Seyran Səxavət: “Bu gün Azərbaycan ədəbiyyatında yetərincə istedadlı nəsil yetişib”

 

“ŞƏXSƏN MƏN MİN İL SONRAKI ƏDƏBİYYATIMIZ SARIDAN DA HEÇ BİR NİGARANÇILIQ YAŞAMIRAM”

 

15 il əvvəl Seyran Səxavətin 50 yaşı tamam olurdu. Bununla bağlı ölkə mətbuatında gedən irili- xırdalı yazıların, müsahibələrin sayı da artmışdı. O vaxt işlədiyim “Azadlıq” qəzeti yazıçını sorğu-suala çəkməkdə nəyə görəsə bir az ləngimişdi. Zəng vurub görüş üçün vaxt istəyəndə Seyran Səxavət yarızarafat, yarıciddi, bir az da ərklə qayıtdı ki, “nədənsə dostlar belə məqamlarda gec tərpənir də...” Dedim eybi yox, Seyram müəllim, taa keçib, gec olar, güc olar...

Evində görüşdük. Bir qəzet səhifəsi həcmində maraqlı bir müsahibə alındı. Diktofonu söndürəndən sonra mürəbbəli çay içə-içə bir az da Allah-bəndə söhbəti elədik. Söz cavan xanəndələrdən düşəndə qayıtdı ki, ay Zöhrab, Şamaxıdan təzə bir oxuyan qız çıxıb ha, onun səsindən ötrü ürəyim gedir. Onda Elnarə Abdullayeva ilə təzə görüşmüşdüm deyə diktofon lentində iki mahnısı hələ qalırdı. Diktofonu işə saldım və Elnarənin adamın ürəyini qana döndərən, ağıçı qadınlara, mərsiyəxanlara məxsus yanğılı səsi otağa yayıldı.

Və... İkimiz də baş-başa verib ürəkdolusu ağladıq.

Bu dəfəki görüşümüzdə isə Seyran Səxavətlə tamam ayrı mətləblərdən danışdıq.

– Seyran müəllim, adına yaltaqlıq dediyimiz bəla, yəqin ki, dünya yaranandan, insan doğulandan onun xarakterinin tərkib hissəsi kimi mövcud olub. Amma ayrı-ayrı cəmiyyətlərdə bu, özünü müxtəlif cür göstərib – qabarmaları və çəkilmələri ilə... Bugünkü Azərbaycan reallığında isə yaltaqlıq az qala həyat tərzinə çevrilib, alaq otu, vəba kimi inkişar tapıb. Belə mənəvi aşınma, bu deqredasiya ilə biz hara gedirik?

– Bugünkü cəmiyyətimizin ən böyük bəlasıdı yaltaqlıq. Bəziləri deyir ki, yox, ən böyük bəlalardan biri narkomaniyadir. Amma mən belə düşünmürəm. Ən azı ona görə ki, narkomaniya yaltaqlıq deyilən bəladan xeyli cavandı. Yəqin ki, insan doğulanda yaltaqlıq da onunla birgə dünyaya gəlir. İnsan dünyaya göz açandan az sonra nəyisə əldə eləmək, ona çatmaq üçün başlayır özündən güclüyə yaltaqlanmağa. Çünki yaltaqlıq bir insanın qəlbindən başqa birisinin qəlbinə gedən ən qısa yoldu. İnsan xarakterində isə ən qısa yolu seçmək həvəsi var.

Yaltaqlığın nüvəsində, mayasında yalan dayanır. Yaltaqlıq yalansız ötüşə bilmir. Çoxdan yazdığım yazıların birində də demişəm – yalan yaltaqlığın lirikasıdır.

– Yaltaqlıq termininin etimalogiyasını mən bilmirəm. Amma birdən-birə bu sözün ilk hecası – “yal” gözümü daladı. Yalmanmaq, yalamaq və sonda da yallanmaq...

– İncimə, bu, sadəcə, söz oyunudur. “Yal” sözü təkcə Azərbaycan dili, Azərbaycan variantı üçün keçərlidir. Deyək ki, rus dilində “yal” sözü yoxdur axı... Amma yaltaqlıq elə öz ölçüsündə, rəngində, səviyyəsində orda da mövcuddur. Heç mən yaltaqlığı yalla bağlamaq istəmirəm. Yaltaqlığın çox böyük fəsadları var. Tutaq ki, sən deyən kimi, yalmandın, yaladın və tox oldun. Qabağına bir parça sümüklü ət atdılar, bir qab yal qoydular. Bununla iş bitmir axı... Pis odur ki, bu getdikcə xarakterə, xasiyyətə, xislətə çevrilir. Yaltaqlıq xarakterə çevriləndə isə başlayır dünyanın işlərinə nüfuz eləməyə. Bax, dəhşət budur.

