“Uzaq yaşıl ada”nın yerə bağlı, göyə yaxın adamı – Vaqif Səmədoğlu

 

“Mən nə dünənin, nə bu günün, nə də sabahkı cəmiyyətin şairi deyiləm. Mən Vaqif Səmədoğluyam. Yazılarımda dəyərli fikir varsa, maraqlı obraz yaratmışamsa, yəqin ki, hər zamanın cəmiyyətinin şairi olacağam”. Vaqif Səmədoğlu  

Adını çoxdan eşitsəm də, yaradıcılığı ilə xeyli əvvəldən tanış olsam da, onunla şəxsən tanışılıq şərəfinə son bir-iki ayda nail ola bilmişəm. Bəlkə də həyatımda iki, ya da üç məqam olub ki, texnologiyaların tərəqqi etdiyi, müasirliyin məcrasından çıxdığı bu zamana həmin məqamlara görə minnətdarlıq hissi duymuşam. Onlardan biri də məni Vaqif Səmədoğlu ilə dostlaşdıran, doğmalaşdıran Facebook oldu. Düşünürəm ki, Facebook olmasaydı, Vaqif Səmədoğlu ömrümün sonuna kimi mənim tanıdığım, amma məni tanımayan bir şair olacaqdı.

Mənim təsəvvürümdəki Vaqif Səmədoğlu sərt xasiyyətli, salam belə verməyə ehtiyat etməli olduğumu düşündüyüm, daha çox göylərə bağlı bir insan idi. Ancaq ağlıma da gəlməzdi ki, səssiz bir “salam” kəlməsi mənimlə Vaqif Səmədoğlu arasında doğma ata-bala münasibətlərinə gedən yolun başlanğıcı olacaq.

Salam, sonra hal-əhval, daha sonra isə mənim düşüncəmdəkindən xeyli fərqli, əsl Vaqif Səmədoğlu. Mən gördüm ki, o düşündüyüm qədər də sərt deyil, istiqanlı, yumor hissi yüksək olan, yerə bağlı, göyə yaxın bir insandır.

Ümumiyyətlə, məndə haqqında söhbət açdığım insana xoş gəlsin deyə, həmin şəxsin gözündə özümə balaca da olsa bir yer qazanmaq naminə bir insanı olmadığı kimi təqdim etmək xüsusiyyəti olmadığı üçün mənə elə gəlir ki, bu yazını oxuyan Vaqifsevərlər və onu şəxsən tanıyanlar mənim nə qədər səmimi və onu necə düzgün xarakterizə etdiyimi təsdiqləyəcəklər.

Vaqif Səmədoğlu şeirlərində Allahla söhbət var. Darıxmağın, tənhalığın düsturları var ki, mənə elə gəlir ki təkcə mən yox, o şeirləri oxuyan hər bir insan Vaqif Səmədoğlu şeirlərində özünü tapa bilir.

