Cavid Məmmədov: “Məqsədimiz Azərbaycanı Türkiyədə doğru şəkildə tanıtmaq idi”

 

MÜSAHİBİMİZ TÜRKİYƏDƏ FƏALİYYƏT GÖSTƏRƏN ƏSKİŞƏHƏR AZƏRBAYCANLILAR DƏRNƏYİNİN RƏHBƏRİ CAVİD MƏMMƏDOVDUR

 

Cavid Məmmədov 1980-cı ildə Bərdə rayonunda anadan olub. 1998-ci ildə dövlət xəttilə Türkiyənin Əskişəhər Anadolu Universitetinin əczaçılıq fakültəsinə daxil olub. Həmin fakültənin bakalavr və magistratura pilləsini bitirdikdən sonra universitetin farmakalogiya bölümündə xərçəng xəstəliyi üzrə uzmanlıq əldə edib. Hazırda Osman Qazi Universitetinin tibb fakültəsinin fiziologiya üzrə doktoranturasında təhsilini davam etdirir. 2010-cu ilin avqustundan isə Əskişəhər Azərbaycanlılar Dərnəyini qurub  ve rəhbəridir. 

– 1998-ci ildə Türkiyədə təhsil almağa gedərkən məqsədimiz həm də o idi ki, azərbaycanlı tələbələr olaraq Azərbaycanı orada doğru şəkildə tanıda bilək. Yəni, Azərbaycanın istər xarici və daxili siyasəti, istər adət-ənənələri, istər faciəli, soyqırım və yaxud bayram günləri olsun, bunları doğru şəkildə tərənnüm edib, Türkiyə cəmiyyətinə tanıdaq. Bununla əlaqədar olaraq üzü 1998-ci ildən bu yana bir çox proqramlar, layihələr, aksiyalar, tədbirlər həyata keçirmişik. Ancaq qardaş dövlətdə belə bir məsələ də var ki, reallaşdırmaq istədiyin hər hansı bir tədbiri, aksiyanı rəsmi qurum olmadan keçirmək mümkün deyil. Daha doğrusu, həmin tədbirləri keçirmək üçün mütləq hansısa bir qurumun adını verməlisən, ondan istifadə etməlisən. Məsələn, 2007-ci ildə Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı Türkiyənin ziyalı təbəqəsinin çox yüksək olduğu Əskişəhərdə “Xocalı soyqırımına son!” adlı 3 günlük foto sərgi və imza aksiyası keçirdik. Bu tədbiri də Əskişəhərin ən böyük küçəsi olan Hamamyolu caddəsində, açıq səma altında keçirdik. Qeyd edim ki, bu küçə şəhərin ən böyük, işlək, insanların daha çox gəzdiyi, alış-veriş etdiyi küçəsidir, həm də trafikə bağlıdır. Eyni zamanda, tədbiri rəsmi icazə ala bilmədiyimiz üçün Əskişəhərdə fəaliyyət göstərən “Türk Ocağı”ı ilə birge reallaşdırdıq. Demək istəyirəm ki, biz orada bu cür işlərə imza atırıqsa, o zaman diaspora yaratmalıyıq, rəsmi adımız, ünvanımız olmalıdır, yəni, kiminsə qapısını döyəndə bununla əlaqədar bir problem yaradılmasın. Çünki 2005-ci ildə başıma belə bir hadisə gəlmişdi... 

– Söhbət konkret nədən gedirdi? 

