İnsan kimi

 

Unudulmaz müəllimlərimiz, Qabaqcıl maarif xadimləri Şamil Vəkilov və Fatma xanım Aslanovanın işıqlı xatirəsinə

 

Dünya düşünən insanların dayaq nöqtəsi kimi bir şeydir... İnsan imkanları ilə arzularının sərhədində yaşayır. Andre Morua Adəti üzrə səhər erkən evdən çıxıb asta addımlarla qəsəbənin hələ hay-küy düşməmiş sakit küçəsində, təmiz havada xeyli gəzişdi. Sonra parkın girəcəyində ayaq saxlayıb nəfəsini dərdi. Cavan söyüd ağacının salxım budaqlarının çətirlənib kölgə saldığı taxta skamyada ehmalca oturdu. Başını qaldırıb kiçik qəsəbə parkını dövrələyən ağaclara nəzər saldı. Hamısı bahar libası geymişdi, tərtəzə yaşıllıq göz oxşayrıdı. Al-əlvan çiçək açan yasəmənin ətri ətrafa yayılırdı.

 O, sinə dolusu nəfəs alıb, gözlərini qıydı. İrili-xırdalı qırışlara bürünən açıq sifətinə xoş təbəssüm qondu. Yaxınlıqdakı uşaq bağçasından gələn səslər, dərsə tələsən məktəblilərin hay-küyü ovqatını açdı. Neçə vaxt həsrətində olduğu musiqi təranələrini dinləyirdi elə bil. O, buna alışmışdı. Səksən yaşının yarıdan çoxunu öz doğma övladlarından ayırmadığı uşaqlar, məktəblilər arasında keçirmişdi. Ömür-gün yoldaşı ilə birlikdə. Onlar məktəbdə ülfət bağlamışdılar. Hər ikisi tanınmış ailənin övladı olsa da, ağır illərin sınağından çıxmış, çətinlik, ehtiyac görmüşdü. Aza qane olmağı uşaq çağlarından öyrənmişdilər. Heç evləri də yox idi. Həyət evinin küncündə balaca bir otaq kirayələmişdilər. Yayın qızmar çağında da kiçik pəncərəsinə gün işığı düşmür, alaqaranlıq, həm də nəm olurdu. Ancaq çox xoşbəxt idilər, gözlərində hər yan nura boyanmışdı elə bil. İlk körpələrinin qığıltısı onları elə “sehrlədi” ki, sanki günəşin zərrin şəfəqlərini gördülər ciyərparələrinin toppuş yanaqlarında. İkinci uşaqları dünyaya göz açanda qəsəbə parkının həndəvərində təzəcə tikilən beşmərtəbədə onlara üçotaqlı mənzil verildi. Evin eyvanından ətraf əl içi kimi görünürdü: park, qəsəbənin yaşıllığa bürünən küçələri, “beş addımlıqda” təzə körpələr evi-uşaq bağçası, bir az aralı yeni dərs ilində istifadəyə verilmiş dördmərtəbəli orta məktəb, üfüqdə – Xəzərin sahilində işıqları sayrışan paytaxt şəhəri... Gənc ər-arvad bir-birinə sığınıb bu mənzərəni dönə-dönə seyr etdikcə, özlərini nağıllar aləminə düşmüş kimi hiss edirdilər. Necə də bəxtəvər idilər. Hələ bu harasıdır? Tanrı səxavət boxçasını açmışdı: uşaqlığı üstündən qara yellər əsən, yeniyetmə çağlarında hər cür əziyyətə qatlaşan, ümidlə yaşayıb haqqa tapınan bəndələrindən indi heç bir nemətini əsirgəmirdi: sağlam, qaynar, sevib-sevilən ürək, könül meyvələri – gözəl övladlar, həyat yollarının sönməz ziyası – Bəxt! Allah bəndəsinin zəhmətini itirmir. “Səndən hərəkət, məndən bərəkət”, – Tanrı buyruğuna əməl edən cavan müəllimlər də “yoruldum” demədən çalışırdılar. Hər səhər evdən işə, axşam işdən evə tələsirdilər. İki uşaq anası Fərəh müəllim səhər erkən durub ev işlərini görür, ərinin çay-çörəyini hazırlayıb süfrə salır, körpələrini geyindirib uşaq bağçasına aparır, oradan da özünü məktəbə çatdırırdı. Analar məəttəl qalırdılar. Gənc müəllim bu qədər fidan balaların öhdəsindən necə gəlir? Hələ də düz-əməlli danışa bilməyən, analarından ayrılmaq istəməyən uşaqlarla necə dil tapır, yazmağı-oxumağı necə öyrədir, necə tərbiyələndirir. Bir təhər ovundurub göz yaşını silə-silə övladını məktəbə gətirən ana balasının sıraya düzülərək parta yoldaşı ilə əl-ələ verib dərsdən gülə-gülə çıxdığını görəndə müəllimə təşəkkür etməyə söz tapa bilmirdi... Valideynlər çalışırdılar ki, uşaqları Fərəh müəllimin sinfində oxusunlar, sonra isə yuxarı siniflərdə onlara riyaziyyatdan Şahin müəllim dərs desin. Onlar bilirdilər ki, bu müəllimlər şagirdlərinə öz övladları kimi baxırlar, həm qayğıkeşdilər, həm də tələbkar. Fərəh xanımla Şahin müəllimdən dərs alanlar ali məktəblərə qəbul imtahanlarından uğurla keçir, öz bilikləri, çalışqanlıqları ilə fərqlənirdilər. İllər bir-birini əvəz edir, zaman dəyişir, saç ağarır, ancaq əvəzolunmaz insanlar kimi onları qəlblərində yaşadırdılar. Bu da getdikcə yaşa dolan, baba-nənə olan Fərəh xanım və Şahin müəllim üçün ən böyük mükafat idi... ...Məktəbdən ətrafa yayılan zəng səsi onu xatirələrindən ayırdı. Dərindən köksünü ötürdü. Fikirləşdi ki, ömrünün yarım əsrdən çoxunu bu zənglərlə tənzimləyib. Və nəhayət, son zəng, onun üçün son məktəb zəngi çalınıb. Səksənin tamamında çox böyük hörmətlə, ehtiramla, təntənə ilə yola salıblar onu. Həyat yoldaşı Fərəh müəllim çoxuşaqlı ana kimi təqaüdə tez çıxmışdı. “Gəncliyimi, ömrümün kamil çağlarını şagirdlərimə həsr elədim. Bundan sonrakı həyatım da balalarımındır”, –deyə düşünmüşdü. Balaları başını möhkəm qatmışdı ananın. Maşallah olsun, boya-başa çatdılar, ali təhsil aldılar. İndi də hərəsinin öz evi, ailəsi, uşaqları... Böyük oğul atasına çəkmişdi. Riyaziyyatçı idi, ali məktəbdə dərs deyirdi. Tanınmış alim kimi hər il xarici ölkələrə dəvət edilir, beynəlxalq simpoziumlarda elmi məruzələri, məşhur universitetlərdə mühazirələri maraqla qarşılanırdı. Özü də atası kimi ailəcanlı idi. Erkən evlənmişdi, ilkinin adını atasının şərəfinə Şahin qoymuşdu... Dedikcə uşaqcanlı olan Şahin baba nəvələrinin əhatəsində özünü quş kimi yüngül, qıvraq hiss edir, onlarla oynayıb şaqqanaq çəkib uğunanda Fərəh nənə ərkyana onu qınayırdı: – A kişi, nə olub sənə, bunlarla oynayanda lap uşaqlaşırsan elə bil. – Nənəsi, üstünü vurma, Allahsaxlamışlarla məzələnəndə ağrı-acılarım canımdan çıxır. Nəvələr evi alt-üst eləyib gedəndən sonra Fərəh nənə otaqları səliqəyə salır, Şahin baba yanpörtü ona baxa-baxa əllərini yuxarı qaldırıb şükür edirdi: – İlahi, şükür kəramətinə, nəvə nə şirin olurmuş, özün bəd nəzərdən saxla, qoru balalarımızı. Nənə onun sözünə qüvvət verirdi: – Allah nəzərini üstlərindən əskik eləməsin. Amma bu Gülarənin uşaqları eşmədikləri yer qoymurlar. Buraya gələndə elə bil Qobustan qoruğuna gəlirlər. Hər yeri ələk-vələk eləyirlər. ...Qocaların duası müstəcəb olurdu. Nəvələr böyüyüb boya-başa çatır, yaxşı da oxuyurdular. Böyük nəvəsə babanın özünə çəkmişdi: boylu-buxunlu, zirək, fərasətli, yaşıdları arasında sayı Şahin müəllim baş verənləri yerli-yerində danışan Osman kişiyə sarı qanrılıb dedi: – Daha deyinən uşaq bağçasına haqsız hücumları dəf eləmisiz də.

