SƏS
(Əvvəli ötən şənbə
saylarımızda)
(Esse-kollaj)
Muğam işığında təksəsli,
çoxsəsli düşüncələr
Muğam ifaçının mənliyini əlindən alır və öz içinə qatır. Usta müğənnilər öz mənliyini təslim etməz və ifaları ilə həmin muğamın ömrünə yeni bir ömür qatmaqla həm öz-özlərini, həm də ifa etdikləri muğamı təzələmiş olarlar.
Bu mənada gedilən yola bənzəyən muğam fərqlidir. Yolçu yolu keçib gedər, gedərkən düşünər, ağlayar, gülər, dərdlənər, sevinər... fəqət yola ömrünü, taleyini qatmaz. Fəqət muğam ifaçısı oxuduğu muğama canını, qanını, varlığını, yoxluğunu verər.
Bu mənada mənim canımın, ruhumun hər parçası bir muğamda əmanətdir. ”Çahargah”da gözlərim, “Segah”da ürəyim, “Rast”da əlim-qolum, “Şahnaz”da dodaqlarım... qalıbsa mənim borcum o əmanətlərin olduğu məbədi ziyarət etməkdir. O məbəddə nə əmanətlər var...
MAİLƏ XANIM
Mənim haqqımda yazılan yazıları oxumaq həvəskarı deyiləm. Allah rəhmət eləsin Mailə xanıma – Mailə Muradxanova - onun təşəbbüsü və yardımı ilə 3-4 il öncə mənim haqqımda yazılan yazıların müsabiqəsi keçirilirdi.
Düzünü
deyim ki, sevindim və o müəlliflərin bəzisi ilə
ilk dəfə görüşdüm. Oxumadıqlarımı
mütləq oxuyacam.
lll
Dərd-kədər
dənizində boğulanları tarix unutmur, millətin,
insanlığın yaddaşına yazır.
lll
Hər
böyük sənətçi tarixin gizli şahidi,
tanrının casusudur.
lll
Ən təhükəli yalançı öz yalanına inanan yalançıdır.
DÜNYADA...
Dünyada son çiçək qalana qədər həqiqət əhdi qalacaq.
Dünyada son bülbül qalana qədər sevda ehtiyacı qalacaq.
Dünyada son damla su qalana qədər
ümid qalacaq.
Dünyada son Günəş
ziyası qalana qədər həyat nəfəsi qalacaq.
Dünyada son
qığılcım qalana qədər yaşamaq inamı
qalacaq.
Dünyada bir ovuc torpaq qalana
qədər bərəkət sevinci qalacaq.
Dünyada son kəlmə
qalana qədər dil qalacaq, ünsiyyət qalacaq.
Dünyada son nəfəsə
yetəcək qədər hava qalana qədər eşq qalacaq.
Dünyada son eşq, gözəllik,
ayrılıq, həsrət qalna qədər səs qalacaq.
ƏZİZ DOST!
Əziz dost, bu yazı səs
haqqında bir dinləyicinin düşüncələridir. Bu
düşüncənin janrı yoxdur. Kim istəyirsə buna
esse də deyə bilər, hekayə də, şeir də, məqalə
də.
Heç fərq etməz.
Mən bu yazını Alim
Qasımov səsinə üz tutub yazmışam və Alim
dostuma ithaf etmişəm.
Amma Alim Qasımovun həyatı-yaradıcılığı,
səhnə böyüklüyü haqqında əsər
yazmamışam.
Alim Qasımov haqqında
ayrı-ayrı zamanlarda yazdığım məqaləni verməkdə
məqsədim obrazı bir şəkildə tamamlamaqdır.
Bu yazılarda bu
düşüncələr arasındakı əlaqə də,
əlaqəsizlik də məni çox maraqlandırır.
Məqsədim səs
haqqında oxucu üçün yazılmayan söz yazmaq idi,
onu da yazdım.
lll
Sənətkar bütün
zamanların bütün hökmdarlarına müxalifdir. Bu
hökmdar padşah da ola bilər, kral da, demokratik
respublikanın prezidenti də. Yaxşı da ola bilər, pis də,
ədalətli də ola bilər, ədalətsiz də. Qətiyyən
bu deyilənlərdən və deyilməyənlərdən
asılı olmayaraq sənətkar vicdanın səsi
olmalıdır və mütləq sıradan insanın
sözünü, fikrini deməlidir. Bunun siyasətçi
olub-olmamaqda əlaqəsi yoxdur.
