“Stavropolda Azərbaycan diasporuna etimad ermənilərdən üstündür”

 

FƏXRƏDDİN YARIYEV: “BURADA YAŞAYAN AZƏRBAYCANLILARIN HEÇ BİR PROBLEMİ YOXDUR, DİNİ FƏALİYYƏTİMİZƏ MƏHDUDİYYƏT QOYULMUR”

 

Rusiyanın Stavropol vilayətində fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyəti 2000-ci ildə yaradılıb. Təşkilat burada yaşayan soydaşlarımızın bir araya gətirilməsi, xaricdəki diaspora qurumları ilə əlaqə qurulması zərurətindən yaranıb. Müsahibimiz Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Stavropol vilayəti üzrə regional şöbəsinin sədri, cəmiyyətin prezidenti, Fəxrəddin Yarıyev bu barədə daha ətraflı danışıb.  

– “Odlar Yurdu” Cəmiyyətinin yaranması təsadüfi deyildi. Həmin ərəfədə xarici ölkələrdə yaşayan soydaşlarımızın bir araya gəlməsi üçün diaspor təşkilatlarının formalaşmasına ehtiyac var idi. Diasporumuzun müddət baxımından yaşı çox olmasa da, düşünürəm ki, nailiyyətlərimiz çoxdur. Hazırda 160 min nəfər erməninin yaşadığı Stavropol vilayətində Azərbaycan diasporuna olan etimad onlardan üstündür və bunlar faktlara əsaslanır. Belə ki, 2001-ci ildə mart ayının 3-də Stavropoldan 18 nəfərlik nümayəndə heyəti sovet rejimi dağıldıqdan sonra ilk dəfə Azərbaycana gəlmişdi. Dövlət məmurları, iş adamlarından ibarət olan bu nümayəndə heyəti səfər zamanı ölkəmizdə erməni işğalının canlı şahidi oldular və onlar Rusiyaya qayıtdıqdan sonra faktlar əsasında da ictimaiyyətə bildirdilər ki, həqiqətən də Azərbaycan torpaqlarına təcavüz olunub. Rusiyada diasporumuz çox işlər görür. Bu gün azərbaycanlıların kompakt şəkildə yaşaması, heç bir problemlə qarşılaşmaması üçün əlimizdən gələni edirik, hüquqlarının qorunmasına çalışırıq. Hazırda Stavropolda azərbaycanlılar heç bir problem olmadan yaşayır və hətta dini fəaliyyətimizə də məhdudiyyət qoyulmur. Azərbaycanda keçirilən bütün tədbirləri biz orada da reallaşdırırıq. Bu yaxınlarda ÜAK-ın toplantısı keçirildi və mən orada iştirak etdim. Həmin iclasda son zamanlar Rusiyada baş verən iğtişaşlar müzakirə olundu ki, münaqişəni başqa millətlərin nümayəndələrinin törətməsinə baxmayaraq azərbaycanlılarla bağlı problem yaranmasının qarşısı alındı. Konqres tərəfindən Rusiya dövlətinə müraciət qəbul olundu ki, azərbaycanlılar sabitliyi saxlayacaq və Rusiya-Azərbaycan əlaqələrinin yaxşılaşdırılmasında diaspor fəaliyyətimizi daha da yüksəldəcəyik.

 – Dediniz ki, Stavropolda 160 min erməni yaşayır. Aranızda hər hansı münaqişə yaranırmı? 

– Doğrudan da, 160 min ermənisi olan Stavropolda fəaliyyət göstərmək çətindir, ancaq buna baxmayaraq, fəaliyyətimizlə onları üstələyirik. Bu vilayətdə 45 minə yaxın azərbaycanlı məskunlaşıb. Ancaq soydaşlarımızın ermənilərə nisbətən azlıq təşkil etməsi fəaliyyətimizə heç bir təsir etmir, əksinə diasporumuzun işi ermənilərin fəaliyyətinə nisbətən daha yüksəkdir. Oradakı ermənilərin azərbaycanlılara qarşı münasibətinə gəldikdə isə onu da qeyd edim ki, Azərbaycandan gedən ermənilərlə Ermənistandan gələn ermənilərdə bu fərq var və Bakıdan gedənlər daha mülayim davranırlar. Ancaq biz öz işimizdə daim ayıq və ciddi olmalıyıq.

Bir ara ermənilər tərəfindən Azərbaycanın “dolma” yeməyinin guya onlara məxsus olması məsələsi hallanmışdı. Lakin mən qəti etiraz etdim, efir vasitəsilə bu yeməyin sırf Azərbaycan mətbəxinə aid olduğunu əsaslandırdım. Bu gün Azərbaycan diasporu milli maraqlarımızın müdafiəsi işində də fəal iştirak edir. Azərbaycana qarşı müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yol verilmiş ədalətsizliklərə diaspor təşkilatları dərhal kəskin etirazlarını bildirirlər.

