Şakir Yaqubov: “Heç vaxt 60 yaşa çatmayacaq atamdan da, anamdan da yaşlıyam

 

VƏ BUNUN MƏHZ BELƏ OLDUĞUNU TƏSƏVVÜR DƏ EDƏ BİLMİRƏM”

 

“Media forum” saytının suallarını məşhur jurnalistŞakir Yaqubov cavablandırır.

Fevralın 25-də Şakir Hənifə oğlu Yaqubovun (Ş.Hənifəzadə) 60 yaşı tamam olur. Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib. Leytenant rütbəsində iki il keçmiş Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub.

1974-2000-ci illərdə “Azərbaycan gəncləri”, “Kommunist”, “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər” və “AFFA news”, “Panorama” qəzetlərində müqaviləli xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə, sonrakı 10 ildə isə Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində çalışıb. Hazırda 2-ci dərəcəli əlildir, işləmir.

“Mən şahidəm ki...”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!.”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər” kitablarının müəllifi, “On ikinci şeyxülislam” kitabının həmmüəllifi, məşhur islamşünas alim Q.E. fon Qrünebaumun “Klassik islam” kitabının və dövri mətbuatda çap olunmuş onlarca digər dəyərli əsərin tərcüməçisi, Vasif Səmədov, Bəxtiyar Sadıqov, Müsəllim Həsənov, unudulmaz Adil Qaçayoğlu və digər tanınmış qələm sahiblərinin publisistik kitablarının, habelə auditə dair 30-dək elmi-kütləvi nəşrin redaktorudur.

Sovet dövründə və müstəqillik illərində iki dəfə “Əməkdar mədəniyyət işçisi” fəxri adına, “Qızıl qələm” və Həsən bəy Zərdabi mükafatlarına, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb.

– 60 yaş... İnanmağınız gəlirmi, Şakir müəllim?

– Nə qədər bayağı səslənsə də inanmağım gəlmir ki, artıq 60 yaşın tamamına gəlib çatmışam. Yəqin əsas səbəb odur ki, elə bu gün də 20-30 il əvvəlki insanların əhatəsindəyəm və həmin insanlara heç cür dəyişmiş, qocalmış insanlar kimi baxa bilmirəm.

İkinci səbəb odur ki, bu gün mən heç vaxt 60 yaşa çatmayacaq atamdan da, anamdan da yaşlıyam və bunun məhz belə olduğunu təsəvvür də edə bilmirəm.

Nəhayət, üçüncü, amma bir qədər irrasional səbəb: orta məktəbin aşağı siniflərində oxuyarkən dərsliklərdə portreti verilmiş məşhurlarsayağı öz fotoşəkillərimin də aşağısında qələmlə ömür payımı qeyd edərdim: 1951-2001. Başqa sözlə, 50 yaşda ömrü “bitirərdim”. Həmin hesabla baxanda, görünür, on il də “artıq” yaşamışam, amma bu da mənə xeyli dərəcədə qəribə gəlir.

– “Yaşın nə fərqi var?” deyiminə münasibətiniz?

– Mən bunu uydurma poetik deyim kimi qəbul edirəm – yaşın çox böyük fərqi var. Ən azı fiziki mənada heç cür iddia edib deyə bilmərəm ki, 10 və ya 20... il əvvəlki adamam.

Belə deyək də, tutalım, 40-42 il qabaq bir yerdə oxuduğumuz xanımlarla indilərdə təsadüfən rastlaşanda onların könlünü xoş eləmək üçün bəzən deyirəm ki, sizə baxanda nə qədər qocaldığımı hiss edirəm. Əslində, bu deyilişdə də mübaliğə var, eynilə Hüseyn Arifin bir şeirində olduğu kimi:

– Heyf, ləzgi qızı, sənin gəncliyin

Hüseynin qocalıq çağına düşdü...

Belə baxanda daxilən özümü nə qoca, nə də cavan sanıram, sadəcə, canım ağrıyır və bu vəziyyətdə boş-boş guruldamağa heç bir hacət yox.

