“Sosrealizm bizə nə verdi?”
” XALQ YAZIÇISI ELÇİNİN BU MÖVZUDA QƏLƏMƏ
ALDIĞI ƏSƏR TANINMIŞ ƏDƏBİYYATŞÜNASLARIN
İŞTİRAKI İLƏ AMEA-nın NİZAMİ ADINA ƏDƏBİYYAT
İNSTİTUTUNDA GENİŞ MÜZAKİRƏ OLUNUB
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda xalq yazıçısı Elçinin “Sosrealizm bizə nə verdi?” mini-monoqrafiyasının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbiri giriş sözüylə açan İnstitutun direktoru akademik Bəkir Nəbiyev Elçinin yaradıcılığı və çoxşaxəli fəaliyyəti barədə məlumat verərək bildirib ki, müəllifin “Sosrealizm bizə nə verdi?” əsəri Azərbaycan ədəbiyyatının dünəninə baxmaqla bu gününü obyektiv qiymətləndirməyə imkan verir və bu baxımdan da geniş maraq doğurub. Sonra monoqrafiya ilə bağlı çıxışlar olub.
Əsas məruzəçi kimi
çıxış edən tanınmış alim, filologiya
elmləri doktoru, professor Qəzənfər Paşayev deyib ki,
çağdaş ədəbiyyatımızın daim ədəbi
proseslərin içində olan, onun qayğıları ilə
yaşayan, ədəbi prosesləri istiqamətləndirən,
bu sahəyə vətəndaş mövqeyi ilə
yanaşan görkəmli nümayəndəsi, ustad ədib və
tənqidçi Elçinin əsərləri, bir qayda olaraq,
böyük maraq doğurur, hadisəyə çevrilir. Bu mənada
“Sosrealizm bizə nə verdi?” əsəri də istisnalıq təşkil
etmir. Bunu təkcə görkəmli yazıçı və
alimin uğurlu yazısı kimi qiymətləndirmək
doğru olmazdı. Əsər həm də bizi ortaq
keçmişimizdən ortaq gələcəyə səsləyən
bir manifest kimi dəyərləndirilməlidir. Q.Paşayev
deyib ki, müəllif əsərdə yeri gəldikcə
sosrealizmin bizə nə verməsi, faciəmizin acı təcrübəsindən
dərs almaq kimi önəmli mətləblərlə
bağlı suallar qoyulur, oxucuda maraq doğuran məqamlara
aydınlıq gətirilir. “Tarixin təcrübəsinə
arxalanaraq belə müşkül suallara
düşünüb-daşınıb cavab verməliyik” – deyən
məruzəçi bildirib ki, monoqrafiya Yazıçılar
Birliyində, ali məktəblərin filologiya fakültələrində
geniş müzakirə edilməlidir. “Niyyətimiz o deyil ki,
müzakirələrdən sonra hansısa qərarlar qəbul
olunsun, əsla yox. Yetər ki, yaşanmış tariximizin təcrübəsini
götür qoy edək. “Sosrealizm bizə nə verdi?” bu
baxımdan tarixi əhəmiyyət kəsb edən bir əsərdir.
