Bəxtiyar Xanızadə:
“Dedi-qodu yayanlara sözüm budur: ondansa, sevinin ki, Pantomim
Teatrı yerində saymır...”
Dövlət Pantomim
Teatrının baş rejissoru, Mədəniyyət və
İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət
xadimi, “Qərib cinlər diyarında”(Qərib) və
“Ovsunçu” (Rəsul) filmlərindən aktyor kimi
tanıdığımız Bəxtiyar Xanızadə Milli.Az
xəbər portalına müsahibə verib. Müsahibədən
seçmə məqamları təqdim edirik.
– Teatrın aparıcı
aktyorlarından ikisinin – Pərviz Məmmədrzayevlə Qurban
Məsimovun, Qurban həm də teatrın baş rəssamı
idi, truppanı tərk etmələrinə sizin münasibətinizi
və mümkün qədər bu qərarın hansı şəraitdən
yarandığını bilmək istərdik.
– Teatr canlı orqanizmdi.
Aktyorlar mütəmadi olaraq gedirlər də, gəlirlər də.
Biz teatr-studiya şəklində fəaliyyət göstərdiyimiz
vaxtlarda ilk pantomimçilər olan Rövşənin, Səyavuşun,
Əsədin, Elmanın adlarını çəkə bilərəm.
Onlardan yalnız Elman burda qalıb və bir neçə ildir
ki teatrın direktorudu. Onlardan sonra Azər, Nicat, Pərviz,
Qurban gəldi. Əvvəl Azərlə Nicat getdi. Sonra gələnlərdən
Mikayıl, Ruslan, Rasim, Təranə də getdilər. Burdan gedənlərin
hamısı özlərini başqa yaradıcılıq sahələrində
tapıblar – başqa teatrlarda çalışırlar, filmlərə
çəkilirlər, biri populyar teleaparıcıdı, biri
televiziyada rejissordu, biri kinorejissordu. Deməli, onların hər
biri burda nəsə öyrənib. Belə olmasaydı, burdan
gedəndən sonra konkret məşğuliyyəti olmayan, nə
edəcəyini bilməyən adamlara çevrilərdilər.
Bu yaxınlarda da Pərvizlə Qurban getdi. İndikilər də
əbədi deyillər. İnsandı, bəzən onu nəsə
qane eləmir, burda fəaliyyət göstərmək istəmir
başqa bir yerə üz tutur. Elə də olub ki, məni nəsə
qane eləməyib, özüm hansısa aktyoru kənarlaşdırmışam.
Köhnə komandadan Nargilə də hələ
burdadır.
O ki qaldı teatr aləminə dedi-qodular qoşmaq istəyən bəzi ağzıgöyçəklərin danışdıqlarına, onlar məgər görmürlər ki, bu dedi-qodular inkişaf etmir?! Bu vaxta qədər eşitmisiniz ki, burdan çıxanların hər hansı biri hansısa dedi-qodunu təsdiq etsin? Eşidə də bilməzsiniz, çünki dedi-qodunun əsası olmur. Əsası olsaydı, şərhi də olardı. Belə söz-söhbətləri yalnız teatr aləminin, canlı sənət növünün nə demək olduğunu bilməyənlər yaya bilərlər.
Bir məsələ də var ki, pantomim teatrında işləmək asan deyil. Mən bu barədə Mədəniyyət və Turizm Nazirliyində də danışmışam. Demişəm ki, pantomim aktyorunun əsas işi bədənlə bağlıdı. Təbii ki, yaşın artması öz təsirini göstərir. Buna görə də bu aktyorlara balet artistləri kimi yanaşılmalıdı.
– Pərviz Məmmədrzayevin bədii rəhbər olduğu “Simsar” Pantomim Teatrının ilk tamaşasından hansı təəssüratları qazandınız?
– Mən o tamaşanı görmədim, çünki məni ora heç kim dəvət eləməmişdi. “Simsar” teatrı yaşayacaqsa, mən buna yalnız evinərəm.
– Bugünkü Pantomim Teatrının aktyorları barədə danışaq. Yeni və təmir edilmiş məkanda nələr baş verir?