Şeirlərindən və Facebook-dan tanıdığım şairi yaxından görüb, onunla üz-üzə söhbət etmək arzumun önünə keçə bilmədim və qərarlaşdırdığımız vaxtda Azərbaycan Yazıçılar Birliyində Vaqif müəllimlə görüşüb, nə az, nə çox – düz 45 dəqiqə söhbət etdik. Facebook-da söhbət zamanı həmişə xəstəlikdən şikayətlənən, əcəli qapısının ağzını kəsdirmiş xəstə kimi danışan Vaqif müəllimi qarşımda bu qədər gümrah, əli çalıb, ayağı oynayan görəndə bir az təəccüb etdim. Salamdan sonra dedim: “Vaqif müəllim necəsiniz, özünüzü necə hiss edirsiniz?” Mənə cavabı bu oldu: “Yaşıma görə çox yaxşıyam. Mənim taylarım yerindən tərpənə bilmir. Amma mən gəzirəm, yeyib-içirəm, hətta düşünə bilirəm. Amma, Günel balam, “necəsən” sualına gəlincə bu sual mənim üçün bir az ritorik sualdır. Çünki gün ərzində on –on beş vəziyyətə düşürəm. Gah yaxşı oluram, gah da pis. Amma onu deyim ki, özünü çox gümrah hiss edən insanı belə bir kəlmə sözlə sındırmaq olar. Ağac budağını külək sındıran kimi”. Sözün düzü, “Necəsiniz?” sualına indiyə kimi bu qədər uzun, və dərin mənalı bir cavab almamışdım. Təəccübümdən doğan bir sual da verdim: “Niyə həmişə sizinlə söhbət edəndə ölümdən danışırsınız?” Gülümsündü və barmaqları arasında tutduğu siqaretdən bir qüllab vurub mənə yenə də maraqlı və yumoristik bir cavab ünvanladı: “Mən istəyirəm ki, danışdığım adamların mənə yazığı gəlsin. Xüsusən də xanımların. O biclik məndə cavanlıqdan var (gülür). Azərbaycan, yaxud da dünya poeziyasındakı məhəbbət şeirlərinə bir fikir ver. Hamısında bir yalvarış, “yazığın gəlsin mənə”, “yazığam” və sairə fikirlər var. Bu həm məhəbbətdir, həm də şairin yetimlik kopleksidir”.

Vaqif Səmədoğlunun 1996-cı ilə aid bir müsahibəsini oxumuşdum. Müxbir soruşmuşdu: “Vaqif müəllim darıxırsınız?” Vaqif müəllim cavab vermişdi: “Doğulduğum gündən bəri darıxıram”. 15 il sonra həmin sualı Vaqif müəllimə mən yenidən ünvanladım:

– Vaqif müəllim yenə darıxırsınız?

– Əlbəttə.

– Nədir sizi belə darıxdıran?

– Nə bilim, Günel balam, yəqin ki, bu da şairə xas olan bir xüsusiyyətdir. Təklikdən tutmaq. Baxmayaraq ki, mən təkliyi sevən insanam, amma bəzən təklik də məni darıxdırır. Niyə darıxdığımı anladacaq dərin bir fikrim yoxdur. Amma mən hər gün dəhşətli dərəcədə Yusif üçün darıxıram. Yusifin mənə səsi çatmır, telefon zəngləri çatmır, oturub bir yerdə televizora baxa bilmirik, zarafatlaşmırıq...

Gözlərini barmaqları arasında tüstülənən siqaretə zilləyib, bir neçə saniyə beləcə tüstünün axışını seyr etdi. Eynəyin arxasında yazıqlaşan və parıldayan gözləri gördüm. Şair kövrəldi və mən qarşımda bayaqdan bəri zarafatla, yumorla söhbətləşən, şən əhval-ruhiyyəli Vaqif Səmədoğlunun əvəzində həsrət dolu, gözü doğmasını gəzən, onun yoxluğuna illər ötməsinə baxmayaraq inanmaq istəməyən, qəmli bir şair gördüm. O zaman Vaqif müəllimə verdiyim “necəsiniz?” sualına verdiyi cavabı xatırladım. Söhbətimizin 20-ci dəqiqəsində onun əhvalının necə dəyişdiyinin şahidi oldum.

Vaqif Səmədoğlu hər bir zaman ürəyində sevgi daşıyan və bu sevginin gücü ilə ayaqda duran insandır. Sevgi nədir Vaqif Səmədoğlu üçün? Bəlkə də bu çox bəsit və məna etibarı ilə çox da dərin olmayan bir sualdır. Amma həmsöhbətim Vaqif Səmədoğludursa, bu suala dərin mənalı, fərqli bir cavab alacağımı düşündüm və yanılmadım da:

“Allah insanı sevmək üçün yaradıb və bu Tanrının insan qarşısına qoyduğu müqəddəs bir qanunudur. İnsanlar dünya qurulandan ta bu günə kimi Allahın qoyduğu bütün qanunları pozub, amma bircə məhəbbət qanununa hər zaman sadiq qalırlar. Kim deyir ki, məhəbbət insanın həyatında bir dəfə olur bil ki, o insan yalan danışır. Hər bir kişi də qadın da həyatında bir neçə dəfə məhəbbətə düçar ola bilər. Ya məhəbbətin zindanına düşürlər, ya da azadlığına”.