Şübhəm yoxdur ki, zaman keçdikcə tarixi həqiqətləri
bəyan edən bu əsərin qiyməti daha da artacaq”. Q.Paşayev deyib ki, ciddi təhlil və arqumentlərlə
zəngin əsəri oxuyub başa çatdıranda ilk qənaəti
bu olub ki, belə mürəkkəb mövzuya yalnız
Elçin kimi, sözügedən prosesləri dərindən
bilən, fəal, səriştəli, müdrik bir qələm
adamı girişə bilərdi: “Bu dəyərli və əhəmiyyətli
əsər adamı düşünüb daşınmağa,
məsələnin məğzinə varmağa sövq edir. Bu
həcmcə kiçik, mənaca böyük olan əsərdə
nəticə çıxarılmalı, istiqamətləndirici
məqamlar çoxdur. Elçin müəlim
bütün başqa əsərlərində olduğu kimi, bu
əsərində də olaylara vicdan tərəzisinin
gözü ilə baxır. 50 ildən artıq Azərbaycan əəbiyyatının
oxucusu və təəssübkeşi olan bizlər ürəyimiz
əsə-əsə bizi qane edəcək, obyektiv və düzgün
cavabı gözləyirdik. Qazandıqlarımızın
ağırlığının itirdiklərimizdən az
olub-olmadığının fərqində idik. O baxımdan
ki, sosrealizm dövründə ədəbiyyatımızın
və incəsənətimizin, dilçilik elmimizin, ümumiyyətlə,
mədəniyyətimizin qazandıqları itirdiklərimizdən
çox olub. Mən bu qənaətə Elçin müəllimin
əsərindən çıxış edərək gəlmişəm.
Sosrealizm Azərbaycan milli təfəkkürünün
güclənməsində böyük rol oynayıb. Bu dövrdə milli ədəbiyyatımızın
aparıcı janrları formalaşıb, sərbəst və
mənsur şeir, fundamental ədəbiyyat nəzəriyyəsi
məhz bu dövrdə yaranıb, mükəmməl Azərbaycan
ədəbiyyatı tarixi yazılıb, Azərbaycan tərcümə
məktəbi, dilçilik elmi inkişaf edib. Lakin
sosrealizm Azərbaycanda romantizm cərəyanına ciddi zərbə
vurub. XX əsrin əvvəllərində mövcud olan bir
sıra janrları qəbul etməyərək ədəbiyyata
yeknəsəqlik gətirib. Halbuki milli mənəvi
dəyərləri qoruyub saxlamaq şərti ilə qərbdən
öyrənmək, yaxşı cəhətləri mənimsəmək
və ondan bəhrələnmək olardı. Sosrealizm bir də
ona səbəb oldu ki, meydana istedadın məhsulu olmayan ədəbiyyat
gətirdi. Bu dövrdə ən
böyük itkilərimiz yaradıcı
adamlarımızın – Mikayıl Müşfiq, Seyid
Hüseyn, Əhməd Cavad, Hüseyn Cavid, Yusif Vəzir
Çəmənzəminli, Salman Mümtaz, hətta sistemə,
sosrealizmə çox fəal xidmət edən Mustafa Quliyev və
neçə başqa şəxsləri itirməyimiz oldu”.
Professor deyib ki, Elçinin də qeyd etdiyi kimi, 56-cı ilə
qədərki dövrdə yazıçılar, eləcə
də rəssamlar, bəstəkarlar, rejissorlar, memarlar və
başqaları sosrealizmə məhkum edilmiş yaradıcı
insanlar idilər. “Düzdür, Azərbaycan ədəbiyyatı,
musiqisi bir sıra hallarda sosrealizm çərçivəsindən
çıxırdı. Bu baxımdan Elçinin fikirləri əlahiddə
əhəmiyyət kəsb edir. Sistem güclü idi, onun həmləsinə
tab gətirmək üçün həmin gücə
ekvivalent istedad tələb olunurdu. Bəzən
qəribə mənzərə yaranırdı. Eyni bir əsərdə
həm sosrealizm tələbləri, həm də istedadın təhriki
ilə sosrealizmin tələblərinə o qədər də
doğma olmayan tələblər öz ifadəsini
tapırdı”. Q.Paşayev deyib ki, əsərdə
onu ən çox qane edən cəhətlərdən biri də
“ifşaçılıq dövrü”ndə öz qələm
yoldaşlarına, həmkarlarına qara yaxan, böhtan atan
adamların kimliyi üzərində müəllifin çox
dayanmamasıdır. Məruzəçi əlavə
edib ki, ötən əsrin 60-cı illərindən
başlayaraq böyük çətinliklə də olsa
genişlənməkdə olan tənqidi realizm ədəbiyyat
siyasətinin ideoloji buxovlarını qırıb
dağıtmış, insan və həyat üzərində
köklənmiş təbii bir ədəbi prosesin
yaranmasını və inkişafını şərtləndirmişdir.