Sənin dediyin “yal” yaltaqlığın məişət, iaşə, restoran səviyyəsidir. Amma mən hesab edirəm ki, yaltaqlığın valideynləri – atası və anası məhz yalandır. Biz özümüzdən – yaltaqlığın Azərbaycan variantından danışırıq. Bu yaxınlarda televiziya verilişlərinin birində bununla bağlı fikrimi bir ayrı formada ifadə elədim. Dedim ki, Allahın işidi də, nə bilmək olar, bir gün Yer kürəsinin oksigeni tamamilə tükənə bilər, planetin bütün canlıları məhv olar, qırılar. Amma azərbaycanlılardan birinin də burnu qanamaz. Çünki biz oksigenlə yox, yalanla nəfəs alırıq.

– Adına ziyalı dediyimiz bəndələrin yaltaqlığı bir az da eybəcər olur...

– Bu sualın çox konkret cavabı var. Deyirik ki, Azərbaycan ədəbi mühitinin nümayəndələri hərəsi bir atanın belindən gəlib. Amma mən bir az fərqli düşünürəm. Məsələn, belə – biz hamımız sözün belindən gəlmişik. Sadəcə, o vaxt atalarımızın belində, necə deyərlər, yüngülcə “ostanovka” eləmişik. Soruşursan ki, bəs ziyalıya nə düşüb ki, yaltaqlıq eləyir. Əslində həqiqi ziyalı nə kresloya satılır, nə mənsəbə... Pis yola – mən buna elə bizim başa düşdüyümüz “pis yol” kimi baxıram – o adamlar düşür ki, onlar özlərini əvvəldən pis mənada təşkil eləyib. Yəni özlərini yazıçı, bəstəkar, rəssam, alim kimi pis qurub, pis təşkil eləyiblər. Tutaq ki, kolxozu, hansısa nazirliyi, lap elə dövləti də təşkil eləmək olar, amma əsl ziyalılığı təşkil eləmək qeyri-mümümkündür. Çünki bu, adama ana südüylə keçir və Allahın izniylə üzə çıxır.

– Bəyəm Ramiz Rövşən, Seyran Səxavət, Musa Yaqub, Vaqif Bəhmənli, Cavanşir Quliyev, Vaqif Bayatlı... yaşamağın bu yolunu bilmir? Yoxsa ehtiyac hələ sizi divara dirəməyib?...

– Bilirsən necədi? Bu suala gərək bizim camaat da hazır olsun ey... Söhbət veriləcək cavabın səmimiliyini qəbul eləməyə hazır olmaqdan gedir. Əslində adını çəkdiyiniz ziyalıların siyahısını artırmağa cəhd eləsək, bəlkə də ikimizin əl barmaqlarımızın bir neçəsi qatlanmamış qalacaq. Mən bu adamların özlərinə və yaradıcılıqlarına yaxşı bələdəm. Yaradıcılıq isə elə adamın özü deməkdi.

Divara dirənmək məsələsinə gələndə şəxsən öz adımdan, hesab elə ki, həm də onların adından deyirəm: təbii ki, belə yaşamaq ağırdı, çətindi. Amma səmimiyyətimə inanın və bir də inanın ki, belə yaşamaq, sadəcə, mənə xoşdu. Mən özümü yüzdə-yüz inandırmış və özümə bu fikri təlqin eləmişəm ki, Allahın Seyran Səxavət adlı bir ssenarisi var və mən o ssenarini yaşayıram. O ssenaridə baş rolun ifaçısı da, rejissoru da, bəzən lap tamaşaçısı da özüm oluram. Təkrar deyirəm: belə yaşamaq – gileylənmədən, heç nə ummadan yaşamaq mənə xoşdu. Vay o gündən ki, hansısa əbləh Allahın yazdığı Seyran Səxavət ssenarisinə bir əbləhanə abzas artırmağa cəhd eləyə və deyə ki, bunu da yaşamalısan. Onda baş barmağımı şəhadət və orta barmaqlarımın arasına soxub onun sifətinə çırpıram ki, “ala!!!”

– Maraqlıdı, o yaltaq axşam evə qayıdanda balalarının gözünə necə baxır?

– Bilirsən, o ailədə yaşayanlar həmin kişinin haramlıqla, harınlıqla əldə eləyib evə daşıdıqlarını, söhbət yalnız ərzaqdan getmir, aşınmış mənəvi keyfiyyətləri özlərinə xas məmnuniyyətləri ilə qəbul eləyir, hətta bundan fəxr duyur, qürurlanırlar da... Təbii ki, bu da ayrı cür iyrənc faciədi. Amma sən onlardan arxayın ol və faciələri ilə başını qatma, onların dərdi sənə qalmayıb.

