SƏS

 

(Esse-kollaj) Muğam işığında təksəsli, çoxsəsli düşüncələr

 

 (Əvvəli ötən şənbə saylarımızda)

 

Möcüzəni dinlədinizmi? Hər tərəfə səsiylə Allahın rəhmətini yayan möcüzəni dinləyə bildinizmi?

Uzaqlaşıb yaxınlaşan, yaxınlaşıb uzaqlaşan səs insanları ibadətə – Allahın evinə çağırır. Süeymaniyyədə, Sultan Əhməddə, Əyyubda... ucalan əzanın ayrı-ayrı muğamları çiynində gətirdiyi çağırış, məcburiyyət, zor, mükəlləflik, icbar... səsi deyil, məhəbbət, qurtuluş, xilas, ümid... səsidir.

 

lll

 

Uşaq vaxtı daş atıb göydən bir ulduz salmaq istəyirdim. Daş atıb ayı sındırmaq istədiyimi də yaxşı xatırlayıram.

İllər keçdi. Nə göydən ulduz sala bildim, nə də ayı sındıra bildim.

Fəqət bağrımda, səsimdə yerə salmaq istəyirdim ulduzun haləsini, sınıb ikiyə bölünmüş ayın ağrısını yaşadım.

 

lll

 

Nə qədər ki, anam sağ idi, qəti şəkildə inanırdım ki, mən ölə bilmərəm, məni heç bir xəstəlik yaxalaya bilməz.

Nə qədər ki, anam sağ idi, mən elə bilirdim ki, məndən güclü, istedadlı, işıqlı adam yoxdur.

İndi anam yoxdur. 12 il bundan əvvəl onu qara torpağa tapşırdım. Və indi məndən gücsüz, aciz, işıqsız, istedadsız adam yoxdur. Dünyanın uzaq ellərindən gələn saman çöpüyəm, külək sağdan sola, soldan sağa çırpa-çırpa məni kimsəsizliyə aparır.

 

lll

 

Mənim ifalarımın sorğu-cavab bir qismi qızım Fərqanə ilədir. Xaricdə tez-tez məşhur Qərb və Şərq ifaçıları ilə duet oxumuşam. Özəlliklə caz musqisi ifaçıları ilə çıxışlarım da var. Şair və aktyorlarla bərabər çıxışlarım da var.

Fərqanə mənim övladımdır. Canımın-ciyərimin bir parçasıdır. Onunla duet oxumaq, özü də muğam dueti mənim üçün maraqlı və zövqvericidir. Başqalarının fikrinə də sayqı ilə yanaşıram, ancaq mən nə qədər sağam, həmişə Fərqanə ilə bərabər oxuyacağam. Uğurdan-uğursuzluqdan asılı olmayaraq.

Məşhur müğənnilərlə oxumuşam və bu, mənim üçün də etiraf etdikləri kimi onların yaradıcılığı üçün maraqlı sayılıb.

Toyda-məclisdə əvvəldən düşünmədən məşhur şair və aktyorlarımızla duet oxumuşam. Camaat yaxşı qarşılayıb. Xüsusən Rasim Balayevlə duet səs-söz dueti, məncə, potensial olan ifadır.

O ki, qaldı caza, Allah Vaqif Mustafazadəyə rəhmət eləsin, muğamla cazı qaynaq eləyən ortaq doğal nöqtələri, körpüləri tapan o kişidir.

Azərbaycanda və xaricdə caz musiqisi eşidəndə oradakı sərbəstliyə, azadlığa, çılğınlığa, bədahətə heyran qalıram. Alınıb, alınmamağından asılı olmayaraq bu sahədə arayışlarımı davam etdirmək istəyirəm...

 

ZƏMANƏ

 

Zamanın bizi tum kimi çırtladığı, ehtiyacın, gündəlik dərdlərin, oğul-uşaq, qohum-qardaş, dost-tanış problemlərinin bizi üzü küləyə sovurduğu bu zamanda ilahi aləm yolçuluğu nə qədər ağlabatandır?!

