Azərbaycan faciələrinin təqvimikitabının təqdimat mərasimi keçirilib

 

 Dünən Demokratik İslahatlar Partiyasının (DİP) qərargahında tədqiqatçı Nazim TapdıqoğlununAzərbaycan faciələrinin təqvimikitabının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə DİP sədri Asim Mollazadə açaraq, təqdimatına yığışılan yeni kitabın Azərbaycan xalqına, onun dövlətçiliyinə xidmət edəcəyini bildirib. O, kitab müəllifinin işğal altında olan Azərbaycan ərazilərindən birində-Füzuli şəhərində dünyaya gəldiyini, vətənpərvər döyüşçü kimi ermənilər tərəfindən dinc sakinlərin başına gətirilən müsibətlərin bilavasitə şahidi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, müəllif hər bir azərbaycanlının yaddaş kitabına çevriləcək yeni vəsaitdə XIX əsrin əvvəllərindən müasir günümüzə kimi baş vermiş faciələrimizi, həmçinin Qarabağ müharibəsi zamanı şəxsi müşahidələrini əks etdirib: Nazim Tapdıqoğlunun sayca 34-cü kitabında son dərəcə qiymətli, tədqiqat səviyyəli bu kitabda başı tarixən min bir bəlalar çəkmiş Azərbaycanın ayrı-ayrı illərdə üzləşdiyi fəlakət faciələrin təqvim tarixləri toplanıb. Kitabda təqvimin xronoloji ardıcıllıqla düzülən hər bir gününün müxtəlif faciəli hadisələri əks olunub. Kitab faciəli, amma eyni zamanda dəyərli tarixi keçmişimizə işıq salan bu səpkidə ürəklə, əsl vətənpərvərlik ruhu, türkçülük eşqi ilə yazılan ilk sistemli, universal nəşrdir. Müəllif hər bir təqvim gününün Azərbaycan xalqı üçün faciəvi xarakter daşıdığını sübut etməyə çalışıb. Demək olar ki, buna tam nail olub. Gərgin axtarışlar böyük zəhmət hesabına araya-ərsəyə gətirilən geniş oxucu auditoriyası üçün nəzərdə tutulan vəsait yəqin ki, oxucular tərəfindən maraqla qarşılanacaq, öz layiqli qiymətini alacaq. Bununla yanaşı, inanıram ki, bu kitab gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə almasında da böyük rol oynayacaq, tarixi faciələrimizi əks etdirən tədqiqatlar arasında özünə layiqli yer tutacaqdır”.

Müəllif Nazim Tapdıqoğlu yeni yaradıcılıq məhsulundan söhbət açarkən, “Azərbaycan faciələrinin təqvimikitabını ürək ağrısı ilə yazdığını dilə gətirib: “Mən bu kitabı yazdıqca yanıb-yaxılmışam, ürəyim ağrıyıb. Bu kitab əsrlərdir ki, başına min bir məşəqqətlər, müsibətlər, faciələr gətirilən azəri türkünün, Azərbaycan xalqının arxiv oyanışıdır, xalqın əzilib-küsdürülən taleyinin ağlayan səhifələridir. Ümumilikdə Azərbaycanımızın ömrünə, tale qismətinə yazılan bəzi alovsuz, tüstüsüz yandıran bu qara, qanlı səhifələr onun qan yaddaşıdır. Bu kitabdakı faciəli təqvim tarixləri adi yazılar deyil. əslində onlar sözlərlə əfsanələşərək qeyri-adiləşmiş qəmli nəğmələrdir. Uzun illər topladığım bu mühüm materialları övladlarımıza ibrət olsun deyə tarix üçün, gələcək üçün qələmə almışam. Hesab edirəm ki, Azərbaycan xalqının tarixi haqqını, şərəfini qorumaq ictimai fikrimizin əsas vəzifəsi olmalıdır. Çünki Azərbaycan xalqı minlərlə dünya xalqları içərisində başı ən çox bəlalar çəkən, haqqı daha çox tapdanan, saysız-hesabsız fəlakətlər görən, faciələr yaşayan 10 xalqdan biridir”.

Təqdimat mərasimində digər çıxış edənlər kitabda ermənilərin uzun müddət Azərbaycan türklərinə qarşı törətdiyi qanlı hadisələrin əks olunduğunu bildiriblər. Qeyd olunub ki, ayrı-ayrı təqvim tarixlərində həyata keçirilən qanlı olayların Azərbaycan xalqının erməni işğalçılarına qarşı mübarizə əzminin göstəricisi kimi qiymətləndirilməlidir.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 19 fevral.- S.29.