ŞƏRQ ŞİRNİYYATI

 

Heç sevmirəm də uzun-uzadı alış-verişi. Bircə, geyim mağazaları ilə aram yaxşıdı. Maaşımı alan kimi qaçıram şəhərin ticarət mərkəzlərinə. Heyif maaşım azdı da. Nə yaxşı olardı, işləməzdim, ancaq elə hər gün pul alardım. Bütün ayı işlədirlər, cəmisi bir gün maaş verirlər. Belə də ədalətsizlik olar? O da elə bir-iki köynək alan kimi bitir. Rayona da pul göndərə bilmirəm. Anam soruşur maaşın nə qədərdir? Deyirəm, 192 manat. Deyir, eşitmişəm, balam...

Hə... Yazıq anam maaşım haqqında ancaq eşidə bilir. Başqa heç nə. Gənc qızam da... Əylənmək, gəzmək, yaxşı geyinmək istəyirəm. Yaxşı yeməyi hamısından çox xoşlayıram. Rəfiqələrim paxıllıq edirlər mənə. Kökəlmirəm ona görə. Onlar pəhriz saxlayırlar, amma mən onlardan daha arığam. Şərq şirniyyatını atam demiş, gözüm ağarana kimi yeyirəm. Heyif deyil, sessiya zamanı imtahana hazırlaşanda universitetin soyuq oxu zalında oturub “Qeyri-üzvi kimya” dərsliyini vərəqləyərək ədəvalı şərq şirniyyatından yeyib isinəsən...

Bibigil də şirniyyat sevən deyillər. Ona görə bunları həmişə özüm alıram. Stolun üstünə qoyuram, həftə ilə yeyən olmur. Heyifim gəlir... yenə özüm axırına çıxıram. Aaa... Çatdım ki mağazaya... Bura mənə ləzzət verir də... Necə gözəl, geniş, modern mağazadı... Şəms sözü mağazanın üstündə qırmızı hərflərlə elə yazılıb ki, adam baxanda ürəyi açılır. Nə qəşəng ad qoyublar e mənə. Yoxsa, İradənin adına olan mağaza? Kəndimizdə İbrahim əminin taxtadan düzəltdiyi dükana oxşayır... Nə isə...

Bu satıcı da qəribə oğlandı. Qolları necə uzundu?! Əlləri də yekə... Elə bil əli ilə ayağının yeri səhv düşüb. Bu boyda əl olar?! Özü də lap keyin biridir... Hər dəfə gələndə min cür sual verir. Guya bu vaxtacan görməyib ki, mən özüm hər şeyin bir-bir dadına baxmasam, almıram. Yaxşı oldu, o rus qadın üçün düyü seçənə kimi, mən də yeməyimdə olum...

... tut qurusunu necə sevirəm, ilahi. Amma bunlar, deyəsən, İranındı. Bibigilin bağındakı ağacdan çırpıb qurutduğumuzun dadını vermir... Hımmm... Bu dəfəki nə əcəb dadlıdı... Almaq olar bundan. Deyərəm 200 qram çəksin. Eeeh bu rus da gedir ki... Bir az da dayansaydı, hamısından yeyərdim. İndi satıcı gəlib başlayacaq da: Xaaanım nə kömək edə bilərəm? Bəlkə bir məsləhət verim sizə? Filan şirniyyatı elə bu gün gətiriblər... Bu da Tunis xurmasıdır, çəkim sizin üçün? Bezdirəcək də məni sualları ilə... Yüz dəfə deyirsən, nəsə istəsəm, özüm deyəcəyəm. Yenə hər dəfə eyni sualları verir. Özü akademik kimi danışır, amma 300 qram küncüt alırsan, qiymətini kalkulyatorla hesablayır.

– Buyurun, xanım. Nə kömək edə bilərəm?

Dedim də. İndi başlayacaq...

– Hələlik bu tut qurusundan 200 qram çəkin, qalanının da dadına baxım, deyərəm.

Gərək belə mağazada mən işləyəydim... Heç mane olmazdım müştərilərə. Rahat-rahat dadıb, bəyəndiklərini alardılar.

... Aha. Deyəsən, qapının səsidir. Aradakı bu hündür rəflər də imkan vermir görüm kimdi... Yaxşı oldu, oğlan heç olmasa məndən əl çəkər, suallarını bu qadına verər.

– Çox sağ olun. Siz xanımı yola salın, mən hələ baxıram.

İçi badamlı rəngbərəng şokoladlarçün ölürəm də. Çox yeyəndə anam hirslənir mənə. O saat başlayır öz uşaqlığından danışmağa, ağlamaq tutur məni. Deyir, şirniyyat tapa bilmirdik, şəhərdən, filandan hərdənbir tort alıb gətirərdilər, onu da çörəknən yeyərdik. Faciədiyee... Bəlkə bunlardan alım göndərim rayona?! Ya da özüm gedəndə apararam. Amma yolda yarısını yeyəcəyəm. Gərək bir az çox götürüm...

