ZİRVƏDƏ QALANLAR

 

(“Bu gün dünəndən başlayır” silsiləsindən)

 

Şəhidlik məvhumu müqəddəs olduğu kimi onu anmaq, ondan yazmaq, onu vəsf eləmək də lazımdır, savabdır. Kim hökm edə bilər ki, bu mövzu yasaq edilsin, yığışdırılsın mətbuat səhifələrindən, ondan yazan qələmlər sındırılsın? Heç kim buna ürək eləməz. Amma əlbəttə ki, şəhidlik arzuolunmazdır, yolverilməzdir, çünki ağır hadisədir, kədərlidir. İtgidir. Özü də əvəzsiz itgi. Amma ən kədərlisi də budur ki, şəhid verə bilməyən xalq öz istiqlalına gec nail olur, daha böyük mənəvi itgilərə məruz qalır.

Ötən əsrin 1992-ci ili idi və mən də əməkdaşı olduğum Azərbaycan Dövlət radiosunda elə bu hisslərimin təsiri altında şəhidlik barəsində silsilə söhbətlər açmaq qərarına gəldim. Bunun üçün “Gənclik” redaksiyasının xəttiylə efirə çıxan “Vaxt” proqramını seçdim. Vaxt o vaxt idi ki, vətənimizdə şıdırğı müharibə gedir, bəzi məntəqələrimiz düşməndən geri alınır, bəziləri isə əlimizdən çıxırdı. Və ən əzablısı da o idi ki, üstümüzə ardı-arası kəsilmədən şəhid cənazələri axışırdı. Bu dərdə dözmək, onu çəkmək olmurdu, təklikdə çəkməksə mümkünsüz idi. Odur ki, növbəti proqramı hazırlayarkən özümə həmsöhbət kimi şeirlərində incələrdən incə olsa da həyatda məndən daha az kövrək olan, ən faciəli məqamlarda özünü ələ almağı bacaran, faktlara, hadisələrə məndən daha artıq dözümlü, soyuqqanlı yanaşan 30 illik şair dostum Ramiz Rövşəni seçdim. Vədələşdik, görüşdük, radiostudiyaların birində canlı efirə çıxdıq.

Çox gərəkli olsa da bir sıra təfərrüratların üstündən keçməklə həmin radio verilişinin mətnini oxuculara təqdim etməyi lazım bildim.

Deməli belə. Meydanı əlbəttə ilk olaraq mən açdım, mövzu ətrafında bir az vargəl eləyəndən sonra nəhayət şairi söhbətə çəkdim. Belə başladım ki, “Azərbaycan xalqı istiqlal arzusuyla XX əsrin ilk onilliklərində dəfələrlə savaşa atılıb şəhidliyin nə demək olduğunu artıq dadmışdı. Ölüm-dirim mübarizəsinə qalxmış on minlərlə həmvətənimiz məkrli düşmən siyasəti nəticəsində torpaqlara qarışdı. Ən dəhşətlisi də bu oldu ki, öz siyasətini günbəgün daha amansız, məzhəbsiz ladlar üzərində quran rus sovet imperializmi təkcə bununla kifayətlənmədi. Mənfur qanadlarını ədəbiyyatımızın da üzərinə sərdi. Qəzetin, kitabın, hər hansı dərginin üzərində sovet nəzarəti qoyuldu. Daha çox şəhidlik mövzusuna yasaq elan edildi. Qorxdular ki, kəfənini boynuna dolamış birisi meydana çıxıb millətin başına gələnlərdən yazar, şəhidliyi öyər, göylərə qaldırar, xalqın gözünü açar, onu gizlin mətləblərdən agah eləyər. Düşmən türkün döyüşkən, üsyankar keçmişindən xəbərdar idi, o keçmişi varlığında qoruyub saxlamış sənət əhlini də yaxşı tanıyırdı. Odur ki, Hüseyn Cavidləri, Əhməd Cavadları, Səməd Mənsurları, Müşfiqləri həmən tapır, mikoyanların, mirzoyanların, qriqoryanların və əlbəttə ki, sapı özümüzdən olanlarının cəllad mişarının ağzına verirdi. Bu minvalla ona nail olundu ki, artıq XX əsrin 40-50-ci illərində heç bir Azərbaycan şairinin, yazıçısının leksikonunda şəhidlik, qazilik anlayışına rast gəlinmədi. Və bu hal ta əsrin son onilliklərinəcən davam etdi.

