Vətən boyda şair – Zəlimxan
Yaqub
Söz vədəsində deyilsə, yazılsa yaxşıdır. Amma mən çox gecikdim...
İlk dəfə Zəlimxan Yaqub Almaniyada müalicə olunanda məqalə yazmaq istədim. “525-ci qəzet”ə göndərdiyi şeirləri oxuyub təsirləndim, bəzi qeydlər elədim. Yazını nədənsə sonraya saxladım. Səbəbini unutmuşam. Həmin silsilənin bəzi misraları yadımdadır. Qürbətdə olmasına və ürək ağrılarına baxmayaraq, ustad şairin sözlərində, davranışında bir ağayanalıq dayanır...
Ey qərib məmləkət, ey qürbət diyar,
Demə yollarımı azıb gəlmişəm.
Alnıma nə yazıb, allahım bilir,
Mən öz dastanımı yazıb gəlmişəm...
...Özün bil, özgəyə bildirmə məni
Ağlada-ağlada güldürmə məni.
Sən Allah, qürbətdə öldürmə məni,
Vətəndə qəbrimi qazıb gəlmişəm...
Sonra ustad şairimizin 60 illiyi gəldi. Onun şeirlərini oxuyanda, şəninə düzənlənən məclisləri müşahidə eləyəndə, haqqında çəkilmiş filmləri görəndə, yazılmış məqalələri oxuyanda anladım ki, yazımı gecikdirməyimin bir səbəbi var: qələmim Zəlimxan sözünün, Zəlimxan səmimiliyinin və istedadının qarşısında fərsizdir. Çünki bu adam söz boyda sözdür, saz boyda sazdır, Azərbaycan boyda vətəndir...
Bir dəfə zəng elədi: “Vaxtın varsa, biz tərəfə düş, dərdləşək,- dedi, – sakitçilikdir”.
Həmin vaxt mən Zəlimxan Yaqubun halında bir pərişanlıq və narahatlıq gördüm. O, xalqımızın taleyi üçün narahat idi. Dilimizin, ədəbiyyat və mənəviyyatımızın korlanmasından açıq-aşkar təlaş keçirirdi. “Mədəniyyət” kanalına ehtiyac olduğunu deyirdi.
Nəhayət, o və biz deyən oldu. Fevralın 14-də ölkənin bir saylı televiziyası Az.TV “Mədəniyyət” kanalının açılışını bayram elədi, bizləri də başına yığdı. Mübarək olsun! Elə həmin gün mən bu yazının məqamını tutdum. Amma məqam yerinə düşmədi. Çünki Zəlimxan qağa yenə də ağrıyırdı, osman oğlanları demiş, sakatlığı vardı, ayağı ona növbəti dəfə xəyanət eləmişdi. Ancaq Zəlimxan qağa yenə də həminkiydi: üzündə işıq, gözlərində nur, ürəyində vətən boyda sevgi. “Dünən sənə zəng eləmək istədim, çox tünlük olduğuna görə vaz keçdim, bu günlərdə bir görüşək”-dedi. “Əlbəttə, görüşək, qağa, belə fürsət hər zaman ələ düşmür ki...”
Elxan Zal Zəlimxan Yaqubu “poeziyamızın imperatoru”, Rüstəm Kamal isə “xanı” adlandırmışdı. Bəziləri bu sözlərə sevindi, bəziləri qısqandı. Əslində o, xandan da, imperatordan da yuxarıdır, çünki imperatorlar şairlərin ayağına gəlir.
Zəlimxan Yaqub öz qiymətini bilən adamdır.
Sünbüləm, zəmiyəm, dənəm,
xırmanam.
Xəstəyəm, həkiməm, dərdəm,
dərmanam.
Möhürəm, imzayam, qolam, fərmanam.
Millət də məndədi, dövlət də məndə...
“Babam deyirdi ki, nəvələrimin içində ən çox istədiyim Zəlimxandı. Çünki yeməkdən doymur, işləməkdən yorulmur, danışanda mızıldanmır”. Şair bu sözləri özü haqqında çəkilmiş sənədli filmlərdən birində dilə gətirmişdi. Zəlimxanın babasının mübarək sözlərinin üstünə birini də biz əlavə edək: millətinə ürəyini verməkdən usanmır. Danışanda ürəyini çıxarıb əlində tutur, insanların üzünə işıq salır, damarının şirəsini, beyninin düşüncələrini xalqa verir.
