Daşın yaddaşı
və ya dünənimizdən bu günümüzə boylanan
tarix
Sultan Hüseyn Bayqara
Şah İsmayıl Xətainin könlünü almaq məqsədilə
ona rəqqasələr göndərir. Şah İsmayıl rəqqasələrə
baxıb deyir: “Mən vuruş adamıyam. Gərək
rahatlanmadan məmləkətimin ətrafında at cövlan
etdirəm”. Hər bir xalqın, millətin gücü, kökə
bağlılığı da at cövlan etdirmək məramındadır.
Əsrlər bir-birini əvəz etdikcə atların
dırnaqlarından qopan səsləri texnikanın, silahın
səsi əvəz etsə də, insanın keçmişə
bağlılığı, torpağa, yurda sevgisi dəyişmir.
Bu sevgi ilə köklənən hər bir kəsin
qulaqlarında keçmişin səsi, zəkasında minilliklərin
tarixi, gözlərində ziyası toplanır. Elələri
də olur ki, elmin köhlən atını minib geriyə
boylanır, keçmişə üz tutur,
qarış-qarış ayları illərə, illəri əsrlərə,
əsrləri minilliklərə calaq edib bir daş
parçası, saxsı sınığı, şüşə
qırığının izinə düşür. Özünü,
kökünü, soyunu tarixin qaranlıq səhifələrində
axtarmaqdan usanmır, donub qalmış uzaq həqiqətlərə
yenidən can verir. Diriltdiyi, yaşatdığı hər
daş parçasında yurdun nəfəsini, iyini arayır.
Tarixin bu dialektikasını dərk edənlərdən biri də
tarix elmləri doktoru, professor Qafar Cəbiyevdir. “Arxeologiya və
romantika”, “Bura vətəndir”, “Can Azərbaycan”, “Azərbaycan
keramikası” kitablarında tariximizi, adət-ənənələrimizi,
milli varlığımızı usanmadan tərənnüm edən
Qafar müəllim okean dibində mirvari axtarırmış
kimi minilliklərin dərinliyinə baş vurur, torpaq qeyrəti,
vətən sevgisi, yurd təəssübünün tərənnümü
və təsdiqi kimi “Girdiman tarixi” əsəri ilə
tarixşünaslığa imza atır. Tarixşünaslıq
elminə yeni töhfə olan “Girdiman tarixi” monoqrafik tədqiqat
əsəri alimin uzun illər axtarışlarının
yekunu olmaqla yanaşı, erməni saxtakarlığına bir
zərbədir. 6 fəsildən ibarət olan bu əsərdə
IV əsrdən etibarən Albaniyada türk mənşəli
sabir tayfalarının məskunlaşdığı Girdiman
vilayətinin tarixi, coğrafi şəraiti, maddi-mənəviyyət
abidələri araşdırılır, Girdimanın uzun illər
tarixşünaslıqda ərazi vahidi kimi qərbdə deyil, məhz
Şirvan ərazisində olduğu əsaslandırılır.
Tədqiqatçı alim yaşayış yerləri, qala və
istehkamlar, məbədlər və qəbir abidələri əsasında
Girdimanın təsərrüfatı, əhalisi, iqtisadi-siyasi
durumu ilə bağlı gerçəklikləri üzə
çıxarır. Xronoloji baxımdan tədqiqat 5 əsri əhatə
edir. Böyük zaman kəsiyində arxeoloq alim Girdimanın
timsalında albanların (qədim azərbaycanlıların)
Bizans və Sasani imperiyaları, ərəb xilafəti və
digər ölkələrlə mübarizəsini,
xristianlığın və islamın yayılmasında
iştirakını antik və orta əsr mənbələri əsasında
araşdırıb. Əsərin I fəsli Girdiman tarixinin öyrənilməsinə
həsr edilib.
