Abbas Abdullanın
“Seçilmiş əsərləri”
təqdim olundu
Ötən gün Azərbaycan
Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şair
Abbas Abdullanın “Seçilmiş əsərləri”nin və onun tərcüməsində
Y.Kanevskinin “Emin ağa Borçalı” kitablarının təqdimat
mərasimi gerçəkləşib. Mərasimi giriş
sözü ilə AYB sədri, xalq yazıçısı
Anar açıb: “Kitablarının təqdimatına
yığışdığımız Abbas Abdullanı
tanıtmağa ehtiyac yoxdur. Abbas Abdulla çox
görkəmli şair, ədəbiyyatşünas, tərcüməçidir.
Əslində bu tədbir fevral ayının 18-də
baş tutmalı idi. Lakin Abbas müəllim
tədbirin məhz bu günə keçirilməsini istədi.
Bu gün bütün dünyada “Ana dili”
günüdür. Tədbirin bu günə keçirilməsinin səbəbi
də elə budur”.
Şair Qulu Ağsəs
çıxışında A.Abdulla ilə tanışlıq xatirələrini
dilə gətirdi.
A.Abdullanı Rəsul Rza məktəbinin ləyaqətli
davamçısı kimi təqdim edən Q.Ağsəs onun ən
çox bəyəndiyi şeirlərini sadaladı: “Sən mənim
yarımsan, Araz, ay Araz” şeiri Abbas Abdullanın qələmindən
çıxan ən sevdiyim şeirlərdəndir. Yaradıcılığını mütəmadi izlədiyim
Abbas Abdullanın bayatıları da özündə
maraqlı mətləbləri və dövrün problemlərini
əks etdirdiyinə görə maraq doğurur”.
“Abbas Abdulla ədəbiyyat
aləmində özünəməxsus
dəst-xətti, yaradıcılığı
ilə seçilir. O, Azərbaycan dilinin, ədəbiyyatının
ağırlığını çiyinlərində daşıyır.
Abbas Abdulla yaradıcılığını,
portretini, mənəvi aləmini, tərcümeyi-halını
özünün “Kimliyim” şeirində açıb. Bu şeirdə şair anadan olması, ailəsi
haqqında geniş məlumat verib. Onu da
qeyd etmək istəyirəm ki, Abbas Abdulla ata kədəri,
nisgili haqqında yazan şairlərdən biridir. Atasını erkən itirən şair bütün əksər
şeirlərində bu kədəri əks etdirib. Abbas Abdulla həm də vətənpərvər
şairlərimizdəndir. Onun
üçün vətən anadan olduğu Kəpənəkçi
kəndindən başlayır. Abbas Abdulla
həm də “Borçalı bayatıları”nda Azərbaycanda
yurd-kənd adlarını və adların izahatlarını
yazan ilk şairlərdəndir. Onun qələmə
aldığı “Göy üzünə” yazdığı
şeiri isə fəlsəfi şeirlərin
başlanğıcı adlandırmaq olar”. Şair Fikrət Sadıq
çıxışında A.Abdullanın yüksək insani
keyfiyyətlərini dilə gətirərək, onun
yazdığı hər bir əsərin gələcək nəsillərə
ərməğan olduğunu bildirib.
Digər qonaqlar da şairlə bağlı fikirlərini bölüşüb,
ona yeni yaradıcılıq uğurları
arzu ediblər. Sonda çıxış edən Abbas Abdulla
yaradıcılığına göstərilən diqqətə
görə hər kəsə minnətdarlığını
bildirib.
Qeyd edək ki, “Seçilmiş əsərlər”
kitabında A.Abdullanın
indiyə qədər
çap olunmuş əsərlərinin bir qismi toplanıb. Kitab şairin
70 illik yubileyinə hədiyyə olaraq AYB tərəfindən
çap edilib. Kitabın önsöz
müəllifi Nəriman Həsənzadədir.
“Emin
ağa Borçalı”
kitabının baş
qəhrəmanı Borçalı
mahalının mötəbər
insanlarından biri sayılan Emin ağa Borçalının
həyatına həsr
olunub.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 22 fevral.- S.6.