Moskvada şair İlham BədəlbəylininParadoksıkitabının təqdimatı olub

 

Fevralın 18-də Rusiya paytaxtındakı Millətlər Evində tanınmış şair, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi İlham BədəlbəylininParadoksıadlı kitabının təqdimat mərasimi keçirildi. Tədbiri AYB Moskva bölməsinin sədri, filologiya elmləri doktoru, professor Tofiq Məlikli açdı. O, şairin çoxillik yaradıcılığından, bir publisist, tərcüməçi, dramaturq, redaktor kimi ədəbi fəaliyyətindən söz açdı. “Paradoksı” şairin uğurlu kitabı adlandırdı, nəşrdə çap olunmuş şeirlərdən parçalar oxudu. Tofiq Məlikli çıxışında vurğuladı ki, şair vətəndən uzaqda yaşasa da, Azərbaycan şeirini, sözünü, sənətini, ədəbiyyatını yaşatmağı qeyri millətlərə, xalqlara tanıtmağı özünə mənəvi borc sayır bir yazar kimi vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.

Tofiq Məlikli çıxışından sonra sözü AYB-nin Moskva bölməsinin katibi Nəsib Nəbioğluna verdi. Nəsib Nəbioğlu öz çıxışında şair İlham Bədəlbəylinin yaradıcılığından geniş söz açdı. Uzun illər onunla çiyin-çiyinə yazıb-yaradan bir dost kimi xatirələrini bölüşdü. Qeyd etdi ki, İlham Bədəlbəyli yaradıcılığında müxtəlif janrlara müraciət edir, “Paradoksı” kitabında vətənpərvərlik motivləri xüsusi yer tutur. Kitab rus dilində yazılsa da, onda Azərbaycan havası, Azərbaycan ruhu duyulur. Çıxışçı həmkarının rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi şeirlərindən nümunələr oxudu.

Tədbirdə Ümümrusiya Azərbaycanlıları Konqresinin müşaviri Manaf Ağayev, ”Şəhriyarmədəniyyət cəmiyyətinin sədri Vasif Məmmədov, Azərbaycanın xalq artisti, cazmen Vaqif Sadıqov, şair-tərcüməçi Sultan Mərzili, şair-tərcüməçi Mixail Sinelnikov, İ.Bədəlbəylinin həyat yoldaşı Susanna Bədəlbəyli başqaları da çıxış etdilər. İlham Bədəlbəylinin həyat və yaradıcılığının Azərbaycan ədəbiyyatında, rusdilli poeziyamızda xüsusi yer tutduğunu vurğuladılar. Moskvadakı “Stoliçnıy Kredit” bankının rəhbərlərindən biri, əslən Bakıdan olan Yuri Plisko kitabın çapına yardım etməsindən məmnun olduğnu, müəllifin şeirlərini oxuyanda xəyalən Bakıya, orada keçən çağlara döndüyünü qəhərlə bildirdi.

Daha sonra söz müəllifə verildi, o, qışın şaxtalı bir günündə onun ətrafina yığılan, şeirsevər dostlarına dərin minnətdarlığını bildirdi. Son illərdə yazdığı şeirlərindən oxudu. Qanlı 20 Yanvar faciəsinə həsr etdiyi “Kişilər ağlayanda” şeirinin tarixçəsini danışan müəllif həmin gecə Bakıdan bir yaxın dostunun ona zəng edib “Milləti qırırlar” deməsindən sonra,içində bir sıxıntı olan anlarda, sızıldaya-sızıldaya bu şeiri yazdığını bildirdi. Onu da qeyd etdi ki, bu şeirin üzərində işləməyib, necə yazılıbsa, elə də qalıb. O şeiri 1990-cı il yanvarın 20-də Tofiq Məlikliyə verdiyini, uzun illər Tofiq müəllimin həmin şeiri arxivində qoruyub saxladığını və məhz bu gün, düz 21 ildən sonra çıxarıb ona təqdim etdiyini vurğuladı.

 Tədbirin sonunda İlham BədəlbəyliParadoksıkitabını imzalayaraq, qonaqlara hədiyyə etdi.

 

 

Nəbi VERDİYEV,

Moskva

 

525-ci qəzet.- 2011.- 23 fevral.- S.7.