Q.Cəbiyev uzun illər sovet
tarixşünaslığında erməni “mənbələrinin”
birtərəfli dəlillərini təkzib edərək antik
yunan müəllifləri – Strabon, Ptolemey, Plininin əsərlərindən
faktlar gətirir, Moisey Kalankatlının “Albaniya tarixi” əsərini
Girdiman haqqında ən mükəmməl mənbə
adlandırır. Onun fikrincə, əsərdə adı
çəkilən bir çox yerlər, görüş və
hadisələr, hərbi səfərlər birbaşa Girdiman
filayəti ilə əlaqəlidir. Mehranilərin ilk nümayəndəsi
olan Mehranın İran şahı Xosrovun intiqamından
qaçaraq Girdimana gəlməsi, Mehrəvan şəhərini
salması, Vardanın Girdiman qalasını tikdirməsi və
s. barədə alban tarixçisinin təfsilatlarına Q.Cəbiyev
müasir tarixşünaslıq rakursundan təhlil verir,
Girdiman hökmdarı Cavanşirin təkcə Azərbaycanda
deyil, Şərqdə, Qərbdə, Şimal ölkəsində
və hətta uzaq Hindistanda belə görkəmli siyasi xadim,
mahir diplomat, cəsur və qüdrətli sərkərdə
kimi məşhur olduğuna həmfikir çıxır. Ərəb
səyyah-coğrafiyaşünaslarının əsərlərində,
rus-sovet tarixşünaslığı və Azərbaycan milli
tarixşünaslığında (F.Məmmədova,
Z.Bünyadov, N.Vəlixanlı, Q.Qeybullayev, M.Şərifli) da
Girdimanın tarixi ilə bağlı mülahizələrdə
sistemsiz və birtərəfli təhlillərin günün tələbləri
və reallıqları səviyyəsində yenidən işlənməsi
zərurətinin tədqiqatçı alim tərəfindən
qoyuluşu əsərin aktuallığına əyani
sübutdur. İlk dəfə olaraq Girdimanın məhz
Şirvan ərazisində, daha dəqiq, Ağsuçay,
Girdimançay və Göyçay çayları hövzəsində
yerləşdiyinin ciddi elmi dəlillər əsasında
sübuta yetirilməsi müəllifin uşaqlıqdan hələ
tarixini bilmədiyi qalaların, abidələrin şahidi
olması ilə üst-üstə düşür. Balaca bir kənd
uşağının ağlına da gəlməzdi ki,
ömrünün kamillik zirvəsində Girdiman tarixini yazarkən
arxeoloji tədqiqat apardığı obyektlər vaxtilə ətəyində
qaçıb-oynadığı, gizləndiyi daşlar, qayalar
olacaq. İnzibati-ərazi vahidlərinin həm təbii-coğrafi
amillərə, həm də insan amillərinə eyni dərəcədə
söykəndiyini deyən müəllif Azərbaycan ərazisində
insanların hələ 2 milyon il əvvəl məskunlaşdığını
bir daha sübuta yetirir. Albaniyanın Çola, Lpina, Kambisena, Əcəri,
Qəbələ, Şəki, Sünik, Arsax, Paytakaran, Uti vilayətlərinin
lokalizəsi ilə bağlı araşdırmaları ilə
yanaşı, tədqiqatçı alim Girdiman toponiminin
elmi-etimoloji təhlilini verir, onun erməni, gürcü və
İran dillərində yozumunu arayanlara türk mənşəli
toponim olduğunu qədim mənbələr və arxeoloji
materiallar əsasında izah edir. Alimin fikrincə, bu toponim iki
hissədən ibarət olub sifət bildirən “gur”, “kor”,
“kür” sözləri və “duman” isminin birləşməsindən
əmələ gələrək “gur duman”, “kor duman”, “kür
duman”, yəni pis, şiddətli duman olan yer mənasını
bildirir. Girdiman hövzəsindəki dağ, bulaq, çay,
yamac, düzənlik adlarının, demək olar ki,
bütünlüklə türk mənşəli olduğu qənaətinə
gələrək o, erməni və gürcü tarixçilərinin
süni “Qardman”, “Qardmanadzor”, “Qrtman”, “Qardabani”
versiyalarını alt-üst edir. Coğrafi, hərbi-iqtisadi və
siyasi baxımdan Albaniya dövlətçiliyinin özəyi
hesab olunan Girdiman tarixinin bu gün də üzdəniraq erməni
və gürcü tarixçiləri tərəfindən
saxtalaşdırılması istiqamətində dəridən-qabıqdan
çıxmaqları, canfəşanlıqları azərbaycanlı
alim tərəfindən tərksilah olunur. Bu isə tarix elminin
uğurundan çox dövlətçiliyimizə, müstəqilliyimizə,
özünütanıtıma verilən siyasi qiymətdir. Girdimanın
bir özəlliyi də məskunlaşma üçün təbii-coğrafi
şəraiti ilə izah olunur. Bioloji, coğrafi, sosial, iqtisadi
amillər əhalinin məskunlaşma dinamikasında öz əksini
tapmaya bilməzdi. “Cənubda isti iqlim, susuzluq və
torpaqların zaman-zaman şoranlaşmaya meyilli olması,
şimalda sərt dağlıq relyef,
yağıntıların çoxluğu, qışın nisbətən
uzun keçməsi, əhalinin təbii şəraitə
uyğun olaraq mövsümi surətdə arandan yaylağa,
yaylaqdan arana intensiv miqrasiyası, daha sonra isə oturaq həyat
üçün xüsusilə əlverişli olan orta zonada,
yəni Hacıhətəmli, İvanovka, Quşencə,
Nüydi və Sanqalan yaylaları ərazisində cəmləşməsi”nin
e.ə. V minilliklərə təsadüf etməsini Q.Cəbiyev
orada aşkar edilmiş qədim yaşayış yeri və
nekropolların sıxlığı ilə əlaqələndirir.