 – Hələ deyirlər ki, parkdakı ağacları qırıb yerində Şadlıq sarayına gələnlərin maşınlarına dayanacaq düzəldəcəklər. İştah diş altındadır, yalan-doğru deyirlər ki, sonra da bu beşmərtəbəli daş evləri söküb yerində göydələnlər tikəcəklər. – Vallah, heç inana bilmirəm. Gül kimi evlərdir. Yəni deyirsən bunları sökəcəklər? Nə haqla, nə ağılla? – Bunlar gələcəyin işidir. Necə deyərlər, indi qara buludlar uşaq bağçasının üstündədir. Allaha şükür hələ sakitlikdir. Maşınları, texnikanı sürüb aparıblar. Deyilənə görə yuxarıdan göstəriş olub ki, söküntü işlərinə yol verilməsin. Heç inanmaq olmur. Amma camaat arasnıda söz gəzir ki, kimsə bu işi yuxarılarda həll eləyib. Düz də deyirlər, yoxsa elə belə, camaatın hay-küyüynən kimdi əl saxlayan. Biz nə birinciyik, nə də axırıncı. Şahin müəllim asta addımlarına ara verib çoxdan görməyibmiş kimi ağsaqqal yaşıdına diqqətlə nəzər saldı: – Yox, bəzən əksinə də olur. Belə şeylərə yol vermirlər, qabağını alırlar. Puluna, varına güvənənin, harınlaşanın cəzasını verirlər. – Camaat da belə deyir də, – Osman kişi sözünə ara verib xüsusi vurğuladı, – deyirlər bəxtimiz onda gətirdi ki, Şahin müəllim ağsaqqal kimi sözümüzü vaxtında yuxarıya çatdıra bildi. Osman kişi arif adam idi. O, bilirdi ki, neçə ilin üzbəüz qonşusu elədiklərini dilinə gətirən, danışan deyil. Mayası düzlüklə, doğruluqla yoğrulan bu sadə, təvazökar insanın güvənc yeri doğma övladlarından ayırmadığı, vaxtilə bilik, təlim-tərbiyə verdiyi şagirdləri – yetirmələri idi. Aradan uzun illər keçsə də, bir çox mənəvi dəyərlər, adamlar, nəhayət, dövran büsbütün dəyişsə də, onun yetirmələrinin bir qismi etibarını itirməmiş, qədirbilən müəllimlərini unutmamışdı. İl təzələnəndə, bayram olanda, xüsusən ad günündə onu yada salır, təbrik edirdilər. Telefon zəngləri, teleqramlar, mesajlar az qala ərzin o başından gəlirdi. Belə xoşhal anlarında söz tapa bilmirdi, yaman kövrəlirdi. Onun üçün ən böyük mükafat, əvəzsiz töhfə yetirmələrinin diqqəti, xoş sözü idi. Heç kimdən, heç vaxt başqa umacağı, təmənnası olmamışdı. Bunu onun keçmiş şagirdləri – indi yaşa dolub, sayılıb seçilən sənət, elm, səlahiyyət sahibləri yaxşı bilirdilər. Onlara gün kimi aydın idi ki, Şahin müəllim öz şəxsi işi üçün heç kimə söz deyən, ağız açan, xahiş-minnət eləyən deyil. Ancaq indi, ömründə ilk dəfə naçar qalmışdı. Özü də şəxsi işinə, ailəsinə, övladlarına görə yox!

