər; Musa
Yaqub, Nəriman Həsənzadə, Fikrət Qoca, Teymur Əhmədov,
Zakir Fəxri, Hətəm Quliyev, Seyran Səxavət, Rəşad
Məcid, Arif Əmrahoğlu, Cahangir Məmmədli, Azay
Quliyev, Əflatun Amaşov, Azər Həsrət, Qulu Ağsəs...
daha neçələri...
Məncə, əziz
dostumuzun əziz günündə ölkəmizin
tanınmış ziyalılarının söylədiklərindən
bəzi cümlələri misal gətirsək Umud Rəhimoğlunun
da ürəyincə olar.
Fikrət Qoca:
– Umudu mən həmişə
sözünün sahibi olan bir insan kimi tanıyıram. O, əxlaq
sahibidir. Adamlar həm savadlı olur, həm də
əxlaqlı. Bunların ikisi də bir
yerdə olanda güclü olur. Bütün
vəziyyətlərdə Umud öz mövqeyini qoruyub, bu
günə qədər əsən küləklərin
heç biri onu yolundan döndərməyib, öz tərəfinə
çəkə bilməyib. O bütün vəziyyətlərin
içərisindən olduğu kimi keçib. Bu kişi sifətidir
Hacı Sabir Həsənli:
– Umud Rəhimoğlu
adında Rəhimliliyin, Rəhmanlığın, insanlara
köməkdarlığın əlamətləri olduğu qədərdə,
onun əməllərində də bu xarakterlər öz əksini
tapıb. Umud Rəhimoğlu Böyük ürək sahibi
olaraq Azərbaycan jurnalistlərinin ictimai müəllimi, təşkilatçı
lidedir. O, ictimai fikrimizə ləyaqət, fədakarlıq,
məsuliyyət gətirib. Haqlarımızın,
insan hüquqlarının dünya arenasında yorulmaz
müdafiəçisi, qaçqın-köçkün dərdinin
yükünü öz dərdi qədər daşıyan
şəxsiyyətdir.
Hətəm Quliyev:
– Umud Rəhimoğlu
Azərbaycan müstəqilliyinin bərpa olunduğu ilk illərdə
Respublika ətrafında düşmənlərimiz tərəfindən
yaradılmış informasiya blokadasının aradan
qaldırılmasında ciddi əməli işlər görən,
xalqını, vətənini sevən, bacarıqlı bir
insandır.
Ölkədə qeyri-hökumət təşkilatlarının
formalaşmasında, Azərbaycanda dayanıqlı inkişaf
edən vətəndaş cəmiyyətinin qurulmasında, təcavüzə
məruz qalmış ərazilərimizin hərbi sursatlardan təmizlənməsində
və bir sıra digər sahələrdə onun görkəmli
xidmətləri var. Umud Rəhimoğlu insanlara qarşı
qeyri-adi dərəcədə diqqətlidir, çoxlu
dostları var. Mən də onun dostlarından biriyəm. O təvazökar,
işgüzar, səmimi, ailəsini və uşaqlarını
sevən bir azərbaycanlıdır. Belə
insanlar ətrafa nur saçır, xeyirxah işlər
görürlər, xeyir-şərdə imkansız
adamların harayına çatırlar.
Azay Quliyev:
– Umud Rəhimoğlu mənim
tanıdığım çox az
adamlardandır ki, öz fəaliyyətində ləyaqət və
əxlaqını qoruyub saxlamağı bacarsın. O,
çox dürüst adamdır, obyektivdir, həmişə
sözünün sahibi olub, haqqı-ədaləti sevən
adamdır. O, ictimai fəaliyyətində, təşkilati
işlərindəki addımlarında, dövlətçilik
hisslərində ədalət prinsiplərini qoruyan, nahaqqa rəvac
verməyən bir insandır.
Cahangir Məmmədli:
– Umud Rəhimoğlu
Azərbaycan ictimai fikrində tanınmış simadır. O, mətbuata, ədəbiyyata,
ictimai fikrə qorxmadan-çəkinmədən birbaşa gəlib.
O, jurnalistikada və bədii söz dünyasında, siyasətdə
heç vaxt gözləmə mövqeyində durmayıb,
sübut edib ki, söz sahibidir. Onu ictimaiyyət
tez tanıdı, çünki Umud Rəhimoğlu mövqeyində
səmimidir.