– 15 il əvvəl Füzulinin işğaldan azad olunmasını, ata və ananızın qəbirləri arasında uzanıb qollarınızı açmağı, ürək dolusu ağlamağı arzulamışdız. Amma... Bu minvalla daha neçə il gözləməli olacaqsız?

– Bu sual öz ünvanına verilməyib. Niyə? Yenə bu yaxınlarda televiziya kanallarının birində soruşdular ki, Qarabağla bağlı nə yazmısız? Mən çox sərt və konkret cavab verdim. Və üzümü ərkim çatan bütün yazıçılara tutub əvvəl xahiş, sonra isə tələb elədim ki, Qarabağ haqqında heç nə yazmasınlar, çünki üstündən neçə illər keçəndən sonra Qarabağ artıq ədəbiyyat mövzusu deyil. Bu, birbaşa dövlətin, Müdafiə Nazirliyinin mövzusudu. Mənə elə gəlir ki, Qarabağ haqqında ən böyük əsəri Müdafiə Nazirliyi yazmalıdı.

Bilirsən, mən yazıçıyam, fantaziyam da normal işləyir, qələmi götürüb kağız üzərində Qarabağı ala, Xankəndinə bayraq sanca, Yerevanı viranəyə çevirə bilərəm. Amma bu, reallıq deyil axı. Bu olsa-olsa yalanın bir başqa üzü, ömrü uzun olmayan təskinlikdi. Bu isə bizə sərf eləmir.

– Mən tanıdığım Seyran Səxavət məsum uşaq kimidi – təmiz, kövrək. Tək qalanda, tənhalıq canınızı gəmirəndə kimə qulaq asıb sakitləşirsiz? Axı qarabağlıların göbəyi həm də muğam üstə kəsilib...

– Bir uşaqlıq dostum var, mənim şoferimdi, həm də akademikdi. Onunla tez-tez yollarda oluruq. Maşınında zəngin səs kolleksiyası var. Yaralarımızın məlhəmi isə Ağabala Abdullayevin “Segah-Zabul”udu. Bir də görürsən yol gedirik, Ağabala da oxuyur. Qəflətən deyirəm ki, ver qırağa, saxla. Onda maşındakı dostlar bilir ki, “ağlaşma” məqamı yetişib. Yaxud Yaqub Məmmədovun “Mirzə Hüseyn” segahı olsun. O kişi “Mübərriğə”də elə bir tufan qoparır ki... Elə hesab elə ki, relslərin arasında dayanan adamın üstünə paravoz gəlir. Bu sözləri bir dəfə Müslüm Maqomayevin ifası barədə də demişəm. Oxuyan da, sənətkar da çoxdu, amma bizim səbbimizi hələlik bu iki ustad alır.

– 65 yaşınız var. Məmməd Arazın sözü olmasın, nə umurduz, nə verdi sizə bu dünya? Ümumiyyətlə, yaşamağa dəyərdimi? Azərbaycanın çarəsi tapılmayan Qarabağ dərdinə görə heç utandığınız, xəcalət çəkdiyiniz anlar olurmu?

– Kim necə istəyir, qoy o cür də başa düşsün, əgər dünyaya gəlmişəmsə, artıq bu, Allah-təalanın mənə qarşı çox böyük jestidi. Çünki mənim aləmimdə, doğulmayanların, dünyaya gələ bilməyənlərin sayı milyardlarla çoxdu. Mən o doğulan azlığın, o seçimin içində varamsa, ayrı nə umacağım? Bir də mən bu sözləri indi deyə bilirəm də... Uşaq vaxtı o qədər dərin düşünmək olmur axı...

Zeynal adlı bir dostum vardı. Bütün sənətlərdən yarımçıq, eyni zamanda yüksək səviyyədə ziyalı, dahi bir adamıydı. Onun şəxsiyyəti, davranışı bu yarımçıqların hamısını tənzimləyir və bir bütöv əmələ gətirirdi. Rəssam, heykəltəraş, muğam ustası, dülgər... Nə boyda zülm çəkə-çəkə Ağabala Avdullayevin heykəlini qoydu. Soruşurdum, ay Zeynal, alətin-filanın hanı bəs?.. Barmaqlarını göstərirdi. Yəni mənim alətlərim bunlardı. Zeynal kimi dostlarım çoxdu. Demək istədiyim odu ki, mənim mühitim, bu mühiti yaradan ətrafım çox yaxşı olub və yaradıcılığıma birbaşa təsirini göstərib.

