Fevral

 

YAZIÇI SABİR SÜLEYMANOVUN XATİRƏSİNƏ

 

Qar yağırdı, geyinib-kecinib çıxdım küçəyə, sevincək “səndən bir dənədi də” pıçıldayıb düşündüm ki, deyəsən, bu fevral ayı qarlı qışın şəklini şəhərdə tezliklə çəkəcək. Bakıya aramsız qarın yağmasını arzulaya-arzulaya yön aldım avtobus dayanacağına və qəfildən tanıdığım, unuda bilməyəcəyim iki adam yadıma düşdü. Onlar mənim xatirələrimi həmişə diri saxlayan, ötən çağları köhnəlməyə qoymayan kəslərdir. Mən dirilərin son nəfəsdən sonra ağappaq, bir az da qəşəng simalarını, gözəl ölüləri görmüşəm. Haqq dünyasına qovuşan atam, şair Ağa Laçınlını və 7-ci mikrorayonda, 3 A binasında, 2-ci blokda yaşayan qapı qonşumuz, biz uşaqları tez-tez maşınında gəzdirən, həmişə siqaret tüstülədib baş ağrısından şikayətlənən, istedadlı yazıçı, nəşriyyat redaktoru Sabir Süleymanovu xatırladım. Atam və Sabir əmi hər ikisi qışda öldü. Sabir əmi fevralın 17-də dünyasını dəyişdi. Sabir Süleymanov ölüsünü gördüyüm ilk adamdır, həm də evdəki basırıqda yan otağa soxulub meyitə baxan bir uşağı ölü görkəmiylə qorxutmayan birisidir. Mən göydən yağan qara baxa-baxa sevinsəm də, Sabir Süleymanov yadıma düşən təki az qalıram lap atam kimi əlimi dizimə çırpıb yana-yana qışqırım: “Vayy! Heyif sənə, Sabir! Heyif!..” Xatirəmin 1979-cu ilin 17 fevral gəzişməsində bircə yerdə duruxub qaldım, qara öyrəncəli şəhərin o gün hansı rəngdə olduğunu anışdıra bilmədim, ağ bənizli ölünün tarixçəsində nədənsə ağappaq qar görə bilmədim. Həmin gün məhəllənin futbol oyunlarında həmişə seçilən, “FŞM”in (Gənclərin Futbol Məktəbinin rusca abreviaturasıdır) yetirməsi Novruzu ilk dəfə əlacsız, fağır gördüm, ölən kişi evin tək oğul Novruzun atası Sabir əmi idi. Sonra qonşu uşaqlar Novruza təsəlli verib başını qatdılar, Ramiz əmi isə onu çəkib evinə apardı və toran qovuşanda Sabir əminin cənazəsi basdırılmaq üçün aparıldı ana yurduna, Cəbrayıl rayonuna. XXI əsrin 2011-ci ilindən, fevral ayının 16-dan yön alıram 1979-cu ilin 17 fevralına, XX əsrin Bakısına. Yenə həmin otaq yadıma düşür. Yaslı evin basırığından göz açmaq olmurdu, məhəllənin ağbirçəyi Xeyransa xalanın (Ruhu şad olsun!) başına toplaşan qadınlar ağlayırdılar, kişilər isə ora-bura vurnuxub, səbirsiz-səbirsiz qışqırıb bir-birilərni tələsdirirdilər, hamı ordaydı, tək atamdan savayı. Ağa Laçınlı işiylə əlaqədar Moskvaya getmişdi, bir həftədən çox ötsə də gəlib çıxmırdı, hərdən belə səfərlərdə ləngiməyi vardı şair atamın. Qəfildən ağlıma gələni elədim, həmin basırıqdan içəri soxulub gizlincə boylandım yas düşən evin yataq otağına. Mənim görüb tanıdığım, bir az da qarayanız Sabir əmidən əsər-əlamət qalmamışdı və əcəlin gözəllik verdiyi bu adama heyrətlə, xeyli baxdım, sonra Ədilə xalanın gözü məni aldı, mən uşağı tez qapıdan qovdular ki, qorxub xəstələnməyim. Hər gün diri gördüyüm adamın ölüsündən qorxmamağımın səbəbini isə indiyədək də anlamıram. Mən axı qorxaq uşaq idim. Bəlkə də çarpayıda uzadılan meyitə, Sabir əmiyə ancaq Novruzun xətrinə elə uzun-uzadı baxmışam ki, sonra inciyib deməsin: “Atam öldü, görmədin?” Bəlkə də ölən adamın necə ağarıb gözəlləşməsi ovsunlayıb məni. Ömründə ilk dəfə, özü də Sabir əmi yaşda bir gözəl kişi görmüşdüm, sağlığında ağ sifəti seçilməyən birini. Oğlu sakitcə dayanıb adamlara baxırdı, hətta adama elə gəlirdi ki, Novruz bir oğulun necə ağlamağının qaydasını