Tarixin təkcə yazılı mənbələr əsasında
öyrənilməsinin qeyri-mümkünlüyünə uzun
illər apardığı arxeoloji tədqiqatlar nəticəsində
əmin olan müəllif Girdimanın maddi-mədəniyət
abidələrinə də biganə qalmır. Bu baxımdan
ötən əsrin 20-ci illərindən tədqiqata cəlb
edilən Girdiman ərazisində 80-90-cı illər Ağsu-İsmayıllı
arxeoloji ekspedisiyası kəşfiyyat xarakterli
axtarışları bir çox yaşayış yerləri,
qala və istehkamlar, məbədlər və qəbir abidələrinin
öyrənilməsi yolunda yeni mərhələ kimi dəyərləndirilməlidir.
2003-cü ildə Q.Cəbiyevin rəhbərliyi ilə Ağsu
rayonunun Bəyimli kəndi ərazisindəki Torpaqqalada
aparılan ilkin kəşfiyyat qazıntıları zamanı
müəyyənləşdirilən VI-IX əsrlərə
aid möhtəşəm şəhər yerinin dövr və
coğrafi koordinatlar etibarı ilə Mehrəvan şəhərinə
uğunluğu qənaəti tədqiqatın ilkin mənbəyə
söykəndiyinə tutarlı sübutdur. Əsrlər boyu
tarixi özündə yaşadan şəhər və şəhər
tipli yaşayış məntəqələrindən
Qırlartəpə, Qəbələ, Mehrəvan, Lahıc,
Qalagah, Tərkəs, Kürdivan, Gəndob, Ərəbcəmirli,
Həsən bəyin yurdu, Kələş, Yekəxana
haqqında monoqrafiyanın IV fəslində geniş məlumat
verir. Xüsusilə Albaniyanın ilk paytaxt şhəri
olmuş Qəbələdə əldə olunmuş zəngin
maddi-mədəniyyət kolleksiyaları Azərbaycanda şəhər
mədəniyyəti tarixinin dərindən və hərtərəfli
öyrənilməsində misilsiz əhəmiyyətə
malikdir. Şəhər xarabalıqlarında antik dövrə
və ilk orta əsrlərə aid aşkarlanan çoxlu
yaşayış binaları, ictimai binalar və istehsal
ocaqlarına əsasən Qəbələnin mühüm sənətkarlıq
mərkəzi olmaqla yanaşı, dünyanın bir çox
ölkələri və iri ticarət mərkəzləri ilə
mədəni-iqtisadi əlaqələri, həmçinin
Oğuz rayonundakı Vardanlı kənd toponimi ilə Girdiman
vilayətinin “dövlət içərisində dövlətə”
çevrildiyini Q.Cəbiyev elmi-etimoloji təhlil süzgəcindən
keçirərək şərh edir. Girdiman ərazisindəki
qala və istehkam tipli müdafiə tikililərini lokal və ya
regional əhəmiyyət daşımaları etibarı ilə
iki qrupa bölən tədqiqatçı 16 adda qala və
istehkam haqqında ətraflı məlumat verir. Qalaların
inşası, memarlıq-məkan quruluşu, strateji keyfiyyətləri,
landşaft-relyef şəraiti və kimin şərəfinə
tikilib adlandırılması ilə bağlı
çoxsaylı fərziyyə və mülahizələr də
IV fəsildə ümumiləşdirilib. Cavanşir, Girdiman,
Qızlar, Vəndam, Xirəki, Niyal, Xanəgah, Xosrov və b.
qalaların tarixi ilə yaxından tanış olduqda bu tarixi
yazan, gələcək nəsillərə ərməğan
qoyanın özünü də möhkəm, keçilməz,
müdafiə mövqeli bir qalaya bənzətdim.