– Bugünkü Pantomim Teatrının aktyorları həm də rejissordurlar. Səbinə Hacıyeva ilə Bəhruz Əhmədli “Dejavyu”, Əflatun Abdullayev ”Çərçivə”, Ceyhun Dadaşov “Mən və mən”, Nargilə Qəribova isə “Yol”, “Adsız”, “Tıq-tıq xanım” tamaşalarını hazırlayıblar. Özü də onlar bu tamaşaların demək olar ki, hamısının nəinki rejissoru, həm də dramaturji materialının müəllifidirlər. Bunlar onun göstəricisidir ki, mən olmayanda estafeti əlində saxlaya bilənlər olsun. 17 ildi Azərbaycan teatr tarixində yeganə olan bu teatrın həm kadrlarını hazırlayıram, həm baş rejissoruyam, həm də dramaturquyam. Mədəniyyət və İncəsənət Universiteti bilavasitə pantomim aktyoru hazırlamır, pantomim tamaşaları qoymaq üçün dram əsərləri yazan yoxdu...
– Siz bir neçə dəfə bununla bağlı dramaturqlara müraciət eləmisiniz. Amma səsinizə səs verən olmadı.
– Bəli, olmadı. Repertuardakı tamaşaların böyük əksəriyyətinin dramaturji materialının müəllifi ya mənəm, ya da truppanın üzvləri. Dünya ədəbiyyatında da belə əsərlər çox azdı. Pantomim teatrı üçün dram əsəri yazmaqdan ötrü sadəcə dramaturq olmaq kifayət deyil, gərək bədənin dilini biləsən. Adlarını çəkdiyim gənc rejissorları ona görə hazırlayıram ki, Pantomim Teatrı tək mənim çiynimdə qalmasın. Məgər bir gün mən olmayanda bu teatr da olmamalıdı? Heç kim deyə bilməz ki, bu teatrda gənclərə şərait yaradılmayıb. Hələ on il bundan əvvəl yay məzuniyyətinə gedəndə uşaqlara demişdim ki, məzuniyyət ərzində hər biriniz bir pyes yazarsız. Qayıdandan sonra oxuyub bir-biriniz haqqında fikirlərinizi deyərsiniz. Kimin pyesi əksəriyyət tərəfindən bəyənilsə, ona əlavə olaraq həm dramaturq qonorarı, həm də rejissor maaşı da ayrılacaq ki, həmin pyesi tamaşaya qoysun. Məzuniyyətdən qayıdanda hamı nəsə yazıb gətirmişdi, amma bircə Mikayılın yazdığı bəyənildi. O da bir az məşq eləyəndən sonra yarımçıq qoydu.
– Bu illər ərzində sizin tamaşalarınıza mütəmadi olaraq gələn insanlar var. Fəaliyyətinizin müxtəlif dövrlərini, tamaşaçı kontingentini müqayisə edəndə hansı mənzərəni görürsünüz? Müəyyən mərhələlərə bölürsünüz bu illəri?
– Mənzərə bundan ibarətdir ki, inkişaf baxımından dayanmaq yoxdu. Əgər əvvələr pantomim teatr növünü bir istiqamətini araşdırırdıqsa, indi başqa istiqamətlərdə araşdırılır. Çünki əgər biz Azərbaycan səhnəsinə mim obrazı ilə gəlmişdiksə, sonrakı dövrdə klounada, balet-pantomim, film-tamaşa, pantomim-rəqs kimi pantomim səhnə əsərləri gətirdik. Yəni daim axtarışdayıq. Tamaşaçı kontingentimiz isə yaşına, məşğuliyyətinə görə bir-birindən fərqlənən insanlardan ibarətdi. Hər tamaşadan sonra tamaşaçılar öz fikirlərini bildirirlər, bəyəndikləri, anlamadıqları, bəyənmədikləri cəhətləri qeyd edirlər. Bir sözlə, hər tamaşamızı tamaşaçılarımızla müzakirə edirik. Öz yaradıcılığını inkişaf etdirən teatrın pis və ya yaxşı tamaşası olmur. Ola bilər ki, hansısa məqamda ya ayrılıqda hansısa aktyor, ya da bütün truppa axtarışı əldə edə bilir, ya da yox. Buna görə də müəyyən mərhələlərə bölə bilmərəm. Ayrıca olaraq yüksəliş dövründən ümumiyyətlə, söhbət gedə bilməz. Çünki əgər yüksəliş dövrü, pik mərhələsi varsa, deməli enmə də var. Yaradıcılıqda pik dövrü olmur. Dedi-qodu yayanlara və onlara inananlara sözüm budur: ondansa sevinmək lazımdır ki, Pantomim Teatrı yerində saymır, axtarışlar aparıb inkişaf edir və hətta yenisi də yaranır. Mən də bu işlə öz ləzzətimə görə məşğul oluram.
525-ci qəzet.- 2011.- 12 fevral.-
S.17.