Xocalı qurbanları Azərbaycan Dövlət Teatr Muzeyində anılıb

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı soyqırımının 19 – cu ildönümünə həsr olunmuş tədbir gerçəkləşib. Tədbiri giriş sözü ilə açan teatrın direktoru müavini Sevinc Mikayılova Xocalı soyqırımı haqqında ətraflı danışaraq bu hadisənin XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri olduğunu bildirib. Daha sonra faciə qurbanları bir dəqiqəlik sükutla yad ediliblər.

 Xocalı Soyqırımını Tanıtma Birliyinin sədri Şamil Sabiroğlu bu faciənin xalqımızın qəhrəmanlıq tarixində şərəfli hadisələrdən biri olduğunu diqqətə çatdırıb: “Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə soyqırımı siyasətinin davamı ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi”.

 Məktəblilər Xocalıya həsr olunan şeir parçaları ilə çıxış ediblər. “Günay” Uşaq Teatrının və “Aytam” Uşaqların Mədəni – Maarif İctimai Birliyinin şagirdlərinin ifasında Zəringiz Dəmirçi Qayalının “Cavab ver” poeması ifa olunub. Tədbirdə həmçinin Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimova və “Qəhrəmanlıq” medalına layiq görülən Fərid Əhmədova həsr olunan “Biz Mübarizlərik” klipi nümayiş etdirilib.

Tədbirdə Xocalı Soyqırımını Tanıtma Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şamil Sabiroğlu, Xocalıdan olan məcburi köçkünlər Xocalı ilə bağlı söhbət aparıblar.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 23 fevral.- S.7.