Kamal Abdulla və jurnalistika
Yaxud Dördüncü Qütbə Baxış
Bu gün Mətbuat
Şurasında yeni məclis qurulacaq – dost, kəlam məclisi.
Kamal Abdullanın yubileyini qeyd edəcəyik. Niyyətimiz
suçumuzu yumaq, təskinlik deyil. Kamal müəllimin 60
yaşı ötən ilin dekabrında tamam olub. Yubileyi
ölkənin söz, sənətlə bağlı
qurumlarında adına, xidmətlərinə, cəmiyyətdəki
yerinə layiq tədbirlərlə qeyd edilib. Elmi-praktik
konfranslara, seminarlara, görüşlərə xaricdən gələn
tanınmış alimlər, elm xadimləri də qatılıb.
Bizim gecikməyimiz isə bir neçə əsaslı səbəbə
söykənir. Əvvəla, Mətbuat Şurası İdarə
Heyəti üzvlərinin əksəriyyəti son iki ayın
böyük hissəsini ölkə hüdudlarından kənarda
keçirib. Türkiyəyə, Şimali Kiprə, Niderlanda,
Böyük Britaniyaya, ABŞ-a səfərlərimiz olub.
İkincisi, yubilyarla baglı tədbirlərin zənginliyi və
mötəbərliyi bizi daha əlverişli məqam
seçiminə vadar edib. Üçüncüsü, həmin
məclislərdə Kamal müəllimi mətbuat, jurnalistika
ilə bağlayan cəhətlər daha az təhlil obyekti
olduğundan istəmişik ki, bu missiyanı özümüzə
saxlayaq. Ötən illərdə “mətbuatımız Kamal
Abdullaya nələri bəxş edib, Kamal Abdulla mətbuatımıza
nələri” mövzusunu araşdıraq. Bələdçimiz
oxuduqlarımız, eşitdiklərimiz, bildiklərimiz, qələmə
aldıqları və barəsində yazılanlardır. “Azərbaycanın
elm və mədəniyyət xadimləri” seriyasına daxil
olan “Kamal Abdullayev” biblioqrafik nəşri də
yaddaşımızın yardımçısıdır. Azərbaycan
Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı
ilə çap edilən 135 səhifəlik məlumat toplusu ilə
tanışlıq yekunda bir suala məntiqi cavabını
gözləyir. 215 məqalə, tezis, esse, ön söz, rəy,
elmi söhbətin, onlarca şerin, hekayənin, pyesin,
romanın, xarici dillərdən tərcümənin qələmə
alınması uçun insan ömrünün
yaradıcılığa sərf etdiyi 37 ilinin nə qədərini
yazı masası arxasında keçirməlidir? Arifə,
yaradıcılığın məziyyətlərinə bələd
olanlara bunun şərhinə, izahına nə ehtiyac. Olub ki,
özüm də hansısa mövzunu, süjeti, uğurlu
fikri, ifadəni tapmaq üçün bəzən günlərlə
axtarış aparmaq zorunda qalmışam. “Azərbaycan alimi,
yazıçısı, ictimai xadimi, filologiya elmləri
doktoru, AMEA-nın müxbir üzvü, Bakı Slavyan
Universitetinin rektoru, Azərbaycan Yaradıcılıq Fondunun sədri,
Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin,
Teatr Xadimləri Cəmiyyətinin, Azərbaycan Mətbuat
Şurasının İdarə Heyətinin üzvü...” –
vaxt, zaman, zəka, təfəkkür, əqli və zehni zəhmət
sərfi baxımından hesablamalarımızı da
vurğuladıqlarımızın üstünə gəlsək
heyrət və qürur dolu bir mənzərəyə
şahidlik edərik. Zəngin palitranın hər guşəsi
elə əsrarəngizdir ki, baş vurmaq asan, uzaqlaşmaq
çətindir. Bizim isə məqsədimiz yuxarıdakı
sualı cavablandırmaq olduğundan istiqamətdən
yayınmaq niyyətimiz yoxdur. Hərçənd yekun fikri əvvəldən
söyləməzlər. Qaydanı pozaraq demək istəyirəm
ki, bütün dövrlərdə milli mətbuatın formalaşmasına,
təşəkkülünə, inkişafına K.Abdulla kimi
intellektə malik insanlar müstəsna xidmətlər göstəriblər.
Mətbuat da borclu qalmayıb. Onun keyfiyyətlərinə
ictimai baxışları yönəldən əvəzsiz
vasitə, tribuna olub. Belə desək, hər iki tərəfin
əvəzsiz qazancı var. Bu gün ölkənin
bütün dəyərli media vasitələri K.Abdulla
imzasını səhifələrində görməkdən məmnunluq
duyur. Onun televiziya və radio kanallarındakı müəllif
proqramları elektron kütləvi informasiya vasitələrinin
reytinqini yüksəldir. Mövzu, şərh, təhlillər
tamaşaçını tutdusa iki daş arasında olsa belə
özünü ekran qarşısına çatdıracaq.