– O vaxt Əskişəhərdə Azərbaycanda – 1990-cı ildə baş verən qanlı 20 Yanvar hadisələrinin 15-ci ildönümü ilə əlaqədar tədbir keçirmək istəyirdik. Bununla əlaqədar Dini Müftiliyə getdim. Türkiyədə cümə namazlarında xütbə, vaz bir məsciddən verilir. Gedib, mərkəzi müftiylə görüşdüm ki, məsciddə verilən vazda 20 Yanvar hadisələri zamanı şəhid olan insanlarımızın ruhuna bir fatihə oxunsun və bununla Bakıda belə bir hadisə olduğunu türk xalqı duysun, xəbərdar olsun. 20 Yanvar nədir, o zaman nələr baş verib, bunun ən azından insanlar-türk insanları araşdırsınlar. Həmin vaxt müftinin mənə qısa və net sualı oldu ki, sən kimsən, hansı qurumu təmsil edirsən. Bu sual mən də həmin şəhərdə, qardaş ölkədə azərbaycanlılardan, xüsusilə, orada təhsil alan azərbaycanlı tələbələrdən ibarət bir qurum, diaspora təşkilatı yaratmaq fikrini daha da alovlandırdı. Burada başqa bir məsələ də var ki, Türkiyədə hansısa bir qurum yaratmaq üçün ən azı Türkiyə vətəndaşı olan 7 nəfərin imzası, təsisçiliyi lazımdır. Biz bu məqsədlə türkiyəli dostlarımızla əlaqələr, dialoq qurduq, onları bu məsələyə cəlb etməyə çalışdıq. Düzünü deyim ki, ilk vaxtlar bəzi insanların çəkingənlikləri olurdu. Onları da qınamaq lazım deyil. Çünki bu cür qurumlara daxil olanda onlar fikirləşirlər ki, bunun nəticəsi nə ola bilər, nə olacaq və sair. Odur ki, biz həmin çəkingənlikləri aradan qaldırmağa çalışdıq, nə az, nə çox 6 ay bununla məşğul olduq və sonda istəyimizə çatdıq. Yəni, 7 nəfər türk kimliyi olan insanını bu quruma cəlb edə bildik və onların imzası ilə Əskişəhər Azərbaycanlılar Dərnəyini yaratdıq. Bu dərnəyin ötən ilin avqust ayının 22-də rəsmi açılışı, təqdimat mərasimi oldu. Ancaq onu da deyim ki, bu Dərnəyin fəaliyyətinə icazə iyul ayının 7-də verilmişdi. O vaxt Türkiyənin Rəsmi Dərnəklər Müdirliyindən bu qurumun rəsmi fəaliyyət göstərməsinə icazə verilmişdi. Amma yuxarıda qeyd etdiyim kimi, Dərnəyin rəsmi açılışı, təqdimat mərasimi avqustun 22-də reallaşdırdıq. Tədbirimizdə Azərbaycanın Diasporla ilə İş Üzrə Dövlət Komitəsinden Neriman Qurbanov və Türkiyə-Azərbaycan Cəmiyyətləri Federasiyasının başqanı Bilal Dündar da iştirak etdi. Hesab edirəm ki, Türkiyənin ən önəmli bölgələrindən olan Əskişəhərdə belə bir qurumun fəaliyyətə başlaması ilə Azərbaycan, Qarabağ, Xocalı, 20 Yanvar həqiqətlərini, xalqımızın adət-ənənələrini, bayram günlərini daha geniş və əhatəli şəkildə qeyd edə, tanıda biləcəyik. 

– Ötən dövr ərzində hansı tədbirləri keçirməyə nail olmusunuz? 

– 22 avqustdan bu yana bir an olsun belə öz fəaliyyətimizdən geri qalmırıq. Öz imkanlarımız daxilində, eləcə də, bəzi dostlarımız sağ olsun, onların köməyi sayəsində qurumumuz üçün bir ofis kirayələmişik və orada fəaliyyətimizi yürüdürük...

 – Yeri gəlmişkən, nə qədər üzvünüz var? 

