Təhsil Nazirliyinin Kollegiya iclasında korrupsiyaya qarşı mübarizə tədbirləri müzakirə olunub

 

Dünən Təhsil Nazirliyində “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya (2007-2011-ci illər)”nın icrası mövzusunda kollegiya iclası keçirilib. İclasda nazir müavinləri, nazirliyin müvafiq struktur bölmələri və şöbələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bir sıra texniki peşə və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

Kollegiya iclasında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunan iclasında korrupsiyaya qarşı mübarizə məsələsinə də toxunulub və bu baxımdan dövlət qurumlarının qarşısında ciddi vəzifələr qoyulub. Azərbaycanın dövlət siyasətində korrupsiyaya qarşı mübarizənin əsas prioritetlərdən biri olduğunu vurğulayan təhsil naziri son illər ərzində bu sahədə qəbul olunan hüquqi-normativ sənədlərin əhəmiyyətindən bəhs edib, müvafiq qurumlarla birgə əməkdaşlıq sayəsində həyata keçirilən tədbirləri nəzərə çatdırıb. Prezidenti tərəfindən təsdiq olunan “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (2007-2011-ci illər)”ya uyğun olaraq görülən işlərə diqqət çəkən M.Mərdanov 2006-cı ildən Təhsil Nazirliyində QHT nümayəndələrinin də təmsil olunduğu Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupunun, korrupsiya halları ilə əlaqədar vətəndaşların müraciətlərinin operativ qəbulu və baxılmasının təmin edilməsi məqsədilə “Qaynar xətt” xidmətinin fəaliyyət göstərdiyini bildirib: “2010-cu il ərzində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 13 232 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müraciətlərin 11 861-i telefonla, 1 371-i elektron poçt vasitəsilə qəbul edilib ki, onların da 75 faizi sorğu və məlumat xarakterlidir. Ümumilikdə, müraciətlərin 60 faizdən çoxu ümumtəhsil məktəbləri, 5 faizə qədəri məktəbəqədər tərbiyə müəssisələri, 1 faizə qədəri məktəbdənkənar tərbiyə müəssisələri, 5 faizi texniki-peşə təhsili müəssisələri, 20 faizi ali məktəblər, 7 faizi orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır. “Qaynar xətt” xidmətində yanvar-fevral aylarında 143, martda 356, apreldə 1003, mayda 958, iyunda 4200, iyul-avqust aylarında 1871, sentyabrda 2083, oktyabr-noyabr aylarında 1854, dekabrda isə 764 müraciət qeydə alınıb. Hər ay daxil olan müraciətlərin 60-70 faizi Bakı şəhərindəki ümumtəhsil məktəbləri ilə bağlı sorğulardan ibarət olub ki, həmin müraciətlər də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb. Şikayət xarakterli müraciətlərin araşdırılması zamanı məlum olub ki, onların 108-i anonimdir. 99 şikayətdə yazılan faktların doğru olmadığı, 8 şikayətdə qeyd edilənlərin tam və ya qismən doğru olduğu müəyyənləşdirilib. Aparılan araşdırmalar nəticəsində Bakıdakı 26, 37, 61, 79, 110, 141, 192, 208, 228 və 321 nömrəli məktəblərin direktorları işdə yol verdikləri nöqsanlara görə vəzifədən azad olunub, 38, 94, 139, 151, 176, 270 nömrəli məktəblərin direktorlarına müxtəlif dərəcəli töhmət verilib, 146 məktəb direktoruna isə xəbərdarlıq edilib. Paytaxtın 18, 76, 119 və 258 nömrəli məktəblərindən daxil olan məlumatlara əsasən ayrı-ayrı fənn müəllimləri, sinif rəhbərləri məktəb müdiriyyəti tərəfindən inzibati tənbeh olunublar. Məktəb ərazilərinin zəbt olunmasının qarşısının alınması, istilik sistemlərinin olmaması ilə əlaqədar şikayətlər yerində araşdırılıb, bunlarla bağlı müvafiq təşkilatlara müraciətlər edilib. Ümumtəhsil məktəbləri ilə əlaqədar Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərindən və Abşeron, Yardımlı, Daşkəsən, Zaqatala, Xaçmaz, Tovuz, Tərtər, Lənkəran, Şabran, Lerik, rayonlarından daha