 O, şəhərə – uşaqlarına baş çəkməyə gələndən az sonra eşitdiyi xəbərdən çaş-baş qalmışdı. Heç inana bilmirdi ki, uşaq bağçasını söksünlər, parkda ağacları baltalayıb mişarlasınlar, sonra da səliqə-sahmanla sıralanan daş evləri... Yox, belə özbaşınalıq, qanunsuzluq, harınlıq ola bilməz! Qəfil eşitdiyi bu xəbər onu həyəcanlandırmış, narahat fikirlər beynini elə yormuşdu ki, səkidən maşınların şütüdüyü asfalt yola necə düşdüyünü özü də hiss etmədi. Təkərin tükürpədən, qulaqbatıran xırçıltılı səsindən səksənib küt-küt arxaya baxanda az qala bir qarışlığında dayanan zil qara limuzini gördü. Sükandan möhkəm yapışıb var gücüylə əyləci sıxan sürücünün gözləri hədəqəsindən çıxmışdı. Elə bu zaman maşının şığımla açılan qapısından hövlnak çıxan şık geyimli, boy-buxunlu, yaraşıqlı orta yaşlı kişi çaş-baş qalıb ayaq üstə güclə duran Şahin müəllimə özünü yetirdi. Ani olaraq ona diqqətlə baxıb qucaqladı. Sonra ehmalca qolundan tutub maşına mindirdi. Arxa oturacaqda yanaşı əyləşib mülayim səslə: – Yaman qorxutduz məni, Şahin müəllim, – dedi, – yaxşı qurtardıq. O, yaşa dolan keçmiş şagirdini tanıdı. Kövrəlib doluxsundu: – Sən bir işə bax. Heç nədən xataya salacaqdım sürücünü. – Bu nə sözdü, Şahin müəllim, Allaha şükür Sizə bir şey olmadı, – köksünü ötürüb əlavə etdi, – əməlisaleh insansınız axı. O, saçlarına dən düşən yetirməsinə diqqətlə baxdı. Böyük oğlunun yaşıdı idi. Uşaq bağçasına bir getmişdilər, məktəbdə əvvəl Fərəh müəllimin, sonra onun sinfində oxumuşdular. Doğma oğlundan ayırmırdı onu. Atasını vaxtsız itirən, tək ana ümidinə qalan uşağa əlindən gələn köməyi edir, qayğı göstərirdi. O da səylə oxuyurdu. Sonra da ali məktəb, aspirantura. Doktorluğunu xaricdə müdafiə etdi, bir müddət orada qalıb işlədi. Adlı-sanlı alim kimi Vətənə döndü, böyük elmi müəssisəyə rəhbərlik elədi. İndi də məsul vəzifədə səlahiyyət sahibidir. Köməkçiləri maşından bir qədər aralı dayanıb gözaltı pəncərədən içəriyə baxırdılar. O isə heç vaxt unutmadığı, özünü borclu saydığı müəllimilə bu təsadüfi, qeyri-adi görüşündən istifadə edib hal-əhval tutur, niyə belə bikef göründüyünü, çox fikirli, qanıqara olmağının səbəbini öyrənmək istəyirdi. Nəhayət, öyrəndi və çox təəccübləndi. Eşitdikləri ona qəribə, inanılmaz gəldi. Birdən özündən asılı olmayaraq qeyri-ixtiyari: – Belə də şey olar? – deyə səsləndi. Həyatın hər üzünü görmüş, səksənin kürəyini yerə vurmuş Şahin müəllim onu qınayıcı nəzərlərlə süzdü. “Deyirsən, belə ola bilməz, oğul. Hə, səni başa düşürəm. Çoxdandır ayaqların doğma yerlərə dəymir, yuxarıdasan. Oradan hər şey bəyaz görünür. Əgər zəhmət çəkib yerlərə çıxsan, dediklərimi öz gözlərinlə görərsən. Elə belə gəl, xəbərsiz. Əgər qabaqcadan bilsələr, xüsusi hazırlıq görəcək, şeirlə, mahnı ilə qarşılayacaqlar. “Şübhəli”, sözünü deyə bilən adamların da yaxınlaşmasına polis imkan verməyəcək ki, ay aman birdən artıq-əskik söz danışarlar. Sovetin zamanında da belə idi, indi də belədir”. Müəlliminin ürəyindən keçənləri gözlərindən oxuya bilərdi. Ancaq baxmırdı, düz baxa bilmirdi onun gözlərinə. Məktəbli vaxtlarında təsadüfən dərsə hazır gəlməyəndə beləcə gözlərini qaçırardı müəllimindən. Şahin müəllim bunu hiss edib ürəyindən keçənləri üzə vurmadı, qıymadı ona. Ancaq bir qədər mülayim, nəsihətamiz tərzdə sözünü deməkdən özünü saxlaya bilmədi:

 – Üzdən iraq, it quduzlaşanda öz sahibini qapar. Adam harınlaşanda ondan betər olur. Xüsusən görməmişin əlinə haram pul keçəndə həddini aşır. Vəzifəli məmura görüm-baxım eləyəndən sonra başlayır özbaşınalığa, camaatı zinhara gətirir. Narazılıq eləyənlərə də acıq verir: “Əcəb eləyirəm, gedin, kimə deyirsiz deyin”. Söküb dağıdırlar, uşaq bağcasının, kitabxananın yerində restoran, ticarət mərkəzi tikir,bazar açırlar. Şahin müəllim bir anlığa susub köksünü ötürdü:

– Haqq söz ürəyi deşir elə bil, – dedi, – yaxşı ki, rastıma sən çıxdın. Öz yetirməm, övladım kimi ürəyimi açdım sənə. Bir az acı olsa da, dedim, incimə.

 O, pərt halda günahkar kimi: – Açığı belə bilmirdim. İndi çox şey aydın oldu mənə, – deyə etiraf etdi. – Tezliklə nəticəsini görərsiniz. Bu gözlənilməz görüşdən bir həftə sonra qəsəbədə adamları narahat edən söz-söhbətə son qoyuldu, abadlıq işləri görüldü. Bütün bunlardan məmnun qalan Şahin müəllim qonşusu Osman kişinin sözünə qüvvət verdi:

 – Camaat olanı danışır, ancaq bəzən xəbərin yalanı yox, yanlışı olur. Təsadüf elə gətirdi ki, sözümü deyə bildim, nəticəsi də göz qabağında.

 – Bu təsadüfün özü də Allahdandır. Çox sağ ol. Osman kişi bunu deyib zəif zəng səsi gələn cibindən mobil telefonunu çıxartdı:

 – Hə, anam, narahat olma, yaxındayam – parkda, Şahin müəllimlə söhbət eləyirəm. Hə, hə, bir azdan gələcəyəm. Telefonu cibinə qoyub köksünü ötürdü:

— Doğru deyiblər, oğul düşmən çəpəridi, Allah qorusun onları, qız başqa şeydir, canı ata-anadadır. Böyük qızımdı, anamın adını qoymuşam. Ahıl yaşımda mənə analıq eləyir, uşaq kimi gözdən qoymur. Yaxşı da həkimdi, dava-dərmanımı vaxtında verir, müalicə eləyir. Şahin müəllim təəccübləndi:

 – Xəstəsən məgər? Maşallah gümrah görünürsən.

 – Ürəyim... – dərindən ah çəkdi.

 – Arvad rəhmətə gedəndən dözümsüz olmuşam, düşmüşəm yaman, bir tərəfim yoxdu elə bil. O, sirr deyirmiş kimi ağzını qonşusunun qulağına yaxınlaşdırdı: – Naşükürlük eləmirəm. Allah saxlasın, balalarım yaxşı baxırlar mənə. Ancaq..., – susub fikirli-fikirli başını buladı, – ömür-gün sirdaşının əvəzi yoxdur, ola da bilməz, kim nə deyir, desin. Şahin müəllim gözünün qabağında məzlum görkəm alıb sanki yetim uşağa dönən dostunun qolundan tutub yüngülcə sıxdı: – Bilirsən yadıma nə saldın? Qazi Bürhanəddinin sözlərini: Gələn birdir, gedən birdir, qalan bir. Gələn qalmaz, gedən gəlməz, əcəb sirr... Osman kişi bir qədər əvvəl bükülmüş belini düzəldib ardını dedi: Deyirlər ki, bir əvvəl var, bir axır. Yalan sözdür, nə əvvəl var, nə axır. – Ustadlar deyiblər, əvvəli, axırı olmayan dünya əbədidir, sirrini sirdaşa vermir, hərə öz tərəfinə çəkmək istəsə də, heç kimin deyil, nə onu qınayanların, nə də alqışlayanların fərqindədir. Əzəldən necə varsa, elə o cürdür, öz işindədir. – Dəyişən bizik, gəldi-gedər insanlar. Qəribədir, elə adam tanıyıram ki, başqalarına əzab verməkdən, ara vurmaqdan həzz alır.

