“Yetmiş beş yaşında cavan oğlan” – Fərman Bağırov

 

Görünür, ancaq jurnalistika sahəsində çox az adama rast gəlmək olar ki, burada onlar ixtisas təhsili aldıqlarına görə deyil, qabiliyyətlərinə görə çalışırlar. Çox ehtimal, bu, yeganə peşə sahəsidir ki, insanın həkim və ya filoloq, tarixçi, yaxud mühəndis, iqtisadçı, ya da bioloq olmağının əsla əhəmiyyəti yoxdur. Bu sahə üçün indi yox, yaxın keçmişlərdə ilk dəfə növbə çəkərkən adamın ürək çırpıntısı ilə mətbəə rənginin iyinin-qoxusunun havasını ciyərinə alarkən neçə yaşında olmasının da heç bir əhəmiyyəti olmayıb... Amma jurnalistika üçün həyat tərzi olması çox vacibdir və bu, əsas şərtdir.

 Haqqında danışmaq istədiyim Fərman Bağırov ömrü boyu iki qəzetdə çalışıb. Əmək fəaliyyətinə başladığı keçmiş “Kommunist” qəzetində o dövrün tələblərinə uyğun işini qurmuş Fərman müəllimi indiki meyarla götürəndə çətin təsəvvür edirsən ki, adamda bu yaşda qabiliyyət oyansın. Amma nə edəsən, tale elə gətirib ki, ömrünün 75 yaşında belə o gənclik çağlarında olduğu kimi, coşqunluqla, qıvraq, cəld və çevik hərəkətlərlə jurnalistik fəaliyyətini davam etdirir. Vallah, heç kəs inana bilmir ki, Fərman müəllim ömrünün 75-ci zirvəsindən 76-cı zirvəsinə addımlayır.

 Fərman müəllim həyatda olduqca mülayim və səmimidir, şən və zarafatcıldır, eyni zamanda prinsipial və tələbkardır. İşini həddən artıq sevir, sənətinə bağlılığını və həvəsini nümayiş etdirir. Məsuliyyət bütün işlərdə tələb olunan əsas keyfiyyətlərdəndir. İş prosesi zamanı elə məqamlar olub ki, Fərman müəllim evə gedib, yarı yolda nəsə yadına düşüb, yenidən işə qayıdaraq ona tapşırılmış işin dəqiqliyini yoxladıqdan və özündə əminlik əldə etdikdən sonra rahatca yoluna düzəlib. Yaxud evdən zəng edib vəziyyəti öyrənib, öz tapşırıqlarını verib.

 Fərman Bağırov hər zaman öyrənməyə cəhd edir, bilik və savadını artırmağa səy göstərir. Deyir ki, oxumaq, öyrənmək heç zaman gec deyil. İnsan o zaman kamil və hərtərəfli olur ki, həmişə mütaliə etsin, öyrənsin, öyrətsin. Yeri gəlmişkən deyim ki, F.Bağırov səriştəliyi hər işdə vacib bilir. Hansı məsələdən danışmasından asılı olmayaraq heç kim onun həmin məsələdə naşı olduğunu deyə bilməz.

Məsuliyyəti görünür, onun uzun müddət dövlət qəzetlərində çalışmasından irəli gəlir. Təəssüf ki, bu xüsusiyyət çağdaş jurnalistikamızın gənc nümayəndələrindən bəzilərində yoxdur. Şəxsən mən onun məsuliyyətinin, səriştəliyinin, nizam-intizamı sevməsinin vurğunuyam. Nizamsız adamlara biz tərəflərdə pinti deyirlər. O isə pintiliyi qətiyyən yaxına buraxmır, həmişə yeniliyin tərəfdarıdır, müasirliyi qiymətləndirir. Gənclərə sənətini öyrətməkdən həzz alır.

Fərman Bağırov bu gün Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetinin illüstrasiya şöbəsinin müdiridir. Vaxtilə məzunu olduğu Bakı Dövlət Universitetində jurnalistika fakültəsində təhsil aldığım illərdə mənə mətbuat və foto ixtisasından dərs deyib. Tələbə yoldaşlarım və dostlarım təsdiqləyə bilərlər ki, o dövrdə bizi zaçot və imtahan zamanı incidən müəllimlərimiz yetərincə olub. Amma Fərman müəllimdə gördüyümüz ən yaxşı keyfiyyətlər cəmləşdiyindən zaçotumuzu mexaniki yazmışdı. Bu yaxşılığı nə mən, nə də tələb yoldaşlarım unutmuşuq. Dərs vaxtı o, bizimlə təkcə müəllim kimi yox, bir ata kimi davranırdı. O qədər sadə, mehriban və səxavətli idi ki, təzə aldığı fotoaparatı öyrətmək istədiyi tələbələrinə çəkinmədən verirdi. Yaxşı yadımdadır, qrup yoldaşlarımdan biri bilməyərəkdən fotoaparatın hansısa düyməciyini səhv olaraq açdığından xarab olmuşdu. Fərman müəllim əhvalını pozmadı, heç nə olmamış kimi dərsinə davam etdi, heç həmin tələbəni də məzəmmət etmədi. Həmin tələbə isə utandığından az qala Fərman müəllimdən daldada gəzirdi.

