MƏRYƏMİN MİSSİYASI

 

Məryəmin “Mənim gözəl dünyam” albomu haqqında söz

 

Dünyanın böyük rəssamlarının da albomu, bəlkə, mənim mizimin üstündə Məryəmin albomu qədər qalmayıb, bəlkə də mən onları Məryəmin albomu qədər vərəqləməmişəm və söhbət, aydın məsələdir, Məryəmi dünyanın böyük rəssamları ilə müqayisə etmək kimi mənasız bir mülahizədən getmir, söhbət bu albomun mənim üçün emossional təsir gücündən (bəlkə də “məhramanə təsir gücü” demək daha düzgün olar!) gedir. Bəlkə, bu yerdə yaş da öz işini görür, o mənada ki, insan yaşlaşdıqca, illər bir-birini əvəz etdikcə, bəzən, elə bil, həmin illər onu sona doğru yox, əvvəllərə aparır və bu “əvvəl” yalnız uşaqlıq xatirələri deyil, səni əhatə edən dünyanın ilkinliyidir, ilk görüşdəki saflığı, təmizliyi, paklığıdır, o saflığın, təmizliyin, paklığın sənin içindəki uzaqlıqlarda qalmış (və unudulmuş!) aurasıdır . Məryəm adi uşaq deyil, ancaq onun gördükləri və göstərdikləri, elə bil, qəfildən yadımıza salır ki, həyata münasibətdə bəzən nə qədər üzdən gedirik, dərinlərə – məntiqimizə sığmayan qatlara vara bilmirik və yaxud da varmaq istəmirik.

