“Çinar ömrü”
filmi təqdim olundu
Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı
Rəsul Rzanın “Çinar ömrü” şeirindəndir.
...Çinar beş yüz ildən bir az,
Bircə yaz,
Az yaşadı.
Amma yaşadı
ha!!!
İndi həmin şeir ustad şairin öz tərcümeyi-halının,
yaşam tərzinin ifadəçisi kimi yad edilir, xatırlanır. Ötən gün
Azərbaycan Televiziyasının
istehsalı olan “Çinar ömrü” filminin Azərbaycan Kinematoqraflar İttifaqında
keçirilən təqdimat
mərasimində yaşananlar
da bu əzəmətli
Çinarın – Rəsul
Rza obrazının prototipinin dilindən deyilənlərlə həmahəng
idi.
Belə məğrur
dayanmaqda haqlıyam,
Mən kökümlə bu torpağa bağlıyam.
Ssenari müəllifi, xalq yazıçısı Anar,
quruluşçu rejissor,
xalq artisti Ramiz Həsənoğlu və operator Eldar Məmmədov film boyu ustad şairin “Od nə çəkdi
– küldən soruş”
ağrısını cavablandırmaq
məramını önə
çəkiblər. Təlqin olunur
ki, Rəsul Rza irsi ilk növbədə
ədəbiyyatındır, xalqındır, Azərbaycanındır.
Təqdimat mərasimini açan xalq artisti Rasim
Balayev də öncə ölməz şairin şəxsiyyətinə
və çoxşaxəli
irsinə olan xalq sevgisindən söz açdı. Azərbaycan Televiziyasının
onun yaradıcılığı
ilə bağlı istehsal etdiyi filmin dövlət başçımızın ədəbi
irsimizə böyük
marağının təzahürü
olduğunu vurğuladı.
Professor İlham
Rəhimli təqdimat mərasimində çıxış
edərək dedi: “Bu gün burada nümayiş etdiriləcək
“Çinar ömrü”
filmi qüdrətli şairimiz Rəsul Rzanın və onun həyat yoldaşı, xalq şairi Nigar Rəfibəylinin ömür
yoluna həsr edilib. Rəsul Rza görkəmli
şair olmaqla yanaşı həm də Kinematoqrafiya İttifaqına, Azərbaycan
Sovet Ensiklopediyasına,
Yazıçılar İttifaqına
rəhbərlik etmiş,
bu sahələrdə
böyük işlər
görmüş bir şəxsiyyət kimi yaddaşlarda yaşayır.
“Çinar ömrü”
bir çox məqamı özündə
ehtiva edir – Rəsul Rza çinar ömrünün
vurğunlarından biri
idi; o, özü də çinar ömrü yaşamışdı;
çinar həm də şairin doğulduğu Göyçayın
simvollarından biridir...”
Tədbirdə çıxış edən
xalq yazıçısı,
AYB-nin sədri Anar ailələri adından filmin yaradıcı heyətinə,
Azərbaycan Televiziyasının
rəhbərliyinə dərin
təşəkkürünü bidirdi. “Ötən il Azərbaycan Prezidentinin sərəncamı
ilə Rəsul Rzanın yüz illik yubileyi ölkəmizdə böyük
təntənə ilə
keçirildi. Yubiley
tədbirləri Türkiyədə,
Rusiyada, eləcə də bir çox
dost ölkələrdə davam etdi. İndi də
onun və xalq şairi Nigar Rəfibəylinin ömür yolundan bəhs edən film hazırlanıb. Filmin araya-ərsəyə
gəlməsində əməyi
olan hər kəsə minnətdarlıq
edirəm”.
Sonra “Çinar ömrü” filmi təqdim olundu. Film boyunca görkəmli sənətkarlarımız
R.Rzanın və N.Rəfibəylinin ömür
yolu tariximizlə, azadlıq mübarizəmizlə,
bu yoldakı itki və ağrılarımızla,
tarixi şəxsiyyətlərimizlə
baş-başa təqdim
olunub. Ulu öndər Heydər
Əliyevin ədəbiyyatımızla,
eyni zamanda R.Rza yaradıcılığı
ilə bağlı unudulmaz çıxışları
dərin qədirbilənliklə
səsləndirilib, azadlığa
aparan yolda ədəbiyyatımızın yerinə ayna tutulub.
Filmdə bir çox sənədli materiallardan,
şairin canlı görüntülərindən, müsahibələrindən və
öz ifasında səsləndirdiyi şeirlərdən
istifadə olunub.
Görkəmli söz ustasının Göyçay şəhərindəki
ev-muzeyində qorunub saxlanılan eksponatlar, şəxsi əşyaları
– tarı, ov tüfəngi, pianosu, çap makinası və digər əşyaları lentə
alınıb, böyük
bir ömrün yaşantıları göz
önünə gətirilib.
Qanlı-qadalı repressiya
illərində qəzet
səhifələrində şairə
qarşı səslənmiş
haqsız ittihamlar, Böyük Vətən müharibəsi illərində
Rəsul Rzanın AzTAQ-ın (indiki AzərTAc-ın) hərbi müxbiri kimi fəaliyyətinin lent yaddaşında
qorunmuş yadigar görüntüləri filmə
əlavə ovqat qatıb.
Ekran əsərində
böyük türk şairi Nazim Hikmətin, xalq şairi Səməd Vurğunun, İ.Selvinskinin,
Nigar Rəfibəylinin
və digər tanınmış insanların
Rəsul Rza haqqında fikirləri görüntüyə gətirilib.
Şairin “Rənglər
silsiləsi”nə, ümumiyyətlə,
novator yaradıcılığına
edilmiş hücumlar,
gərgin tarixi anlar yaşamış ədibin şeirləri, tarixin hər anında aktual olan fikirləri, deyimləri film boyu Şəhidlər Xiyabanında
uyuyan igidlərin və Şuşanın dağıdılmış görüntülərinin
fonunda Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin müəllimləri
– aktyorlar Elşən
Rüstəmov, Məmməd
Səfa, Vidadi Əliyev və başqalarının ifasında
səsləndirilib.
SƏRVAZ
525-ci qəzet.-
2011.- 5 fevral.- S.18.