Kamal müəllimin AzTV-də “Niyə
belə deyirik” adlı müəllif proqramını
xatırlayaq. Qayğıların çoxluğuna baxmayaraq
hamısını izləmişəm. Dilçi alimin söhbətləri
həm də niyə belə demirik, yazırıq,
yazmalıyıq”a da aydınlıq gətirir. Biblioqrafiya tərtibçiləri
Kamal müəllimin elmi maraq dairəsini üç qütbə
– dilşünaslığa, ədəbiyyatşünaslığa,
türkologiyaya ayırırlar. Bəs jurnalistika?
Üçlüyün mütəmadi yararlandığı bu
sahəni elmi maraq dairəsindən nə dərəcədə
kənarda təsəvvür etmək mümkündür? Doğrudur,
Kamal Abdulla ilk növbədə pedaqoqdur, ən başlıca
auditoriyası rektoru olduğu Bakı Slavyan Universitetidir. Aparacağımız
paralellər müəllimliklə müdrikliyin vəhdətindən
xəbər verir. Rektor tarixi meylləri, faktorları nəzərə
alaraq burada türkologiya fakültəsinin yaradılmasına
nail olub. Universitetin auditoriyalarında, tədbirlərində
ünsiyyət vasitəsi Azərbaycan dilidir. Ali məktəbdə
jurnalistika fakültəsi mövcuddur. Məram aydındır.
Azərbaycanı, dövlətimizi türk və slavyan dilli
ölkələrdə təmsil edə biləcək jurnalistlərin
yetişdirilməsi müasir dövrün tələbidir. Kamal
müəllimin auditoriyası xeyli genişdir. Onun elmi, bədii,
publisistik nümunələrinə maraq göstərənlərin
sırasında jurnalistlərimiz kəmiyyət və keyfiyyətcə
üstünlüyə malikdirlər desəm, yanılmaram. Bu
qütb digərindən həm də daha aktivliyi ilə fərqlənir.
Qarşı tərəfi söhbətə tutur, müsahibələr
alır. Onun “Yarımçıq əlyazma” romanı
Bakıda nəşr edilib, Fransada, Türkiyədə,
Rusiyada, Braziliyada, Polşada xarici dillərdə işıq
üzü gördükdən sonra jurnalistlərimiz xoş
müjdələri çatdırmaqla kifayətlənməyiblər.
Əsərin məzmunu, peşəkarlıq xüsusiyyətləri
barədə əksər yazıların müəllifləri
olublar. Mən də hisslərimi mətbuatda qısa və
konkret şəkildə təqdim etmişəm. Ötən il qəzet və jurnallar
onun barəsində 67 material verib. Kiçik rəqəm deyil.
Düşünmək olar ki, yubileyinin də təsiri var. Elə
isə digər illərə nəzər salaq. Qələm
sahibləri mətbu vasitələrdə 2006-cı ildə 67,
2007-ci ildə 51 dəfə “Kamal Abdulla” mövzusuna müraciət
ediblər. Onda ki, yubileydən söhbət getmirdi. Fərəhlə
deyə bilərik ki, bu gün ictimai mühitimizdə
K.Abdulla-media, media-K.Abdulla körpüsü var.
Hər iki tərəf səmimiyyət
vasitəsini mütəmadi adlayır, ünsiyyət
yaradır. Cəmiyyəti düşündürən, ona
xoş ovqat bəxş edən yaradıcılıq nümunələri
də beləcə yaranır. Kamal müəllim Azərbaycan
Mətbuat Şurası təsis olunduğu gündən
cinahdaşımızdır. Ölkə jurnalistləri onu
üç dəfə MŞ-nin İdarə Heyətinə
üzv seçiblər. Şuranın istər təşkilatlanmadan
keyfiyyət dəyişikliklərinə, istərsə də
indiki imicinin formalaşmasınadək dövrlərdəki fəaliyyətinə
qədər keçdiyimiz yolun bütün mərhələlərində
xeyirxah insan, yaxın dost kimi bizimlə birgə
enişli-yoxuşlu, imtahanlı uzun məsafəni qət etməkdədir.
İdarə Heyətinin iclaslarının birində
söz-sözü çəkib dilçi-alimlərin reytinqi
üzərinə gəldi. Sual dolu nəzərlər İH
üzvü, tanınmış mütəxəssis, filologiya
elmləri doktoru, professor Nizami Cəfərova dikildi. Əvvəl
Ağamusa Axundovun adını çəkdi, ikinci yerin şəksiz
sahibinin Kamal Abdulla olduğunu dedi... Söz yox ki,
K.Abdullanın 37 illik yaradıcılığı
bütövlükdə zəngin mənəvi xəzinələrimizdəndir.