Umud müəllim
təşkilatçı adamdır, ideyalarını praktik
işlə birləşdirən, həyata keçirməyi
bacarandır.
Onun rəhbərlik
etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu əsl Azərbaycançılıq
təşkilatıdır. Mətbuata,
jurnalistikaya, ictimai fikrin inkişafına qayğı mərkəzidir.
O gənc jurnalistlərimizin maddi-mənəvi
qayğıkeşidir.
Umud Rəhimoğlu
ədəbi söz sənətinə bələd adamdır,
onun bütün cərəyanlara dəqiq, qərəzsiz,
obyektiv münasibəti var. O, müstəqil adamdır,
obyektivliyi dostuna da bağışlamaz. O yaxşı azərbaycanlıdır,
Azərbaycan üçün dünya miqyasında işlər
görmək, məmləkəti bütün dünyaya
tanıtmaq onun həyat amalıdır.
Umud Rəhimoğlu
ideyalar generatoru, müsbət enerji
daşıyıcısı, əsl insandır.
Musa Yaqub:
– Mən ilk növbədə
Umudu gözəl, qısa amma məzmunlu, işıqlı,
lirik şeirlər müəllifi kimi tanıyıram. Əsl söz sənətinə yiyələnmiş
qələm dostum öz poetik yazıları ilə ətrafına
oxucu yığmaqla qələm adamlarının da fikirlərini
cəlb edib rəğbət qazandı. Mətbuat,
ədəbiyyat və müxtəlif sənət sahələrində
onun qələmi eyni şirinliklə işləməyə
başladı. Elə bil Umudun
bütövlükdə özü də bu şirinlik və səmimiyyət
tamamlayıcısıdır.
Arif Əmrahoğlu:
– Umud Rəhimoğlunu
tanıyanda həmişə dostlarının,
qohumlarının, eloğlularının, ümumiyyətlə,
ehtiyacı olanların umud yeri kimi tanımışam. Qarabağ dərdi
onun axan qanı kəsilmək bilməyən yarasıdı.
Əsas fəaliyyətini, bacarığını,
istedadını, bütün potensial imkanlarını bu dərdin-yaranın
sağalmasına həsr edən Umud Rəhimoğlunun
Pribaltika, MDB məkanında Qarabağ problemi ilə bağlı
böyük-böyük qurumların öhdəsindən gələ
bilmədiyi işlər gördüyünün dəfələrlə
şahidi olmuşam.
Rəşad Məcid:
– Mən Umud Rəhimoğlunu
lap çoxdan – hələ o, Moskvada M.Qorki adına
Ədəbiyyat İnstitutunda oxuduğu illərdən
tanıyıram və yaradıcılığına da yaxından
bələdəm. Umud Rəhimoğlu
istedadlı publisist, jurnalist və şair kimi oxucuların diqqətini
hələ 1980-ci illərin əvvəllərində cəlb
etmişdi. Həmin vaxtlarda o, ictimai işlərdə
də fəal idi. Moskva mühiti onun həm
yaradıcılığına, həm də gələcək
ictimai işlərdəki təcrübəsinə
böyük kömək göstərdi.
Umud Rəhimoğlunun Moskvada, Ədəbiyyat
İnstitutunda birgə oxuduğu dostlarının və
özünün qurduğu əlaqələr vasitəsilə
yaratdığı Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətinin
ilk illəri indi də yadımdadır. Umud Rəhimoğlu
özünün işgüzarlığı, təşkilatçılığı,
qabiliyyəti sayəsində, çətin rəqabət
şəraitində həmin təşkilatı Azərbaycanda
tanınan, beynəlxaq təşkilatların da
hesablaşdığı və birgə işlədiyi bir
quruma çevirə bildi.
Zakir Fəxri:
Umudu
çoxdan tanıyıram. Moskvada təhsilini
başa vurub, “Ədəbiyyat və İncəsənət” qəzetində
işə başlayan gündən. Qısa
bir zamanda bizim ədəbi mühitin, ədəbi dairənin
içində özünə yer tuta bildi. O zamanlar bizim
çevrəyə düşmək, qəbul olunmaq çox
çətin bir məsələydi. Zaman
keçdikcə Umud Rəhimoğlu hamının sevimlisi,
dostuna çevrildi. Umud bizlərə o qədər
doğmalaşdı ki, onu görməyəndə
darıxırdıq.