İndi budur, neçə ildir yurdumuz elan edilməmiş müharibəyə cəlb olunub. Bakıdakı Şəhidlər xiyabanı əvvəlki statusunu qazanıb. Yəni daha bu məkandan “tansploşadkalar”, kafelər, barlar, tualetlər yığışdırılıb. Ayıq-sayıq polislər də buradakı ağaclar altında öpüşən cavanları tutub cərimələmirlər. İndi orda ucalan ana-bacı, qız-gəlin naləsinə dözmək hər oğulun işi deyil. Şəhidlər burulğanına düşmüşük, şəhidlər qanı dənizində üzürük. Bəzən bunu hətta təbii sanır, öyrəşməyə başlayırıq da. Biz öyrəşirik, ədəbiyyatımızsa susur. Niyə belə gedir bu işlər, ay Ramiz? Çağdaş yazarlarımızın böyük bir qisminin qəfil düşdüyü bu şok vəziyyətindən ayıla bilməməsinə səbəb nədir? Axı 2-ci cahan müharibəsi gedən illərdə belə olmamışdıq, indi nə baş verir?

Bax, belə bir girişdən sonra verdiyim ilk sualla Ramiz Rövşəni dilləndirdim. İndi, əziz oxucular, çox istərdim ki, hələ 1994-cü ilin oktyabrında Azərbaycan radiosunun “Vaxt” proqramında səslənmiş həmin söhbətin gedişatını siz də izləyəsiniz.

– İntiqam, mən bu fikirdə deyiləm ki, bizim ədəbiyyatımız, onu yaradanlar şok vəziyyətindədir. Məncə ədəbiyyata münasibət daha mürəkkəb və daha çoxmənalıdır. Olan həqiqət budur ki, ötən 70 ildə bizim ədəbiyyatın yaddaşından ölüm duyğusunu çıxarıblar. Yəni ədəbiyyatımız elə bir dövr keçib ki, elə bir həyat yaşayıb ki, guya bu həyatın ölüm tərəfi yoxdur. Halbuki bizim həyatımızın fonu əslində ölümdür. Yəni Zen buddist fəlsəfəsindəki məşhur ifadə var ki, bizim həyatımız ölümümüzdə qısa bir fasilədir, deməli ölüm həyatdan daha əbədi bir anlayışdır. Sənin şəhid qəbristanı ilə bağlı dediyin sözlər də elə həmin sualın bir cavabıdır. Mənə elə gəlir ki, başımıza gələn bu bəla bizim o uçulub dağılmış yaddaşımızı, zorlanmış, itirilmiş yaddaşımızı təzədən diri bir şəkildə bərpa etməlidir. Bu gün bizim hər ölənimiz bizim ölü yaddaşımızın dirilməyi deməkdir.

– Bəs o yaddaşın oyadılmasında ədəbiyyatın funksiyası nədən ibarət olmalıdır. Bunca passiv mövqe ədiblərimizə, böyük mənada ədəbiyyatımıza yaraşarmı?

– Məsələnin bu tərəfi haqqında, mənim fikrim bir qədər fərqlidir. Mənə elə gəlir ki, bu günümüzün faciələrindən də, hətta xəbərimiz olmayan, bəlkə haçansa başımıza gələcək faciələrin hamısından əsil şeirin, əsil poeziyanın, deməli əsil ədəbiyyatın xəbəri var. Mənə elə gəlir ki, bizim bütün şəhidlərin müsibətini, bizim ağrı-acılarımızı Füzulinin bircə “Şəbi-hicran” şeiri bütövlükdə ifadə eləyə bilir və o şeir bəlkə hələ bundan sonra da başımıza gələsi, xəbərimiz olmayan bəlaları, dərdləri də özündə əks etdirir.

“Niyə şeirimiz, ədəbiyyatımız susur” soruşursan. Şok vəziyyətində olan təkcə ədəbiyyat deyil. Bütün xalqımız bu şoku yaşamaqdadır. Çünki bütünlükdə xalqımız gözlənilməz bir bəlaya düçar olub. Nə qədər qəribə olsa da bizim xalqın varlığında kin, nifrət kimi duyğulara yer çox azdı. Mən qətiyyən o fikirdə deyiləm ki, bu bizim xalqın yaddaşsızlığının ifadəsidir. Burası məlumdur ki, elə xalqlar var onlar işıq başlanğıcıyla dünyada var olublar, xalqlar da olub ki, zülmət başlanğıcının övladlarıdır. Mən nə şovinistəm, nə millətçiyəm. Hər bir xalqın pisinə pis deyirəm, yaxşısına yaxşı. Qəti inamımdır ki, bizim xalqın mayasında, varlığında işıq başlanğıcı daha çoxdur və hətta ona da inanıram ki, bu bəladan xilas olandan sonra xalqımızın canında heç bir mənfi kompleks qalmayacaq, yəni bütün bu keşməkeşlərdən sağlam, saf, işıqlı çıxacağıq.

