Nitsşe dühası – insanlıq davası

 

Tarixdə narahat şəxsiyyətlər çox olub: inqilabçılar, şairlər, rəssamlar. Belələri filosoflar arasında rast gələndə daha çox nəzərə çarpır. Lakin məsələnin daha maraqlı bir tərəfi belə mütəfəkkirlərin özlərini, görüşlərini sevən, araşdıran, bir növ öz həyatının bir hissəsinə çevirən şəxslərin sanki get-gedə öz obyektinə bənzəməsi, hətta onun taleyini bölüşməsidir. Bu müsbət mənada da ola bilər, mənfi mənada da. Sanki belə şəxsiyyətlərin narahatlığı illərin, əsrlərin sədlərini keçib oxşar ruhlu insanları tapıb “yoluxdurur”. Belə şəxslərdən ilk yada düşən Həllac və Nitsşedir. Dahilik və dəlilik arasında müvazinətini itirən Həllac və Nitsşe! “Ənə-l-Həqq,” – deməklə insanı göylərə qaldıran Həllac, “Tanrı öldü,” – deyib insanı uçuruma itələyən Nitsşe! İlahi həqiqətlərin dərkinə, ən ali məqama ucalmağa yalnız insanın qüdrəti çatdığını vurğulayan Həllac və insanı ən sağlam dəstəkdən məhrum edən Nitsşe! Biri insanlıq məqamının iblis üçün əlçatmaz olduğunu sübut edən Kamil İnsanın bələdçiliyi, digəri isə iblislə zəhərlənmiş mənəvi aləminin sağalmasına ümidini itirən, bu səbəbdən insan olmaq istəməyən, insana nifrət edən, onu məhv edib, üzərindən adlayıb keçmək yollarını axtaran yeni bir canlının hayqırtısıdır! Bu məqalə müqayisə deyil. Nitsşenin öz bəlası və nitsşeçiliyin bəlası haqqındadır. Bu, sadəcə nitsşeçiliyə qarşı bir peyvənddir! Yəni hələ yoluxmayanlar üçün nəzərdə tutulub. Yoluxanlar üçün isə daha böyük əməliyyat – əsaslı bir elmi məqalə lazımdır. İşimin çox çətin olduğunu bildiyim üçün köməyimə Nitsşenin müasirlərini, yaxud onu məndən daha yaxşı tanıyan “böyükləri”, ən əsası isə, Nitsşenin özünü çağıracam. 1. Nitsşe iyrənc bir mühitin yetirməsi idi və üsyanı buna qarşı idi. Rasional ağlın mütləq hakim olduğu, elmin-texnologiyanın bütün müqəddəs dəyərləri sıxışdırdığı XIX əsr. Bu, həmin dövr idi ki, böyük alman romantik şairi Fridrix Hölderlin sözün həqiqi mənasında ağlını itirmişdi və “Hər şey iyrəncdir, ətrafda hər şey pisdir, murdardır”, – deyə haray çəkirdi. İnsanlar onu dəhşətə gətirirdi: “Almanlardan rəzil xalq yoxdur! Siz onların arasında sənətkar taparsınız, insan yox, mütəfəkkir taparsınız, insan yox, keşiş taparsınız, insan yox, ağa və qul, cavan və qoca taparsınız, amma insan yox”. Hegel də reallığın boğucu olduğunu, insanların get-gedə mənən rəzilləşdiyini görüb bildirirdi ki, “alman həyatı indiki vəziyyətində qala bilməz, çünki hər şey bütün qüvvəsini, bütün ləyaqətini itirib, nə isə mənfi bir hadisəyə çevrilib”. Dövr öz izini Nitsşenin də üzərində qoymuşdu və o, öz alman mənşəyini gizlədir, inkar, pessimizm, nifrət dolu idi: “Mənə mənim əsl insanlarım hələ çatmır”, – deyə haray çəkirdi. Bununla belə, onun fəlsəfəsində sələflərinin izi açıq-aşkardır. Onun müasiri və tədqiqatçısı olan Fulye yazır: “Nitsşe özünün qələmə verdiyi kimi, heç də ali bir orijinallığa malik deyil. Yunan sofistikasını və yunan skeptikliyini Hobbsun naturalizmi və Şopenhauerin monizmi ilə qarışdırın, Darvinlə düzəliş edin, Russo və Didronun paradokslarından təmizləyin və sizdə Zərdüştün fəlsəfəsi alınacaq”. Onun fəlsəfəsi bir növ sələflərinin görüşlərinin konsentrantı idi, amma eklektik şəkildə deyil, boğulan “mən”in süzgəcindən keçmiş halda. 