Zəlimxanın ürəyilə ciddi söhbət eləmək lazımdır. Məsələn, soruşmaq lazımdır ki, xalqı sevməkdən usanmadımı, Zəlimxanı incitməkdən yorulmadımı? Axı Uca Tanrı şairə ürəyi pay verib. Tanrı verən paydan ummazlar.
...İman adlı işıqda,
sevgi adlı dindəsən,
Eşqin göy yaylağında,
yaşıl binəsindəsən.
Sən qaya köksündə yox,
şair sinəsindəsən,
Səni mənə İlahi
pay verib, pay, ürəyim...
O, sözünü də,
şeirini də o qədər ürəkdən, içdən
deyir ki, adam onun yerinə qorxur, qorxur ki, bu saat şairin ürəyi
yerindən çıxacaq.
Zəlimxan bizim qənimətimizdir,
xalqımızın qismətidir, poeziya sevənlərə
tanrının payıdır.
O öz şirəsini Yunis
İmrədən, Dadaloğlundan, Aşıq Ələsgərdən,
Şəhriyardan, o taylı-bu taylı Azərbaycan şairlərindən,
ustadlarından çəkib. Onda bütün bu ustadların
ruhu toplaşıb və bunu hər şeirində hiss edirsən.
Dərdimə dərman
axtarma,
Dərd məndə, dərman
məndədi.
Ərzimi şaha söyləmə,
Güc məndə, fərman
məndədi...
Mövlanəçilik onun
ruhuna hopub. Şairin bir sirrini açım. Mövlanədən
poema yazır. Son kitablarından birinin adı “Gəl”dir.
Oxuyub ozan ollam,
Bəxtini yazan ollam,
Gec gəlsən xəzan
ollam,
Rəngim saralmamış gəl.
“Mövlanə deyir ki, insan
ömründə üç yol keçir: xamlıq, bişmək
və yanmaq”. –Bu sözləri şair deyir və əlavə
edir: “Xoşbəxt o adamdır ki, yana bilsin...” Mənə elə
gəlir ki, Zəlimxan Yaqub həmin xoşbəxtlərdəndir.
Vətənimizin harasında oluramsa-olum, Zəlimxanın
adını, sözünü eşidirəm. Onun gəraylı,
qoşma, gözəlləmələri ozanların dilinin əzbəridir.
Zəlimxan vətənimiz qədər
zəngin və qonaqpərvərdir. O, bir almazdır: bəzilərinin
gözünü qamaşdırır, bəzilərinin
gözünü sevindirir, bəzilərinin yuxusuna haram
qatır. Onun zərrəcikləri söz olub adamların
qulağına sırğalanır, damarlarına
qarışır, ürəklərinə hakim olur. Səməd
Vurğundan sonra Azərbaycan poeziyasının ən
ilhamlı şairlərində biri, bəlkə də birincisi
Zəlimxandır. O, bir bulaqdır qaynayır və tükənmək
bilmir. Bəxtim gətirib ki, ustad sənətkar mənim də
haqqımda beş-üç kəlmə söz deyib. Əlləri
var olsun!
Poeziya səltənətində
Zəlimxan Yaqub kimdir? –sualına onun öz şeirlərilə
cavab vermək olar. Bu misraları oxu, əlini üstünə
qoy və de: Bu – Zəlimxandır!
Könlümüz havalı,
gözümüz də ac,
Gəncliyin havası
başımızda tac,
Bir sənsən, bir mənəm,
bir yaşıl ağac,-
Bu yaşıl ağacın
altı bizimdir...
Yaxud
Bir gözəldə min
gözəllik cəmlənib,
Duruşu da, ədası da
gözəldi.
Sularında üzüb gedən
qəvvasam,
Dalğası da, adası da
gözəldi...
Zəlimxan 40-dan sonra istədiyi
evi tikə (yaxud tikdirə) bilib. Ona qədər keçdiyi
yol ədəbiyyat adamlarının çoxunun
gözünün qabağındadır:
kitabxanaçılıqdan deputatlığa, gecəqondudan
tutmuş Yasamaldakı beton evə qədər...
O, Tanrısına və
ömürlüyünə şükür edəndir.
“Allahımdan razıyam ki, əlli yaşıma kimi mənə
hər şey verdi. İndi oturub rahat yaza bilirəm”.
Yerdən-göyə
İlahidən razıyam,
Özüm üçün
yaşamadım, çox şükür.
Kimə bəxtəm, kimə
qismət, yazıyam,
Özüm üçü
yaşamadım, çox şükür.
