Şair Tahir Aslanlı yad edilib
Ötən gün Azərbaycan
Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şair
Tahir Aslanlının 60 illik yubileyi qeyd olunub, bu münasibətlə
xatirə gecəsi təşkil edilib. Mərasimi giriş
sözü ilə açan AYB katibi, “525-ci qəzet”in baş redaktoru
Rəşad Məcid bu tədbirin keçirilməsində
xidməti olan hər kəsə, xüsusən də xalq
yazıçısı Elçinə minnətdarlığını
bildirib.
AYB-nin poeziya bölməsinin rəhbəri,
şair Çingiz Əlioğlu T.Aslanlının həyat və
fəaliyyəti haqqında ətraflı danışaraq,
şairin qələmə aldığı əsərlərin
onun istedadı, mənəvi aləmi və şəxsiyyəti
haqqında dolğun rəy yaratdığını diqqətə
çatdırıb: “Tahir Aslanlı haqqında keçmiş
zamanda danışmaq mənə olduqca çətindir. Onu
yaxından tanıyanlar Tahir Aslanlının dinamik həyat tərzi,
saf, həyat şövqü ilə çırpınan qəlbə
malik olduğunu yaxşı bilirlər. O, ölümün
yaraşmadığı, nurlu çöhrəyə malik bir
insan idi. İstedadı, axtarışları sayəsində
çox tez bir zamanda adını, imzasını tanıda
bildi. Düşünürəm ki, əgər Tahir Aslanlı
dünyasını erkən dəyişməsəydi, biz onun
hansı sahədə fəaliyyət göstərməsindən
asılı olmayaraq, öz sahəsinin peşəkarı və
eyni zamanda poetik yaradıcılıqda inkişafının
şahidi olacaqdıq. Tahir Aslanlı milli mədəniyyətimizin
təbliği, Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında müstəsna əməyi olan
insanlardan biridir. Onun yas mərasimində iştirak edərkən,
ailə mühiti ilə tanış olan zaman bir sıra məqamları
özüm üçün kəşf etdim. Tahirin mənəvi
aləminin genişliyi o zaman mənə daha da aydın oldu”.
Yazıçı Natiq Rəsulzadə T.Aslanlı haqqında
danışarkən deyib: “Biz Tahir Aslanlı ilə Moskvada
yataqxanada qalarkən qələmə aldığımız əsərləri
bir-birimizə oxuyar, fikir mübadiləsi edərdik. O,
çox zəhmətkeş, təvazökar, istənilən
işdə etibarlı, dostluqda çox sadiq, sədaqətli,
geniş təxəyyülə malik insan idi. Deyirlər ki, bir
insan dünyasını dəyişəndən sonra nə qədər
çox yad edilirsə, bir o qədər çox yaddaşlarda
yaşayır. Tahir Aslanlı bizim aramızda olmasa da, daim onu
sevənlər tərəfindən yad olunur, deməli, mənəvi
cəhətdən yaşayır”.
AYB üzvü Əkrəm
Qaflanoğlu T.Aslanlını bütün çətinlikləri,
maneələri təmkinlə dəf edə bilən,
güclü mənəviyyata sahib şəxsiyyət,
istedadlı qələm adamı kimi dəyərləndirib:
“Tahir Aslanlının doğulduğu Qubanın Çiçi
kəndi hələ XVIII əsrdən öz xalçaları
ilə çox məşhurdur. Milliliyi, ornamentləri, əlvanlığı
ilə seçilən bu xalçaların sorağı Luvr,
Ermitaj və digər məşhur muzeylərdən gəlir. Yəni
bu kənd milliliyilə seçilir. Şairin nəsli də bu
kəndin sayılıb-seçilən adamlarından olub.
Babası çox tanınmış aşıq, atası ədəbiyyat
müəllimi olub. Şairin vaxtsız vəfatı valideynlərinin
də ömrünü qısaltdı, onlar da dünyadan
köçdülər”. Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı
Yeganə Tofiqqızı öncə gecənin keçirilməsində
rolu olan hər kəsə, xüsusilə də Natiq Rəsulzadə
və Elmira Axundovaya təşəkkürünü bildirib.
O, T.Aslanlı ilə tanışlığının uzun
zaman əvvələ təsadüf etdiyini dilə gətirib.
Y.Tofiqqızı şairin ad günü ərəfəsində
təqdim olunan, yeni çapdan çıxmış
kitabçada T.Aslanlıya yaxın insanların
yazılarının, xatirələrinin yer
aldığını bildirib: “Kitabçada Elmira
Axundovanın, Natiq Rəsulzadənin, şairin qızı
Dinara Aslanlının fikirləri, mənim qyedlərim, Tahir
Aslanlının şeirlərindən nümunələr yer
alıb”.
AYB-nin katibi, xalq
yazıçısı Çingiz Abdullayev Litvaya həsr
olunan kitabını T.Aslanlıya ithaf etdiyini, şairlə səfərlərdə
onun işıqlı bir insan kimi daha yaxından
tanıdığını bildirib. Xatirə gecəsində
şairlər Oqtay Rza, Ağacəfər Həsənli, Nazim Əhmədli,
Maarif Soltan T.Aslanlının Azərbaycanın ən layiqli
övladlarından biri olduğunu, şairin adının hər
zaman ehtiramla anılmasının vacibliyini vurğulayıblar.
Tədbirdə şairin bacısı oğlu Ayxan Nuriyev
T.Aslanlıya həsr etdiyi şeiri səsləndirib. Sonda
çıxış edən Dinara Aslanlı atasının
xatirəsinə göstərilən ehtirama görə tədbirin
təşkilatçılarına və qonaqlara minnətdarlıq
edib.
Qeyd edək ki, Tahir Aslanlı 23
fevral 1951-ci ildə Azərbaycanın Quba rayonunun
Çiçi kəndində anadan olub. Orta məktəbi
bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna daxil olub və
1973-cü ildə oranı bitirib. Bundan əlavə
Rusiyanın Moskva şəhərində Maksim Gorki adına Ədəbiyyat
İnstitutunun məzunu olub (1987). Rusca da şeirlər yazan
Tahir Aslanlının “Günəşə uzanan əllər”
(Bakı, 1980), “Başımın üstündə bir ovuc
torpaq”, (Rusca, Moskva, 1986) “Dilimizin düyünü” (Bakı,
1989) kimi kitabları nəşr olunub. “Ürəyimdəki
kölgə” adlı kitabı 1991-ci ildə Almaniyanın
Frankfurt şəhərində almanca
çap edilib. Tahir Aslanlının şeirləri, alman, macar,
ingilis, fransız, ərəb və fars dillərində də
işıq üzü görüb. Sovet Yazıçılar
və Sovet Jurnalistlər İttifaqının üzvü olan
T.Aslanlı Azərbaycan “Vətən” Cəmiyyətinin Moskva
təmsilçisi kimi də fəaliyyət göstərib.
Ömrünün son illərində isə Azərbaycanın
Rusiyadakı Səfirliyində çalışıb. Tahir
Aslanlı 7 iyul 1995-ci ildə Moskva şəhərində vəfat
edib.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2011.- 24 fevral.- S.7.