2. Nitsşe dinin yox, xristianlığın əleyhinə idi. Nitsşe XIX əsrin insanını normal insani keyfiyyətləri ölmüş bir varlıq hesab edir və bu işdə birmənalı olaraq xristianlığı günahlandırır: “Xristianlıq insanın ali tipinə ölüm-dirim müharibəsi elan elədi; o, bu tipin bütün əsas instinktlərindən üz çevirdi; bu instinktlərdən o, şər anlayışını, şər insanı sıxıb çıxartdı güclü insan yararsız insana, “səfilə” çevrildi”. Bu yerdə tez-tez Nitsşe fəlsəfəsi ilə müqayisə edilən təsəvvüf fəlsəfəsinin qadın mütəfəkkiri Rabiə əl-Ədəviyyə yada düşür. O da insanların ikiüzlülüklərindən bezərək “Gedirəm cənnəti yandırıb, cəhənnəmi söndürəm ki, bu yolu bağlayan iki pərdə aradan qalxsın, məqsəd görünsün, Tanrının qulları Ona ümid və qorxusuz qulluq etsinlər. Əgər cənnət ümidi, cəhənnəm qorxusu olmasaydı, heç kim tanrıya baş əyib, itaət etməzdi,” – deyə üsyan etmişdi. Bəli, oxşar cəhətlər tapmaq mümkündür. Lakin əhəmiyyətli bir fərq var ki, mütləq nəzərə alınmalıdır. Rabiə əl-Ədəviyyə Tanrıya aparan yolları – insanı Tanrıdan yayındıran, imanına qeyri-səmimilik qatan şeyləri məhv etməyə çalışır ki, insan öz Yaradanı ilə baş-başa qalsın, öz mahiyyətini daha aydın görüb dərk etsin. Nitsşe isə Tanrını məhv edir ki, insan insanla üz-üzə qalsın – ülvi duyğuları, müqəddəslik hissi ölmüş “mən”i ilə. Lakin kim nədən imtina edir? Rabiə sevgi, eşq, gözəllik, həqiqət dolu Rəbbinə çatmaq üçün hər şeyi məhv etməyə hazırdır. Bəs Nitsşe? O yazır: “Onların Tanrı deyə adlandırdıqları onlara zidd gedən və əzab verən idi; həqiqətən də, onların itaətində qəhrəmanlıq çox idi! Onlar da öz Tanrılarını insanı çarmıxa çəkməkdən başqa cür sevə bilmirdilər!” İnsan öz Tanrısından əzab verməyi öyrənir! Nitsşe bu Tanrıdan və bu insandan imtina edir! O, xüsusi olaraq vurğulayır ki, onun lənəti yalnız və yalnız (!) xristianlığa və öz xalqına aiddir. O, insanları boşluğa, yalana yuvarladığı üçün öz dinini lənətləyir. Nitsşe dühası anlamaya bilməzdi ki, əslində insanın saf, fədakar bir imana, ali bir Bələdçiyə böyük ehtiyacı var və Allaha iman gətirən xalqın böyüklüyü elə onun imanındadır: “Özünə inanan xalqın özünün də Allahı var. O, onu ayağa qaldıran şərtlərə – öz xeyirxahlığına görə O-na ehtiram göstərir. Onun özünəgüvəni, hakimiyyət hissi bunlara görə şükür edilə biləcək varlıqda təzahür edir. Kim varlıdırsa – vermək istəyir; qürurlu xalqın bir ilahiyə ehtiyacı var ki, yolunda qurban versin... Belə olan şərtlərdə din təşəkkürün ifadəsidir. Öz varlığına görə minnətdar olan xalq bu minnətdarlığı ifadə etmək üçün ilahiyə ehtiyac hiss edir”. İnsanı – tanıdığı, gündə rastlaşdığı həmvətənini düşdüyü uçurumdan xilas edə bilmədiyi üçün Nitsşe həmin insanı da, onun iman gətirdiyi tanrısını da “öldürmək” tərəfdarıdır. Maraqlıdır, bəzən onun əzabını, qəzəbini duyan oxucuda əminlik yaranır ki, o, Qurani Kərimlə tanış olsaydı, onun xeyrə apara biləcək ideyaları belə qara rəngə boyanmazdı. 