Tarixə baxsaq minlərlə örnək taparıq ki, at dırnaqlarının altında qalan, aclığa, yoxluğa məhkum edilən, köçlərə sürülən memarlar, şairlər, musiqiçilər, rəssamlar, alimlər... sürgünə məhkum edilmiş, zülmün, təzyiqin içində diz çökdürülmüşdür. Ayrı-ayrı istisnalarla sənətkar, alim, fikir adamı nə qəhrəmandır, nə də inqilabçı. Qapağı örtülmüş zaman qazanı qaynayanda, əlbəttə ki, sənət və elm əhli də olmuşsa və ya varsa, bu, o insanların o mücadilə camiəsində olduğunu isbat etməz. Missiyası yaratmaq, ikinci dünya qurmaq olan sənət-elm adamı insanlığın, vətənin, Allahın yaratdığı hər şeyin xilasını daxili aləmini, iç dünyaya çəkilməkdə görmüş və mənəviyyat aləminin çox dərinliklərinə baş vurmaqla ümid, xilas yolları aramışlar. Mevlana da, Nəsimi də, Füzuli də, Leonardo da Vinçi də, Rafael də, Rotterdamlı Erazm da, bizim Mirzə Cəlil də, Sabir də, Üzeyir bəy də, Cavid də, Müşfiq də, Çobanzadə də... bu taleyi ən ağır şəkildə yaşayanlar, zamana qurban olanlar və əlbəttə ki, böyük yaradıcılardır.

Səs sənəti də istisna deyil. Səsi ilə təsəlli aləmi yaratmış ustadlarımız qarşısında baş əyməmək mümkün deyil.

Ağır şərait, ciddi ictimai şərtlər, ehtiyac... böyük sənət üçün nə qədər ağır və məşəqqət dolu olsa belə, hüdud, sədd deyil. Şəxsi fəlakətlər də, ailə dramları da, ictimai faciələr də, basqılar və daşlanmalar da sənət və elm adamı üçün yaradıcılıq təkanı, ikinci dünya arayışlarının stimulu olub.

Bütün bu dediklərim mənim şəxsi həyatımla bağlı deyil və ya az bağlıdır. Mətləb mən deyiləm, böyük sənət və sənətkardır. Böyük dərd kiçik dərdi unutdurar. Və ya insanı danışdıran, dinləndirən, axtarşa sövq edən, yaratmağa yönləndirən iki böyük güc var: azadlıq və dərd.

Mən bu iki anlayışı uzun-uzadı təhlil etmək istəmirəm. İşarə verirəm, arifə bir işarə kifayətdir.

Mən ilahi dərd mübtəlasıyam. Bu dərdə düşənin əlacı var-dövlət, ad-san, sığal-tumar deyil, kamillik, olğunluq yolunun, sufilərin dediyi şəriət, təriqət, mərifət, həqiqət qatlarının iç-içə bağlılığının mübhəm, ağır, dəhşət dolu yollarıdır. Səndən başlayır və Allahın varlığına doğru başı daşlara dəyə-dəyə, ürəyi üzülə-üzülə gedir, ya bu haqq yolda azır, ya şəhid olur, ya yorulub, usanıb dayanır və ya vəhdətə qovuşur.

 

DƏRVİŞ

 

“Xamdım, bişdim, yandım” deyən Mevlana Şəms Təbrizi həqiqətini o qədər gözəl ifadə etmişdir ki, başqa bir şey demək günahdır, günah.

Mən sıradan bir dərvişəm və hər gün özümlə savaşıram. Bu, bitib – tükənməyən savaşın qalibi də mənəm, məğlubu da.

Mənim içimdəki dərviş səsimdə doğulur, səsimdə yaşayır və səsimdə də ölür. Əsl dərviş elə mənim səsimin özüdür. Mən də onun əmanətini saxlayanam, bəlkə də əsiriyəm.

Kim deyir ki, sevgi bir azadlıqdır. Məncə, sevgi də bir əsirlikdir.

Bir insana sevgidən başlayan vurğunluğun eşqə çevrilməsi Allahın böyüklüyündə bitən hüdudsuz azadlıq və sonsuzluqdur.

Bir az təkrar olsa da həqiqəti ayrı-ayrı münasibətlə, fərqli baxış bucağından söyləməyi özümə borc bilirəm. Çünki oxuduğum zaman o məqamları dərviş kimi də, insan kimi də, şagird kimi də, ustad kimi də yaşayıram. Yaşadığımı söyləməyə borcluyam.