bilmədiyindən utanır, çaşıb qalıb. Uşaqların çoxu kimi mən də böyük qardaş sandığım futbolçu Novruzu çox istəyirdim və sevinirdim ki, hörmət elədiyim, xətrini əziz tutduğum yazıçı Sabir Süleymanovun belə bir oğlu var. Bir neçə belə futbolçunun tez-tez uşaqları başına toplayıb təşkil elədiyi küçə oyunlarının nəticəsində “FŞM” Novruz, “MƏHSUL” Nazim, demək olar ki, məhəlləni çevirmişdilər futbol klubuna. Biz həm də Novruzdan necə oynamağı, futbolun texnikasını öyrənirdik. Mən də bu məhəllənin uşağıydım və hər gün salam verib “əmi” deyə çağırdığım bir kişinin ölüsünü görməkdən qaçmağım sanki onun oğlu yanında yalançı şahidə çevrilməyimə bərabər idi. Bir ölüyə baxmaq marağı həm də uşağın bildiyi, tez anladığı ən böyük ilk həqiqət idi. Mən, yazıçının öldüyünə və bir də heç vaxt onu görməyəcəyimə inandım, həmin gündən isə atamın-anamın taleyindən başladığım qorxmağa. Atam, yaxud anam mübahisə eləyəndə, hirslənəndə ilk yadıma düşən vaxtsız ölüm olurdu, Sabir əmini son dəfə görməyim belə yoxluğun reallıq olduğuna məni inandırmışdı, tez-tez Tanrıya da xatırladırdım: “Allah bizdən iraq elə!” Sabir əmini aparıb rayonda dəfn elədilər, üç gün sonra bir axşam atam girdi içəri. Atamın qara çamadanını yerə qoyub nəfəsini dərməyə, hal-əhval tutmasına macal vermədən atıldım irəli: “Ata, Sabir əmi öldü e, apardılar”. Şair Ağa Laçınlı ilk xəbəri, özü də bəd xəbəri məndən eşitdiyindən, deyəsən, bir az qəzəbləndi də, gözləri bərələ-bərələ dönüb anama baxdı, anam başını tərpədəndə qəfil əlində tutduğu çamadanı yerə salan şair qışqırdı: “Vaayyy!!!”. Sonra dizinə çırpdı: “Əyə, özünü bədbəxt elədin, hayıf sana, Sabir, vay, vay!” Atam səssizcə oturdu, azca kövrəldi. Atamla Sabir əmi xarakterlərinə, dünyagörüşlərinə görə tamam fərqli adamlar idilər. Birinin bəyənmədiyinə o biri normal baxır, hər ikisi də həmişə özünü haqlı sanırdı. Onların arasında söz-söhbət, inciklik də olmuşdu, amma heç zaman o vaxt dilə düşən “bezdaren” kəlməsini bir-birilərinə layiq bilməmişdilər. Atam el-obaya bağlı bir yazarın yazdıqlarını bəyənirdi və Sabir Süleymanovun yazıçı müşahidələri, üslubu, dili, mövzularının qaynaqlandığı mənbə – kənd Ağa Laçınlının yaşadığı tarixçənin doğma ünvanı idi. Atamla küsülü olan çağlarında tez-tez məni görən Sabir əmi hər dəfə eyni sualı verirdi: ”Kitab oxuyursanmı? Çox şeir, hekayə oxu, Ağanın da şeirlərini oxu”. Sabir əminin povest, hekayələri barədə atamla söhbət zamanı isə mən Ağa Laçınlının dilindən bu sözləri eşitdim: “Görürsən, başına dönüm, deməklə deyil ha, yazdıqlarında kənd ətri, dağ havası var, yazıçıdı, oxu əsərlərini”. Sonra mən Sabir Süleymanovun yazdıqlarının, demək olar, hamısını oxudum və yəqin gələcəkdə yenə oxuyacam. Qar səngidi, nələrisə bilməkdən ötrü, unutduğum bəzi məqamları irəliyə çəkib baxmaq üçün xatirələrimi çox çək-çevir elədim, sonra işıq öləzidi. Mən bunları bilirəm, mən iki yazarın diri çağlarının və ölən günlərinin şahidiyəm. Sabir əmi də, atam Ağa da hər ikisi qışda öldü. Sabir Süleymanov öləndə 42 yaşı vardı, heç mənim atam kimi qocalmağa macal da tapmadı. Ağa Laçınlı 67 yaşında öldü, onu isə ata yurdunda basdıra bilmədilər. İndiyəcən həmin yerlər – Sabir Süleymanovun basdırıldığı və Ağa Laçınlının dirisinin də, ölüsünün də həsrət qaldığı torpaqlar düşmən işğalındadır.

 

 

Oqtay QORÇU

 

525-ci qəzet.- 2011.- 17 fevral.- S.7.