Bax, yaltaqlıq dediyimiz bəlanın qabağına dostluqla da çıxmaq olar. Nəinki çıxmaq olar, lap anasını da ağladarsan. Sözün kəsəsi, gərək dostluğu da adam balası kimi, qarşılıqlı yaşayasan ki, sabah danışmağa dilin olsun. Bu yerdə iki nöqtə qoyub abzasdan tire çəkirəm – bəşəriyyətin ən böyük kəşfi nə atomdu, nə filandı, nə də bəşməkan. Bəşəriyyətin kəşfi dostluqdu! Dostluq! Müxtəlif beldən gələn, müxtəlif qarında yatan adamların bir-birini sevməsi, istəməsidi.

“Nekroloq”da başqalarıyla yanaşı iki obraz da var. Onlar Seyran Səxavət deyil də, ağırlığa, çətinliyə axıra qədər dözmür və başlayırlar özlərinə millət axtarmağa. Mən isə bu ölkənin vətəndaşıyam. Əlbəttə, utanc, xəcalət hissini həmişə yaşayıram. İlk növbədə milli şüurun kallığına, son dərəcə aşağı səviyyədə olmasına görə. Bütün bəlaların mənbəyi də elə budu – milli şüurun yetişməməsi. Amma neyləyək ki, futbolda olduğu kimi, dünyada legioner xalq, legioner düşüncə və təcrübə anlamı yoxdu. O tərəfini də deyim ki, bizdə irili-xırdalı bəlalar özü də toplum halında yekə bir mənbəyə çevrilib. Və bu mənbəni parçalasan bütün dünya xalqlarına pay çatar. Amma onlara qıymarıq, yazıqdılar...

Qəti istəmərəm ki, bizdə qan, qarışıqlıq olsun. Çünki biz bunları çox yaşamışıq. İstərdim ki, ölkədə hər şey intellekt səviyyəsiylə, ağılla yoluna qoyulsun, yeniləşmə getsin.

– Son illər nə yazırsız? Sizi oxuyan varmı?

– Son on ildə beş roman yazmışam. “Daş evlər”dən sonra “Nekroloq”u yazdım və o kitab gözləmədiyim halda Azərbaycan Yazıçılar Birliyinin Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı” mükafatını aldı. Sonra “Palıd toxumu”nu yazdım və o əsər Moskvada da çap olundu. Canım sənə desin, sonra böyük sənətkarımız Süleyman Abdullayevin özünü və adını bəhanə eləyib “Bəhanə” romanımı qələmə aldım. Bu əsərdə söhbət yalnız Dədə Süleymandan getmir. Muğamımızın son yüz ildəki nümayəndələrinin böyük əksəriyyətini – Xarrat Quludan tutmuş ta Eldəniz Məmmədova qədər – oxucularıma qonaq gətirmişəm. Bu romanı yazmaqla həm də bir növ quluncumu sındırdım.

2008-də “Yəhudi əlifbası” romanımı yekunlaşdırdım və həm rus, həm də Azərbaycan dillərində nəşr olundu. Təxminən bir il əvvəl “Qaçhaqaç” romanımın birinci hissəsini bitirdim. Layla havasında yazılmış bu romanda bir əlcə kənd uşağının bu qəliz dünyada özünü necə axtarmasından, tapmasından və təsdiq etməsindən söhbət açmışam. Əsər özüm haqdadı; uşaqlıq illərindən tutmuş 1973-cü illərə qədər; mən yazmasaydım kim yazacaqdı ki... Bir də məni mənim özümdən yaxşı kim tanıya bilər axı?..

Arada bir neçə hekayə də işləmişəm – “Boynu əyri kişi”, “İt intervüsü”, “Cəhənnəm”, “Persona non-qrata”, “Rəmiş” və sair. “Persona non-qrata”nı yenə Seyran Səxavətə həsr eləmişəm. Və o fikirdəyəm ki, mən həqiqətən bu cəmiyyət üçün arzuolunmaz adamam. “Rəmiş”də isə, adından göründüyü kimi, ustad gitaraçımız Rəmişdən söhbət açmışam. Rəmiş məndən ötrü Paqaninidi. Həm də Rəmiş gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdi. Rəmiş gitaranı Azərbaycan dilinin bütün ləhcələrində, jarqonlarında danışdıra bilən adamdı.

– Cavan yazarlardan kimi bəyənirsiz?

– Birbaşa deyirəm ki, çox istedadlı cavan yazarlarımız var. Bu xalq ərəmik –doğub-törəməz deyil axı. Bu gün Azərbaycan ədəbiyyatında yetərincə istedadlı nəsil yetişib və özünü təsdiqləyib. Şəxsən mən min il sonrakı ədəbiyyatımız sarıdan da heç bir nigarançılıq yaşamıram.

 

 

Zöhrab ƏMİRXANLI

 

525-ci qəzet.- 2011.- 19 fevral.- S.27.