“On il” felyetonu Üzeyir bəyə məxsus deyil

 

ÜZEYİR BƏY İRSİNƏ CİDDİ MÜNASİBƏT VACİBDİR

 

“Respublika” qəzetinin 26 yanvar 2011-ci il tarixli nömrəsində Şəfəq Nasirin “Börklərinizi qaldırın, cənab fakt gəlir ...” (Məmmədəli Nasirin “On il” felyetonu ətrafında qeydlər) sərlövhəli bir yazısı dərc olunmuşdur. Məlumat üçün qeyd edim ki, keçən il respublika mətbuatında Səadət Qarabağlının belə bir sensasiya xarakterli yazısı çıxdı ki, guya “Üzeyir Hacıbəyovun felyetonu tapılıb”. Söhbət “Molla Nəsrəddin” jurnalının 7 noyabr 1927-ci il tarixli 45-ci nömrəsində dərc edilmiş “On il” felyetonundan gedir. Bu barədə mübahisələr indi də davam etməkdədir. Qeyd edim ki, S. Qarabağlı Üzeyir bəyin yeni bir felyetonunu nə tapıb, nə də kəşf edib. Əslində bu felyeton heç Üzeyir bəyə məxsus da deyil. Bəs bu səhv haradan qaynaqlanır? Üzeyir bəy ədəbi –bədii irsinin görkəmli tədqiqatçısı Qulam Məmmədli “Üzeyir Hacıbəyov – 1885 – 1948. Həyat və yaradıcılığının salnaməsi” kitabında yazmışdır: “7 noyabr “Molla Nəsrəddin”; ¹ 45, Bir nəfər – “On il”; Namuslu – “Oktyabr və teatr” (səh. 339). Deməli, ümumilikdə “On il” felyetonunun Ü.Hacıbəyova məxsus olması barədə ilk məlumatı Q.Məmmədli vermişdir. Eyni zamanda onun Cəlil Məmmədquluzadəyə həsr olunmuş və 1984-cü ildə işıq üzü görmüş “Molla Nəsrəddin salnaməsi”nin 463-cü səhifəsində oxuyuruq: “Molla Nəsrəddin” jurnalının 7 noyabr 1927-ci il tarixli 45-ci nömrəsi çıxmışdır: Molla Nəsrəddin – “Oktyabr inqilabı və şaxsey”; Bir nəfər – “On il”. Göründüyü kimi Q.Məmmədli “On il” felyetonunu həm Ü.Hacıbəyova, həm də C.Məmmədquluzadəyə məxsus olduğunu yazmışdır. Fikrimizcə, bu, böyük tədqiqatçının cüzi bir səhvi idi. Əslinə qalsa, “Bir nəfər” imzası ilə dərc olunmuş bu felyeton nə Üzeyir bəyə, nə də ki, C.Məmmədquluzadəyə məxsusdur. Şəfəq Nasirin apardığı tədqiqat inandırıcı surətdə göstərir ki, bu yazının müəllifi Məmmədəli Nasirdir. Qeyd etmək lazımdır ki, son illər Üzeyir bəyin ədəbi –publisistik irsinə dair diqqətəlayiq tədqiqatlarla yanaşı, bəzi xoşagəlməz faktlar da özünü göstərir. Məsələn, 2007-ci ildə Tahir Aydınoğlu və Səadət Qarabağlının birlikdə nəşr etdirdikləri “Üzeyir bəy Hacıbəyov” və “Molla Nəsrəddin” kitabçası bu qəbildəndir. Müəlliflər iddia edirlər ki, guya onlar Ü.Hacıbəyovun müxtəlif illərdə “Molla Nəsrəddin”də dərc olunmuş 7 felyetonunu “aşkar” ediblər. Göstərim ki, onların aşkar etdiyi yeni bir şey yoxdur. Müəlliflərin istinad etdikləri imzalar və felyetonların hamısı Q.Məmmədlinin “İmzalar” (1977) və “Üzeyir Hacıbəyov salnaməsi”ndə (1984) göstərilmişdir. Burada da mərhum Q.Məmmədli bir sıra nöqsanlara yol vermişdir. Bu nöqsanlar ilk növbədə onun “İmzalar” kitabçasında özünü göstərir. Buraxılan xətalar 1920-ci ilin aprelindən – bolşeviklərin hakimiyyəti zəbt etməsindən sonrakı dövrə aid yazıların Ü.Hacıbəylinin adına çıxılması ilə bağlıdır. Məsələn, Q.Məmmədli yazırdı ki, guya Ü.Hacıbəyovun “Molla Nəsrəddin” jurnalının 1925-ci il 25-ci nömrəsində “Yalançı” imzası ilə felyetonu dərc olunmuşdur. Adını çəkdiyimiz kitabçada həmçinin göstərilir ki, “Yalançı” imzası “Molla Nəsrəddin”də “Qəribə mühakimə” (yanvar 