Qaradağlı faciəsinin 19-cu ildönümü anılıb

 

EYVAZ HÜSEYNOV: “QARADAĞLI KƏNDİNDƏ VƏHŞİLİK TÖRƏDƏN ERMƏNİ ƏSGƏRLƏRİNƏ MƏŞHUR TERRORÇU, ASALA-NIN RƏHBƏRLƏRİNDƏN OLAN MONTE MELKONYAN BAŞÇILIQ EDİB”

 

Dünən “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi Xocavənd (Martuni) rayonunun Qaradağlı kəndinin ermənilər tərəfindən işğal edilməsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müharibədə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, rəhbərlik etdiyi rayonun yaranma tarixindən, həmçinin 19 il bundan əvvəl baş vermiş Qaradağlı faciəsi zamanı ermənilərin törətdiyi vəhşiliklərdən söhbət açıb. Bildirib ki, Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli 279 – XII nömrəli Qanununa əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilib, Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılıb. Onun sözlərinə görə, yeni yaradılmış rayonun ümumi sahəsi 1458 kvadratkilometr, əhalisi 41 min 300 nəfər olub: “Xocavənd rayonu 1992-ci il 2 oktyabr tarixdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub. Erməni təcavüzü nəticəsində rayon sakinlərindən 145 nəfər qətlə yetirilib ki, bu da rayonun azərbaycalı əhalisinin hər 50 nəfərindən birini təşkil edib. 300 nəfərdən çox rayon sakini isə sağlamlığını itirib. Hazırda rayon əhalisi məcburi köçkün kimi ölkənin 36 rayonunda məskunlaşmışdır”. Eyvaz Hüseynov 1988-ci ildən etibarən rayonun Qaradağlı kəndinin dinc sakinlərinin hər gün ermənilərin hücumuna məruz qaldığını dilə gətirib. Qeyd edib ki, erməni təxribatçıları tərəfindən törədilmiş terror aktları nəticəsində 1991-ci ilin 28 iyun tarizinə 3 nəfəri qadın olmaqla 6 nəfər diri-diri yandırılıb, 1991-ci ilin sentyabr ayında sərnişin avtobusunun gülləbaran edilməsi nəticəsində 8 nəfər öldürülüb, çoxlu sayda adamlar yaralanıb, güllə yarası alanlardan 5 nəfəri isə sonradan dünyasını dəyişib. E.Hüseynov, bu vəhşiliklərin beynəlxalq terrorçu, ASALA-nın rəhbərlərindən olan Monte Melkonyan tərəfindən həyata keçirildiyini vurğulayıb (Ermənilərin milli qəhrəman adı verdikləri M. Melkonyan 1993-cü ilin iyununda Azərbaycan əsgərləri tərəfindən layiqli cəzasını alıb.): “17 fevral 1992-ci il tarixdə Qaradağlı kəndinin işğalı zamanı ermənilər 118 nəfəri əsir götürüb, 33 nəfəri güllələyib, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqlayıblar. Əsir götürülənlərdən də 68 nəfəri öldürülüb, 50 nəfəri isə böyük çətinilklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Sonradan azad olunanların 5 nəfəri qadınlar olmaqla, ümumilikdə 18 nəfər aldıqları sağalmaz yaralardan vəfat ediblər. Əsirilkdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılıb. İnsanların başları kəsilib, diri-diri basdırılıb, dişləri çəkilib, ac-susuz saxlanılıb, döyülərək öldürülüb. Bunlar insanlığa qarşı törədilmiş cinayət hadisəsi sayılır. Faciə nəticəsində kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülüb, 43 ailə öz başçısını itirib, 1 ailədən hər iki valideyn qətlə yetirilib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda digər sosial obyektlər dağıdılıb”. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə Qaradağlı faciəsinin Xocalı faciəsi öncəsi xəbərdarlıq olduğunu söyləyib. Qeyd edib ki, 17 fevral 1992-ci il tarixdə baş vermiş Qaradağlı faciəsinin qarşısının alınmamasına görə o vaxtkı siyasi rəhbərlik günahkardır: “Əslində bu faciə törədilən zaman Xocalı faciəsi üçün çox böyük bir xəbardarlıq idi. Çox təəssüflər olsun ki, ölkənin o vaxtkı rəhbərliyi bundan nəticə çıxarmayıb. Yəni, bu vəhşilikdən nəticə çıxararaq gözləmək olardı ki, ermənilər nəyə hazırlaşırdılar. Təəssüf ki, Azərbaycanın o vaxtkı rəhbərliyi, hüquq-mühafizə orqanları, siyasətçiləri bu faciədən nəticə çıxara bilmədilər və növbəti dəfə Xacalı faciəsi baş verdi”. Çıxışlardan sonra tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ərsəyə gətirilmiş 37 dəqiqəlik “Soyqırım Qaradağlı” sənədli filminə baxış keçirilib. Filmdə ermənilərin tarix boyu Azərbaycan torpaqlarına olan işğalçılıq siyasəti, xalqımıza qarşı tətbiq etdikləri soyqırımlar, digər qanlı hadisələri göstərilməklə yanaşı, vaxtilə əsirlikdə olmuş Qaradağlı sakinlərinin şahidlikləri əsasında erməni vəhşiliyi ifşa olunub. Qeyd edək ki, “Soyqırım Qaradağlı” sənədli filmində göstərilən dəhşətli anlar barədə terrorçu Monte Merkalyanın qardaşı Merkan Melkalyanın “Mənim qardaşım” kitabında da yazılıb. Bundan əlavə, bu tarixi faktı hazırda Ermənistan tərəfindən qəbul edilməyən yazıçı-rejissor Ped Boqasyan da qələmə alıb.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 18 fevral.- S.2.