Q.Paşayev 60-cıların ədəbiyyata gəlişini bəzilərin
nəsil dəyişməsi anlmında qəbul etdiyini, bəzilərinin
isə bunu SSRİ-də siyasi iqlimin yumşaldılması ilə
əlaqələndirdiyini vurğulayıb. “Burda həqiqət
yaşantıları var, çünki proses təkcə Azərbaycanda
deyil, SSRİ-də baş verdiyindən buna inanmaq olar. Amma
Elçinin gəldiyi qənaət daha inandırıcıdır.
Elçin müəllim məsələyə
başqa bucaqdan yanaşır və əsərdə qeyd edir
ki, bu bədii estetik hadisə olub, novatorluqla ənənə
arasında milli ədəbi ənənələr və
dünya ədəbiyyatı təcrübəsindən gələn
ənənələr arasıda bağlılıq idi.
60-cılar təsdiqləyə bildilər ki, bəşərliliyə
aparan yol millilikdən keçir. Eyni zamanda mühüm olan
budur ki 60-cılarda forma və məzmun milliliyi, milli məhdudiyyəti
yarıb keçdi. Həqiqətən onların milli ədəbiyyatımızın
inkişafında xidmətləri danılmazdır”. Sonda
monoqrafiyanın bir çox cəhətdən qiymətli
olduğunu vurğulayan Q.Paşayev onu yaradıcı gənclər
üçün məktəb adlandırıb. Filologiya elmləri
doktoru Akif Hüseynov da əsəri təqdir edib. Deyib ki, həmin
dövr barədə yazmaq üçün geniş mütaliəyə
ehtiyac var. Bu ədəbiyyatmız haqqında yazmaq lazım idi
və Elçin müəllim bunu etdi. Onun qənaəti belədir
ki, sosrealizm ideoloji konsepsiya layihəsini
daşıyırdı. Bu metodun daxili ziddiyəti də bunda
idi. Sosrealizm yazıçıları müəyyən səmtə
yönəldir, onların əl-qolunu bağlayırdı.
Metodun bu səciyyəni daşıması
yazıçılara təsir edirdi. A.Hüseynov deyib ki,
Elçin əsərdə o dövrdə itirdiklərimiz, əldə
etdiklərimiz barədə özü danışmır. Bunun
ədəbiyyata nə verməsi sualına cavab tapmaqda çətinlik
çəkir. “Doğrudan da çətin və mürəkkəb
məsələdir. 60-cılara gəlincə, məncə bu
mərhələ sosializmin realizmdən ayrılması məhələsi
kimi xarakterizə oluna bilər. Problem özü o qədər
mürəkkəbdir ki, bu barədə danışmaqda,
aydın fikir söyləməkdə çətinlik çəkirsən.