Mən bacardığım qədər
siyasətdən qaçıram. Yaltaqlığa,
yalaqlığa nifrət edirəm. bir mahnım haqqında tənqid
yazısı var idi. Hörmt etdiyim dostum yazmışdı.
Onun haqlılıq payını da qəbul edirəm. amma o
mahnı məzmunu, melodiyası ilə mənə doğma
idi. Mənə o mahnını o doğma musiqi, sakit söz
oxudub.
Sənətkarın
etirazı və ya üsyanı siyasətçininki deyil.
Bilmirəm. Allah hər kəsi eyni yaratmır, eyni qabiliyyət,
eyni missiya da vermir. Doğrusu, bu barədə çox
danışmaq istəmirəm.
lll
Mən bildiyim qədər sənətdə,
deyilənə görə həm də elmdə sütun, kanon
yaradanlar, bir də sütunları, kanonları
dağıdanlar var. Bunların hansı yaxşıdır,
hansı pisdir mübahisəsini açmaq istəmirəm.
Mən
dağıda-dağıda yaratmağın tərəfdarıyam.
Bir şeyi dağıdanda yeni bir şey yaratmayan və ya
yarada bilməyəni mən ciddi qəbul etmirəm.
Mən Azərbaycan
muğamlarının hamısını klassik kanonla
başdan-başa oxumuşam. Bu, mənim yaradıcılığımın,
böyük çıxmasın, birinci mərhələsidir.
Əgər ikinci mərhələdə mən muğamı
ürəyim istədiyi şəkildə oxuya bilirəmsə,
bu mənim yaradıcılıq haqqımdır. Buna sənət
elitasının, xalqın münasibəti təbiidir. Amma əsil
qiyməti zaman verir.
Heç bir tənqidə
cavab vermirəm. Məncə, ehtiyac yoxdur.
lll
Mən tənqidi sevirəm,
– desəm düz olmaz. Tənqid məni çox incidir, – desəm
yenə düz demərəm.
Yer üzündə tənqid
oluna bilməyən heç kəs yoxdur. Biz nə peyğəmbərik,
nə də imam. Biz sənət adamıyıq. Tənqid,
fikir, mübahisə təbiidir.
Tənqidi təhqir əvəz
etməsə hər şey normaldan da normaldır.
lll
Tarın səsi mənə
atamı xatırladır. Tarı dinlədikcə onun
öyüdünü, tövsiyyəsini, danlamasını,
sevinməsini, kədərlənməsini, sözünü,
söhbətini dinləyirəm. Kamançanın səsi əmimin
səsidir. Baxtsız, talesiz əmim ömrünü
daşlara çırpıb sınıq-sınıq
etmişdi. Və hər dəfə kaman səsi bədbəxt
əmimin uğursuz sevgisini, uduzulmuş həyatını,
ayrılıq qoxuyan nəfəsini xatırladır.
Kamança hər sızladıqca onun xəlvət
ağlamaqdan şişmiş, qızarmış gözlərini
görürəm.
Əmim Qarabağın ən
gözəl kamança ustası idi. Amma nə fayda
kamança mənim üçün bədbəxtliyin,
hüznün səsidir.
lll
Muğamın qatları
halın qatlarıdır. Əslində muğam kəlməsinin
bir mənşə mənası da məqamdır.
İnsanın ayrı-ayrı zaman vahidi içərisindəki
halı deməkdir. Hər halın öz haləti var. Yəni
öz rəngi, öz istiliyi, öz biçim və dəyişən
özəllikləri sistemi var. Bu da səsin tərcümeyi-halıdır.
Filan səsin tərcümeyi-halı deyə bildiyimiz kimi, filan
muğamın tərcümeyi-halı demək də məqbuldur.
lll
Muğamat da güzgü kimidir.
Hər müğənni o güzgüdə özünü
görür. Öz halının əksini muğamda görən
müğənni öz qədrini bilmiş olur. Bu
güzgü eyni zamanda həmin muğamı heç olmasa bir
dəfə oxumuşların da aynasıdır. Hər
müğənni bu qoca çinara öz səs
naxışını, adını qoyub getmişdi. Güzgünün
yaddaşı olmaz. Muğamınsa yaddaşı var. Hətta
yazılmamış, yığılmamış muğam belə
onu ifa edənlərin onun üçün tikdiyi libası
özünün qədim sandığında qoruyub
saxlayır. Heç təsadüfi deyil ki, “Çahargah”ı
kim necə oxuyub? – sualının cavabı kimin muğamın
harasını necə bir ustalıqla oxumasıdır.