 Jurnalist taleyi bizi 22 ildən sonra görüşdürdü, sevinirdim ki, 22 il əvvəl mənə dərs demiş Fərman müəllimlə eyni kollektivin üzvüyəm. Bunun özü də bir məsuliyyətdir: tələbə-müəllim münasibətinin eyni kollektivin əməkdaşı olmaq münasibətinə çevrilməsi. Fərman müəllim bildiyimiz kimi uzun müddət dövlət qəzetində çalışıb, bununla əlaqədar birinci şəxs simasında çox rəhbər görüb. Onların sırasında ən qiymətlisi və böyük şəxsiyyət kimi qəbul etdiyi rəhbər Heydər Əliyevdir. Dahi şəxsiyyətin keyfiyyətlərini düzgün qiymətləndirən Fərman müəllim onunla bağlı xatirlərini bizə danışmaqdan yorulmur, əksinə, danışdıqca özündə daxili rahatlıq tapır, bundan məmnunluq duyur. Dahi şəxsiyyətlə bağlı elə məqamları olub ki, onları qələmə almalı olsaq, bir kitabın səhifələri bəs etməz. O xatirələri elə şirin ləhcə və maraqlı formada nəql edir ki, səmimiyyətimə inanın, neçə dəfə olursa-olsun, həmişə maraq və həvəslə qulaq asırıq. Bu xatirələr bəlkə də onun ömrünün ən yaddaqalan hissəsini təşkil edir.

 Fərman müəllim deyir ki, ulu öndərin ona xüsusi hörməti və inamı olub. Yaddaşını çözələyən Fərman müəllimin maraqlı xatirə boğçası var. O, keçmiş sövet dövründə Azərbaycanın birinci şəxsi olmuş Heydər Əliyevin hər addımını fotolentə almış, 1982-ci ildə Moskvaya getdikdən bir il sonra xalqı üçün darıxaraq yenidən Bakıya rəsmi səfərə bəhanəsi ilə gələrkən AMEA-nın Rəyasət Heyətinin qarşısında xalqla görüşünü həvəslə izləmiş, həmin görüşün də maraqlı anlarını çəkmişdir. İkinci dəfə Azərbaycana xalqın təkidi ilə qayıtmış Heydər Əliyevin hakimiyyəti dövründə, konkret desək, 1994-cü ilin dövlət çevrilişi etmək cəhdində olanlara qarşı bir çağırışla gecə ikən Prezident Apparatı qarşısında böyük izdihamı toplayanda F.Bağırov redaksiya rəhbərliyinin tapşırığını almadan könüllü olaraq yenə də həmin meydana gəlmiş, Heydər Əliyevin xalqa müraciəti zamanı həlledici məqamları da tarixin arxivinə köçürmüşdür. Bu görüşlərdən ağızdolusu danışan Fərman müəllim ulu öndərin Neftyağ zavodundakı görüşünü də yaxşı xatırlayır. Fotomüxbirlərdən (zayavkası olmaya-olmaya) təkcə ona həmin məqamları lentə almaq səadəti qismət olduğu üçün özünü xoşbəxt sanır. Dövlət səviyyəli görüşlərdə foto işinin çətinliyini nəzərə çatdıran F.Bağırov hər anın məsuliyyətini yüksək qiymətləndirir.

Öz işindən hədsiz zövq alan Fərman müəllim uğurlarına uzun müddət sevinir, bir xeyli bu uğurların fərəhini yaşayır. 51 ildə respublikamızın görkəmli zəhmət adamlarını tariximizin salnaməsinə salmış fotomüxbir kimləri fotoaparatının obyektivinə almayıb, kimlərin fotoşəkilləri arxivində yoxdur, hansı maraqlı məqamların, anların tarixini əks etdirən fotoşəkilləri yoxdur. Desəm ki, bu sənətdə o, böyük salnamə yaradıb, bəlkə də böyük Fərman məktəbi yaradıb, bunun mübaliğə olmadığına da gərək inanasınız. Qəzetdə heç vaxt “F.Bağırov” imzasının verilməsini istəmir. Deyir ki, qoy adının açılışı verilsin ki, oxucu da həmin fotoşəklin müəllifini yaxından tanısın. Bu, həm də sənətkara böyük hörmətdir. Həm də bu sənətin meydandan çıxmaq təhlükəsində olduğu bir məqamda həmin işin müəllifi göstərilməli, oxucuya tanıdılmalıdır. Tanıtmaqdan söz düşmüşkən, bu günlərdə qanlı 20 Yanvar faciəsi ilə bağlı 21 il əvvəl başına gələnləri bizə danışdı, iş fəaliyyəti zamanı o çətin dövrlərdə yaşadığı məqamları çatdırdı. Yanvarın 19-u axşam saatlarında sovet ordusu şəhərə daxil olmazdan bir neçə saat əvvəl Bakının Salyan kazarması adlanan yerində toplaşmış, lakin heç nədən xəbəri olmayan izdihamın arasında iş görməyin, həmin tarixi anları lentə almağın çətinliyini gözləriniz önünə gətirin. Gözləri qızışmış, hər an baş verəcək hər hansı hadisədən qəzəblənəcək izdihamın arasında hərəkət etməyin, addım atmağın, fotoaparatı işə salmağın çətinliyini o dövrün izdiham arasında olmuş adamları yaxşı dərk edirlər. Deyir, birdən fotoaparata bir əl toxundu və o andaca izdihamın səsi guruldadı:

– Yoxsa sənə də deyiblər ki, biz ekstremislərik (o dövrdə qeyd etdiyim kimi, Fərman müəllim “Kommunist” qəzetində çalışırdı. Və bir çoxunun bu qəzetə və onun kollektivinə də münasibəti göz qabağındaydı – D.Ə.)? Bunu səsləndirən adamın cizgilərindən hiss etmək olurdu ki, qəzəblidi. Fərman müəllim isə təcrübəsinə əsasən belə yerdə təmkinin böyük silah olduğunu anlayaraq özündə qərar verdi ki, dinməsin. Lakin izdihamın gurultusundan dayana bilmədi:

 – Mənə heç kim heç nə deməyib. Mən yalnız tarix üçün çəkirəm!.. Həmin gecənin dəhşətlərini lentə həkk etdirən, fotoaparatın yaddaşına köçürən Fərman müəllim bu gün də həmin məqamlardan söz açanda sakit dayana bilmir, həyəcanlanır. Fərman müəllim mehriban, təmiz bir ailənin başçısıdır. Həyat yoldaşı Zümrüd xanımla uzun müddət “Kommunist” qəzetində çalışıb. Bu ailəni jurnalist ailəsi də adlandırmaq olar. Zümrüd xanım “Xalq qəzeti”ndə fəaliyyət göstərib, lakin ailə vəziyyəti ilə bağlı kollektivi tərk etməli olub. Onlar üç övlad böyüdüb tərbiyə ediblər. Böyük qızı Sevinc xanımla bir qrupda oxumuşuq. O qədər sadə və səmimi idi, heç kim deyə bilməzdi ki, o, şəhər mühitində doğulub. Kürəkəni Şaiq Əsgərov da qrup yoldaşımdır. Elə qızına layiq bir ərən, özünə layiq bir oğul kimi ailənin şərəfini qoruyur. Şaiqlə Sevincin qızları da babalarına, nənələrinə layiq balalardır. Ailənin ortancılı Camal və kiçiyi Elxan da – mənim dostlarım atalarının yolunu şərəflə davam etdirirlər. Hər ikisi ailəlidir. Bu gün Fərman Bağırova xoşbəxt və bəxtəvər insan demək olarmı? Çəkinmədən və qətiyyətlə hə deyərdim. Çünki o, bir müəllim kimi neçə-neçə jurnalist kadrının yetişməsi prosesində iştirak edib. Eyni zamanda nə qədər peşəkar fotomüxbir və jurnalistlə çiyin-çiyinə çalışıb. Onlardan biri də bu gün eyni kollektivdə çalışdığı Ağaəli Məmmədovdur. Sevimli və təmiz ailəsi, nəvələri var. Dövlət tərəfindən əməyi yüksək qiymətləndirilib. Belə ki, jurnalistikadakı xidmətləri 1969-cu ildə Ali Sovetin Fəxri fərmanı, “Əməkdar mədəniyyət işçisi” fəxri adı və “Tərəqqi” medalı ilə mükafatlandırılıb. Bir çox sərgi və müsabiqədə iştirak edərək diplom və fəxri fərmanlar alıb. Bu gün də eyni həvəs və maraqla “Azərbaycan” kimi gündəlik dövlət qəzetində fotoillüstrasiya şöbəsinə rəhbərlik etməsini, yaşının bu çağında bizimlə bərabər olmasını, illüstrasiya və fotoşəkillərini, hər hansı fotokollajını qəzet səhifələrində görəndə çox sevinirəm. Axı onların müəllifi “yetmiş beş yaşında cavan” dostum, müəllimim Fərman Bağırovdur. Özü də bu sənət əsərlərini duya-duya, düşünə-düşünə, yaşaya-yaşaya, yanar ürəklə yaradıb. Özü də illərin sayı illərlə ölçülməyən kişi ömrünün titrəməyən çırağı ilə!

Ad günün mübarək, əziz Fərman müəllim!

Tələbələrin adından

 

 

Daşdəmir ƏJDƏROĞLU

 

525-ci qəzet.- 2011.- 24 fevral.- S.5.