...Bu qadın da lap Münəvvər xalaya oxşayır ki... Onun kimi balacaboy, kökdür. Amma bu yaxşı qalıb. Yəqin özünə yaxşı baxır, gözləri də parıldayır. Ancaq, qısa saçı heç bədəninə uyğun gəlmir. Denən, uzat da bu saçı... Hörük nə yaraşardı ona! Gözləri bir az da gözəl görünərdi... Nə isə, özü bilər....

... Bu nədi belə? Birinci dəfədi görürəm. Uşaq vaxtı toxuduğumuz çələnglərə oxşayır. Bu key satıcının da heç nədən başı çıxmır. Bəlkə qadın bilər ?..

– Xanım, bağışlayın, bəlkə siz bilərsiz bu nədir belə?

– Əvəlikdir, qızım. Bundan plov bişirirlər. Bilirsən necə dadlı olur? Yeməmisən?

– Yox. Bizdə bişirmirlər. Amma çox istəyərdim dadına baxım...

– Çətin heç nə yoxdu. Bu saat izah eliyim, al bişir özünçün. Deməli, düyünü götürürsən...........

... Adı bir plovun hazırlanma qaydasını necə də diqqətlə, marağla izah eliyiree bu qadın... Düyüdən, əvəlikdən elə danışır, sanki poema yazır. Heç ədəbiyyat müəllimlərimiz belə danışa bilmirlər. Belə müəllimim olsaydı, bütün dərsi sms yazmaqla məşğul olmazdım...

– ........ amma gərək tez gedib bişirəsən. Axşama kimi çəkər. Çatdırmazsan yoxsa. Yəqin tələbəsən, vaxtın az olar.

...Nə yaxşı qadındı. Necə səbrlə yanaşır mənə... Yoxsa, mənim bibim, söz soruşan kimi qışqırır üstümə. Sonra da deyir, oğluma alacam səni. Heç gedərəm?! Yalvarsa da getmərəm. Evinə qulluqçu axtarır deyəsən...

– Cavan oğlan, bu mağaza çoxdan açılıb? Əcəb yaxşı, burda hər şey var. Şirniyyatdan tutmuş, meyvəyə, göyərtiyə kimi. Evimin iki addımlığıdı, mən də durub bazara gedirdim. Bundan sonra hər gün gəlib elə burdan alaram hər şeyi... ...bu zəncəfildi, yoxsa darçın?

Qadın da elə sual verir, guya oğlanın başı çıxır da... Yenə başlayacaq özünü ağıllı göstərməyə. O nə bilir ki...

– Xanım, verin mən baxım! Zəncəfildi məncə.

– Elə mən də belə bildim. Sən də al bundan. Çox xeyirlidi. Səhərlər bir qaşıq balla qarışdırıb ye. Cana xeyri var. Dərin, saçların bilirsən necə gözəl olacaq?!

Ay Allah, bu necə adamdı... Nədən deyirsən, xəbəri var. Necə hərtərəflidi... Adamın belə qaynanası ola... Görəsən, oğlu var... Özü də burda yaşayır! Bəlkə mən də onun xoşuna gəlirəm?! Yoxsa, xeyir ola yee belə qayğıma qalır. Yəqin bayaqdan gözaltı eliyib məni... Bir az söhbət eliyim, görüm nə olur...

– Çox sağ olun, xanım alaram. Nənəm bunu səhərlər bişirdiyi südlü sıyığa qatırdı. Uşaqlıqdan zəncəfili, darçını xoşlayıram.

– Hə, mən oğluma hər gün səhər bu ədəvalarla ərikli sıyıq hazırlayırdım. Ətri küçəyə gedirdi. İstəyirsən ərik qurusu da al özünçün bişirərsən. Əsl sıyıq havasıdı, elə bu saat gedib bişirsən, yaxşı olar.

... Hımmm.... oğlu var imiş. Lap xüsusi reseptlə böyüydüb oğlunu. Görəsən, kimə oxşayar oğlu? Bu cür qadının oğlu yəqin ki gözəl olar. Həəə... Belə maraqlı, qayğıkeş qaynanam olsa, qızlar paxıllıqdan çartalayacaqlar e....

...Mən də dəliyəme lap. Bayaqdan axmaq kimi dayanıb baxıram. Qadın elə biləcək heç nədən başım çıxmır. Gərək özümü bir az ağıllı, bacarıqlı, səviyyəli göstərim...

– Bağışlayın, mənim vaxtım azdı, gedib dərs oxumalıyam. Həm də yemək bişirməliyəm... Lazım olanları deyim, yığın paketə...

– Buyurun, xanım.

...Bu oğlanın da süni təbəssümü əsəbləşdirir məni. Guya, alıcıya nəzakətlə yanaşır da... Nə isə... Özümü təmkinli aparmalıyam. Kim evinə həyasız gəlin buraxar ?! Özü də şəhərin mərkəzinə...

– Zəhmət olmasa, içində badam olan şokoladlardan yarım kilo çəkin. Şirəli araxislərdən də 300 qram... Bir də İran halvasından verin mənə bir az...Sonra ımmm....