“Ədəbiyyatımız susub” ittihamıyla razılaşmaq düzgün olmaz. Ədəbiyyat bu ağrıları çox gözəl duyur. Əgər televiziya ekranında Xocalı müsibətlərini əks etdirən kadrlar bütün xalqı yerindən oynadırsa bu mənzərələr səncə şairə, nasirə necə təsir bağışlayar? Mənə elə gəlir ki, ədəbiyyat bu emosiyaları o dərəcədə şiddətlə yaşayır ki, onu bədii sözə çevirmək gücünü hələlik özündə tapmır. Hələlik. Bir də, mənə elə gəlir ki, bu müharibənin əsil üzünü biz hələ nə tanıyırıq, nə də dərk edirik. Yəni müharibənin xalqımız, xüsusən də ədiblərimiz tərəfindən bütövlükdə dərki hələ baş verməyib. Zənnimcə ədəbiyyat dərk eləmədiyi bir şeydən hələ danışa bilməz.

– Bəs 1941-1945-ci illər müharibəsini necə, dərk edə bilirdilərmi? Şeir şeir dalınca, poema poema dalısınca yazılırdı. Hələ hekayələr, povestlər, romanlar...

– O müharibənin rəsmi izahı vardı. Xalqlar əl-ələ verib faşizmə qarşı mübarizəyə qalxmışdı. Bu müharibəninsə rəsmi izahı yoxdur. Deyirdilər ki, bir qrup ekstremist ayağa qalxıb Qarabağı respublikamızdan ayırmaq istəyir. Və bütün bunlar artıq on illərlə oturuşmuş möhtəşəm sovet güc strukturlarının gözü qabağında baş verirdi. Çoxu da inanır və gözləyirdi ki, mərkəzdəki və bizdəki hakimiyyət tezliklə bu münaqişəni yatıracaq. Amma görün nələr baş verirdi. Döyüşüb ölən Azərbaycan əsgərinin təzədən gözün deşir, burnunu, başını kəsirdilər. Yəni müasir sivilizasiyaya qətiyyən uyuşmayan vəhşiliklər baş verirdi bu müharibədə.

– Ramiz, səni təsadüfən həmsöhbət seçməmişəm. Tanış olduğumuz 30 ilə yaxın bir vaxt ərzində sənin poeziyanda sanki qabaqda bizi gözləyən faciələrdən xəbər verən qəribə bir ovqat, hava duyub hiss etmişəm. İndi budur, başımıza ağlasığmaz oyunlar açılır, bəxtimizə, taleyimizə şəhid görmək, torpağa kəfənsiz cənazə tapşırmaq yazılır. Səncə şeirimiz, ədəbiyyatımız bu itkilər, məhrumiyyətlər müqabilində özünü necə aparmalı, hansı mövqedən çıxış etməlidir?

– Sual belə qoyulmalıdır ki, təkcə şeirimiz, ədəbiyyatımız yox, ümumilikdə xalqımız şəhidlik qarşısında özünü necə aparmalıdır? Söhbət ancaq bundan gedə bilər. Namuslu olmalıyıq. Ən birinci şərt budur. Səmimi və namuslu. Menandrın məşhur bir kəlamı var, deyir, Allah sevdiklərini yanına tez aparır. Tamam ayrı münasibətlə söylənmiş kəlamdır, amma məğzi aydındır. Mən çox şəhid ailələri tanıyıram. Bu gün artıq şəhid olmuş gənclərin bəziləri bir vaxt gəlib mənə öz şeirlərini oxuyar, şeirlərimi özümə əzbər deyərdilər. Çoxu da tələbəydi. Ən yaxşı oğullar gedib. Bəlkə də hər nəslin hər cəhətdən ən ləyaqətli balaları şəhid düşüb. Ən yaraşıqlı, ən ağıllı, ən saf. Bəzən düşünürəm bəlkə elə doğrudan da ən yaxşılarımız gedib, genetik fondumuza sarsıdıcı zərbə dəyib? Belədə bir xof, bir qorxu hissi bürüyür məni. Sonra içimdə bir başqa hiss baş qaldırır: yox, biz onların əvəzinə yaşamalıyıq- özü də beşqat, onqat, yüzqat namus, vicdan, vətən təəssübkeşliyi ilə.