 

lll

 

Dünyaya könül gözü ilə baxıb könül gözüylə dünyaya yeni bir səs donu biçmiş Aşıq Veysəl anadan gözsüz doğulub.

Allah bir yerdən kəsəndə, başqa bir yerdən elə bir ilahi qüdrət verir ki, yalnız insanlar deyil, dağlar-daşlar da heyran qalır.

Sözlər məni havalandırır:

“Neyləyim, bu dəryanın kənarı yoxdur, yox”

 

lll

 

“Ya sən gəl, ya da mənə əcəlim gəlsin”.

 

lll

 

Xalça da donmuş musiqidir. Heykəllər də daşların içində uyuyan səsdir. Əgər “musiqi ilahlarının dilidir”sə, onda dünyada niyə səs ilahı yoxdur?!

 

lll

 

İfa – yerin təkinə, dəryanın dibinə düşdüyün, endiyin qədər qalxmaq, ucalmaqdır. Endiyin dərinliyin sirrini yüksəldiyin ucalığa danışa bilməkdir.

 

lll

 

Səs xarakterdir, xasiyyətdir.

 

lll

 

Səs təkrarsızdır.

 

lll

 

Anadan gələndən səsi xaric olan müğənnilər var. Çünki onların səsinin mayası xaricdir.

 

lll

 

Mədəniyyət səviyyələrinin tarixi qədəmləri, düzümü, sırası, dəbi, yüksəlişi, düşüşü zamana və zəminə bağlıdır.

 

lll

 

Təbii kədər anası ölmüş uşağın hıçqırığıdır.

Balasını itirmiş ananın qıyya çəkib ağlamasıdır.

Göz yaşının harayıdır. Uzun illərin ayrılığından sonra qardaşını tapmış bacının fəryadıdır.

 

lll

 

Eşq bir xəyal, şirin yalandırmı?

Eşq həqiqətdirmi?

 

lll

 

Heç yorğun bulud görmüsənmi? Ağlayan yetim uşağın göz yaşını silmisənmi?

Kəpənəyin türküsünü, bənövənin pıçıltısını duymusanmı?

İçindən qırılan suyun ağrısını hiss etmisənmi? Heyf, heyf, heyf...

 

lll

 

Mevlana deyir ki, çox yaxşı yazmaq da iddiadır. Allahla iddialaşmaqdır və günahdır.

...Ən böyük günahkar Füzuliyə Allah rəhmət eləsin.

 

ACI

 

Təsnif, rəng, dəramət... muğam şöbələrinin arasındakı nəfəsalmadır, dinlənmədir, ürək yaralarını sarımaqdır. İfaçı da nəfəs alır, dinləyən də. O ağırlıq insan üçün çoxdan da çoxdur. Dözmək, bu sitəmi dərk etmək üçün bu yolun ayrı-ayrı məqamlarda durması, onu özünə gətirir, yanan ürəyinə bir ovuc su səpir. Rəng də, təsnif də, dəramət də əslində muğamın dediyini deyir, başqa ritmdə. Başqa ampluada muğamın içindəki həqiqətin bir parçası olduğunu təsdiq edir. Ritmik muğamlar da bu yüyürən, ləngər vuran, qanad açıb süzən hərəkətin ifadəsidir.

...Kənddə bir müəllimin cavan oğlu dənizdə batmışdı – atasının gözünün qabağında cavanın meyidi çətinliklə tapıldı. Dəhşətli bir yas məclisi dağı-daşı ağladırdı. Dərdin, kədərin laxtalanmış qan kimi boğaza dirəndiyi məqamda qəbristanlığa əldə aparılan tabutu saxladılar. Cavanın qara paltarlı anası hayqırdı:

– Niyə durmusunuz, ay el, ay oba, ay uşağın atası, əmisi, dayısı, xalası, bibisi, nişanlısı, mənim balamı qara torpağa toysuz-düyünsüz göndərə bilmərəm, ay ellər bilmərəm!..

Balabanın ürək sökən səsi yavaş-yavaş Tərəkəməyə keçdi. Üzü çırıq-cırıq ana oynayırdı, ata qol qaldırıb “oxxay” deyirdi, əmi, dayı şabaş atırdı.

Qara toy qızıl qana dönmüşdü.