 Elə bil, Məryəmin bu müdrik (!) uşaq təbəssümlü rəsmləri bizi qınayır ki, siz nə üçün min illiklərdir ki, həyata mütləq bir bucaq altından baxırsınız və nə üçün sizə elə gəlir ki, həmin bucaq altından baxıb gördükləriniz, öyrəndikləriniz də mütləq həqiqətdir? Bu albomun adı “Mənim gözəl dünyam” (Bakı, “Şərq-Qərb”, 2010) qoyulub, ancaq adicə “Mənim dünyam” da ola bilərdi, çünki bu albomun mündərəcatı “gözəl dünya”dan daha artıq dərəcədə “sirri-xuda” olan dünyadan – irrasional dünyadan xəbər verir. Məryəmin özünün varlığı da, onun albomu da bizi hələ mənasını sona qədər dərk edə bilmədiyimiz (və görünür, heç zaman da dərk edə bilməyəcəyimiz!) dünya, kainat, həyat haqqında yenidən düşündürür. Məryəmin qardaşı və bu albomdakı mətnlərin müəllifi Cavid Ələkbərli yazır: “Mən gözəl başa düşürəm ki, bu, adi rənggarlıq anlayışından bir qədər kənara çıxan yaradıcılıqdır.” “Adi rənggarlıq anlayışı”, görünür, nəinki Məryəmin rəsmlərinə, ümumiyyətlə, onun bütün varlığına yaddır, çünki o özü də, artıq yazdığım kimi, adi deyil, qeyri-adidir və onun həyata, bizi əhatə edən dünyaya baxışı da bizim üçün beləcə qeyri-adi, gözlənilmz bir baxışdır. Bu – bizim üçün belədir, Məryəm üçün isə, əlbəttə, təbii və doğmadır. Bu təbiilik və doğmalıq onun bütün rəsmlərinə hopub, onun fırçası da, flomastrları, karandaşları da öz rənglərini, elə bil, bu təbiilikdən və doğmalıqdan çəkib çıxarıb. “Mənim gözəl dünyam” ilə bağlı telefon söhbətimiz əsnasında Məryəmin anası dedi: – Mənim bu dünyadakı missiyam Məryəmə xidmət etməkdən ibarətdir. Əlbəttə, bizim bu dünyadakı missiyamızı bütün dəqiqliyi ilə yalnız bizi bu dünyaya göndərən bilir, ancaq hər bir insanın da, görünür, daxilindən, içindən gələn mənəvi bir səlahyyəti var ki, öz həyatının mənasını, yəni özünün bu dünyadakı missiyasını düşüncələrinin, sarsıntılarının, sevinclərinin mayası kimi özü müəyyən etsin. Məryəmin anası özünün bu dünyadakı missiyasını belə müəyyən edib və mən bu sözləri yaza-yaza fikirləşirəm ki, bəs, Məryəmin bu dünyadakı missiyası nədir? “Məryəmin də missiyası bu dünyada gözəl şəkillər çəkməkdir!” – desək, elə bilirəm ki, bəsit cavab olar, çünki bu suala biz heç vaxt tam dəqiqliyi ilə cavab verə bilmərik və Məryəmin özü bu barədə nə düşünür, nə fikirləşir? – bu da bir sirri-xudadır. Məryəm ilə biz, görünür, başqa-başqa dünyalarda yaşayırıq və bu dünyalardan hansı daha realdır, daha zəngindir, daha mənalıdır? – yəqin, bu sualın da cavabı bizim təfəkkürümüzün ehtiva dairəsindən kənardadır. Məryəmin albomunu vərəqlədikcə məndə belə bir hissiyyat yaranırdı ki, elə bil, onun bu sadə və iddiasız rəsmləri, rəngləri bir maqnit cazibəsi ilə bizi mütləq doğmalardan çıxarır və düşündürür, akvarelə bürünmüş zərif bir kədərlə, qüssəylə xoşbəxtliyimizin və bədbəxtliyimizin də, qayğılarımızın, istək və ümidlərimizin də, əslində, tamam şərti və nisbi olduğunu bir daha bizə göstərir. Məryəm balıqları çəkir. Həyatda belə balıqlar yoxdur, daha doğrusu, həyatda Məryəmin gördüyü balıqları görə bilmirik. Ancaq o balıqların rəngi, onların üzdüyü dəniz sularının göyü, yaşılı, sarısı məndə elə bir təəssürat yaradırdı ki, mən bu balıqları görmüşəm, bu qəribə rəngli dəniz suları da canlı bir varlıq kimi mənim köhnə tanışımdır. Sadəcə olaraq, mən o balıqları bəlkə də keçmişlərdə qalmış yuxularda görmüşəm, o qəribə rəngli dəniz suları ilə də, yəqin ki, elə o zamanlar yuxuda tanış olmuşam. Məryəm gülləri çəkir. O güllərin də bir qismini, yəqin, həyatda tapmaq çətindir, ancaq bir qismi də həyatda olduğu kimi yəni real bir oxşatma ilə çəkilib və ən qəribəsi, təsirlisi də budur ki, Məryəmin çəkdiyi o real ağ, qırmızı qızılgülləri də, günəbaxanı da, yasəməni, lalələri də mən, elə bil, həyatda yox, elə həmin yuxularda görmüşəm. Bizim gözəl yuxularda gördüklərimizi Məryəm həyatda görür.

