Görkəmli tarzənlə
unudulmaz görüşlərim
BƏHRAM MƏNSUROVUN ANADAN
OLMASININ 100 İLLİYİ MÜNASİBƏTİLƏ
Görkəmli tarzən, gözəl insan Bəhram müəllim Mənsurovla mənim ilk görüşüm 1980-cı illərdə olmuşdur. O vaxt mən XIX əsrin böyük şəxsiyyəti – musiqişünası, şairi, rəssamı şuşalı Mir Möhsün Nəvvabın yaradıcılığı və onun dəyərli əsəri “Vüzuhül-ərqam”, yəni muğamda “Rəqəmlərin izahı” adlı risaləsi üzərində işləyirdim. 1913-cü ildə Orucov qardaşlarının mətbəəsində (ərəb əlifbası ilə) çap olunmuş bu kitabı o vaxtlar tapmaq çətin məsələ idi. Mən bu risalə üzərində işləmək arzumu bəstəkar, Bülbül adına məktəbin direktoru Nazim Əliverdibəyova dedim. Xeyirxah insan olan Nazim müəllim məni sevindirərək bildirdi ki, evlərində bu kitab var, atasının nüsxəsidir, onu mənə gətirə bilər. Hədsiz sevinc və təşəkkür hissi ilə aldığım bu kitabı böyük həvəslə də araşdırdım. O ilin yayında biz Şuşada istirahət edirdik və mən bu kitab haqqında araşdırmamı elə Şuşada da yazdım. Bakıda isə mənim kitabım ikinci Beynəlxalq simpozium üçün (rus dilində) çap olundu. “Vüzuhül-ərqam” risaləsində olan cədvəllər, xüsusilə sonuncusu bizi Nazim müəllimlə çox maraqlandırdı və orada verilən muğam yollarını aydınlaşdırmaq, açmaq üçün belə qərara gəldik ki, muğam bilicisi, tarzən Bəhram müəllimə müraciət edək. Nazim müəllim ustadla zəngləşdikdən sonra biz Bəhram müəllimgilə getdik. Bəhram müəllim risalədə olan cədvəllərlə tanış olandan sonra tarda məşq etmək üçün yazıları onda qoymağı istədi və bildirdi ki, hər şey hazır olanda bizə xəbər verəcək. “Vüzuhül-ərqam” risaləsindəki son cədvəldə sağda (mətndə solda) şaquli istiqamətdə verilmiş iki bölgü tarın qolunu xatırladır, şərti olaraq bu qol yeddi dərəcəyə və yeddi sövtə bölünür. Cədvəlin sol tərəfində verilmiş üfiqi xətlərlə isə muğamlar, onların hissələri, şöbələri və s. göstərilmişdir. Qırıq və dalğavari xətlərlə muğamların istiqaməti və hərəkəti, guşabənzər işarələr isə zəngulələr qeyd olunmuşdur. (Əvvəlki cədvəlin quruluşu da bu cürdür). Biz bu cədvəli təcrübədə işlətmək, onu səsləndirmək məqsədi ilə ustad tarzənimizə müraciət edərək yaddan çıxmış, unudulmuş muğam parçalarını bərpa etmək, bu cədvəldən bir parçanı səsləndirməyini xahiş etdik. Qeyd etmək lazımdır ki, M.M.Nəvvabın cədbvəldə verdiyi yolların açılması isbat edir ki, müəllif bunları yalnız elmi cəhətdən öyrənib mənimsəməmiş, o, həmçinin onları özü də təcrübədə ifa etmişdir. Hər halda Bəhram Mənsurovun özü bu fikirdə idi. Bəhram müəllim M.M.Nəvvabın cədvəli üzrə indi unudulmuş və ifa edilməyən Azərbaycan, Şah Xətai kimi muğamları səsləndirdi. Bizim təqdim etdiyimiz Nəvvabın cədvəli üzrə bu muğam yolu aşağıdakı kimi idi: Çahargah, Novruzi-tərkib, Hicazi, Azərbaycanı, Şah Xətai, Dilkəş. Bu muğam parçasının nota köçürülməsini isə Bəhram müəllimin oğlu istedadlı bəstəkarımız Eldar Mənsurov həyata keçirdi. (Bu barədə bax: Zemfira Səfərova. Azərbaycanın musiqi elmi, Bakı, 2006). Bəhram müəllimlə təkrar görüşəndə onun dediyi ilk sözlər bu oldu: “Kim deyir ki, Nəvvab tarda çalmırdı, tarda çala bilməyən şəxs bu yolları heç vaxt göstərə bilməzdi, bu mənim qəti fikrimdir”. 