Mən bir məsələyə də toxunmaq istəyirəm. Biz daha çox şəhidlərdən danışırıq. Axı, davadan yaralılar da qayıdır, bəzən canının yarısını orda qoyub gələnlər də olur. Bu ağrını, bu dərdi daşımaq bizimçün hələ azdır. Elə etməliyik ki, onlar geri qayıdıb bizlərə baxanda gördüklərindən səksənməsinlər, sarsılmasınlar. Başa düşməliyik ki, o qırğından, o davadan çıxan adam artıq əzəlki deyil, ayrı adamdır. Onların üç ildə, dörd ildə keçdiyi yolla bizlərin əminamanlıqda keçdiyimiz ömür yolu arasında çox böyük fərq var. Zaman mənasında biz onlarla eyni illəri yaşasaq da, onların yaşadıqları zaman daha uzun və dəhşətli olub. Biz şəhid ruhları qarşısında baş əyməklə bərabər müharibədə ölməyib sağ qalsa da əlini, ayağını, gözünü itirmişləri də düşünməliyik ki, sabah onlar təkcə məkan yox, həm də zaman etibarı ilə qürbətə düşməsinlər, uğrunda vuruşduqları vətəni VƏTƏN qiyafəsində görsünlər. Elə olmasın ki, bir xalqın içində iki xalq yaransın, onlar təzədən, bir də baş vurmalı cəbhə meydanı ilə üzləşsinlər. Mən inanıram ki, buna bizim gücümüz çatacaq və əlil də olsalar, onların rahat yaşaya biləcəyi, saf bir şəklə salacağıq bu vətəni.

 

– Eləcə də ədəbiyyatımızı, şeirimizi...

– Təbii ki. yenə deyirəm birinci şərt namuslu olmaqdır. Həyatın bütün sahələrində olduğu kimi ədəbiyyatda da.

– Ramiz mən özümə söz vermişdim ki, bu söhbətimiz boyu səndən şeir istəməyim. Amma söhbətimiz elə bir məqama dirəndi ki, deyəsən bunsuz ötüşmək mümkün olmayacaq. Bəlkə dinləyicilərimizi (bu günsə oxucularımızı) bir təzə şeirinlə...

– İntiqam, sən bilirsən ki, ömrüm boyu təzə yazdıqlarımı isti-isti oxumuram. Xeyli vaxt keçir, sonra götür-qoy edirəm. Amma sən demiş, söhbətimiz elə alındı ki, mən lap indilərdə yazdığım bir şeiri deyəsən oxuyası olacam. Ən çox da ona görə ki, söhbətimizin mövzusuyla səsləşən şeirdi.

 

Bu meydandan ölüləri

Çıxaraq, dirilər qalsın.

Ölülərin yox xəbəri

Dirilər qoy hələ qalsın.

Bu ölülər Allahındı

Allaha bizdən yaxındı.

Sənin, mənim günahımdı,

Dirilər qoy hələ qalsın.

Kim sevər, kim xoşlar bizi?

Kim söyər, qarğışlar bizi?

Ölülər bağışlar bizi

Dirilər qoy hələ qalsın.

Ölən öldü sağı da var,

İgidi, qorxağı da var,

Bu günün sabahı da var,

Dirilər qoy hələ qalsın.

 

– Çox sağ ol Ramiz. Qoy uca Allah xalqımıza şəhidlik qənşərində qorxaqlıq, ruh düşkünlüyü yox, məğrurluq ruhu əta etsin. Bir də arzu edək ki, istər poeziyamız, istərsə də bütünlükdə ədəbiyyatımız özünün çox əsrlik dünyəvi dəyərlərindən məhrum olmasın. Və sənə də bü müqəddəs yaradıcılıq yolunda saf-sağlam ruh, bir də elə sənin təbirincə desəm, şairin şair olduğu bolluca anlar, dəqiqələr, saatlar arzulayıram.

P.S. Bu söhbətimiz 1992-ci ilin iyulunda efirdə səslənəndə Ramiz Rövşənin 46, mənimsə 47 yaşım vardı. Əsgərlik vaxtımız çoxdan ötüb keçmişdi. Bizlərlə görüşüb döyüş bölgələrinə yollanan oğullarsa bizdən qat-qat cavandılar. Nə qədər kədərli olsa da anlayırdıq, elə onların özü də başa düşürdü ki, kimlərsə bir daha geri dönməyəcək, yaxud əlil olub qayıdacaq. Amma gedirdilər...

İndi Ramiz 65, mən 66 yaşın içindəyik. O cavanların çoxusa əbədi olaraq o yaşdaca qaldılar. Amma zirvədə qaldılar.

 

 

İntiqam Mehdizadə

 

525-ci qəzet.- 2011.- 19 fevral.- S.28.