Qaş-qabağım qara
bulud görmədi,
Qəlbim zülmət,
könlüm sükut görmədi,
Evim qıfıl, qapım
kilid görmədi,
Özüm üçün
yaşamadım, çox şükür.
Zəlimxan Yaqub
yazdıqları ilə fəxr eləyən, vaxtını
boşa verməməyiylə öyünən adamdır. Nəticəsi
onlarla şeir kitabı və poemalardır. O, elə şairlərdəndir
ki, oxuyanda dolursan, zənginləşirsən və nəsə
yazmaq istəyirsən.
Bəziləri
Yaradıcı ruhun doğulduğu yerə getmək istəyir,
daim onun axtarışındadır, lakin nəticədə
heç nə yaza bilmir. Zəlimxan isə Yaradıcı
ruhdan üzü bəri gəlir və ona doğru gedir...
Söz üçün ən
ulu dərgaha vardım,
Mən sözün eşqinə
sinəmi yardım.
Axtara-axtara gedib tapardım-
Olsaydı dünyanın
harasında söz.
Ustad şairimiz üç dəfə
əməliyyat olunub: bir dəfə ürəyindən, iki dəfə
böyrəyindən. Hər dəfə də onunla telefonla
danışmışam, yaxud sağalandan sonra baş çəkmişəm.
Mən hələ bu kişinin dilindən ah-vay eşitməmişəm.
Həmişə bir söz deyib: “Tanrı sizi və
xalqımızı qorusun!”
Sonuncu əməliyyatdan
öncə dostu Əlini gördüm. Dedi ki, restoranı təzələmişəm.
Qağa başda olmaqla, ayrıca otağınız da
hazırdır. “Açılışını sabah eliyərik”-
dedim. Sabah isə qəzetdə Zəlimxan Yaqubun yenidən əməliyyat
olduğunu eşitdim.
Həmin gecə yuxu
gördüm. Qadınlar bulaq başında paltar yuyurdular. Məni
görüb umu-küsü elədilər ki, Zəlimxan
yanımızdan keçdi, amma elə bil heç bizi görmədi.
Kefi yoxuydu”. “Zəlimxan qağa bir az naxoşlayıb”-dedim.
Qadınlar bir ağızdan: “Allah onu qorusun”-deyə
alqış elədilər. Çünki Zəlimxan Yaqub evlərə,
insanlara sevinc aparan şairdir...
Çəməndə
çiçəyəm, sünbüldə dənəm,
Sevgidə, sevincdə
dağlara tənəm,
Dünyanın ən xoşbəxt
adamı mənəm,
Gedirəm bir qəlbi
sevindirməyə...
Gözəllər şairin
dilinin əzbəridir. O, gözəllik qarşısında səcdə
edənlərdəndir.
Qüdrətdən çəkilib
qaşlar, ay gözəl!
Baxsan muma dönər
daşlar, ay gözəl!
Nə yaman
dağılıb, saçlar, ay gözəl,-
Varlığın yellərə
sinəmi gərmiş?
Qızlar bulağından su
içən zaman
İnsan da bu qədər
gözəlləşərmiş!?
Zəlimxan qağa heç
kimi naümid qoymayan adamdır. Mən bunun dəfələrlə
şahidi olmuşam, kimlərinsə dilindən eşitmişəm.
Bir dəfə yazmışdım: Vətənimizdə elə
insanlar var ki, bircə onların sağlığı bəsdir
ki, adam özünü arxalı hiss eləsin. Zəlimxan Yaqub
da belə insanlardandır. O xeyir-şər adamıdır.
Kiminsə gözünü yolda qoymur...
Balalarını, nəvələrini
özündən çox istəyir.
Hara gedirəm-gedim,
harda oluram –olum,
gəlib sizdə birləşir
izim, cığırım,
yolum.
Keçmişim, gələcəyim,
Bəyim, xaqanım,
xanım,-
Yusifim, Zəlimxanım!
“Tanrı sizi və
xalqımızı qorusun”-deyir Zəlimxan Yaqub.
Mən də deyirəm: “Qoy,
Tanrı Zəlimxanı və onu sevənləri qorusun!”
Çünki o, dünyaya sevgi yayanlardandı.
Ey haqqın
varlığı, məni sən qoru,
Mən səni qəlbimtək
duyanlardanam.
Səsindən güc
alıb, sözündən təpər,
Sevgimi dünyaya
yayanlardanam...
Amin!
Elçin HÜSEYNBƏYLİ
525-ci qəzet.- 2011.- 19 fevral.-
S.24.