V.Səmədoğlunun təkcə zəngin poeziyasında deyil, onun yazdığı pyeslərində də fərqli bir Vaqiflə qarşılaşmaq olur. Mən yuxarıda da qeyd etdim ki, Vaqif müəllimin çox güclü yumor hissi və və qarşısındakı insanı düşündürərək güldürmək qabiliyyəti var. Bu istedadı “Bəxt üzüyü”, “Yaşıl eynəkli adam” pyeslərində görmək mümkündür. Bu gün onun hər iki pyesini ekranlaşdıran rejissorlar və onun əsərlərindəki personajları canlandıran aktyorlar da Vaqif Səmədoğlu yaradıcılığından ilahmalanaraq bu gün bu əsərləri əbədiləşdiriblər, eyni zamanda da özləri bu əsərlərə görə əbədilik qazanıblar.

Musiqi də onun dünyasının başqa vaz keçilməyən bir tərəfidir. Bir vaxtlar bu barmaqlar pianonun dillərini dilləndirib. Bəlkə də çoxdan o barmaqlar pianoya dəymədiyi üçün yadırqayıb. Bəlkə də illər ötməsinə baxmayaraq bir toxunuşda yenə gözəl əsərlərə can verə bilər. Hər halda bunu Vaqif müəllim daha yaxşı bilir. Düşünürəm ki, Vaqif Səmədoğlu şair olmasaydı da, o bu gün yenə xalqın sevimlisi, məhşur bir musiqiçi olardı. Ancaq ədəbi yaradıcılıq, poeziya onu özünə daha çox bağlayıb. Rununa daha çox ədəbiyyatı yaxın bilib. Ancaq Musiqini də atmağı birdən-birə olmayıb. Yavaş-yavaş uzaqlaşıb bu dünyasından. Bir müddət Konservatoriyada dərs verən şair hər ikisinin də öhdəsindən gəlməyə çalışsa da özünün də dediyi kimi, iki ağır və məsuliyyətli işi paralel aparmaqda çətinlik çəkib. Səs və söz. Hər ikisi ona doğma olsa da o sözü seçdi. Səsi ruhunda daşıdı, sözü milyonlarla sevənləri ilə böldü.

“Mən ilk dəfə şeirlərimi çapa verməmişdən əvvəl mənim iki dostum – Anar və Araz Dadaşzadə hər ikisi aparıb atalarına oxutdurmuşdular. Anar Rəsul Rzaya, Araz isə görkəmli akademik Məmməd Arifə. Rəsul Rza şeirimi çox bəyənmişdi, hətta ön söz də yazmışdı. “Azərbaycan” jurnalında şeirlərim ilk dəfə o zaman çap olundu. Məmməd Arif isə oxuyandan sonra Araza deyib ki, Vaqif gəlsin yanıma, onunla söhbətim var. Mən də getdim. Məmməd Arif mənə ərklə: “Adə, Vəkilov, sən şeir yazmaqla qəti qərara gəlmisən ki, şair olacaqsan?” Dedim: “Bəli”. “Bəs musiqi necə olacaq?” “İkisi ilə də paralel məşğul olacam”. Dedi: “Bax, gəl səninlə ciddi danışaq. Mən səni qeyri-ciddi insan görmək istəmirəm. İki ağır, məsuliyyətli işi paralel aparmaq olmaz. Musiqi saatlar tələb edən sahədir, poeziya da onun kimi. İkisindən birini seç”.