çox müraciət daxil olub. Abşeron rayonundan daxil olan müraciətlərin böyük əksəriyyəti şikayət xarakterli olub. Belə ki, müraciətlərin əksəriyyətində həmin rayonun ümumtəhsil məktəblərində bir neçə dəfə məcburi qaydada məktəbli formasının, lüzumsuz kitabların satışının təşkil edildiyi, fond pulu toplandığı bildirilib. Qeyd olunan məsələ ilə əlaqədar müvafiq araşdırmalar aparılıb, həmin araşdırmaların nəticələri Təhsil Nazirliyində müzakirə edilib. Abşeron Rayon Təhsil Şöbəsinin müdirinə yaranmış problemin qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib, təlimata zidd olaraq məktəbli formasının satışında iştirak etdiyinə görə bir orta məktəb müəllimi isə işdən azad olunub. Ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, dərs bölgüsü, dərsliklərin şagirdlərə çatdırılması, habelə ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi və bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistr pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması və digər çoxsaylı sorğulara xidmət əməkdaşları və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən aydınlıq gətirilib. Ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili və keçirilməsi ilə əlaqədar sorğular bütün sorğuların 45 faizini təşkil edib. Bir sıra sorğular isə Beynəlxalq və respublika fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar olub”. Nazir qeyd edib ki, ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin qış və yay imtahan sessiyalarında tələbələrin biliyinin obyektiv qiymətləndirilməsini təmin etmək, yarana biləcək neqativ halların aradan qaldırılması məqsədilə “Qaynar xətt” xidmətinə müraciətlər iş günləri fasiləsiz qəbul edilib. Eləcə də “Qaynar xətt” xidmətinə və nazirliyin korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna yanvar və iyun aylarında daxil olan müraciətlər Təhsil Nazirliyinin əməkdaşları və bir sıra qeyri-hökumət təşkilatlarının könüllüləri tərəfindən araşdırılıb: “2009-2010-cu tədris ilinin qış və yaz imtahan sessiyaları dövründə özəl ali təhsil müəssisələri ilə əlaqədar daxil olan müraciətlərin sayı dövlət ali və orta ixtisas məktəblərindən daxil olan ünvanlı şikayətlərdən daha çox olub. Fəaliyyəti dayandırılan iki özəl ali təhsil müəssisəsi tələbələrinin köçürülməsi ilə əlaqədar 2010-2011-ci tədris ili ərəfəsində daha çox müraciət qəbul edilib. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində nöqsanı olanlar tənbeh edilib, onlara irad bildirilib və töhmət verilib, eləcə də digər inzibati cəzalar tətbiq olunub. Təhsil müəssisəsində şagirdlərə təqaüdlərin, sosial ödəmələrin, işçilərin əmək haqlarının vaxtında verilməməsi barədə “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərə əsasən Dəniz Balıq Sənayesi Kolleci və 6 nömrəli Bakı peşə liseyində noyabr ayında araşdırmalar aparılıb. Aparılan araşdırmalara müvafiq olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Dəniz Balıq Sənayesi Kollecinin və 6 nömrəli Bakı peşə liseyinin direktorlarına xəbərdarlıq edilib, həmin təhsil müəssisələrinin mühasiblərinə isə töhmət verilib. Ötən il ərzində “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər və araşdırmaların nəticələri barədə məlumatlar müntəzəm olaraq Təhsil Nazirliyinin internet saytında, “Azərbaycan müəllimi” qəzetində, “Təhsil xəbərləri” məcmuəsində və digər mətbu orqanlarda dərc edilib”. M.Mərdanov 2010-cu ildə Təhsil Nazirliyinə vətəndaşlardan və dövlət qurumlarından 51552 məktub, müraciət, ərizə və şikayətin daxil olduğu, 7251 nəfərin qəbul edildiyi haqda məlumat verib, ayrı-ayrı rayonlar üzrə vətəndaşların ərizə və müraciətlərinin sayı, mövzusu barədə statistik göstəriciləri nəzərə çatdırıb, yerlərdə vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin monitorinqinin aparılmasının zəruriliyini söyləyib. Hər ilin sonunda Təhsil Nazirliyinin mərkəzi aparatının və nazirliyin tabeliyindəki struktur bölmələrin hesabatlarının dinlənildiyini, nəticələr barədə KİV-də məlumatların verildiyini bildirən təhsil naziri rayon, şəhər təhsil şöbələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin də bu prosesə cəlb edilməsinin nəzərdə tutulduğunu deyib. 