Hesab edirəm ki, həmin dövr yazılan əsərlərə
qayıtmalıyıq”. Onun fikrincə, sosrealizmin ən zəif
cəhəti orada həyat həqiqətinin zəifliyidir. AMEA-nın müxbir üzvü Teymur Kərimli əsəri
diqqətlə oxuduğunu və sosrealizmin əslində
realizmin SOS-fəryadı olması qənaətinə gəldiyini
vurğulayıb, Elçinin əsərini həmin fəryada
yazılmış cavab adlandırıb. “Əsəri birnəfəsə,
maraqla oxudum, bu Elçin müəlimin növbəti
uğurudur. Burada Elçin müəllim maraqlı tezislər
ortaya qoyub. O, ürəyindən gələnləri yazıb və
hesab edirəm ki, ədəbiyyatımıza növbəti dəyərli
töhfə verib”. Professor Nizaməddin Şəmsizadə
sosrealizmin çətin, ağır bir dövrün məhsulu
olduğunu və Elçin müəllimin bu əsərlə
bütöv bir ədəbiyyat nəzəriyyəsi
şöbəsinin görməli olduğu işi yerinə
yetirdiyini bildirib. “Sovet dövrü də tariximizdir, onu
taleyimizdən kəsib ata bilmərik. O cümlədən də
sosrealizmi. Baxmayaraq ki, sosrealizm inzibati yolla, Stalin sisteminin zoru
ilə ədəbi fikrə gətirilmişdi. Sosrealizm ədəbiyyatı
nəzarətdə saxlamaq, yazıçıları idarə
etmək vasitəsi idi. Amma sovet rejimi formal olaraq imkan
yaratmışdı ki, yazıçılar az da olsa öz
millətlərinin taleyindən yazsınlar. Bütün
hallarda Elçin müəllim bu barədə çox dəyərli
əsər ortaya qoyub”. Filologiya üzrə fəlsəfə
doktoru Şirindil Alışanov bu məsələlərin
geniş müzakirəyə ehtiyacı olduğunu
vurğulayıb. “Çünki
bir çoxumuzda bu sahəyə aid elementar məqamlar
haqqında məlumat yoxdur. Elə məqamlar
var, bəlkə gün kimi aydındır. Amma biz onlara şübhə ilə
yanaşdığımızdan təkrar qayıdırıq.
Burada sosialist sivilizasiyası ilə sosrealizmi
bir-birindən ayırmaq lazımdır. Dünyada
filosoflar qəbul ediblər ki, sosialist sivilizasiyası bəşər
tarixində var. Xalqların o dövrdə əldə etdiyi
nailiyyətlər sosrealizmlə deyil, sosialist sivilizasiya ilə
bağlı idi”. Filologiya elmləri doktoru Tehran Mustafayev
isə filoloji təhsil baxımından bu mövzunun aktual
olduğunu, amma dərsliklərin olmadığını
önə çəkib: “Ona görə də akademik məqalələrdən
bu məqsədlə istifadə olunur. Elçin
müəllimin məqaləsi də bu baxımdan dəyərlidir”.
Məqalənin ona problematik təsir
bağışladığını deyən T.Mustafayev əlavə
edib ki, burda onu daha çox düşündürən sistem,
istedad və zaman məsələsidir. “Bir
var ədəbiyyata çöldən, bir də var içəridən
baxış. Elçin bu məsələni
içəridən izləməyə
çalışır. Suallar qoyur və
verdiyi cavab əsasən belədir ki, sosrealizm bizə ciddi
heç nə vermədi. Ancaq müqavimət imkanı verdi ki, yaradıcı insanlarımızın
bir çoxu davam gətirib xalqın sözünü deyə
bilsinlər”. Ədəbiyyatşünas alim
Vaqif Yusifli Elçinin həm də professional tənqidçi
olduğunu deyib. “Heç də
bütün yazıçılar tənqidçi olmurlar.
Elçin müəllim isə ədəbi məsələlərlə
bağlı hələ 70-ci illərdən həyəcan təbili
səsləndirən fəal tənqidçidir. Məqalərinin hər biri ədəbi hadisəyə
çevrilir, bu məqalə də onun uğurlarından
biridir. Kitabda 20-ci illərdən başlayaraq SSRİ-nin
qurub çağına qədər Azərbaycan ədəbiyyatının
mənzərəsi əks olunub və göstərilir ki, bu
proses öz-özünə deyil, mövcud sistemin təsiri ilə
baş verib. O dövr çox ziddiyyətli idi. Amma Elçin
müəllim demişkən, sistem istedadları tamamilə ram
edə bilmədi. Sistemin təsiri ilə
yazılmış əsərlərin sənətkarlıq
baxımından heç də hamısı zəif deyil.