Lakin şəxsi keyfiyyətlər fonundakı dəyərlərsiz
bu o qədər də cazibədar görünməzdi. Çətin
günlərin dostu, həssas, qayğıkeş insan kimi
tanınan Kamal müəllimə ictimai diqqəti yönəldən
məhz bir-birini tamamlayan cəhətləridir. Mətbuat
Şurasının irəli sürdüyü elə təşəbbüs
olmayıb ki, hərtərəfli dəstəyini təklif etməsin.
Bəzilərinin isə bütövlükdə
ağırlığını öz üzərinə
götürüb.
Hər hansı kütləvi
informasiya vasitəsinin dilinin monitorinqinin aparılması
heç də adi iş deyil, geniş anlayışdır.
Qeydləri, tənqidləri səmimiyyətlə də
qarşılayan olur, ayranına turş deyilməsinə
etirazını bildirənlər də. Şurada yeddi ildir belə
monitorinqlər aparılır. Başlanğıcı, təməli
Kamal müəllimə məxsusdur. MS-nin 2006-cı ildə
keçirdiyi “Kütləvi informasiya vasitələrinin dili”
mövzusunda birinci ümumrespublika konfransı mediamız və
ictimaiyyət üçün yenilik idi. Tədbirə Bakı
Slavyan Universiteti ev sahibliyi etdi. Kamal Abdullanın dəyərli
tövsiyələri uğurumuza təsirsiz ötüşmədi.
Müasir jurnalistikamız necə olmalıdır, nələrə
üstünlük verilməlidir – bütün bunlar Mətbuat
Şurasında aparılan diskussiyaların önəmli
mövzularındandır. Media təmsilçilərinin təhsili,
Jurnalist Peşəkarlığı İnstitutunun
yaradılması ətrafında gedən müzakirələrdə
onun təklifləri daim maraq doğurur. Bunu nəzərə
alaraq MŞ-nin Təhsil Komissiyasına rəhbərlik etmək
Kamal müəllimə həvalə olunub. Məsələ ilə
bağlı xarici ekspertlərin rəylərinin öyrənilməsi
üçün BSU-da ötən ilin dekabrında beynəlxalq
konfrans keçirilib. Universitetdə jurnalist kadrlarının
hazırlanmasına digər ali məktəblərə nisbətən
gec başlanılsa da orijinal yol seçilib. Buranın məzunları
türkdilli və slavyandilli ölkələrdə jurnalist
kimi işləmək üçün yetişdirilir. Dillə
jurnalistikanın sintezi diqqət mərkəzindədir. 2010-cu
ilin axırlarında Türkiyə səfirliyində media ilə
bağlı keçirilən tədbirə həmin gənclərin
bir qrupu da dəvətli idi. Tələbələrin
müşahidəçi kimi qalmamaları, tanınmış
media mütəxəssislərinə orijinal suallar
ünvanlamaları, qısa vaxt tələb edən sorğuda
çeviklik və dolğun cavablarla fərqlənmələri
qarşıya qoyulan məramın uğuruna inam
oyadırdı. Kamal Abdulla şəxsiyyətini səciyyələndirən
cəhətlərdən söhbət düşəndə
Bakı Dövlət Universitetinin filologiya fakültəsi
xüsusi diqqət çəkir. Mənə orada cəmi bir
neçə il təhsil almaq xoşbəxtliyi nəsib olub.
Sonra Moskva Dövlət Universitetinə
köçürülmüşəm.
O illərdə sanki sehrli, ecazkar bir
aləmdə idim. Ora fakültədən çox
bütövlükdə bir institutun işini görən elmi
müəssisəyə bənzəyirdi. Halbuki K.Abdulladan fərqli
olaraq mənə Mir Cəlal, Əkbər Ağayev, Muxtar
Huseynzadə, Səlim Cəfərov, Məmməd Cəfər
və başqaları kimi görkəmli alimlərin bir qisminin
mühazirələrini dinləmək xoşbəxtliyi nəsib
olmamışdı. O, müəllimlərinə və tələbə
yoldaşlarına özunu sevdirə bilmişdi. 37 ildir ki,
xarakterində belə ünsiyyəti hifz edib. Məlumat
toplusunda K. Abdullanın ilk məqaləsinin beşinci kursda
universitetin elmi əsərlərinin “Dil və ədəbiyyat”
seriyasında nəşr olunduğu göstərilir. Tələbəlik
yoldaşları isə yalnız birinin qeyd edilməsini təvəzökarlıq
əlaməti sayırlar. Tələbə filoloqun respublika mətbuatında
müxtəlif mövzularda yazılarını
oxuduqlarını xatırlayırlar. Bunlar isə ağac bar gətirəndə
misalına hörmətlə yanaşmağından xəbər
verir. Bəli, Kamal Abdulla barı artdıqca təmkinini saxlayan
barlı ağaclarımızdandır. Bu bardan bütün cəmiyyət
faydalanır, o cümlədən media təmsilçilərimiz
də.
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri
525-ci qəzet.- 2011.- 16 fevral.- S.4.