Məryəmin natürmortları, mənzərələri həyatda bizim görə bilmədiyimiz, yalnız yuxulardan xatırlaya biləcəyimiz natürmortlar, mənzərələrdir. Elə bil, biz Məryəmin albomunda gördüklərimizi o uzaq yuxulardan oyandıqdan sonra unutmuşduq, indi isə bu rəsmlər onları bir-bir bizim yadımıza salır. Bəlkə də, elə buna görə, albomu vərəqlədikcə, biz Məryəmin rəsmlərindəki hisslər aləminin tər-təmizliyini, şəffaflığını artıq yuxularda yox, reallıqda (bizim reallığımızda!) az qala, cismən hiss edirik. Məryəmin çəkdiyi şirlər, tülkülər, itlər, xoruzlar dünyanın ən məsum və mehriban məxluqatıdır. Həm də onlar çox sadəlövhdürlər və onların bu sadəlövhlükləri səmimiliklərindən gəlir; o şirlər, tülkülər, itlər, xoruzlar nə qədər sadəlövhdürlərsə, bir o qədər də səmimidirlər. Məryəm günəşi çox sevir, tez-tez qatı sarı boyalarla günəşi çəkir və onun günəşlərinə baxarkən, adama elə gəlir ki, günəş də eyni təmiz bir sevgi ilə Məryəmi sevir; yəqin elə buna görə də, onun hətta günəş olmayan şəkillərində də eləcə tər-təmiz günəş istisi, hərarəti var. Məryəmin qırmızı, sarı rəngli atlarını, qırmızıburun kenqurusunu, iri-iri göy, yaşıl, bənövşəyi xalları olan zürafəsini, mavi zolaqlı zebrasını, qırmızı, sarı, yaşıl xoruzunu, kontras rənglərlə boyanmış kəpənəyini bu qədər işıqlı və emossional edən də elə həmin isti, həmin hərarətdir. Məryəmin çəkdiyi xalçaların, ornamentlərin, kompozisiyaların rəngləri – hansılığından asılı olmayaraq – eləcə isti və hərarətlidir. Bu albomda soyuq rəng yoxdur. Məryəm rəqəmli kompozisiyalar çəkir: bəzən qırmızı, bəzən boz, bənövşəyi fonlarda rəngbərəng rəqəmlər.