– Bir müddətdir işsiz olduğunuzu bilirik. Amma siz işləmədiyiniz vaxtlarda da yazı-pozudan uzaq olmamısınız. Son vaxtlar imzanıza heç rast gəlmirik. Heç nə yazmırsınız, yoxsa yazırsınız, çapa vermirsiniz?

– Bu 60 ildə ikinci dəfədir ki, belə vəziyyətlə üzləşirəm – birinci dəfə 11 il qabaq, əməkdaşı olduğum “Panorama” qəzeti nəşrini dayandıranda, bir də indi – səhhətimlə bağlı ciddi problem yarananda. Amma orasını da deyim k, birinci halda o vaxt “525-ci qəzet“də işləyən qardaşımız Adil Qaçayoğlu 20-ci əsr dünya futbolunun ulduzları barədə silsiləni yazdırmaqla məni depressiyadan qurtardı, bu dəfə isə nə Adil yanımızdadır, nə də həmin illər sutkada 25 saat işləməyə imkan verən sağlamlığım var.

Şübhəsiz ki, çox yaxın bir çevrə son 5 ildə iki dəfə ciddi şəkildə cərrah bıçağı altına uzanıb altı yerdən yarılmağımdan və ötən ilin sonlarında infarkt keçirməyimdən xəbərdardır. Yazmaq... Son 5-6 ildə bir sətir də yazmamışam və bu, həyatda qəfil üzləşdiyim bir şəxsi problemlə bağlıdır, amma ürəyimi deşən onlarca mövzu var ki, hamının hər şeydən yazmağa cəhd elədiyi bizim bu günlərdə kimsənin ağlına da gəlmir. Sağlıq olsun...

– Qəzetləri, xəbər saytlarını, digər media quruluşlarını nə dərəcədə ardıcıl izləyirsiniz? Təəssüratlarınız nədir?

– Bir neçə gün qabaq qələm qardaşım Etibar Cəbrayıloğlu ilə söhbət əsnasında bu məsələ ətrafında atüstü gəzişmələrimiz olub və o, dəqiq yazıb ki, pensiya (təqaüd yox ha, məhz pensiya!) pulundan hər gün 1 manat 20 qəpiyi qəzetə verirəm – həmin qəzetlərdə məni əsəbiləşdirən yanlışlıqlardan savayı heç nə tapmasam da!

Amma eyni zamanda hərəsində də mənim uzaqdan-uzağa tanıdığım, nədən yazdığını yaxşı bilən və imzasına hörmət qoyan insanlar var ki, onların hər yazısını böyük maraq və diqqətlə oxuyur, dünyanın heç də hər şeydən xali olmadığı qənaətinə gəlirəm.

Mənim gümanımca, sovet jurnalistikasından həllini tapmayan bircə problem qalmışdı – “Əlaqədar təşkilatlar tərəfindən müvafiq tədbirlərin görülməsi”. Bizim müstəqil mətbuat isə 20 il ərzində bu problemi həll etmək əvəzinə, “ömrə bədəl” axtarır, “PKK örgütlərindən” bəhs edir, filankəsi behmənkəsin “rənglərinə bağlayır”, qola “imza atır” və heç nəyin də “peşində deyil”. Budurmu mətbuatımızın “inkişafı”, dünya KİV standartlarına “yetişməsi”? Qəzetlərlə belə.

Təxminən bir il olar ki, kompüterdə işləməyi öyrənmişəm və müxtəlif saytlara girməklə informasiya təşnəmi söndürürəm. TV-lərdən isə daha çox Moskva kanallarını və “Euronews” kanalını izləyirəm – hər birində də gərəkli nəsə tapıram.

Yeri düşmüşkən, elektron KİV-lərlə müqayisədə qəzetlər operativlikdə nə qədər uduzsa da, güman eləmirəm ki, yaxın 15-20 ildə qəzetçilik bir peşə kimi tam tükənsin.

– Bu 60 ilin, səhv eləmiriksə, 37 ili jurnalistikada keçib. 37 ili mərhələlərə böləsi olsanız, necə bölərdiniz və hansı mərhələyə birinci yeri verərdiniz?