Tale elə gətirdi ki, bir
binada qonşu olduq, 1989-cu ildə... 1990-cı ilin qanlı “20
Yanvar” faciəsindən sonra onun iç dünyasına da bələd
oldum, torpağını, millətini özü qədər
sevən Umudu. Umud Qarabağ yükünü
çiynində daşıyan, ailəlikcə, nəsillikcə
bu ağır faciəni-torpağını itirməsi, didərginlik-bu
günəcən yaşamaqdadır.
Qonşu olduğumuz bu illər
qonşularımızı, çox dəyərli qələm
adamlarını itirdik – Aydın Məmmədovu, Eldar
Baxışı, Aydın Səlimzadəni, İsa
İsmayılzadəni, Nadir Cabbarovu, Səyavuş Sərxanlını...
Həmin ağır günlərdə Umudun gözəl
qonşu, qiymətli dost, dəyərli adam
olduğunu hamılıqca hiss etdik, gördük...
Umud ruhən
torpağına, suyuna bağlı adamdır. Hamıya yarıyan adam...
Qulu Ağsəs:
– Umud Rəhimoğlu
yaşından çox yaşlı görünür, sonralar
görmüşəm ki, o, xalqın başına gələn
faciələri içindən keçirən, öz şəxsi
dərdi hesab edən ziyalı olduğu üçün tez
yaşlaşıb. Amma saçını əbəs yerə ağartmayıb,
çox iş görüb. Rəhbərlik
etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun bütün fəaliyyəti
bir kitaba sığmaz.
O, M.Qorki adına
Ədəbiyyat İnstitutunu bitirib, zəngin şeir və
publisistik yaradıcılığa malikdir. “Ədəbiyyat
və İncəsənət” qəzetində şöbə
müdiri kimi öz sözünü deyib. O, gecəsi ilə
gündüzünü qarışıq salan, vaxtı istismar
edən, zamanın altını üstünə çevirən
adamdır.
Nəhayət,
Umud Rəhimoğlu kifayət qədər haqqı və
imkanı ola-ola kitabı çıxmayan yetkin publisist və
istedadlı şairdir. Əlimin altında onun bir neçə şeiri var. Umud
Rəhimoğlunun “Dünya” və “Hamımız bir adamıq”
şeirlərini bu yazıya daxil edirəm ki, təəssürat
tamamlansın.
Hamımız bir adamıq
Dünyanın
yaşı-yaşımız,
Ən qədim
daş başdaşımız.
Ölən – bacı,
qardaşımız...
Bir
kökük, min bir budağıq.
Tanrının vaxtsız
ölümü
Hamıya olan
zülümü!
Öləndə, qardaş,
külümü,
Ocağının
başına yığ.
Bir yazıbdı tale yazan,
Yarı-canlı
köçər insan.
Dərin qazma, qəbir qazan,
Elə qaz ki, qəbirdən
çıx.
Dərdim oldu özgə dərdi,
Mən unutdum,
o göyərdi.
Ömür birdi, ölüm
birdi,
Biz hamımız bir
adamıq!
Dünya
Min ildi bu yol
tanışdı,
Əvvəlim daş, sonum
daşdı,
Dərdim dərdlərə
qardaşdı,
Məndən
olmaz yetim, dünya.
Qarğışım
çox, baxtım yoxdu,
Kasıb komam, taxtım yoxdu,
Ölməyə də
vaxtım yoxdu
Yoxdu
ölüm-itim, dünya.
Yarı haqqam, yarı nahaqq,
Qocalmışam mən
haq-nahaq,
Çəkir məni qara
torpaq,
Qayıdaram, –
gedim, dünya.
Bütün
bunlar öz yerində, məncə, Umud Rəhimoğlu
haqqında ən dəyərli sözü o özü deyir. Hər gün
deyir, sadəliyi, səmimiyyəti, alicənablığı,
insanların yaddaşında silinməz izlər buraxan əməlləri
ilə. Bizə qalan budur ki, deyək əllin, mübarək,
qardaş, yüz yaşına salam olsun!
Vaqif BƏHMƏNLİ,
Şair
525-ci qəzet.- 2011.- 5 fevral.- S.20-21.