Sözün, vətənin və millətin nəcib təəssübkeşi – İlham Bədəlbəyli

 

Bu yaxınlarda eşitdim ki, Moskvada yaşayan, bizimlə bərabər qəribliyin yükünü çiyinlərində daşıyan qələm dostum, həmkarım tanınmış Azərbaycan şairi İlham Bədəlbəylinin rus dilində “Paradoksı” adlı yeni şeirlər kitabı çapdan çıxıb.Zəng edib dostumu təbrik elədim, mənim kitab payımı göndərməyini bildirdim. Bir neçə gün keçdikdən sonra İlham Bədəlbəyli kitabın bir nüxsəsini uzun-uzadı yazdığı avtoqrafıynan mənə verdi.

İlham Bədəlbəyli 1945-ci ilin yanvar ayının 27-də Sabirabad royununda ziyalı ailəsində anadan olub. İlk şeiri 1968-ci ildə “Molodyoj Azərbaydjana” qəzetində çap olunub. Onun rus dilində “Səsə doğru gedirəm”, “Dənizdə adalar”, “Cənuba məktublar” , “Vernisaj” (azərbaycan dilində) və bu gün oxucularımıza təqdim etdiyi “Paradoksı” kitabıdır. Hələ Sovetlər dönəmində “Xudojestvennaya literatura” və “Raduqa” nəşriyatlaında işlədiyi illərdə İlham Bədəlbəyli bir çox klassiklərimizin – Nizami Gəncəvinin, Mirzə Fətəli Axundovun, Səməd Vurğunun, Mirzə İbrahimovun, Rəsul Rzanın, Osman Sarıvəllinin, Nazım Hikmətin, Nəbi Xəzrinin, Fikrət Qocanın əsərlərinin redaktoru olub. 1991-ci ildə özünün yaratdığı “Rusanova” nəşriyyatında Çingiz Hüseynovun, Rüstəm İbrahimbəyovun, Çingiz Abdullayevin, Tofiq Məliklinin əsərlərini çap eləyib. Moskvada “Dənizdə adalar” şeirlər kitabına görə ilk azərbaycanlı yazıçı kimi N.Ostrovski adına mükafata layiq görülüb.

Həmişə yaxindan tanıdığım, uzun illər yaxın münasibətdə olduğum qələm dostlarım haqqında yazmağa çətinlik çəkirəm. Hər bir sənətkarın, istər şair olsun, istər yazıçı, hər bir qələm sahibinin ümumi cəhətləri həm də fərdi xüsusiyyətləri olur. Şübhəsiz ki, mənim kiçik bir yazıda İlham Bədəlbəylinin ilhamlı dünyasinı tamamilə açıb göstərmək imkanım yoxdur.Amma bəzi məqamları oxucularımızin nəzərinə catdıracağam. Bir neçə il əvvəl mən İlham Bədəlbəylinin 60 yaşının tamam olması münasibətilə keçirilən tədbirdə demişdim ki, İlhamın valideynləri bəlkə də onun gələcəkdə şair olacağını duyub, hiss edib ona İlham adı veriblər.Bəzən deyirlər ki,insana verilən adlar onların inkişafinda,formalaşmasında,həyatda uğurlar qazanmasında, ümumiyyətlə talelərində müəyyən rol oynayır.Bu belədirmi,ya belə deyil,onu bircə Allah bilər.Başqa ad versəydilər də belə, İlham şair olacaqdı. Hər halda İlham şairdir.

 İlham Bədəlbəylinin“Paradoksı” kitabı onun sanki çoxillik ədəbi fəaliyyətinin oxucularına, şeirsevərlərə,İlham poeziyasının pərəstişkarlarına hesabatıdır.Kitab Moskvanın “Veçe” nəşriyyatında 1000 tirajla nəfis şəkildə nəşr olunub. Bu kitab qürbətdə keçən bir şair ömrünün acılı-şirinli günlərinin misraya çevrilən harayidir. Bu kitabda mürəkkəb insan taleyi , ulu Tanrının insanlara qismət elədiyi əsrarəngiz təbiət gözəllikləri, ülvi, təmiz məhəbbət, həyatımızın rəngarəng səciyyəvilikləri öz əksini tapmışdır. Topluda şairin ilk qələm nümunələrindən tutmuş müxtəlif illərdə yazdığı və eləcə də son illərdə qələmə aldığı şeirlər və poemalar yer alıb. Kitabda Azərbaycanımızla,onun əsrarəngiz təbiətiylə,əvəzsiz insanlarıyla bağlı şeirlər xüsusi yer tutur. İlham Bədəlbəylinin şeirlərinin bir qismi isə onu böyüdən, ərsə gətirən ailəyə, doğma ata ocağına və vətən torpağına, müqəddəs yurdumuza sevgidən doğulan, yazılan şeirlərdir. Bu kitaba şairin vətən yanğısı, torpaq,yurd həsrəti, ipə-sapa yatılmayan çılğın gənclik illəri, yeniyetmə çağları, ilə bağlı dərin bir məhəbbətlə yazdığı şeirləri toplanıb. Misralara çevrilən bu yaşantılar qəlbimizi dərin duyğularla,dərin ülvi hisslərlə doldurur. Doğma torpaq, ata-baba yurdu şairin şeirlərində öz mənalı, təkrarolunmaz poetik ifadəsini tapır.