Təqdim olunan maddi-mədəniyyət
abidələrinin bir qismi barədə ilk dəfə söhbət
açan Q.Cəbiyev Girdiman əhalisinin təsərrüfat həyatını
tarixi baxımdan şərh edir. Əkinçilik,
maldarlıq, ovçuluq və sənətkarlığın
inkişaf səviyyəsi barədə danışarkən
elmi-tarixi şərhin arxeoloji materialla sintezdə verilməsi
alimin ən böyük uğuru sayıla bilər. Ərazidə
aparılmış geniş miqyaslı arxeoloji
qazıntılar zamanı ayrı-ayrı təsərrüfat
sahələrinin inkişaf səviyyəsini müəyyən
edən çoxsaylı maddi-mədəniyyət
tapıntılarını qədim və orta əsr müəlliflərinin
məlumatları və müasir etnoqrafik dəlillərlə
birlikdə kompleks şəkildə araşdırmaqla Girdiman ərazisinin
erkən orta əsrlər dövrünə aid təsərrüfat
həyatının ayrı-ayrı sahələrinin inkişaf
səviyyəsi barədə ümumi təsəvvür əsərin
V fəslində öz əksini tapır. Müxtəlif
formalı dən daşları, dəmir oraq, darı, çəltik
qalıqları, taxıl məhsulları saxlanan küplər,
dəri tuluqlar, müxtəlif formalı saxsı qablar və
s. Girdimanda əkinçiliyin taxıl,
pambıqçılıq, çəltikçilik sahələri
ilə yanaşı, üzümçülüyün, şərabçılığın,
meyvəçiliyin geniş inkişaf etdiyindən xəbər
verir. Tarixi mənbələrdən daha çox yunan
coğrafiyaşünaslarının əsərlərinə
istinad edən Q.Cəbiyev Girdiman ərazisində həmçinin
maldarlıq, ovçuluq, sənətkarlıq sahələrinin
təşəkkülünü Azərbaycanın həm
geosiyasi məkan, həm də mədəniyyətləri
transformasiya edən bir məmləkət olması ilə, bir
çox ölkə və xalqlarla müqayisədə azərbaycanlıların
daha qədim və daha zəngin mədəniyyət
daşıyıcısı olduqları ilə əlaqələndirir.
Əsərin “Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni
həyatında Girdiman vilayətinin rolu” adlanan sonuncu fəslində
Girdimanın ölkənin siyasi həyatındakı rolunu
müəllif 3 amillə xarakterizə edir: birincisi, əlverişli
coğrafi mövqeyi və zəngin təbii resursları;
ikinci, müstəqil siyasət; üçüncüsü,
630-cu ildən etibarən siyasi hakimiyətin ələ
keçirilməsi. Tarixi mənbələrə və
çoxsaylı arxeolojidəlillərə istinad edərək
belə bir qənaətə gəlir ki, “IV-IX əsrlərdə
Girdiman vilayətinin ərazisi bütpərəstliyin, zərdüştliyin,
xristianlığın və İslam dininin maraqlarının
çox ciddi surətdə toqquşduğu bir məkan olub”. Alban
sərkərdəsi Cavanşirin ölümü münasibətilə
şair Dəvdəyin 140 misralıq qəsidəsini belə
erməniləşdirənlərin çirkin niyyətini tədqiqatçı
alim ən azı velikorus şovinizmindən doğan
qısqanclıq kimi təqdim edir. “Girdiman tarixi” əsərinin
müasirliyi və aktuallığını vilayətin tarixinə
dair xəritə, diaqram, cədvəl və tablolar
tamamlayır. 104 tabloda verilən arxeoloji tapıntıları
– tikinti qalıqları, təsərrüfat küpləri, ərzaq
anbarı, müxtəlif formalı saxsı qablar, qəbir,
ocaq, təndir qalıqları, metal əşyalar, bəzək
əşyalarının şəkilləri ilə
yanaşı, qalaların sxematik planları, müasir
görünüşü, müxtəlif xəritə və
cədvəllər monolqrafiyanın elmi dəyərini və
sanbalını daha da artırır. Uzun illərdən bəri
gərgin əməyin və elmi təfəkkürün məhsulu
kimi ərsəyə gələn “Girdiman tarixi” Q.Cəbiyevin
tarixşünaslıq elminə dəyərli töhfəsi
olmaqla bərabər, Azərbaycan torpaqlarına göz dikənləri
susdurmağa qadir yurd oğlunun harayı, bir ömür
Girdiman yaşamıdır. Tarixini yaşadanı isə tarix
özü yaşadır – Girdimanın özü kimi.
Nazilə ABDULLAZADƏ,
pedaqogika üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2011.- 15 fevral.- S.7.