– Qızım, məncə bəs eliyər. Sən bu yaşından belə kalorili şirniyyatlar yesən, kökələrsən. Sonra ailə quranda çətin olar sənə... Elə bunları aldın, kifayətdi. Sənə görə deyirəm... İndi get evə, bunlardan yeyə-yeyə dərslərini oxu...

Bu adam nə qədər müasirdi?! Anam demiş, doşab almışam, bal çıxıb. Belə qaynananı əldən buraxmaq olmaz. Bayaqdan mağazanı o cür ki bu tərifləyir, elə mən də hər gün nəsə bəhanə ilə gələrəm bura. Yəqin, günlərin birində oğlu ilə gələcək. Əlbəttə... Axı məni oğluna göstərməlidir... İndi özümü ağır aparım. Elə bilməsin ki, mən də o başıboş, sadəlövh qızlardanam.

– Düz deyirsiz, xanım. Mən də elə fikirləşirəm. Bu aldıqlarımın çoxunu da heç özüm yemirəm ki... Rayona, valideynlərimə göndərəcəyəm.

– Sən nə ağıllı qızsan. Həmişə belə ol. Ver, çantanı saxlayım, bunları yığaq paketə. Vaxtını itirməyəsən.

... İlahi, birinci dəfədi belə qayğıkeş adam görürəm. Bunun böyütdüyü oğul çox səviyyəli, mədəni olar. Gələn dəfə rastlaşanda mütləq oğlundan söz salaram. Hələ tezdir. Elə bilər ölürəm ərə getmək üçün... indi əsas məsələ onun yadında yaxşı qalmaqdı... Satıcının pulunu verim, tez gedim. Amma o içi qozlu xurmada gözüm qaldı.

– Aldıqlarımın hesabını deyərdiz də zəhmət olmasa..

Hım... İndi Yenə başlayacaq 3-4 rəqəmi kalkulyatora vurmağa... Əsəbləşirəm də...

– 13 manat 50 qəpik, xanım.

– Buyurun, çox sağ olun.

–Siz də sağ olun, tez-tez gəlin...

– Qızım, yolu keçəndə ehtiyatlı ol. Cavanlar maşını vəhşi kimi sürürlər.....

Bir az da qalsam, bu qadın məni bir təhər eliyəcək. Heç anam zəng edəndə bu cür qayğıma qalmır. Bibimdənsə, danışmağa dəyməz...

– Sağ olun, xanım. Görüşərik, mən getdim.

... Həyatda belə qadınlar da var imiş. Tanımadığı bir adama göstərdiyi diqqətə bax. Onun qayğısı lap əritdi ey məni... Mütləq çalışmalıyam onunla yenə görüşüm. İndiki oğlanları ələ almağa nə var ki... Əsas qaynana ilə dil tapmaqdı. Beləsini hardan tapacam ?! Adamda sadəliyə bax, nə qədər səbrlə başa saldı, aldıqlarımı zənbilə yığmağa kömək elədi, satıcı oğlan da mat qalmışdı. Yəqin belə qadın heç vaxt görməyib. Nitqi tutulmuşdu elə bil.

...Aaaa... Mən nə düşüncəsiz adamam. Heç kömək də təklif eləmədim. Deyəcək, nə tərbiyəsiz qızdı. Gərək zənbillərini aparardım onunçun. Bəlkə yuxarı mərtəbədə yaşayır?! Aldıqlarını yuxarı qaldırana qədər yazıq əldən düşəcək... Çox uzaqlaşmamışam. Yəqin ki hələ orda olar?! Qayıdıb kömək etsəm, yaxşıdı.

...Eeee... Bu mağaza qapıları da hər dəfə əsəbləşdirir adamı. Bilinmir içəri açılır, ya bayıra. Bir işarə qoymurlar, camaat işini bilsin.

Bura da labirint kimidi. Ortadakı hündür satış rəfləri lap çaşdırır adamı. Hə, Allaha şükür qadın hələ burdadı, hündür vitrinlərin arxasından səsi gəlir. Deyəsən, yenə bu key oğlana nəsə başa salmağa çalışır.

– .... indiki qızların lap zibili çıxıb ey, sırtıq olub gediblər. Biz o vaxt heç belə deyildik. Başımızı qaldırıb oğlanın üzünə baxmağa da utanırdıq... Sən elə bilirsən ki, o nəsə seçmək istəyirdi?! Yox...sənin əziz canınçun, yox. Sadəcə, sənin kimi gözəl oğlan görüb, ona görə özünü itirib də. Az qala ağzının suyu axırdı... Guya, bu şirniyyat seçir də... Bir saatdı dayanıb xurmanın yanında... Özünü sənin gözünə soxur da... Harda görüb belə oğlan... Sənin kimi gözəl oğlanın qədrini cavanlar bilməzlər... Necə olub mən indiyəcən bu mağazaya girməmişəm... Bundan sonra .. .. .. .. .. .. .

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2011.- 12 fevral.- S.24.