– Hazırda 100-dən yuxarı üzvümüz var. Bunların da haradasa 60-70 faizi azərbaycanlı tələbələrdən ibarətdir. Onlar bizim yürüyən ayaqlarımızdır, biz onların sadəcə, düşünən beyinləriyik. Çünki bu cür işlərdə ən aktiv olan təbəqə təbii ki, gənclərdir, gənc tələbələrdir. Çox sağ olsunlar, gənc insanlarımız bu qurumun daha effektiv fəaliyyət göstərməsi üçün böyük fədakarlıqlar göstərirlər. Demək olar, hər həftənin bazar günü dərnəyimizdə çay süfrəsi arxasında görüşlərimiz, müzakirələrimiz olur. Bu müzakirələrdə də qarşıdan gələn hər hansı bayramımız, istər faciəli günümüz olsun, və sair, onları necə keçirməyimizi planlaşdırırıq. 22 avqustdan bu yana Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin dəstəyilə, onların göndərmiş olduğu bir qurbanlıq qoyunla, eyni zamanda, özümüzü kəsmiş olduğumuz qoyunla Qurban bayramını qeyd etdik, bir bayram süfrəsi təşkil etdik. Qeyd edim ki, Türkiyədə bəlkə də ilk dəfə idi ki, azərbaycanlılar qurban yeməyində, süfrəsində bir araya gəlirdilər. Bu tədbirdə Türkiyədə təhsil alan azərbaycanlılarla yanaşı, orada uzun müddətdən bəri yaşayan və ya sonradan yaşamağa gələn soydaşlarımız bir araya gəldilər. Bundan başqa, dərnəyə maddi-maliyyə dətəyi əldə etmək üçün Dünya Azərbaycanlılarının Həmrəylik günündən təxminən 15 gün öncə Azərbaycanın caz-rok musiqisindən ibarət bir konsert proqramı düzənlədik. Həmrəylik günündə isə Dərnəyimizdə yenidən bir araya gəldik, bunun arxasınca 20 Yanvar hadisələri ilə bağlı həmin tarixdə Türkiyədə fəaliyyət göstərən başqa iki təşkilatın da yaxından qatqısı ilə Əskişəhərin ən böyük məscidi – Rəşadiyyə məscidində şəhidlərimizin ruhuna, bir mövlud, yasin-şərif oxutdurduq, şəhidlərimizi andıq, yad etdik. Axşamüstü isə Dərnəyimizdə bir konfrans təşkil etdik. 

– Bəs, qarşıda hansı tədbirləri görməyi nəzərdə tutursunuz? 

– Bildiyiniz kimi, artıq neçə illərdir, Heydər Əliyev Fondunun və Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası keçirilir. Onu da qeyd edim ki, biz hələ bu kampaniya başlamazdan xeyli öncə bu soyqırım aktının Türkiyə ictimaiyyətinə tanıdılması istiqamətində fəaliyyətlərimizi ortaya qoymuşuq və indi də bu yöndə işlərimizi davam etdiririk. Odur ki, Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı bir tədbir keçirməyi nəzərdə tuturuq. Eyni zamanda, türk dünyasının milli bayramı olan Novruz bayramı ilə bağlı tədbir keçirmək istəyirik. Bu yerdə onu da qeyd edim ki, Azərbaycandan fərqli olaraq, Türkiyədə iki cür – rəsmi dövlət bayramları və dini bayramlar qeyd olunur. Azərbaycanda isə həm rəsmi dövlət bayramları, həm dini bayramlar olan Qurban və Orucluq bayramları, həm də bütövlükdə türk dünyasının yeganə milli bayramı olan Novruz bayramı qeyd olunur. Təəssüflər ki, bu bayrama Türkiyədə hələ də Osmanlı zehniyyəti ilə yanaşan, onu qəbul etməyə tərəddüd edən insanlar var. Ancaq əslində bu bayram türklərin sırf milli bayramıdır. Ona görə biz bu bayramla bağlı geniş tədbirlər keçirməyi nəzərdə tuturuq. Eyni zamanda, çalışırıq və çalışacağıq ki, Dərnəyimizə Əskişəhərdə yaşayan türk insanlarını, başqa türk toplumlarının nümayəndələrinin cəlb edək, onları Azərbaycan həqiqətləri ilə daha yaxından tanış edək.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2011.- 16 fevral.- S.4.