1983-cü ilin oktyabr ayının 7-dən 12-ə qədər qədim Səmərqənd şəhərində ikinci beynəlxalq musiqişünaslıq simpoziumu keçiriləcəkdi. Bu simpoziuma bir çox ölkələrdən yüksək səviyyəli ifaçılar və musiqişünaslar gələcəkdi. Bu simpozium üçün mən də “Mir Möhsün Nəvvab” və “Üzeyir Hacıbəyov” kitablarını (rus dilində) yazmışdım, həm də Ü.Hacıbəylinin ilk dəfə nəşr etdiyimiz “Leyli və Məcnun” operasının partiturasını ora aparmağı planlaşdırmışdıq. Simpoziumda mən “Mir Möhsün Nəvvab və onun “Vüzuhül-ərqam” risaləsi” mövzusunda məruzə ilə çıxış etmək istəyirdim. Bəhram müəllim də mənim məruzəmi tarda müşayiət etməyə öz razılığını vermişdi. Mən Nəvvabın cədvəlini gözəl kağızda bizim memarlara çəkdirmişdim. Bəhram müəllim bu cədvəl üzrə unudulmuş muğamları bərpa edib çalmalı, onların adlarını çəkməli idi. Simpoziumda belə də oldu. Tribunadan asılmış cədvəl üzrə Bəhram müəllim tarda çalaraq keçidlərdə muğamların adlarını çəkirdi. Bizim çıxışımız böyük uğur qazandı. Lakin çıxışımızdan 2-3 gün əvvəl bizi izahatsız daim proqramdan çıxarırdılar. Onda Bəhram müəllim sədrə şikayət edərək demişdi ki, mən bu boyda kişi bu istidə tarımı götürüb gəlirəm ki, bu qız üçün çalım, lakin onu elan etmirlər. Bu nə məsələdir? Sədr isə demişdi ki, mənə yox, öz nümayəndəliyinizin rəhbərinə müraciət edin, biz sizi salırıq, o isə pozur, amma indi izləyərik ki, bu təkrar olmasın. Səhəri xəbər gəldi ki, rəhbərimiz Bəhram müəllimi (oğluyla bərabər bilet aldırıb) Bakıya göndərir ki, “Leyli və Məcnun” operasında çalsın. O il isə opera teatrında yanğın baş verdiyinə görə teatr təmirdə idi. Bunu bilən kimi biz Nazim müəllimlə Mənsurovlar qalan otelə getdik. Bəhram müəllim bizi görüb soruşdu: “Bu neyçün belə edir?” Bir qədər fikirləşəndən sonra Bəhram müəllim qəti hərəkətlə oğlu Eldara müraciət edərək dedi: “Eldar, get biletləri qaytar, cəriməni öz cibimdən verəcəm. Mən bu qız üçün çalmamış burdan gedən deyiləm”. Mən o zaman Bəhram müəllimin kişiliyinə, prinsipiallığına, xeyirxahlığına heyran oldum. Yeri gəlmişkən, onu da qeyd edim ki, opera teatrında yanğın baş verəndən sonra teatra gələn Bəhram müəllim həyəcanından ağlamışdı. Onu sakit edərək deyiblər ki, narahat olmayan təmirdən sonra teatr daha yaxşı olacaq. Bəhram müəllim isə cavabında: “Bilirəm. Amma mənim ömrüm ona çatmaz”, – deyib. Beləliklə, M.M.Nəvvabın cədvəlindən alınmış fraqment Səmərqənddə keçirilən ikinci Beynəlxalq musiqişünaslıq simpoziumunda mənim məruzəmə illüstrasiya kimi səsləndi, daha sonra isə Bakıda M.M.Nəvvabın anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya və konfranslarda və televiziyadakı çıxışlarımızla əlaqədar təkrar səslənmişdir. Buna görə mən ustad tarzənimiz Bəhram Mənsurova həmişə minnətdaram. Bəhram müəllimlə mənim digər görüşüm anamla bağlı idi. Bir gün Bəhram müəllim işimə akademiyaya zəng vurdu. O dedi ki, maraqlı bir məsələ üçün telefon edib. 30-cu illərdə onun bəyəndiyi bir qadın oxuyanını axtarır. Adı Cəvahir Firidunbəylidir, mənə dedilər ki, Anarın qohumudur. Zemfira xanım, siz onu tanımırsız ki? Dedim, Bəhram müəllim, o mənim anamdır. Bu barədə Rafael Hüseynov da maraqlanırdı. Ona da həmin sözləri dedim, amma