Böyük “Qobustan” sevgisindən yaranan “İncəsənət inciləri”

 

Bu günlərdə Yazıçılar Birliyinin Natəvan klubunda, tanınmış jurnalist, Həsən bəy Zərdabi mükafatı laureatı Esmira Nəzərlinin “İncəsənət inciləri” adlı kitabının təqdimat mərasimi keçirildi. Kitabın redaktoru xalq şairi Fikrət Qoca, məsləhətçi isə toplunun redaktoru Ələkbər Salahzadədir. Bədii tərtibat və fotolar Şirməmməd Dadaşoğluna məxsusdur.

“Qobustan” incəsənət toplusunun ilk əməkdaşlarından olan Esmira xanımın oxuculara təqdim etdiyi salnamə xarakterli “İncəsənət inciləri” Azərbaycanın teatr, musiqi, kino xadimlərinin, bir sözlə, incəsənətin bir sıra sahələrində artıq öz məktəbini yaratmış neçə-neçə sənət fədaisinin həyat və yaradıcılığını işıqlandırır. Kitab müəllifin 42 yaşlı “Qobustan”ın səhifələrində işıq üzü görən “taleyüklü”, bir-birindən maraqlı yazılarının yalnız bir hissəsini toplayaraq bizə təqdim etdiyi solmayan çələngdir. Arzu edək ki, “Qobustan” uzun illər yaşasın, Esmira xanımın da incə ruhlu yazıları onun səhifələrindən əskik olmasın. Kitabda unudulmaz sənət adamlarından Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Nəsibə Zeynalova, Ağabəy Sultanov, Emin Sabitoğlu və başqaları ilə bərabər, müasirlərimiz olan kinoşünas Aydın Kazımov, həmçinin “kino mənim həyatımdır” deyən Eldar Quliyev, Habil Əliyev, Amaliya Pənahova, operamızın iki sopranosu Fidan və Xuraman Qasımovalar, sənətşünaslıq doktoru, professor Zemfira Səfərova və başqa yaradıcı insanlar haqqında yazılar verilib. Mərasimdə onlardan bir neçəsinin iştirak etməsi tədbiri ziynətləndirir, xoş əhval-ruhiyyə yaradırdı. Kitabı diqqətlə nəzərdən keçirsək, onu “Qobustan” toplusunun bir sayına bənzətmək olar. Bu, belədir. Bədii tərtibat Esmira xanım Nəzərlinin tələbəlik illərindən bu topluya bağlı bir insan olduğunu bir daha sübut edir. Müəllifin “İrsimizi qoruyaq” adlı ön sözündə və “Qobustan”ın ilk redaktoru xalqy azıçısı Anarın toplunun 30 illiyinə həsr etdiyi “Qobustanlı günlərim” məqaləsində keçilən çətin illər göz önünə gətirilir, toplunun ana dilimizin yabançı sözlərdən təmizlənməsində böyük rolu olduğu xatırlanır. Mən “Qobustan”ın hər yeni sayını səbirsizliklə gözləyən oxucularından biriyəm.

Toplunun özünəməxsus dəst-xətti, fərqli yazı manerası, dilinin zəngin çalarları ruhuma yaxın olduğundan özümü hətta onun yaradıcılıq laboratoriyasına məhrəm saymışam. Toplunun bir neçə sayının nəşrə hazır olduğu vaxtlarda onun çapının yubanması, maneələrlə üzləşməsi, çətin günlər yaşamasından xəbərdar olmuşam. Amma mən onda da toplunun əməkdaşlarının yaradıcılıq işlərində yenə də solmayan, tükənməyən həvəslə, şövqlə işlədiyini müşahidə etmişəm. Esmira Nəzərlinin xalq rəssamı Səttar Bəhlulzadə ilə müsahibəsində sənətkarın “Qobustan”a dediyi sözlərə diqqət edək: “Bizim vəzifəmiz nədir və nədən ibarətdir? Ancaq xalqımızın gözəl günlərini tərənnüm edək. Özü də gözəl, qəlbdən, eşq və məhəbbətlə tərənnüm edək. Bundan başqa bizim nə işimiz, nə vəzifəmiz ola bilər? Biz həmişə bununla yaşayıb- yaradaq, gözəl insanları, gözəl torpağımızda yaradıb-quranların obrazlarını xalqa göstərək. Bundan şöhrətli nə ola bilər?”

 Esmira xanım uzun illərdən bəri işlədiyi “Qobustan”a sevgisini belə ifadə edir: “Mən “Qobustan”çı olmağımla həmişə fəxr etmişəm. Çünki “Qobustan” bir məktəbdir. Bu məktəbi keçən hər bir jurnalist altmışıncı illərdən üzü bəri özünə sənət vəsiqəsi ala bilərdi. “Qobustan”ın “daşlı-kəsəkli” yolunda çox əngəllər qarşıya çıxıb. Nə yaxşı ki, bu yol yarıda qırılmayıb, sonu haçalanmayıb”. Bu topluya ruhən bağlılığım onunla ədəbi əlaqələrimə də zərurət yaradıb. Hərdən yeni araşdırmalarla bu mötəbər topluda çıxış etməyimdən qürur duyuram. Esmira xanım, topludakı çətin və şərəfli işinizdə Sizə, “Qobustan”ın ən sadiq, zəhmətkeş və istedadlı əməkdaşına, Qobustan abidəmiz kimi dəyanət, uzun ömür və möhkəm can sağlığı arzulayıram!

 

 

Tahirə HƏSƏNZADƏ,

tarix elmləri namizədi

 

525-ci qəzet.- 2011.- 24 fevral.- S.7.