Mən buna baxmayaraq, uzun müddət hər ikisi ilə də məşğul oldum. Hətta Konservatoriyada dərs də deyirdim. Sonra gördüm ki, Məmməd Arif düz deyirmiş, həqiqətən də çətin imiş. Mən də özümü tamamilə verdim ədəbiyyata”.

Vaqif Səmədoğlunun da gənclik illəri 60-cı illərə təsadüf edib və onun da adı 60-cılar siyahısında çəkilir. Şair 60-cı illərin özü üçün nə demək olduğunu belə təsvir edir: “Mənim üçün 60-cı illərin əsas qiyməti kimlərinsə o dövrdə yazdığı romanlar, şeirlər, povestlər, yaratdığı simfoniyalar, rəsm əsərləri deyil. Bunlar öz yerində, amma mənim üçün o dövr əsas mahiyyəti ilə Yeni Zövqün yarandığı bir zəmin kimi dəyərlidir”.

Onun da şeirlərindəki misralardan kimlərinsə məntiqsiz və özlərinin düşüncələrinə uyğun mənalar çıxardaraq, uzun müddət senzuradan keçirmədikləri məqamlar olub. Bunlardan biri də Emin Sabitoğlunun musiqi bəstələdiyi “Uzaq yaşıl ada” şeirilə bağlıdır. 4 il senzuradan keçməyən bu şeirin çapa icazəsi olmamamasının maraqlı səbəbini açıqladı Vaqif müəllim: “O vaxt mənə dedilər ki, yaşıl – Müsavatın bayrağının rəngidir. Ona görə də bu şeirim 4 il senzuradan keçmədi. Amma Füzuliyə müraciətlə yazdığım şeiri həmin an çap etdilər:

 

Bilirsənmi, artıq kəsib umud keçən yolları

Tikilməmiş türmələrin ucalmamış hasarı.

Sən bəlkə də sevinərdin baxıb dənizə sarı,

Axı yuxuna girməzdi Rus Çarının tankları.

 

Halbuki mən bu şeirdəki “Tikilməmiş türmələrin hasarı”, “Rus Çarının tankları” ifadələrinə görə əlli-ayaqlı getməli idim, məni asmalı idilər bu sözlərə görə”.

“Gün keçdi” filmində səslənən “Bir axşam taksidən düşüb payıza” mahnısını sözlərində də məcburən dəyişikliklər edilib. Çünki bu mahnının sözlərinə görə filmi bağlaya bilərdilər.

Ədəbiyyatımızda tənhalıq şairi kimi tanınan bu böyük şairin şeirləri əslində Vaqif Səmədoğlu duyqularının açarıdır. Şairin tənhalığı məzmun etibarı ilə İlahi tənhalıqdır.

 

 

Küləkli payız günündə

Atılmış bağ evinin

Qapısıtək

Açılır, örtülür

Ürəyim

Barmağımla

Günlərimin profilini çəkirəm

Dünya pəncərəsinin

Toz basmış şüşəsində

Ay Allah

Heç olmasa

Başımı sığalla!

 

Onunla söhbət etmək də maraqlıdır, saatlarla dinmədən üz-üzə baxmaq da. Çünki bu şairin gözləri də insana çox şey danışır. Onun gözləri də şeir deyir. Təpədən-dırnağa söz olan, şeir olan bu şairin qəribliyi də onun qəribəliyinin bir təzahürüdür. Mən onunla danışdıqca, kitablarını vərəqlədikcə anladım ki, Vaqif Səmədoğlu cismən bizimlə eyni dünyanı, eyni planeti paylaşsa da, ruhən kimsənin tanımadığı, xəritəsi kimsəyə bəlli olmayan bir dünyanın “Uzaq yaşıl ada”sının sakinidir.

 

 

Günel CABİRQIZI

 

525-ci qəzet.- 2011.- 11 fevral.- S.6.