3. Nitsşe alçaq bir mühitin yetişdirdiyi insanlıq keyfiyyətlərini zərərli hesab edir və yeni insan yaratmaq tərəfdarıdır. Ntsşenin söz açdığı insan kilsənin əsarətindən qurtarıb könüllü şəkildə elmin, texnikanın, öz rasional ağlının quluna çevrilmiş “insansızlaşmış” insandır, “heyvan və fövqəlinsan arasında uçurum üzərindən çəkilmiş bir kanatdır”. O, uçurumun o tayına keçmək üçün yolun üstündəkilərin məhvini bir zərurət kimi təqdim edir, çünki “bu balaca insanlar fövqəlinsan üçün çox böyük təhlükədirlər”. Əsrlər boyu kilsə və din arasında qalan, xilaskarının kim, düşməninin kim olduğunu ayırd edə bilməyən insanı oyatmaq üçün Nitsşe baltanı kökündən vurur: “Tanrı öldü: indi biz istəyirik ki, fövqəlinsan yaşasın”. Filosof çox təhlükəli bir təklif edir. Məhz Tanrıdan imtina etmiş, öz maddi tələbatları və iddiaları ilə tək-təkbətək qalan insanın öz mənəviyyatı, əxlaqı, təfəkkürü ilə yüksək bir məqam tuta bilməsi böyük bir sual altındadır: çünki bu insanın ən ali meyarı onun özü kimi bir insandır, onun geniş üfüqləri yoxdur, ülvi bir idealı yoxdur, yalnız nifrət bəslədiyi insan var və o, bu insana – nifrət obyektinə nisbətdə var olmalıdır. Və Nitsşe üçün bu insana nifrət etməmək daha dəhşətli bir haldır: “Bədbəxtlik! Artıq özünə nifrət etməyi bacarmayan ən alçaq insanın zamanı yaxınlaşır”. O dərk edir ki, cılız, rəzil insanların sayı artması belələrinə nifrət edənlərin sayının azalması deməkdir. Halbuki, Tanrısı ölmüş insana nifrət etmək lazımdır! Bunu Nitsşenin özü istəyir! Nitsşe yeni bir insan arzusundadır: fövqəlinsan: “Fövqəlinsan – yerin mənasıdır. Qoy sizin iradəniz desin ki, yerin mənası fövqəlinsan var olsun!” O, güclüdür, iradəlidir, böhrandan çıxmaq naminə zəiflərə, mütilərə aman vermir, eyni zamanda, yüksək ideyalar da ona yad deyil. Lakin bu da acı bir həqiqətdir ki, Nitsşenin dedikləri uçurumun bu tayında deyilirdi və onları həmin zərərli “balaca insanlar” mənimsəyirdi. Fulye yazır: “Nitsşe bizi xeyir və şərin o tayına qaldırmaq istəyirdi, ancaq biz bu tayına düşdük. Zərdüştün qanadları İkarın qanadlarına bənzəyir”. 