Mənəvi irsimizin açılmamış səhifələri

 

Bu ilin aprelində məşhur “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 105, Mirzə Cəlilin klassik “Ölülər” əsərinin ilk tamaşaya qoyulmasının 95 illiyi tamam olur. İstər satirik “Molla Nəsrəddin” jurnalı, istərsə də klassik “Ölülər” əsərləri haqqında keçən müddət ərzində kifayət qədər qiymətli tədqiqat əsərləri, elmi araşdırmalar, məqalələr, xatirələr, rəylər nəşr və dərc edilmişdir. Lakin araşdırmalar göstərir ki, müxtəlif siyasi- ideoloji səbəblər üzündən tədqiqatdan kənarda qalmış ciddi elmi- nəzəri və maraqlı yazılar da az deyil. Məsələn, 1916-cı ilin aprelində jurnalın nəşrinin 10 illiyi və “Ölülər”in ilk tamaşası barədə M.Ə.Rəsulzadənin baş redaktoru olduğu “Açıq söz” qəzetində dərc olunmuş “Molla Nəsrəddin” və “Ölülər” sərlövhəli məqalələrini göstərə bilərik. Həmin məqalələri olduğu kimi oxuculara təqdim edirik.

 

“Ölülər”

 

(M.Ə.Rəsulzadənin “Giriş”də qeyd olunan “Molla Nəsrəddin” məqaləsi “525-ci qəzet”in ötən şənbə sayında dərc edilib)

 

Teatro və ədəbiyyatımızda şayani-təqdir bir əsər vücuda gəldi. Tarixi-ədəbiyyatımızda bir vəqə hadis oldu.

Keçən axşam Tağiyevin teatrosunda Mirzə Cəlil cənablarının incə qələmindən çıxan gözəl bir əsəri, “Ölülər” oynandı.

“Ölülər” “Molla Nəsrəddin” məcmuəsinin bir nüsxəyi-digəridir.

“Ölülər” qaranlıq həyatda, cəhalətlə çürüyən mühitdə bitab düşən xəstə vücudumuzu bütün faciələri və acıları ilə açıb aləmə faş ediyor. Əsərin mövzusu “Molla Nəsrəddin”varidir. Xəlqin cəhaləti və sadəligindən sui-istifadə edib də, şeytan ikən mələk cildinə girib də xəlqin ən müqəddəs varlıqlarına, irz və namuslarına belə əl atan şarlatanlardan birisinin “baş piyləməsini” təsvir ediyor.

Qafqasiya şəhərlərindən birisinə Məşhədi-müqəddəsdən bir kağız gəlir. Bu kağızı “həmşəhərlilər”dən birisi yazıyor. Kağızı yazan adam çoxdan ölmüş olduğu halda, Məşhəddə zühur edən müqəddəs Şeyxin duası bərəkətindən dirilmiş olduğunu yazıyor. Özü kibi yüzlərcə adamların dəxi dirildigini xəbər veriyor. Şəhərə küy düşüyor. “Kərbəlayi Fəthəli dirilmiş”. Haman kağızda xəbər veriliyor ki, bu ölü dirildən Şeyx Nəsrullah haman “şəhrə” gələcək. Şeyx Nəsrullah “bizim şəhərə” gələcək-deyə xəlq sevinişiyor. Şəhər istiqbalə hazırlanıyor. Nəhayət, “böyük qonaq” gəliyor, əlindən, ayağından, ətəgindən öpərək Hacı Həsəngilə daxil edilir. Şeyx qondarma ərəbilər, farsi ibarələr və bu kibi, şarlatanlara məxsus olan rənglərlə “ustadlığını” işə veriyor. Zehnlər zatən təsxir olunmaya hazır, ürəklər qəbzəyə keçiyor. Əzb yatmaq günahdır. Şeyxin azarı vardır. Tək yata bilməz. Buna görə də hər gecə bir qız mətə ediyor. Xəlq təbərrik üçün qızlarını verməgə çalışıyor. Şeyx “keyfini çəkiyor”. Ən müəssir bir mənzərə. İnsanın ürəgindən “məlun” səhhiyəsi qopuyor. Nəhayət xəlq yığışıb da istiyor ki, Şeyx “ölü”lərini diriltsin. Səhnə qəbristandır. Kim kimin dirilməsini istiyorsa, desin, Şeyx Əhməd yazacaq-deyə Şeyx Nəsrullah əmr ediyor. Birər-birər yazılırlar. Fəqət, sonra yazdıranlar tərəddüd içində qalırlar. Birisi neçün bəs qardaşını yazdırmıyorsan-diyor. O birisi arvadının da dirilməsini istəsin, a, – diyor. Şeyx bu “neçün”lərə cavab istədikdə hər kəs “qoy gedim bir fikirləşim” –deyə “sürüşüyor”lar. Və bu surətlə kimsə fikirləşmədən cəsarətlə “dirilsin” –deyə bilmiyor.

Şeyx Nəsrullah bu surətlə “ömür keçirməkdə” ikən bir teleqraf alınıyor ki, “Kərbəlayi Fəthəlinin dirilməsi yalan imiş”. Bunun üzərinə xəlq həyəcanə gəliyor. Şeyxin qapısına gediyorlar, görüyorlar ki, “Şeyxanə” qaçmış.