2008-ci ildən başlayaraq həm Təhsil Nazirliyinin mərkəzi aparatında, həm də rayon və şəhər təhsil şöbələrində dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiq edildiyini vurğulayan təhsil naziri hazırlanan etik davranış standartlarının bütün təhsil müəssisələrinə təqdim olunduğuna diqqət çəkib, eləcə də müəllimlərin işə qəbulunun tam şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsinin razılıqla qarşılandığını söyləyib. Nazir deyib ki, 2010-2011-ci tədris ili üzrə ölkənin ümumtəhsil məktəblərində müəyyənləşdirilmiş vakant yerləri tutmaq üçün kompüter vasitəsilə keçirilən imtahanlarda iştirak edən 1815 nəfərdən 288-i işə qəbul olunub, ümumtəhsil məktəblərində direktor vəzifəsinə işə qəbul sahəsində də yeni mexanizm tətbiq edilib. Təhsil müəssisələrində imtahanların aparılması mexanizminin təkmilləşdirilməsi, şəffaflığın artırılması və bu prosesə ictimai nəzarətin gücləndirilməsi məsələsinə toxunan təhsil naziri hər bir tədris ocağında “Qaynar xətt” xidmətinin yaradılmasının zəruriliyini söyləyib. M.Mərdanov bütün ali və orta ixtisas təhsili məktəblərində imtahan sessiyaları ərzində qərargahların, “Qaynar xətt” xidmətlərinin təşkil olunduğunu, aşkarlığı və şəffaflığı təmin etmək üçün imtahanların gedişi prosesinə KİV-lərin və QHT koordinatorlarının, Korrupsiyaya qarşı Mübarizə Fondu, “Şəffaflıq Azərbaycan” Cəmiyyəti, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Dövlət Quruculuğu Araşdırmalar Mərkəzinin nümayəndələrinin cəlb edildiyini diqqətə çatdırıb. M.Mərdanov həmçinin bildirib ki, son illər imtahan sessiyalarında neqativ halların qarşısını almaq, obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə imtahanlar yazılı forma ilə yanaşı, həm də test tapşırıqları əsasında kompüter vasitəsilə həyata keçirilir. Ötən il Moskva Dövlət Açıq Universitetinin Bakı filialında və Azərbaycan Beynəlxalq Universitetində aşkar olunan ciddi nöqsanlara görə onların lisenziyalarının ləğv edilməsi barədə söz açan M.Mərdanov bu ali məktəblərdə qanuni yolla təhsil almış tələbələrin digər özəl universitetlərə köçürüldüyünü bildirib. Kollegiya iclasında M.Mərdanov Təhsil Nazirliyi tərəfindən təhsil orqanları və müəssisələrində neqativ halların, qanun pozuntularının, korrupsiyaya şərait yaradan faktların aşkar edilməsi, nöqsanlara yol vermiş məsul şəxslər barədə intizam tənbehinin tətbiqi sahəsində müntəzəm iş aparıldığını nəzərə çatdırıb. Nazir qeyd edib ki, ötən il 4 rayon təhsil şöbəsinin müdiri, 72 məktəb direktoru, 5 direktor müavini, 1 məktəbdənkənar müəssisə rəhbəri, 6 peşə məktəbi direktoru, 1 ali məktəb müəllimi, 10 uşaq bağçası müdiri, 9 baş mühasib, ümumilikdə, 108 nəfər vəzifəsindən azad olunub, 41 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 115 nəfərə töhmət verilib.

Daha sonra qarşıda duran vəzifələrdən, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimin, məktəbin nüfuzunun qorunması məsələlərindən bəhs edən təhsil naziri iclas iştirakçılarına bir sıra tapşırıq və tövsiyələrini verib.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 16 fevral.- S.2.