 Hələ formalaşmamış uşaq xətti ilə çəkilmiş bu rəqəmlər, bu kompozisiyalar, doğrusu, məndə qəribə bir təəssürat yaratdı: elə bil, söhbət uşaq xətti ilə çəkilmiş adi rəngbərəng rəqəmlərdən yox, başqa bir sivilizasiyanın kodlarından gedir. Bəlkə elə doğrudan da belədir və Məryəm sadəcə olaraq, bunu bizə başa sala bilmir? Bəlkə, biz onu başa düşə bilməyəcəyik, ona görə? Məryəmin ipək üzərindəki naxışları mənə stilizasiya edilmiş piktoqrafik yazıları, qədim Misir, Şumer əlifbalarını xatırlatdı. Kim bilir, bəlkə də Məryəmin ipək üzərində çəkdiyi bu naxışlar ən qədim dövrlərdən gələn genetik yaddaşın diktə etdikləridir ki, bunların mənasını nə o özü bilir, nə də biz? Ümumiyyətlə, Məryəmin kompozisiyalarında, ipək üzərində çəkdiyi naxışlarında nəsə mistik bir aura, sufi bir ab-hava var, ancaq bu mistika, bu müəmma qətiyyən qorxutmur, hürkütmür, səksəndirmir, əksinə, bu, əgər belə demək olarsa – güman edirəm ki, indiki kontekstdə olar! – mehriban bir mistikadır; hətta ümid, nikbinlik yaradan bir müəmmadır ki, bizim yaşadığımız bu dünya ilk və son məskənimiz deyil, torpaqda yox olub getmirik, əvvəl və sonralar var, yaddaşımız həmişə bizimlə olacaq və həyat dediyimiz məfhumun bütün sirrləri haçansa bizə məlum olacaq. Məryəmin o balıqları, o rəngbərəng dəniz suları məni min il bundan əvvəllərə apardı və həmin anlarda beynimdən Məryəmin dəniz sularının rənglərindən də qəribə bir fikir keçdi: bəlkə o balıqlar, o rəngbərəng dəniz suyu mənim öz uşaqlıq yuxularımda yox, ulu babalarımın uşaqlıq yuxularında gördükləridir? bəlkə, mənim uşaqlıq çağlarım yalnız mənə malik deyil? bəlkə mənim (və ümumiyyətlə, hamımızın!) uşaqlıq çağlarımın min illərlə tarixi var ki, heç özümün də (özümüzün də!) bundan xəbərim (xəbərimiz) yoxdur? Məryəmin Şaxta babası da, Klounu da psixoloji portretləri ilə, akademik və yaxud mücərrəd janr xüsusiyyətləri ilə yox, qəribə rəngləri və duruşları, assimmetrik gözləri, qolları, ayaqları ilə gülməli və doğmadır. Albomdakı qeydlərdən belə məlum olur ki, Məryəmlə iki professional rəssam-pedaqoq məşğul olub, ancaq Məryəmin fitri istedadı, vergisi, bir az da geniş götürsəm, öz daxili aləmi, daxili dünyası, görünür, professionallıq qayda-qanunlarına tabe olmur və mən bunu Məryəmin albomunun ən gözəl cəhəti hesab edirəm. Əlbəttə, pedoqoji baxımdan, bəlkə də, qəbuledilməz bir fikir söyləyirəm, ancaq yəqin bütün sahələrdə istisna mövcuddur, yəni hər bir həyat hadisəsi diferensial yanaşma tələb edir, çünki elə həyat faktları var ki, onlar heç vəchlə ümumi qəliblərə sığışmır. Müəllimlər fırçanı necə tutmağı, molbertin qarşısında necə oturmağı, yaxud da rəngləri necə qarışdırmağı Məryəmə öyrədiblər və bu, şübhəsiz, böyük zəhmətin, təcrübənin, məhəbbətin nəticəsidir, böyük də hörmətə layiqdir. Ancaq mənin bu albomda gördüklərimə görə, Məryəmin çəkdiyi şəkillər pedaqoq dərslərindən əxz elədiklərindən daha artıq, öz iç dünyası ilə ünsiyyətinin, öz iç dünyasına sədaqətinin ifadəsidir. O dərslər ki, adi istedadlı uşaqları gələcəyin professional rəssamları edir, həmin dərslər Mərfyəmin istedadı üçün məhdudiyyət yarada bilərdi, onun fantaziyası qarşısında bir səddə çevrilərdi, onun baxış bucağının səmtini dəyişərdi, öz gördüklərini ona (və istedadına!) yad olan gözlərlə görməyə məcbur edərdi. Mən Məryəmlə məşğul olanların əməyinə, indicə dediyim kimi, böyük hörmətlə yanaşıram, ancaq eyni zamanda, fikirləşirəm ki, Məryəmin istedadının azadlığına hətta ən məharətli pedaqoqların belə yüksək elmi-nəzəri vasitələrlə müdaxilə etməsi (bu rəsmlərdəki assimmetriyaları simmetriyaya salmaq, yaxud onun zebrasındakı zolaqların rəngini dəyişmək...) bu istedadın şirəsini quruda bilər, çünki bu