Şeyxin müqabili və bütün bu şarlatanlıqlarını açıb da xəlqə göstərmək üçün müəllif “kefli İsgəndər” rolu yaratmış. İsgəndər Şeyxin qonaqçısı Hacı Həsənin böyük oğludur. Firəngistanda təhsl görmüş. Fəqət, həmişə sərxoşdur. Hacısından, kərbəlayısından, əvamından, xəvasından, alimindən, hətta hökumət çinovnikləri olan teleqrafçı ilə mirzəsindən tutub da böyügündən kiçiginə, arvadından kişisinə qədər bütün bu hüşyarlar içərisində ancaq bu “sərxoş”dur ki, əhvalın həqiqətini dərk ediyor və hər bir qədəmdə laübaliyanə istehzalar ilə doğrunu söyliyor.

Son pərdədə Şeyxin hərəmxanəsi göstərilir. Qaçmış, fəqət, yerində irzləri hətk edilmiş, gözləri ağlar üç xırda qız qalmışdır. Kefli İsgəndər bu fəci mənzərə müqabilində olduqca mənidar həsbi-halını söyliyor. Həqiqətin acılığı qarşısında böhtə getmiş olan “qara məxluq cahil və anlamaz cəmaətin üzərinə tükürüyor”.

“Bu müsibət tarixin qanlı səhifələrini təşkil edəcək. Bu səhifələri oxuyan nəsli-ati tufu yüzünüzə deyəcəkdir” –diyor. Sonra yıldızları, ayı, günü, təbiəti, bütün millətləri hüzura çağırıyor. Bunlar gəlib də bu əhvalı gördükdə sizə nə deyəcəklər, bilirmisiniz-diyor.

– Ölülər!

Bununla səhnə qapanıyor.

 

lll

 

Əvət, şeyxlərin ölü diriltməsinə inananlar ölülərdir.

Təbii mənası ilə ölmüş olanların ricəti mümkün degil, bu imkanə etiqad isə bir takım şarlatanların “baş piyləmələri”nə səbəb olmaqdan başqa bir işə yaramaz. Fəqət mənən ölü olanlar dirilə bilirlər.

Böylə mənəvi bir ricət üçün mənəvi ölümə səbəb olan mikroblar tapılması, o mikrobları becərən lehməliklər qurutulmalıdır.

“Ölülər” komediyasının qüvvətli bir surətdə burakdığı projektor işığı həyatımızdakı lehməligin bütün pisliklərini açıyor. O qədər aydınlaşdırıyor ki, ən zəif gözlər belə onu görməyə bilməzlər. Həyati-ictimaiyyəmizdəki lehməligi qurutmaq nöqteyi-nəzərindən “Ölülər” pyesi kibi bir şahkar (şedevr) yazılmamışdır. “Ölülər”dən hasil olan təsir tamdır və bundandır ki, özünü teatroda saxlaya bilməyən tamaşaçılar dörd qulaq olub da başdan-başa bir diqqət kəsilmişlərdi.

“Ölülər” Mirzə Fətəlinin əsərlərindən sonra həmişə diri qalacaq bir dramadır.

Xəlqin cəhaləti, təəssübü, kor-koranə bəslədigi etiqadına qarşı “Ölülər” qədər heç bir əsər hücum edə bilməmişdir. Bu xüsusda şübhəsiz ki, yalnız mühərririn məharəti degil, zəmanənin də xidməti vardır.

“Kefli İsgəndər”in “Allah var sözüm yox, peyğəmbər var sözüm yox, imam da var sözüm yox, fəqət bu şeyxnəsrullahlar nə diyor” –deyə vaqe olan ətabını bundan 30 –40 il əvvəl ancaq kefliliklə söyləmək olardı.

İndi isə bunu kamali-huşyarlıqla mühərrirlər yazıyor, aktyorlar da söylüyorlar. lll İlk dramaturqumuz Mirzə Fətəli Axundovu mərhum İsmayıl bəy Qaspirinski 50 illik yubilesi münasibətilə yazdığı bir məqaləsində fransızların “Molyer”inə və rusların “Qoqol”una bənzətmişdi.

Demək olar ki, həcvdə avropalı məsləkinə süluk edən ikinci Axundovumuz Mirzə Cəlil dəxi “Qoqol”un fəzilətkar təsirindən bəhrəmənd olmuşdur. Fəqət, “Ölülər”, əlbəttə, “Revizor”un kopiyası degildir. “Ölülər” istedadlıqla, sənətkarlıqla, həyati bilərəkdən və sənətdə bir məqsəd təqib edərəkdən müəlla müsəlman həyatına köçürülmüş bir “Revizor”dur.

 

lll

 

Mirzə Cəlil cənabları “Ölülər”i bundan altı il əvvəl yazmışlar. Fəqət, bu altı ildə oynatmayıb saxlamışlar və ehtimal ki, bu illər ərzində əsərlərini bəzi təshihlərə məruz qılmışlardır. Çünki tiplərinin tanasübi-ruh və əndamə malik olması, sənət nöqteyi-nəzərindən əsərin kamil bir təsirbəxş etdigi, üslub və yazısının sadə olmaqla bərabər ədəbi, həm də səhnəyə yarar bir tərzdə olması əsərin böylə bir diqqət nəticəsi olduğunu göstərməkdədir.