4. Nitsşe dağıdır, əvəzində ... dağıtdığı xarabalığı verir. Təqdir edici haldır ki, filosof bunu sələfləri kimi inqilabi yolla etmir, o, düşüncələrdə kök atmış, kiflənmiş və heç cür fərqli düşünməyə imkan verməyən ideyaları bir-bir ortaya çəkir, ifşa edib əzir və yerinə öz “inkarını” doldurur. Fulye yazır: “Nitsşeni oxuyanda eyni zamanda iki hiss keçirirsən: pərəstiş və mərhəmət (düzdür, sonuncunu o, bir təhqir kimi rədd edir); yüksək düşüncələr bolluğu ilə yanaşı, orada nə isə xəstə bir şey var; o, “eybəcər” bir şey deməyi necə də sevir, bu da bəzən düşüncənin və ürəyin ən ecazkar coşqularını dayandırır və əbəs edir”. Bəli, Nitsşe qurmağı, yaratmağı dağıtmaqla, məhv etməklə başlayır. Məhz bu aspektdən Nitsşe fəlsəfəsinin qüsurlu nəticəsi ortaya çıxır: onun təklif etdiyi bu heçlik, boşluq, uçurum XIX əsrdə gizli bir depressiya halına düşmüş avropalını özünə cəlb elədi və XX əsrdə Nitsşeçilik təhlükəli virus kimi bütün dünyaya yayıldı. Onun ideyasını təhlil edən Haydegger deyir ki, “Bu əzmin, iradənin təcəssümü insan yox, tipdir; insan tipik insana çevrilir. Tipin mexanizmini ilk dəfə dərk və təsvir edən Nitsşe olmuşdur: “Söhbət tipdən gedir; bəşəriyyət sadəcə təcrübə üçün bir materialdır, baş tutmayan şeylərin bolluğu, yəni xarabalıqlardır”. Qısa desək, Nitsşenin yaratmaq istədiyi – nifrətlə qələmə aldığı bütün keyfiyyətlərin əksinə sahib olan kəsdir – xarabalığın üzərində var olan insan! Amma Nitsşe dahi idi və fəlsəfəsinin belə bir nəticəyə gətirəcəyini bilirdi və gələcək nəslin “azad ağıl” ideyasının necə təhrif edəcəyini hiss etmişdi: “Avropanın bütün ölkələrində, o cümlədən Amerikada indi “azad ağıl” adından sui-istifadə edən nə isə var, nə isə çox dar, məhdud, zəncirə vurulmuş ağıllar ki, bizim niyyət və instinktlərimizdə olanların demək olar ki, düppədüz ziddini istəyirlər”. O bilirdi ki “yeni bir filosof cinsi yetişir: mən cürət edib onlara təhlükəsiz olmayan bir ad verirəm – AZDIRANLAR”. Elə Nitsşenin öz proqnozlarından çıxış edərək və XX əsrdə Qərb təfəkkürünün hansı uçuruma düşdüyünü nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, onun fəlsəfəsi düzgün ünvanına çatmadı, Nitsşenin nifrət etdiyi insan özünü filosof – bələdçi zənn etdi. Bu təhlükəni Fulye də görürdü: “Darvindən təsirlənən Nitsşe deyir: “Kimin gücü varsa, ağıldan xilas olur”. Tamamilə düzdür, lakin nə üçün Nitsşe buradan nəticə çıxartmır ki, onun yırtıcı və güclü insanı risk edir ki, sadəcə heyvan deyilən bir şeyə çevrilər.” Bir millət, bir din üçün nəzərdə tutulmuş arzular bütün dünyaya yayıldı: yalnız kilsəyə aid ittiham və nifrət bütün dinlərə, xüsusilə islama istiqamətləndirildi, ikrahla söz açılan, düşündükləri zərərli hesab edilən insan özünü fövqəlinsan zənn etdi və özünə digər insanları məhv etmək səlahiyyəti verdi. Bu işin ən faciəli tərəfi isə modernləşmə, yaxud avropalaşma şüarı altında müsəlmanın özünün öz dininə qarşı düşmənə çevrilməsi və onun “köhnə” qanunları ilə mübarizəyə qalxması, qərbsayağı islahatlar aparmaq həvəsinə düşməsi və öz gələcəyini Qərbin boşluq, “xaraba” üzərində var olan, uçuruma məhkum olan prinsiplərinin üzərində qurmağa çalışmasıdır.

 

 

Könül BÜNYADZADƏ,

fəlsəfə elmləri doktoru

 

525-ci qəzet.- 2011.- 11 fevral.- S.7.