anam daha oxumur və bu barədə danışmağı da sevmir. Bəhram müəllim dedi ki, onda gəlin belə edək. Mən Cəvahir xanımı, Sizi, Anarı və Rafaeli evimə qonaq çağırıram, oturub danışarıq, sonra da onu oxudarıq. Görək nə alınır. Mən, əlbəttə ki, Bəhram müəllimə etiraz edib “yox” deyə bilmədim. Vədələşdiyimiz gün onlara getdik. Bəhram müəllimin xoşsima, gülərüz, qonaqpərvər həyat yoldaşı, gözəl süfrə açmışdı, plov bişirmişdi, sonralar bildim ki, bu qadın həm də gözəl şeirlər yazırmış və Eldar onun sözlərinə bir neçə mahnı bəstələmişdi. Yeyib-içəndən sonra Bəhram müəllim tarını aldı əlinə, bir neçə muğam gəzişməsi edəndən sonra anama müraciət edib soruşdu: “Nə oxuyacaqsız?” Anam: “Qara gilə”, – dedi. Qədimi xallar vura-vura anam “Qaragilə”, sonra “Üçtelli durna”, “Sarı gəlin”, “Küçələrə su səpmişəm” və sair xalq mahnılarını oxudu. Anam o vaxt artıq 70-i çoxdan keçmişdi, çoxdandı oxumurdu, keçmişə, gəncliyə də qayıtmaq fikri yox idi. Amma onun səsinin təravəti bu yaşda da qalmışdı. Bunu hamı qeyd etdi. Rafael radioda “Axşam görüşləri” adlı verilişinin böyük hissəsini onun oxumağına və onunla müsahibəyə həsr etdi. Bu axşam görüşü anam və bizim üçün bir xoş xatirə kimi qaldı. Bəhram müəllimgildəki o ilıq axşam isə hamımızın xatirinə işıqlı bir hadisə kimi həkk olundu. Bəhram müəllim çox nurlu insan idi. Tarda çalanda onun saçdığı o işıq, enerji ətrafa, ona qulaq asanlara yayılıb, hamıya sirayət edirdi. Onun böyük əlləri, çox qüvvətli biləyi var idi, bu da tarzən üçün çox mühüm cəhətlər idi. Tarının xüsusi səsi vardı. Ustad danışırdı ki, Almaniyadan gələn məşhur musiqiçi Yurqen Elsner onun ifasını dinlərkən yerindən sıçrayıb ustadın tarını yoxlamağa başlayıb, cərəyana taxılmış elektrik məftilini axtarırmış, alimin fikrincə, belə səs heç vaxt tardan çıxa bilməzdi. Lakin o, görəndə ki, bu, yalnız tarın özünün səsidi, çox təəccüb etmişdi. Bəhram Mənsurovun Azərbaycan muğamının inkişafında rolu böyük olmuşdur. Hələ 1971 və 1975-ci illərdə YUNESKO xətti ilə onun ifasında “Bayatı-Şiraz”, “Çahargah”, “Humayun”, “Şur”, “Bayatı-Kürd”, “Mahur-hindi”, “Nəva-Nişapur” muğamları qrammafon valına yazılmışdır. Bəhram Mənsurov həm də gözəl pedaqoq idi. O, illər boyu muğam operaları üçün müğənnilər hazırlamış, onları tarda müşayiət etmişdir. Opera teatrında uzun müddət solist və konsertmeyster vəzifələrində çalışıb. Tar çalmağı atasından və əmisi Mənsur Mənsurovdan öyrənən Bəhram Mənsurov Sadıqcan, Mirzə Mənsur, Məşədi Suleymanın ənənələrini davam etdirmiş, tarda bir sıra texniki üsulları yaşatmış və yaratmışdır. Bir çox korifey sənətkarları tarda müşaiyət etmişdir, onlardan Cabbar Qaryağdıoğlu, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Zülfi Adıgözəlov və başqalarını göstərmək olar. Bu gün muğam sənətinin yüksəlişi dövründə inamla deyə bilərik ki, , vaxtilə onun inkişafı və zənginləşməsi üçün böyük işlər görmüş sənətkarlardan olan ustad tarzən, dəyərli pedaqoq, gözəl insan Bəhram Mansurovun işıqlı siması heç zaman unudulmayacaq, onun əziz xatirəsi həmişə uca tutulacaq!
Zemfira SƏFƏROVA,
AMEA-nın müxbir üzvü,
əməkdar elm xadimi
525-ci qəzet.- 2011.- 11 fevral.- S.6.