Uşaq və Gənclərin İnteqrativ
Tamaşalarının Milli
Festivalı keçirilib
Azərbaycan Teatr Xadimləri İttifaqında (Aktyorlar Evində) Əlilliyi olan Uşaq və Gənclərin İnteqrativ Tamaşalarının Milli Festivalı gerçəkləşib. Festival “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi və “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyi tərəfindən təşkil olunub. Festivalın həyata keçirilməsində əsas məqsəd incəsənət vasitəsilə Azərbaycanda əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və onların müsbət imicinin formalaşdırılmasıdır. Festivalın keçirilməsinin digər əsas məqsədi – əlilliyi olan insanların teatral yaradıcılığının inkişafına yardım etmək, Azərbaycanda xüsusi teatrların yaradılmasına və inkişafına kömək etməkdir. Bu il tədbirdə Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən 6 əlil-uşaq və gənclər təşkilatı iştirak edib. Festivalda əlilliyi olan uşaq və gənclər Azərbaycan və dünya ədəbiyyatının əsərləri əsasında səhnələr nümayiş etdiriblər. Qeyd edək ki, festival Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, USAİD, “Save the Children” Humanitar Təşkilatının dəstəyi ilə həyata keçirilir.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 11
fevral.- S.7.