– Məncə, ötən illər ərzində üç dövrdə yaşamışam və bunlardan ən əsası elə birinci dövr – sovet dövrü olub. O dövrün başlıca xüsusiyyəti yazarın həm sözə görə və həm də fərd olaraq cəmiyyət qarşısında ciddi məsuliyyət hiss etməsi olub. Mən kiminsə əvəzinə danışmıram, yalnız özüm barədə deyə bilərəm ki, hətta günü bu gün də sənədsiz-sübutsuz bir kəlmə də yazmaram yox ey, sadəcə olaraq, yaza bilmərəm. “Azad söz”, “müstəqil media” uğrunda yaxa yırtdığımız bu günlərdən fərqli olaraq, həmin o mənfur sovet dövründə “reket jurnalistikası” mövcud deyildi. İndi isə məhz bunun hesabına Azərbaycanda jurnalistika dünyanın ən qədim peşələri ilə yanaşı tutulur.

Ən dəhşətlisi isə odur ki, reketçiliyə ən müxtəlif formalarda qanuni don geyindirilir; deyək ki, müəllif haqqında 10 min işarəlik bir yazı yazdığı adamla Bakının nüfuzlu “xanə”sində – restoranda, saunada, əyləncə yerində görüşdüyünü fəxrlə bəyan edir. Halbuki ABŞ-da mən bir jurnalist olaraq hətta ölkə prezidenti ilə onun rançosunda görüşməyə yalnız o halda razılıq verə bilərəm ki, elə həmin an növbəti dəfə mənim hesabıma haradasa “oturacağımızı” onunla qəti şəkildə razılaşdırım. Əks halda mən onun hansı kəlməsini şübhə altına ala bilərəm?

Müstəqillik illərində də qəzetçi olaraq bu prinsiplə yaşayıb-işləmiş və elə buna görə bircə kəlməmi də geri yalamamışam. “İqtisadiyyat və audit” jurnalındakı işim isə, necə deyərlər, söz oyunu yox, elm meydanında savaş olub ki, orada da hətta çox hörmətli akademiklər Asəf Nadirovla Ziyad Səmədzadədən yalnız xoş söz eşitmişəm.

– Siz işlədiyiniz müddətdə jurnalistikada neçə nəslin dəyişdiyini düşünürsünüz?

– Sovet illərində mən mətbuatda özümdən yaşlı və özümdən cavan olan iki nəslin nümayəndələri ilə işləmişəm, tay-tuşlarımı da bura əlavə etsəm, əslində üç nəsil edər.

Lakin deyək ki, rəhmətliklər Şamil Xurşud, Rəfail Nağıyev, Zeynal Babayev, yaxud Cəmil Əlibəyovla Rizvan Cəbiyev jurnalistika sənətində özlərinin davamını məndə gördükləri kimi, mən də Adili, yaxud Müsəllim Həsənovu mənəvi davamçım saymışam və beləliklə, 15-20 illik bir dövrdə nəsil dəyişməsini əslində hiss etməmişəm. Zülfüqar Rüfətoğlu, Araz Qurbanov, Mir Şahin, Hikmət Sabiroğlu, Aydın Canıyev, Yusif Rzayev – bunlar isə jurnalistikaya sovet dövrünün son illərində gələn və bu günə qədər fəaliyyət göstərən növbəti nəsildir. Növbəti – indiki nəslin də canını Allah-təala salamat, işlərini avand, güzəranlarını xoş eləsin...

– Çağdaş jurnalistikadan gələcəyə, gələcək jurnalist nəsillərinə, sizcə, nə qalacaq?

– Çox istərdim ki, yalnız və yalnız doğru söz, vicdanlı söz və bir də təmiz ad qalsın. Əslində isə nə qalacağını əminliklə söyləmək üçün mənim də bir “teleulduz-şarlatan” olmağım gərəkdir, buna isə nə həvəsim var, nə də sağlamlığım imkan verir. Həm də şair demiş, yaş da o yaş deyil ki, təzədən vurulam, təzədən sevəm...

 

 

525-ci qəzet.- 2011.- 22 fevral.-  S.4.