Hər sonrakı
ifaçı özündən əvvəlkilərə salam
verir, bağır basır sonra keçir meydana. Sonda da
özündən əvvəlkilərə və əlbəttə,
dinləyənlərə bağır basıb təzim etməklə
ehtiramını bildirmiş olur.
SƏSİN VƏTƏNİ
İşıq Allahın nəfəsidir.
Hər yerdə işıq aradım, işıq axtardım.
İşıq eşqi ilə
alışıb yandım.
...Sonra gördüm ki,
işıq mənim özümdəymiş.
lll
Səsin hansı
çirkinlikdən gəldiyini bilsən heyrət edərsən.
Mevlana bunu insana, Puşkin şeirə aid edib.
Bu dünyaya işıq,
ümid, gözəllik gətirən körpənin hansı
çirkinlikdən gəldiyini izah-şərh etməyə
ehtiyac yox.
Ahəng, uyum, ritm içində
ilahi özünüifadənin də söz xarabazarından,
söz xaosundan gəldiyini isbat etməyə hacət yox.
Səsin də min bir
qarışıqlı havadan, qan, öd, iylənmiş su
içindən gəldiyini uzun-uzun təsvir etməyə
lüzum yox. Səsin bəxtiyarlığı, hicranı,
vüsalı, ehtizazı, zili, bəmi... gözəllikdir, təkrarsızlıq
və özünüifadədir.
Bu bir vəcddir.
Yandırıb yaxar, qaçıb qovuşar.
Bu bir əhya gecəsiydi –
dirilmə, oyanma, görünməyənləri görən,
eşidilməyənləri eşitmə məqamı
yetişmişdi.
lll
Səs havadan nəm çəkər.
Aldığımız havanın
ağırlığından, nəfəs borusundan, xırtdəkdən,
ağız boşluğuna daxil olması və səsin
formalaşması qandan, candan, ürəkdən beyindən
keçən min bir yolun mərkəzi insandır. Səs
insanla kainat, dünya arasındakı
bağlılığın ifadəçisidir. Bu
bağlılığın bildiyimiz və bilmədiyimiz rəngləri,
çalarları maddi olduğu qədər də, mənəvidir,
ruhidir.
Qulağına səs dəymək
çox geniş anlamlı bir deyimdir. Cəmiyyətdən, təbiətdən,
uzaqdan, yaxından gələn hər xəbər, hər
ismarıc səsdə reallığını tapır.
Ölən dillərin
lüğət tərkibi, qrammatikası olduğu kimi
qalır. Şumerlərin də, Xettlərin də,
elatların da, Midiyalıların da, latınların... da
dilinin ölməsi onların səslərini qeyb etmişdir,
kitabələrdə lövhələrdə onlar
yaşamaqdadır.
lll
“Fatiha” surəsi Quranın
cövhəridir. Cəmi 7 cümlədir.
Ümmil-kitab adlanan
“Fatiha”nı 7 nəfəsdə oxuyursan. 7 nəfəs 7 rəngdir.
Səddül-məsani də
adlanan “Fatiha” surəsi digər ayələrdən fərqli
olaraq iki dəfə nazil olub: Məkkədə və Mədinədə.
Bilmirəm nədənsə
“Segah” oxuyanda “Fatiha” surəsi içimə çökür.
Və bir də Həzrət Əlinin nəfəsini ürəyimin
başında duyuram.
XƏRABƏT ƏHLİ
Hər muğam bir xərabətdir.
Dağılmış, batmış şəhərlər,
qurumuş çaylar, dənizlər, qara torpağa
qarışmış qəhrəmanlar, adları qəbir
daşı üstünə həkk olunmuş gözəllər,
xanımlar, xatınlar... muğamlara hopub, muğamların
içində daşlaşıb.
Hər muğam tarixdir.
Qalibiyyət də, məğlubiyyət də, yüksəliş
də, çöküş də, uğur da, uğursuzluq da
bu tarixi muğamın köksünə qanla, su ilə, süd
ilə yazılmış səhifələridir.
