İqtisadi İnkişaf Nazirliyi şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə çərçivəsində 2011-ci il üçün fəaliyyət planını təsdiq edib

 

İqtisadi İnkişaf Nazirliyi 2011-ci ilin oktyabrına qədər lisenziya və icazələrin verilməsi sisteminin sadələşdirilməsinə yönəldilmiş təkliflər paketini hazırlamağı planlaşdırır. Bu barədə nazirlikdən bildirilib. Belə təkliflərin hazırlanması İqtisadi İnkişaf Nazirliyinin şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə dair Milli strategiyanın həyata keçirilməsi çərçivəsində 2011-ci il üçün fəaliyyət planına daxil edilib. Plana əsasən İqtisadi İnkişaf Nazirliyinin strukturları Ədliyyə, Rabitə və İnformasiya Texnologiyaları Nazirlikləri ilə birgə iyunun 15-dək qeydiyyatın, lisenziyaların, icazələrin, şəhadətnamələrin, müxtəlif arayışların verilməsinin elektron sistemə köçürülməsi üzrə təkliflər hazırlamalıdırlar. Bununla yanaşı sentyabrın 15-dək nazirliyin strukturları Ədliyyə Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə lisenziyaların və icazələrin verilməsi prosedur və müddətlərinin sadələşdirilməsi üzrə təkliflər hazırlamalıdırlar. Planda həmçinin sahibkarların kreditləşdirilməsinin genişləndirilməsi, o cümlədən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə layihələrinin maliyyələşdirilməsi həcminin artırılması üçün tədbirlər keçirilməsi də nəzərdə tutulur. Bununla yanaşı nazirlik cari ildə sahibkarlıq subyektlərində əsassız yoxlamaların qarşısını almaq üçün tədbirlər keçirməyi planlaşdırır. Belə ki, bu istiqamətdə “Istehlakçıların hüquqlarının müdafiəsi üçün yoxlamaların aparılmasının vahid qaydalar”ının hazırlanması, müxtəlif dövlət qurumları tərəfindən müxtəlif sahibkarlıq obyektlərində aparılan yoxlamalarda İqtisadi İnkişaf Nazirliyinin əməkdaşlarının iştirak mexanizmini təkmilləşdirmək planlaşdırılır. İqtisadi İnkişaf Nazirliyinin müxtəlif qurumlarına həmçinin müntəzəm olaraq sahibkarların qarşılaşdıqları problemlərin təhlilini aparmaq və qanunvericilik çərçivəsində onların aradan qaldırılması üçün tədbirlər görmək tapşırılıb. Bundan başqa, nazirliyin qurumları beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan üzrə hazırlanan hesabatların təhlilini aparmalıdır, bu hesabatlar çərçivəsində təkliflər hazırlamalıdırlar. Ümumiyyətlə, planda 49 tədbirin keçirilməsi nəzərdə tutulur.

 

 

Ülkər NƏBİYEVA

 

525-ci qəzet.- 2011.- 10 fevral.- S.3.