Bundan başqa, biz həm milli bayramlarımızı, həm ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım, faciələri orda qeyd edirik ki, bu millətin kimliyi barədə ictimaiyyətdə daha artıq məlumat olsun. Ümumiyyətlə, tədbirlərin hansı formada keçirilməsinə gəldikdə isə bu gün əsasən dinc yolla həyata keçirilir. Hazırda ən güclü mexanizm siyasətdir. Siyasi yolla, siyasi baxışla hər şeyə nail olmaq olar. Dövlətin siyasətində bunu düzgün planlaşdırıb çatdırmaq daha məqsədəuyğundur. Yeni bir planı reallaşdırmağı da nəzərdə tutmuşam ki, oradakı KİV nümayəndələrini Bakıya gətirim və onlar burada olanları öz gözləri ilə görsünlər, reportaj hazırlayıb orada təqdim etsinlər. Azərbaycanda rusların necə dinc şəraitdə yaşadıqlarını görüb eyni zamanda ölkəmizdə rusların məskunlaşdığı kəndlərlə, rus məktəbləri, xristian kilsələri ilə tanış olsunlar, hətta Slavyan Universitetinin fəaliyyət göstərdiyinin şahidi olsunlar. Bununla həm ölkəmizə olan münasibət bir daha dəyişər, həm də reallığı bir neçə nəfər müşahidə etməyəcək, KİV tərəfindən bu, geniş şəkildə təqdim olunacaq.

– Stavropolda yaşayan soydaşlarımız əsasən hansı problemlərlə rastlaşırlar və onların həlli istiqamətində diaspor təşkilatı olaraq nə kimi addımlar atırsınız?

– Hazırda Stavropolda gənc azərbaycanlılar çoxdur və diaspor təşkilatının köməyi ilə onların qeydə alınma məsələləri həll olunur. Eyni zamanda onların işlə təmin olunmasında yardımçı oluruq. Yaxud əməkhaqlarının ödənişlərində yaranan problemlərin həll olunmasında iştirak edirik. Bundan başqa azərbaycanlılarla görüşlər keçiririk və yazılı şəkildə də bildiririk ki, əgər ehtiyacınız varsa, biz daim köməklik etməyə hazırıq. Soydaşlarımız da bunu yaxşı qarşılayır, yüksək qiymətləndirir və bunun nəticəsidir ki, diasporumuz normal fəaliyyət göstərir. Bu gün orada deputat, dövlət məmurları, alim və ziyalılarımız, tanınmış iş adamlarımız var. Ölkə başçısı tərəfindən də qurultayda iş adamlarının təşkilatlanması ilə bağlı təşəbbüs irəli sürülmüşdü. Biz bu istiqamətdə də işlər aparırıq. Eyni zamanda həmin insanlar özləri də diaspor işində iştirak edirlər. Bu gün mən qürurla deyə bilərəm ki, Stavropolda Azərbaycan diasporu böyük işlər aparır və ölkəmizə dayaq olaraq orada hər bir işi layiqincə yerinə yetirir, çalışırıq ki, dövlətimiz üçün əlimizdən gələni əsirgəməyək. 

– Yeri gəlmişkən, azərbaycanlılar Rusiyanın ictimai-siyasi həyatında necə təmsil olunurlar? 

– Demək olar ki, aktivliyimiz yüksək səviyyədədir. Rusiyanın çoxsaylı, o cümlədən ictimai-siyasi tədbirlərinə rəsmi dəvət olunur və orada yaxından iştirak edirik. Eyni zamanda bizim təşkil etdiyimiz tədbirlərə də bu ölkənin dövlət və hökumət nümayəndələri qatılır. Rus ictimaiyyətinin marağını nəzərə alaraq, Azərbaycanda keçirilən tədbirləri də orada təşkil edirik. Rusiyada keçirilən seçkilərdə də yaxından iştirak edirik. Hətta seçkilərdə fəal iştirakımıza görə prezident Medvedev tərəfindən təşəkkür diplomu almışıq. Mən Azərbaycanda baş tutan 2 parlament və bir prezident seçkisində MDB-nin müşahidə missiyasının tərkibində beynəlxalq müşahidəçi qismində iştirak etmişəm. Mənim oranın dövlət kanallarında da dəfələrlə çıxışlarım olub. Həmin çıxışlar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına çalışmışam. 

–Stavropolda fəaliyyət göstərən digər diaspor təşkilatları ilə əlaqələr necə qurulub? 

– Digər diaspor təşkilatları ilə əlaqələrimiz çox yaxşıdır. Hazırda orada 18-dən artıq dağıstanlıların, alman, yəhudi, qazax və digər xalqların diaspor təşkilatlar var. Bizim yüksək səviyyədə qarşılıqlı münasibətlərimiz var. Bir-birimizin təşkil etdiyi tədbirlərdə iştirak edirik. Orada “Bazar günü məktəbləri” olsa da, tam olaraq Azərbaycan dili məktəbi yoxdur və bunun reallaşması üçün bir sıra problemləri aradan qaldırmaq lazımdır. Hazırda orada müxtəlif dillərlə yanaşı Azərbaycan dilinin öyrədilməsi də böyük qələbədir. Həmin məktəbin açılması üçün kifayət qədər şagirdin olması lazımdır. Bunun üçün də azərbaycanlıların həmin ərazidə kompakt şəkildə olması önəmlidir. Ümumiyyətlə, bunun üzərində işlənilməlidir. Soydaşlarımızın hamısı istəyir ki, Azərbaycan dili məktəbi olsun. Ancaq onların pərakəndə şəkildə yerləşməsi problem yaradır. Mənim fikrimcə, bu məqsədlə şagirdlərin xüsusi avtobuslarla daşınması, yəni servis xidmətindən istifadə etmək daha uyğun olardı. Bundan başqa Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) yerlərdə nümayəndəlikləri fəaliyyətə başlayıb. Mən Moskvada olarkən bununla bağlı danışıqlarımız oldu və mart ayının sonlarında Stavropolda RAGT-ın nümayəndəliyini açmaq istəyirik.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 17 fevral.- S.4