 – Beləsinə insan demək olmaz. Adam gərək insan kimi yaşaya, ömrü sona çatanda yeri görünə, rəhmət oxutduralar ona övladları, nəvələri, nəticələri. – Mən də belə düşünürəm, – deyə Osman kişi ahıl yaşıdına məmnun nəzərlərlə baxdı, – Allah köməyin olsun. Səninlə danışıb-dərdləşəndə rahatlanıram, ağrı-acılarımı unuduram, dünya mənə başqa cür görünür. Osman kişi sağollaşıb evinə sarı yol aldı. Şahin müəllim ardınca baxırdı onun. Dostluq etdikləri uzun illər ərzində onu bu qədər köməksiz, fağır görməmişdi. Acıdı halına. Birdən nəsə yadına düşdü, Diksinən kimi oldu. Axşam xanımı ürəyindən şikayət edirdi. Ona dərman verdi. Adəti üzrə səhər erkən duranda ehmalca evdən çıxdı ki, onu oyatmasın... İndi günəş bir boy qalxıb, nə əcəb zəng eləmir. Cibinə əl atıb balaca telefonunu çıxartdı. “Bəlkə hələ yatır, zəng eləsəm oyanar, narahat olar. Bəlkə ... birdən...” Ürəyinə qara fikirlər gəldi. ... Tələm-tələsik ikinci mərtəbəyə qalxıb hövlnak qapını açanda telefonla danışan arvadının səsini eşitdi: – Gözümüz aydın, ay bala, şükürlər olsun. Budur ey, babası da gəldi. Yaxşı, sağlıqla qal, mən də atanı muştuluqlayım. Dəstəyi yerinə qoyub tələsik, yaşına uyğun olmayan qıvraq addımlarla astanada intizar dolu nəzərlərlə ona baxan ərinə yanaşdı. Qollarını boynuna dolayıb, üzündən öpdü: – Gözün aydın, böyük baba olmusan, mən də böyük nənə... Şahin balamızın oğlu olub, bu da sənə nəticə! Şadlığından evə sığmayan Fərəh xanım ömür-gün sirdaşına məhrəm nəzərlərlə baxdı. Bu xəbərdən baba büsbütün dəyişmişdi. Solğun gözlərində elə bil dan ulduzu parlayırdı, hələ də əvvəlki yaraşığını itirməyən üzü işıq içindəydi... Neçə illər qabaq cavanca müəllim kimi ilk dəfə məktəbə qədəm qoyanda Fərəh onu belə görmüş və könül vermişdi ona. Sonra da bütün həyatı, ömrü boyu ürəkdən bağlanmışdı. Özünə ər, uşaqlarına ata, nəvələrinə baba olmuşdu. Sədaqət, etibar, məhəbbət görmüşdü. Bu məhəbbət idi onları yaşadan, gümrah, şux saxlayan! Nəticənin dünyaya gəlişi isə onları elə duyğulandırmışdı ki, sanki yaşları üstündən illərin dumanı çəkilmiş, gənclik çağlarına qayıtmışdılar. Elə bil dünən olmuşdu: vurğun gözlü, xoş təbəssümlü cavan riyaziyyat müəllimi sevgilisinə deməyə söz tapa bilmir, dünyanın ən bəxtəvər insanı kimi ona hədsiz məhəbbətlə baxırdı.

 

 

Əlövsət BƏŞİRLİ

 

525-ci qəzet.- 2011.- 12 fevral.- S.29.