Xüsusən 60-cı illərdə yazılan ədəbi
nümunələri, eləcə də Elçinin öz əsərlərini
sosrealizm çevrəsinə aid etmək olmaz”. Filologiya elmləri doktoru Vaqif Arzumanlı isə deyib
ki, SSRİ-də sosrealizmin olması vacib idi. Çünki 15 respublikanı bir ideya altında birləşdirmək
lazım gəlirdi. Bu metodun üstün və
ziyanlı cəhətlərini qeyd edən alim
vurğulayıb ki, çox aktual mövzuya toxunan Elçin
öz əsəri ilə ədəbi ictimaiyyətin diqqətini
bir daha cəlb edib. “Bu 60-cıların ədəbiyyata
gəlişinə bənzəyir. Elçin
müəllim bu əsəri ilə yeni ədəbi nəslə
reallıqların çatdırılmasında bir pəncərə
açmış oldu. Bütöv bir dövrün,
problemin real qiymətini verdi”. Kulturoloq Aydın Xan məqalənin yeni texnologiya ilə
qələmə alındığını vurğulayıb,
əsərin gənclər üçün müəyyən
kodların açılmasına təkan verdiyini bildirib.
“Elçin müəllim o dövrü diqqətlə
araşdırıb və qiymətini verib. Bu yeni metod və növbəti
çağırışdır. Elçin
müəllim bizə zəruri tezislər verib, ədəbiyyatçıların,
kulturoloqların işi bu istiqamətdə davamlı işləməkdir”.
Sonda çıxış edən xalq
yazıçısı Elçin görüşün təşkilatçılarına
və iştirakçılara, məruzəçiyə, digər
fikir söyləyənlərə minnətdarlığını
bildirib. Bu institutla
bağlılığından söz açan Elçin deyib
ki, o, 1965-ci ildə, 22 yaşında ikən bu instituta gəlib
və 75-ci ildə baş elmi işçi kimi burdan gedib.
“Həyatımın 10 ili bu institutla
bağlıdır. Amma etiraf etmək istəyirəm ki,
75-ci ildən sonrakı dövrdə mən hansı vəzifədə
işləmişəmsə də, həmin 10 il
həyatımın ən işıqlı məqamlarından
biri, bəlkə də birincisi olaraq qalıb. Həqiqət
bundan ibarətdir”. Görüşü qələmə
aldığı mövzuya verilən qiymət və göstərilən
diqqətin təzahürü kimi qəbul etdiyini deyən
Elçin çıxışlara qulaq asarkən bir daha bu
mövzunun həqiqətən çox vacib olmasını
özlüyündə dəqiqləşdirdiyini söyləyib.
“Haqqında danışılası,
düşünüləsi, yazılası, tədqiq ediləsi
bir mövzudur. Bütün
çıxışlar bir-birindən fərqli idi, amma
onları birləşdirən bir kəlmə vardı – ziddiyyət,
mürəkkəblik. Yəni sosializm
dövrünün ziddiyyəti, o dövrdəki mürəkkəblikdən
söhbət gedirdi. Bu mürəkkəblik,
ziddiyyət sosrealizmin məğzində bir paradoksun
dayanması ilə bağlıdır. Hansı
sahəni götürsək, məsələn, mədəniyyəti,
ya ədəbiyyatı, onun 60 ildən artıq bir dövrü
həmin vaxta təsadüf edir ki, o zaman sosrealizm hakim ideologiya
idi. Götürək dramaturgiyanı, teatr
sənətini. O dövrdə nə hadisə baş verdi? Azərbaycan teatrına
Leninin, Stalinin, Mircəfər Bağırovun obrazı gəldi.
Bu obrazlar Vaqifdən, Qaçaq Nəbidən fərqli
olaraq, Azərbaycan teatr səhnəsinə bədiilik yox, siyasət
gətirdi. Bu mənfi cəhət idi.