Dünyanın sonu idi. İllər-aylar keçib. Amma o qara toyun səsi, ananın, atanın heç vaxt görmədiyim və görməyəcəyim rəqsi dağ kimi sinəmə çəkilib qalıb.

Allah heç bir bəndəsinə göstərməsin. Düşmənə də qismət olmasın.

Cavanlığımda mən toya gedərdim. Muğamın ölüm-qalım məqamında birdən gözümü açıb o qara toyu görmək üçün gözlərimi açıram yeyib-içən adamları, sümük gəmirən gəncləri, asta-asta sağlıq deyən adamları görəndə sonra unuda bilmədiyim o qara toy mənə el şənliklərində, toyda oxumağı yasaqladı. Bugün də o yasağı pozmuram, poza bilmərəm. Dostların, yaxınların övladlarının toyunda bir ağız oxuyub xeyir-dua verməkdən başqa gücüm qalmır ki, qalmır.

Muğam mərasim musiqisidir. İnsanın müqəddəs günlərinin, ruh bayramlarının, əcdad xatirələrinin, müasir dildə desək teatrı olan mərasimlərdə muğam elə bir səs-söz mətnidir. Bu mətnin mayası mifdən, əfsanədən, dastandan yoğrulub. Muğam şöbələri tarixin zaman qatlarıdır. Danışanı ilə, dinləyəni ilə muğam mətn içində mətn, səs içində səsdir.

Hindlilər bir rəqsi, raqanu 15-20 ilə öyrənirlər: rəqsiylə, hərəkətiylə, jestləriylə, sözləriylə, səs cilvələriylə.

Fars muğamı, ərəb muğamı, özbək, əfqan, Türkiyə, Azərbaycan muğamı bir dünyanın ayrı-ayrı coğrafiyalarda, tarix, psixologiya, əxlaq daxilində ifadəsidir. Muğamı oxuyan muğlar, maqlar, kahinlər, dərvişlər... bir həqiqəti deyən ayrı-ayrı zamanlar, məkanlar və talelərdir.

Kök Nuhun gəmisidir. Mənşə göylərdir.

Hər coğrafiya, hər etnos, hər millət muğamda öz səs varlığını əritmiş yeni bir keyfiyyət, nisbət alıb. Mən Azərbaycan türküyəm. İlahi, Azərbaycan muğamının bətnində nə qədər türkü, şərqi, hava, havacat... var? Bətnində olanlar o kökdən, göydən gələn səsi Azərbaycan muğamı yapıbsa (lap təndirə çörək yapan kimi yapmaq) Azərbaycan muğamı da elə odur. Qarabağdakı minlərlə aşıq havası, Şirvandan minlərlə dərviş səsi, Naxçıvandakı yallı harayları, Şəkidəki, Gəncədəki, Təbrizdəki, Ərdəbildəki, Dərbənddəki, Urmiyadakı, Ərdəbildəki... guşələr, bəmlər, zillər, xallar... Azərbaycan muğamı adlı xəzinənin içindədir. Muğamlar yalnız muğam doğmur, bəzən də canlı insan doğur.

Allah Üzeyir bəyə rəhmət eləsin. Onun anası Azərbaycan muğamı olub, – desəm mənə gülməyin. Gülmək istəsəniz gülün. Ağlamaqla gülməyin elə bir fərqi yoxdur. Hər ikisi hisslərin uc nöqtələridir. İki uc nöqtəni birləşdirən xəttin adı gözlərindən qan damlayan insan ürəyidir. Gah ağlayır, gah da gülür.

Yadıma teatrın emblemi düşdü. Teatr asılqandan başlayır. Yox, qardaşım teatr nə Sofokldan, nə Şekspirdən, nə də Dürrenmatdan başlayır. Teatr da səsdən başlayır. Muğam kimi. Mənim oxuduğum, sevdiyim, dərdindən dəli-divanə olduğum muğam kimi...

Azərbaycan muğamından dünyanın bütün musiqi əsərlərinə gedən yeraltı yollar, yerüstü körpülər bir vəhdətin nişanəsidir. Üzeyir bəy, Qara Qarayev, Vaqif Mustafazadə... bunu isbat edib. Bizim isbatımıza ehtiyac yoxdur. Vəssəlam. (Ardı gələn şənbə sayımızda)

 

 

KAMİL VƏLİ

 

525-ci qəzet.- 2011.- 19 fevral.- S.22.