1924-cü il, ¹ 1) və “Oktyabr və teatr” (7 noyabr 1927, ¹ 45) felyetonları da dərc olunmuşdur. Hər iki felyetonu diqqətlə nəzərdən keçirdikdə məlum olur ki, onların Üzeyir bəyə qəti dəxli yoxdur. Məsələn, “Oktyabr və teatr” felyetonu belə başlanır: “Bu oktyabr inqilabını çıxardanların evi yıxılsın ki, bizim lap evimizi yıxdılar”. Kim inana bilər ki, 1927-ci ildə müsavatçı kimi daim ÇK-nın nəzarəti altında olan Üzeyir bəy bu ifadələri işlətsin. Ümumiyyətlə, Sovet dövründə o, gizli imza ilə heç bir felyeton yazmamışdır və yaza da bilməzdi. Bu felyetonları Üzeyir bəyə aid etmək ciddi xətadır. Adı çəkilən “Üzeyir Hacıbəyov” və “Molla Nəsrəddin” kitabçasında Üzeyir bəyə aid anlaşılması mümkün olmayan digər iddialar da irəli sürülür. Məsələn, qeyd olunur ki, 1903-cü ildən 1948-ci ilədək guya Üzeyir bəyin müxtəlif qəzet və dərgilərdə 4 minə yaxın yazısı dərc olunub (səh. 23). Əvvəla, Üzeyir bəy 1903-cü ildə Qori seminariyasının tələbəsi idi və onun bu dövrdə heç bir yazısı dərc olunmamışdır. Digər tərəfdən, tədqiqatçılar onun 1904-cü ildən 1920-ci ilədək (bolşevik işğalına qədər) 584, 1921 –1948-ci illər arasında isə 95 əsərini müəyyən etmişlər. Yəni, bütövlükdə böyük ədibin əsərlərinin sayı 700-ə qədərdir. S.Qarabağlının iddiasından isə belə çıxır ki, Üzeyir bəyin 3300 əsəri hələlik müəyyən edilməmişdir. Əlbəttə ki, bu cür məsuliyyətsiz iddialar yersizdir. S.Qarabağlı daha sonra yazır: “Məharətli jurnalist, mühərrir kimi fəaliyyətə başlayan Ü.Hacıbəyov “Kaspi”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Yeni İqbal”, “Açıq söz”, “Sovqat”, “Azərbaycan”, “Molla Nəsrəddin” və s. mətbuat orqanlarında çıxış edərək onu düşündürən məsələləri xalqa çatdırmışdır” (səh. 29). Burada mətbuat orqanlarının xronoloji ardıcıllığının pozulması bir yana, hətta, “Həyat” və “İrşad” kimi nəşrlərin adı belə qeyd olunmamışdır. Halbuki, Üzeyir bəyin əsas felyetonları bu mətbuat orqanlarında dərc edilmişdir. Müəllif başqa bir yerdə iddia edir ki, “İndiyə qədər Üzeyir bəyin 64 imzası məlum idi. Son araşdırmalardan sonra isə böyük publisistin 67 gizli imzası aşkar edilmişdir”(? səh. 29). Bu da olduqca əsassız və heç bir elmi arqumentə söykənməyən iddiadır. Bütövlükdə Üzeyir bəyin imzalarını Q.Məmmədli müəyyən etmiş, Mirabbas Aslanov isə onları dəqiqləşdirmişdir. Onun 131 imza ilə çıxış etməsi fikrinin heç bir əsası yoxdur. Ü.Hacıbəylinin zəngin ədəbi –publisistik irsi ciddi və məsuliyyətli tədqiqat işi tələb edir. Burada əsassız iddialara, özfəaliyyətə yol verib oxucuları çaşdırmaq olmaz. Qarşıda Üzeyir bəyin əsərlərinin akademik nəşri kimi vacib və məsuliyyətli vəzifə durur. Bu işi də tezliklə həyata keçirmək lazımdır ki, bu cür özfəaliyyətə yol verilməsin. Mübahisəyə son qoymaq üçün söhbəti gedən “On il” sərlövhəli felyetonu oxuculara təqdim edirəm. Üzeyir bəyin ədəbi –publisistik irsi ilə az –çox tanış olanlar təsdiq edə bilər ki, bu felyeton istər məzmunu, istərsə də dil –üslub və düşüncə tərzilə əsla Üzeyir bəyə xas olan yazı deyil. Həm də 1927-ci ildə oktyabr inqilabının 10 illiyi günündə Üzeyir bəyin belə bir felyetonla çıxış etməsi ağlasığan iş də deyildir.