Amma məsələnin o biri tərəfinə
baxsaq, həmin obrazların özünün timsalında – mən
hələ Vaqifdən, Qaçaq Nəbidən
danışmıram – Azərbaycan teatrı nə qədər
inkişaf etdi. Məsələn,
İsmayıl Dağıstanlı Lenin obrazını yaratdı
və Azərbaycanda aktyor sənətinin inkişafında o
dövr üçün bu bir mərhələ oldu. Ağasadıq Gəraybəyli Stalinin-Kobanın
obrazını yaratdı. O obrazların sayəsində əslində
Azərbaycan teatrı inkişaf etdi. Bu bir
paradoksdur”. Elçin o dövrə birmənalı
qiymət verilməsinin çətin olduğunu deyib. “Çıxışlarda ayrı-ayrı mübahisəli
məqamlar oldu, təzadlı fikirlər söylənildi.
Onların üzərində xüsusi durmağa
ehtiyac görmürəm. Çünki elə
bilirəm, mənim yazımın özündə də
mübahisəli cəhətlər çoxdur. Bunun özü də mövzunun mübahisəli
olması anlamına gəlir. Çıxış
edənlər bu mövzunun tədqiq edilməsinin vacibliyini
söyləməkdə haqlıdırlar. Bu
bizim 20-ci əsr mədəniyyətimizin, ədəbiyyatımızın
böyük bir hissəsidir. Doğrudan da
sosrealizmə qədər Azərbaycan ədəbiyyatında
hekayə var idi, amma hekayə janrı Azərbaycan ədəbiyyatının
milli janrına çevrilməmişdi. Bunu
Azərbaycan ədəbiyyatının milli faktoruna o
dövrün ədəbi prosesi çevirdi. Romanı formalaşdırdı həmin dövr.
O dövrdə doğrudan da, qazandıqlarımız itirdiklərimizdən
az olmayıb. Paradoks
bundadır ki, itirdiklərimiz də qazandıqlarımızdan
çox olmayıb. Ən böyük
itkimiz isə budur ki, ədəbiyyat sahəsində
birpartiyalılıq olub. Yəni siyasətdə
birpartiyalılıq olduğu kimi də ədəbiyyatda da
bunun uğrunda mübarizə gedib. “Sosrealizmin
gözəl bəhrələri var” ifadəsini mən qəbul
etmirəm. Əslində, sosializm
dövründə yazılan gözəl əsərlər
var”. Elçin həyat həqiqətinin ədəbiyyatda
o qədər də vacib olmadığı fikrinin ona
mübahisəli gəldiyini deyib. “Çünki
həyat həqiqətini ədəbiyyatda son dərəcə
vacib məsələ hesab edirəm, amma söhbət ondan
gedir ki, sosializm dövründə həyat həqiqəti
başqa bir şeydir. Sosializm
dövründə sosrealizmin tələb etdiyi ədəbiyyatdakı
həyat həqiqəti zavoddakı istehsalat prosesindəki dəqiqlik
idi, baramaçılıq planının doldurulmasının
texnologiyasını göstərməkdi və sairə”.
Elçin tədbirin gedişində bir daha əmin olduğunu
vurğulayıb ki, vaxt məhdudluğuna baxmayaraq, bu
mövzunu işləməklə düzgün iş
görüb: “O mənada ki, bu mövzu bu yazıya layiqdir. Bu mövzu nəinki bu yazıya, burda əyləşənlərin
ciddi tədqiqat işləri yazmasına layiqdir. Çox istərdim ki, sosrealizmlə bağlı
ciddi tədqiqaq işləri yazılsın. İnanıram ki, yazılacaq da. Başqa
cür ola bilməz. Çünki
o 70 ilin üstündən qara xətt çəkmək, yaxud
o dövrü tamamilə qırmızı rənglə
göstərmək düzgün olmazdı”. Sonda xalq yazıçısı Elçin bir daha
görüş iştirakçılarına təşəkkürünü
bildirib.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 17 fevral.- S.7.