istedad heç bir akademik qayda-qanun tanımır, onun buna ehtiyacı yoxdur və onun qiyməti də elə bundadır. XX əsrdə estetik bir cərəyan kimi primitivizm – sənətkarın həyat gerçəkliklərindən ibtidaiyə qaçışı, sabitləşmiş, ənənəvi mədəniyyətə etirazı idi, bədii-estetik protest idi. Sənətkar bilərəkdən gördüklərinin və düşündüklərinin ibtidai ifadəsini verirdi, bu, düşünülmüş, akademik təhsil vasitələrindən istifadə edilərək yaradılan bir ibtidailik (yalançı ibtidailik!) idi və sənətin minilliklər boyu davam edən eksperimentlərindən biri idi. Mən bunları ona gərə yada salıram ki, yuxarıda söylədiyim fikri bir daha aydınlaşdırım: Məryəmin albomundakı ibtidailik təbiidir, səmimidir, sonradan əldə edilən “akademik ibtidailik” deyil və bu cəhət onun rəsmlərinin emossional təsiri gücünə də eləcə bir səmimi sadəlik gətirir. Məryəm atasını, anasını, qardaşını çox vaxt güllərlə, narlarla bərabər çəkir və həmin qəribə güllər, qeyri-tənasüb narlar aşkar bir məhəbbətin, sevginin ifadəsidir. Onun avtoportretləri də bizim gördüyümüz qızın, yəni Məryəmin güzgüdəki əksi yox, onun öz dünyasından özünə baxıb gördüyüdür. Biz, yəni adi insanlar həmin dünyaya girə bilmərik, çünki həmin dünyanın təmizliyi yəqin ki, bizi (hər halda, bizim çoxumuzu!) qəbul etməz... Cavid Məryəmin dəniz mövzusunda çəkdiyi şəkillərdən bəhs edərək, yazır: “Məryəm də, mən də erkən yaşlarımızdan üzməyi öyrənmişdik. Amma mənim üçün üzmək məşqul olduğum idman növlərindən sadəcə biri idi. Məryəmin isə dənizə bambaşqa münasibəti vardı. Üzməyi bacardığı ilk günlərdən dəniz onun üçün olduqca doğma və yaxın bir aləmə çevrilmişdi.” Cavidin söylədiyi bu “Məryəm-dəniz” doğmalığında, yəqin, üzvi bir qanunauyğunluq var: dəniz sularındakı çəkisizlik, azadlıq, görünür, Məryəmin dünyasına ən uyğunudur və onun rəsmlərini də məhz belə bir azadlıq, hətta mən deyərdim ki, “bədii-estetik çəkisizlik” səciyyələndirir. Cavid yazır ki, Məryəm Disneyin filmlərini çox xoşlayır və şübhəsiz ki, burada da eləcə üzvi bir qanunauyğunluq var: Disney rənglərinin gözəlliyindən, süjetlərinin səmimiliyindən başqa, Disney qəhrəmanlarında da bir yüngüllük, çəkisizlik var, onların civə kimi cəldlikləri öz enerjisini xeyirhaqlıqdan, mehribanlıqdan alır, onların kini, hikkəsi, hədəsi qətiyyən qorxulu deyil, çünki onların qəzəblərində də bir mərhəmət var. Onların arasında pis yoxdur, hamısı yaxşıdır və hər şey bütün hadisələrin gözəl sonluğundan xəbər verir. Mən dedim ki, Məryəmin albomunda soyuq rəng yoxdur. Ona görə ki, bu albomdakı rəsmlər təmiz hisslərin, məsum arzuların, səmimi məhəbbətin ifadəsidir. Əslində, rənglər eynidir və onların soyuqluğu, yaxud da istiliyi əlində fırça tutan varlığın yaşından, sağlamlığından, savadından asılı olmayaraq, həmin varlığın ürəyinin soyuqluğunun, ya da ki, əksinə, hərarətinin sənət dilindəki təzahürüdür. Cavid Məryəmin Yeni il, Novruz, ad günləri mövzularında çəkdiyi şəkilləri “Bayram” blokuna yığıb və rəngli şəkillərin hamısını həmin blokla yekunlaşdırıb. Mən ona görə “təbii olaraq” deyirəm ki, Cavidin “Dəniz”, “Güllər”, “Heyvanlar”, “Portretlər”, “Xalça” başlıqları ilə qruplaşdırdığı şəkillər artıq “Bayram”a qədər bir bayram ovqatı yaradır. Çox təəssüf ki, bu bayram tam deyil, bu rənglər sevincinin içindən, yuxarıda yazdığım kimi, bir qüssə, kədər dalğası keçir: nə üçün? Nə üçün təbiət bu cürə istedad verdiyi bir qıza, həmin istedadı tam şəkildə ifadə edə bilmək imkanı verməyib? Ancaq mən, deyəsən, bu təəssüflə, bu emosional suallarla yenə öz mütləq həqiqətlərimizdən kənara çıxa bilmirəm. Məryəmin albomu isə bizi cəsarətli olmağa səsləyir... 2 yanvar 2011. Bakı.

 

 

ELÇİN

 

525-ci qəzet.- 2011.- 5 fevral.- S.16.