 

ON İL

 

İnsan papağını çıxarıb qabağına qoyaraq keçən günləri nəzərdən keçirdikcə öz –özünə diyor: bəlkə bu xəyalatdı. Nə on il bundan qabaq olan işlər doğrudur, nə də imdi gördüklərimiz, bəlkə bu ikisi də yuxudur, ya da bizi qara –qura basır. On il bundan qabaq Qafqaz şəhərlərində arvad məsələsinə böyük “əhəmiyyət” verirdilər. Məscid və minbərlərdə bu məsələ barəsində çox danışıq gedirdi. İmdi də bu barədə danışıq vardır. Qadın məsələsi iclaslarda danışılır. Hər yanda qadınlar xatirə salınır. Ancaq burada bir balaca güriz vurmaq lazımdır ki, məsələ aşkar olsun. Əgər xatirinizdə qalmışdırsa, on il bundan qabaq bir Gögərçin xanım var idi. Rəvayətə görə bu xanım türk idi. Ancaq özü türk ola –ola nə Fatimeyi –Zəhradan və nə də öz türk olmağından utanmayıb düşürdü şəhərbəşəhər buğuburma kişilər ilə bu teatrların canına, nədir –nədir mən oyun çıxardacağam. Hətta bu xanım bir dəfə də İrəvana gəlib çıxmışdı. Burada bunun türk xanımı olduğunu bilən qeyrətli cavanlarımız cuşə gəlib onu səhnədə oynadığı zaman öldürmək istəmişlərdir: ancaq arzularına çata bilməmişlərdi. O zaman eşitdigimizə görə, Bakı qoçuları da bu fikirdə imiş. On il bundan iləri bir türk qızı məktəbə gedəndə hamı barmaq ilə göstərir idi. Mömin Əli şiələri şkolaya gedən qızların atası, qardaşı və nə də qövm –əqrabası ilə həqqi –səlam eləməzdilər. O zaman hicab barədə Molla Nəsrəddin əmi də cızığından çıxdı və Bakı qazısı ilə Bakı türk qəzetələri haray –dad qopartdılar. Hər nə isə, o zaman qadınlarımızda bir həya – hörmət var idi. Ərin qulluğunda itaətdə idilər. Ər on arvad da alsa idi, arvad cınqırığını da çəkə bilməzdi. O zaman qızların ixtiyarları ata –analarında idi. Əgər bir qız bir oğlanı sevib getsə idi, onu el içində daşqalağı edərdilər. O zamanlar bizim arvadlarımız ev işi ilə yas yerindən başqa bir şey anlamazdılar. Bunların hamısına səbəb o idi ki: o zaman Gəncədə Mirbağır Ağa, İrəvanda Hacı Şeyxəli Əkbər, Qubada Molla Hacıbaba və qeyri şəhərlərdə bunlar kibi vücudların ciddi –cəhdləri sayəsində islam qadınları bu dərəcədə namuslu və Fatimeyi –Zəhra kənizinə layiq bir surətdə özlərini aparırdılar. İmdi o rəhmətliklərə deyən ola ki: topraqdan bir baş qaldırın görün dünya nə xarablaşıbdır. Siz sağlığınızda bir Gögərçin qadının dərdin çəkə bilmirdiniz, imdi min gögərçinlər vardır. Teatrolarda bunlar üz –gözləri açıq bütün cəmaət içində ortaya düşüb oynuyorlar, onları öldürmək fikrinə düşən zad da yoxdur. Bəlkə xoşları gələndə bir əl də çalırlar. Ay rəhmətliklər, durun ayağa sizi aparım Bakı ünas pedaqoji texnikumuna, “Əlibayramov” klubuna və qeyri bu kibi yerlərə, görün nə qədər türk xanımları oxuyurlar. Bakıda olan fabrika və sənətxanələrə baxsan, çox payı arvadlardandır. Əgər keçən ay Bakıda çağrılan qadınların qurultayında onların xilafi – şəri danışdıqların görsə idiniz, lap dəli olardınız. Qadınlar arasında olan bu yoldan çıxmaqlıq ancaq bu on ilin içində olubdur. Ah, bu on il.

Bir nəfər “Molla Nəsrəddin”, 7 noyabr 1927, ¹ 45

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzetş.- 2011.- 5 fevral.- S.11.