Bəxtinə, taleyinə qürbətdə yaşamaq nəsib olan şair dünyanın çox təlatümlü, nəhəng bir şəhərində ulu Tanrının ona ayırdığı zamanı, verdiyi ömrü üyütməkdədir. İlham Bədəlbəyli olduqca maraqlı, bizi tez-tez heyrətə gətirən, təəccübləndirən şairidir. Az-az yazmağına baxmayaraq sözü yığcam şəkildə deməklə, şeir yazdığı dilin bütün imkanlarından, məna çalarlarından yerli-yerində istifadə edir. Təbiidir ki, şeir təkcə zövq, əyləncə üçün yazilmır, insanın tərbiyəsinə, mənəviyyatının zənginləşməsinə, əxlaqının saflaşmasına,ruhunun təmizlənməsinə xidmət edir. Şeirlərindən görünür ki, İlham Bədəlbəyli həyatın istisini də, soyuğunu da, acısını da, şirinini də, insanların mərdiməzarını da, yaxşısını da,hələ mərdi qova-qova necə namərd elədiklərini də görüb.

İnsan yaşa dolduqca, müdrükləşdiyindən, həyata da, dünyaya da,baxışı dəyişir. Şairin əsərlərinə dərindən diqqət yetirsək illər öttükcə onun necə püxtələşdiyini görürük. İlham Bədəlbəyli rusdilli Azərbaycan şeirimizin zənginləşməsində özünəməxsus rolu olan, öz səsi, öz yolu olan,təkrarçılıqdan uzaq şairimizdir. Yetkinlik çağlarında ilk şeirlərini yazmağa başlayan İlham Bədəlbəyli öz sözü, öz nəfəsiylə ümumi azərbaycan poeziyasında özünə layiqli yer tutub. Qarşısına böyük və ciddi tələblər qoyan İlham Bədəlbəyli, bu tələbləri yerinə yetirməyə çalışır,və ona nail ola bilir. Bu gərgin əməyin, ağır zəhmətin yuxusuz gecələrin hesabına başa gəlir, Belə olduğu halda sən söz sahibi olursan, dediyin misraya yiyələnirsən, oxucuların səni bir misrandan,bir kəlməndən tanıyir. Hansı dildə şeir yazırsan yaz, hansı vəzni seçirsən seç, şairin də, söz sahibinin də dilinin kəsəri, poetik yükü, fəlsəfi duyumu olmalidır. Təsir qüvvəsi olmayan şair cılız, bayağı cızma-qaralarla uzağa gedə bilməz, zirvələrə yiyələnə bilməz. Ana dilimiz təbii biz yazarların ruhudur. Əlbəttə, ana dildə yazmaq ideal variantdır, qeyri dillərdə yazan şair və yazıçilarımiz bəyəm azdırmı? Onların çox olması bu gün olduqca vacibdir, çünki, dünyaya, dünya ictimaiyyətinə, qeyri millətlərə, xalqlara deyiləsi cox sözümüz var. İlham Bədəlbəyli bir qələm sahibi kimi öz vəzifəsini gözəl bilir, yeni- yeni şeirləriylə oxucularına bəşəri və ilahi duyğular aşılayır.