Hər muğam bir macəra,
bir sərgüzəştdir.
Hər muğam bir mif, bir
nağıl, bir dastan, bir roman, bir şeirdir.
Bəlkə səs
dünyasında nağılın, dastanın, şeirin
özü yox kölgəsi yaşayır, quru bir nəfəs
bu kölgəni dirildir, canlandırır, yenidən həyata,
insanlara qaytarır.
Bəlkə də səs
göy ilə yer arasında körpüdür. Bu
körpünü keçməsən göydən yerə enə
bilmirsən, yerdən də göyə ucala bilmirsən.
Siz elə bilməyin ki, bu xərabəti,
tarixi, mifi, nağılı, dastanı, romanı, şeiri...
bilib muğam oxuyuram.
Nə mən, nə də
muğam oxuyan ustadlarım, nə də tələbələrim,
nə sənət dostlarım bunları bilmədən
muğam oxuyur. Muğamın dəramədindən başlayan,
ilk səsin insan bağrından qopmasından nəşət
tapan muğam hər dəfə yeni bir xərabətdən,
tarixdən, mifdən, nağıldan romandan, şeirdən bəhs
edir. Muğam öz-özünü ifadə edir,
öz-özünü nizamlayır. Hər ifaçı
muğama öz səs cizgiləri ilə gəlir. Səs
cizgisi də əl cizgisi kimi təkrarsızdır.
lll
Ədəbiyyat da insan kimidir
– doğulur, yaşayır (pis ya yaxşı, xoşbəxt ya
bədbəxt...) və ölür.
Ədəbiyyatın da xəstəlikləri
də insanın xəstəlikləri kimidir. Keçici,
öldürücü, yüngül, ağır, əlaclı,
əlacsız...
Bu yaxınlarda bir məşhur
yazıçı və metafora ustası televizorda
danışırdı.
Hıqqandı,
hıqqandı, sonra dahiyanə bir poz alıb koramal kimi
fısıldadı “Allah bu kəndi mənim zövq
almağım üçün, mənim üçün
yaradıb”.
O danışandan 1-2 saat
sonra qadın alt paltarının reklamı verilir. “Təbiət
bu gözəlliyi mənə sənin sevgini qazanmaq
üçün verib”.
Yaltaqlıq iliyinə işləmiş
yazıçı reklam metaforası səviyyəsindən də
aşağı idi.
Yazıçının
qucaqda oturub dörd bir tərəfə namus suçlaması
yağdırması da bir dəhşətli xəstəlikdir
ki, onun adını demək istəmirəm.
Pırsımış sözlər, tapdaq ifadələr, qomu
beş quruş olan ucuzdan ucuz məcaz fəlsəfəsi
ürəyimi bulandırdı. Nifrət və kədərlə
televizora tüpürdüm.
ALLAHIN ZƏRRƏSİ
Eşq də ruh kimi
Allahın zərrəsidir. İnsan yarandığı
gündən bu sirri anlamır, dərk etmir. Hiss etdiklərinin,
duyduqlarının nə səbəbini bilir, nə də nəticəsini.
Bəlkə elə eşqin gözəlliyi, hüsnü də
bundadır.
Eşq atəşdir. Bu atəşi
yanan bilər. Atəş kimi görünsə də, eşq
bir nurdur. Atəşdə yanan nura qovuşandır.
Mən səsimin zaman-zaman
haqqa qovuşduğunu hiss edirəm. Allah mənə o tək
sevgiliyə qovuşmaq mərhəməti göstərsə,
orada öz səsimin alnından öpəcəyəm və gətirdiyi
məqamda onun qarşısında diz çökəcəyəm.
Çünki o səsin də, özümün də o
küllün zərrəsi olduğunu bilirəm. Bilmədiklərimi
səsim mənə öyrədəcək – buna əminəm.
Səsimin bu uca aləmə
bələd olduğu ruhuma dinclik verir. Ruh dilinin də, səs
dilinin də bir başqa olduğu uca aləm qollarını
açır və məni ağuşuna alıb aparır.
Şükürlər olsun, şükürlər, bu
dünyadan, bədənimdən azad oluram və Haqqa
qovuşuram.
(Ardı gələn şənbə
sayımızda)
KAMİL VƏLİ
525-ci qəzet.- 2011.- 12 fevral.-
S.22.