Altı il degil, altı gündə bir əsər yazıb da səhnəmizi ayan-çayanlarla dolduran “ədib”lərin üz alıb başa çıxdıqları, modaya keçdigi böylə bir zamanda “Ölülər”in zühuri, ədəbi böyük bir faidə verər, –zənnindəyiz.

“Ölülər” klassik bir əsərdir-denilərsə, xəta olmaz.

“Ölülər”in bir əsər olmaq hesabı ilə dəgərlərini bir məqalə ilə təyin etmək mümkün degildir.

Fəqət, saymaqla tamam olmayan məziyyətlərə malik bu gözəl əsərin nöqsanlarını göstərmək lazım gəliyorsa, bu xüsusda bir neçə sətrlə işin içindən çıxmaq mümkündür. Hər şeydən əvvəl deməliyiz ki, bu qüsurlar cüziyyatə aiddir. Məsələn, bizcə Kefli İsgəndərin əvvəlcə huşyar olaraq mübarizə etdigi və bu mübarizədə bitab qalıb da özünü laübaliligə və sərxoşluğa vurması göstərilsəydi, təsiri daha müvafiq olurdu, zənnindəyiz. Fəqət, eyni zamanda buna da mötərifiz ki, kefli İsgəndərlə müəllif Şərq zehniyyətindəki xərabati tipini göstərmək və yetirmək istəmişdir ki, “Şeyx Nəsrullahlar ancaq cahil və üqəlası da sərxoş olan bir mühitdə yetişə bilərlər”.

Bir qüsur olmaq üzrə bunu dəxi göstərmək olar ki, fanatik ruhi bir teleqrafçının sözlərilə inandığı Şeyxdən öylə tezcə üz döndərməz. Şeyx xəlqin anlıyamadığı qondarma ərəbcələr ilə “farsi ibarə”lərin bir az çoxca olması da, bir qüsur ədd edilə bilər.

Fəqət, bu kibi xırda nöqsanlar Cavid Əfəndinin dedigi kibi “gözəl bir rəsmin ətrafında gözə çarpan ləkələr qədər təbii görülə bilər”.

 

lll

 

Əsərdən olduğu qədər əsəri təmsil edənlərdən də məmnun qaldığımızı, yalnız bizim degil, bütün tamaşaçıların məmnun qaldıqlarını zikr etməliyiz. Görünüyor ki, Üzeyirbəy truppası həqiqətən də oynadığı əsərə böyük bir ehtiram bəsləmişdir. Bu ehtiram sayəsində idi ki, oyun böyük diriliklə keçiyordu. Rollar su kibi əzbərlənmiş, hər kəs nə rolda olduğunu dərk etmiş idi. Xülasə, yaxşı əsər, oynuyanları da yaxşılaşdırar, həqiqəti bu gün bütün varlığı ilə meydanə çıxmış idi.

Bu günki oyunun qəhrəmani şübhəsiz ki, Mirzə Ağa Əliyev cənabları idi. Mirzə Ağa kefli İsgəndər rolunu adətən yaradıyordu. Komizm ilə bərabər ciddi bir rol olan bu oyunu Mirzə Ağa həşvüzvaidizm (şarj) olaraq gözəl keçirdi. O kefli ikən nə qədər dərin mənalı bir tip olduğunu pək əla anlamış, anladığı azdır, anlada da bilmişdi.

Şeyx rolunu ancaq Mirzə Əliqulu Nəcəfzadə oynaya bilər. O, qondarma ərəbiləri, o, “ibarətli” farsiləri, o, səngin vəziyyətli Şeyx ədasını öylə nəzərə gəliyor ki, oyuna iştirak edənlərdən ancaq Əliqulu bacara bilərdi.

Kərbalayi Fatimə xala rolunda N.N., Hacı Həsən rolunda Hüseynzadə, Əhməd rolunda Mirzə Muxtar, müəllim rolunda Süheyli çox gözəl idilər. Başqaları da oyunun parlaq, ilişiksiz keçməsinə bacardıqları qədər çalışıyor və müvəffəq də oluyorlardı. “Açıq söz” qəz., 1 may 1916, ¹ 173 vəqə hadis oldu – hadisə baş verdi qəbzə – qulp, ovuc əzb – rahat totəe – məşuqə, müvəqqəti kəbin təbərrük – bərəkət istəmə müəssir – təsirli məlun – lənətə gəlmiş səhhar – cadugar, sehrbaz xəvas – əsilzadə ariz – şikayətçi həmk – rüsvay böht – təəccüb, çaşqınlıq süluk – rəftar mötəref – başa düşmək, anlamaq.

 

 

Məhəmməd Əmin RƏSULZADƏ

 

Şirməmməd HÜSEYNOV,

 

Şamil VƏLİYEV

 

525-ci qəzet.- 2011.- 19 fevral.- S.15.