1980-ci il Sovetlər dönəmində ən yadda qalan illərdən biri olub. İlk dəfə olaraq Moskvada Olimpiya oyunları keçirildi. O il mənim də həyatımda uğurlu illərdən biri oldu.Olimpiya oyunlarından bir az sonra mən artıq M.Qorki adına Ədəbiyyat İnstitutunun tələbəsiydim. İnstitut ilə indi mənə çox uzaq görünən yataqxanamızın arası yarımsaatlıq yol idi. Dobrolyubov küçəsi ev 9/11 yerləşirdi, elə həmin binada da SSRİ Yazıçılar İttifaqının qonaq evi yerləşirdi. Demək olar ki, bütün müttəfiq respublikalardan, o cümlədən də Azərbaycandan Mockvaya ezam olunan, xəstəliyilə, şəxsi işiylə, kitablarının nəşriylə bağlı gələn yazıçı və şairlərimizin əksəriyyəti bu qonaq evində qalardılar. Və biz də bir binada olduğumuzdan gələn qonaqlarla görüşür, tanış olurduq. Elə İlham Bədəlbəyli ilə orada görüşüb tanış olduq. Əvvəlcə elə bildim ki, o Bakıdan qonaq gəlib. Sonra məlum oldu ki, İlham Bədəlbəyli Moskvada yaşayır, Ədəbiyyat İnstitutunda oxuyub, şairdir və “Xudojestvennaya literatura” nəşriyyatının redaktorudur. Tanışlığımızın yaşı otuzu keçib, uzun illərdir ki, bir ocağın ətrafındayıq, birlikdə saysız-hesabsız keçirdiyimiz tədbirlərdə bir mövqedən çıxış edib biri-birimizə dayaq oluruq.

Şairin “Proloq” adlı şeiri, məncə, onun ən güclü, ən dolğun və bizi bir insan kimi, bir oxucu kimi silkələyən, məhvərindən oynadan şeirlərindən biridir. Təsadüfi deyil ki, bu şeir kitabda həm proloq əvəzinə, həm də birinci şeir kimi verilib.

 

“Yenə yol üstəyəm, yollarım uzaq,

Getdiyim yolların sonu görünmür.

Qəlbimdən bir qorxu, bir təlaş keçir.

 Səhər də nədənsə üzümə gülmür”.

 

yaxud:

 

“Evin kəndarında dayanar anam,

Əlini qaldırıb boylanar göyə.

Arxamca bir dolça su atar anam,

Dönüb evimizə qayıdım deyə”.

 

“Çayxana “ şeirində yelə verdiyimiz illərə dönmək,o illərin arxasında qalan dünyamızı, barı bir anliğa təzədən yaşamaq arzusu şairi yandırıb yaxır. Bu şeiri elə-belə dinləmək, oxumaq mümkün deyil. Bu misralar ömrünün ən şirin və mənalı çağlarından, qəlbində əbədiyaşar dostlarından həmişəlik vidalaşan bir şairin misraya çevrilən sızıltıları, bir ürəkyanğısıdır. Bu sözlər bizim ömrümüzün axırına qədər bizi duyğulandıracaq doğma vətən, doğma torpaq hissini bir an belə bizə unutdurmağa qoymayacaqdır. şeiri oxuyandan sonra belə qənaətə gəlmək olar ki,qürbətin qızıl qabda verilən yeməyindən vətənin quruca şoru daha yaxşıdır.

Dünyanın ən bahalı içkisindən vətənin bir armudu stəkan çayı daha dadlıdır.

“Geriyə bax, bacım” şeiri öz fəlsəfi tutumuna,bədii yükünə görə bənzərsiz intonasiyasına görə seçilir, sanki şairin bütün həyatı gözümüzün önündə canlanır. İçəri şəhər, onun dar dalanları, boya-başa çatdığı ev, kefimizi hərdən-hərdən pozan və oxşayan dəcəl küləkli Bakımız, və sairə. Onun hər misrasını həyəcansız oxumaq mümkün deyildir:

 

“Şahə qalxıb yenə dəli dalğalar,

Çırpınar,vuruşar səhərə kimi.

Atılim qoynuna, qolumu açım.

Dəniz qismətimiz,

taleyimizdir,

Boylan geriyə bax, geriyə, bacım!

 

Haraya yollansan,haraya getsən,

Xəbər et, harayla, yuxuma gəl sən

Parlaq ulduzların dalınca qaçım,

Aydınlığa çıxsın

zülmət gecələr

Boylan geriyə bax, geriyə, bacım!”

 

“Zaqulba”şeiri də dərin mənasi, axıcılığıyla ruhumuzu oxşayır. Moskva ətrafındakı bağında istirahət etmək fikrindən dönən şair Zaqulbaya gəlir. Göydən alov yağır,ayaq altındakı qum, sanki qaynayır. Yayın bu cırhacırında Xəzərin duzlu balıq qoxusu, badam ağaclarının ətri məst edir şairi, hər şey gözəldi, hər şey qəlb oxşayandı, çünki burda hər şey doğmadır. Bura vətənin, doğulduğun, ana vətən deyib çağırdığın torpağın bir parçasıdır.

 

“Günəş də doğmadır, dəniz də doğma,

Dalğalar şeirimin misralarıdır.

Bəlkə də bu sakit, bu cənnət diyar,

Ömrümün, günümün ilk baharidir.”

 

Vətənini və öz xalqını sevən, öz ana torpağına,adət- ənənələrinə bağlanan şairin vətənpərvərlik ruhunda yazdığı şeirlər bizi sevindirir. Vətənpərvərlik bir anlam kimi onun poeziyasında öz əksini tapır. İlham Bədəlbəylinin bu şeirlərində, böyük dərdləri bir-birini tamamlayan, bir-birinə calayan motivlər üstünlük təşkil edir. Şair yaşadığı sarsıntıları oxucu qəlbinə köçürməyi bacarır, poetik obrazlılıq imkanlarından məharətlə istifadə edə bilir.

 İlham Bədəlbəyli 1988-ci ildəTofiq Məliklinin rəhbərliyi altında yaradılan ”Ocaq” mədəniyyət cəmiyyətinin qurucularından biridir. İlk gündən bu günə kimi təşkilatın idarə heyyətinin üzvdür. Bir ocağın ətrafında dünyanın bu soyuq şimal ölkəsində az da olsa bir az isinə bilirik. Yeri gəlmişkən:

 

“Qəriblikdə bir ocağın başındayıq,

Elə-belə qızınırıq istisinə.

Ömrümüzün payızında, qışındayıq...

Dərdimizi bir az qatıb,

O ocağın tüstüsünə

Yaşayırıq!

Doğma torpaq nisgilini,

qəlbimizdə daşıyırıq.

Daşıyırıq bu həsrəti yetim-yetim,

Yapışmışıq bir ümidin ətəyindən.

Sızıldayan yaramızın məlhəmi yox.

Dad çəkirik haqsızların kötəyindən!”

 

İlham Bədəlbəyli rus təbiətinin vurğunudur. Onun qışını da, yazını da sevir, təbiətin sirli, əsrarəngiz gözəlliklərini böyük həssaslıqla, qələmə alır, şeirə çevirir. Uzun illər onu müşahidə edir çoxlarının duya bilmədiyi, görə bilmədiyi təbiətin nağıllı möcüzələrini nəzmə çəkir. Oxucularına da bu sirli, möcüzəli aləmi dərk etdirməyə çalışır...

Bütün şairlər kimi İlham Bədəlbəylinin də yaradıcılığında müqəddəs, pak məhəbbət motivləri qüvvətlidir, təravətlidir, özünəməxsusdur.

Onun lirik şeirləri yığcam və konkretdir “Amansız romans” şeirində oxuyuruq:

 

“Ötüşən günləri xatırlama sən,

Çətindir qaytarmaq geri onları.

Bizim görüşümüz bir oyundusa,

Təzədən başlayaq o oyunları.

 

Sönmüş ocaqların istisi sənin,

Qəlbini, könlünü isitməz qəti.

Yuxusuz gecələr əbəsdir,əbəs,

Birdəfəlik unut bu məhəbbəti”.

 

 “Dənizçi Əhməd haqqında ballada” adlı kiçik bir şeirində Böyük Vətən müharibəsinin törətdiyi fəlakətləri, sağalmaz yaraları, olduqca dərin və mənalı göstərmiş, oxucularında faşizmə nifrət, vətənpərvərlik hissləri aşılamışdır.

Nəhayət bir daha vurğulamaq istərdim ki, İlham Bədəlbəylinin poeziyasının ən səciyyəvi cəhətindən biri onun rus dilini mükəmməl bilməsi, bədii vasitələrdən məharətlə istifadə etmək bacarığıdır. “Paradoksı” kitabını oxuyanda İlham Bədəlbəylinin müxtəlif illərdə yazdığı bir çox şeirləri onun yüksək intellektə, dərin biliyə, zəngin dünyagörüşünə malik olduğunu sübut edir. Bütün bunlar bir daha göstərir ki, İlham Bədəlbəylini onun müasirlərindən və qələm dostlarından fərqləndirən ən mühüm cəhət şairin özünəməxsus və maraqlı poetik dünyasının olmasıdır. Bir az da dəqiq desəm,  şeirlərindəki zənginlik və rəngarənglik şair qələminin özünəməxsus poetik duyumunun və dünyasının çox təbii bağlantısından, irəli gəlir. Mən İlham Bədəlbəylinin poeziya sahəsində bundan sonra da uğurlu addımlar atacağına əminəm. Böyük maraqla, səbirsizliklə onun yeni-yeni kitablarının işıq üzü görməsini gözləyirəm.

 

 

Nəsib NƏBİOĞLU

 

525-ci qəzet.- 2011.- 15 fevral.- S.7.